Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?
5 oktyabr 2026
# 14:30

Bu gün tanınmış ingilis yazar, rejissor rəssam və prodüser Klayv Barkerin doğum günüdür.

Kulis.az Penelopa Fritzin "Qorxu ədəbiyyatına bədheybətləri ilə empatiya qurmağı öyrədən yazar" yazısını təqdim edir.

Klayv Barker bu gün yazı masası yeni layihələrlə dolu halda 74 yaşını qeyd edir. 2026-cı ilin avqustunda - bir müddət üzləşdiyi səhhət problemlərindən və konvensiyalarla kütləvi tədbirlərə qatılmağı dayandırmasından iki il sonraLiverpul əsilli yazıçı "Ölülər kitabxanası" ("Library of the dead") adlı əsərini elan etdi.

Yalnız "Kickstarter" platforması vasitəsilə satışa çıxarılan bu qorxu antologiyası trilogiyası, onun adını qırx il əvvəl tanıdan "Qan kitabları" ("Books of blood") toplusunun mənəvi varisi kimi təqdim olunur. Kampaniya bir saat ərzində hədəflənən maliyyələşmə məbləğinə çatdı və sentyabrın 7-də başa çatanda artıq bir milyon dollar həddini aşmışdı. Barker bu ayın sonlarına doğru Kaliforniyanın Oklend şəhərində keçiriləcək Dünya Fantaziya Konvensiyasında Coys Kerol Outs ilə bölüşdüyü "Dünya Fantaziya - Həyat boyu nailiyyət mükafatı"nı alacaq.

"Əbədi qorxu" ("Fear eternal"), "Dəlixana tonqalları" ("Pyres of bedlam") və "Qaranlıq enişlər" ("Dark descents") adlı üç cilddə yeni hekayələri, nadir tapılan və nüsxələri tükənmiş bədii mətnləri, eləcə də şeirləri toplanıb.

Ağ-qara illüstrasiyaları Barker şəxsən çəkib; kitabların redaktorluğunu isə onun yaradıcılığını 25 ildən artıqdır sənədləşdirən Fil və Sara Stouks cütlüyü icra edib. Kitabların 2027-ci il ərzində oxuculara göndərilməsi gözlənilir. Barker "Rue Morgue" dərgisinə qısa formata qayıtmasının səbəbini belə izah edib: “Yaradıcılığımın ən təsirli nümunələri qısa hekayələrdir.” Onun sözlərinə görə, lakoniklik “yazıçıya uzun hekayələrin bacarmayacağı şəkildə oxucuya sərt bir sillə vurmaq imkanı verir”.

Barker 5 oktyabr 1952-ci ildə Liverpulda, rəssam və məktəb sosial işçisi Coan Rubi Barker ilə kadrlar şöbəsinin müdiri Leonard Barkerin ailəsində anadan olub. Liverpul Universitetində ingilis dili və fəlsəfə təhsili alsa da, onun ilk tamaşaçı kütləsi teatrda formalaşıb. 1978-ci ildə, aralarında Kuorri Benk liseyindən dostu Daq Bredlinin də yer aldığı köhnə məktəb yoldaşları ilə birlikdə avanqard bir qrup olan "Köpək truppası"nı ("The Dog company") təsis etdi. Beş il ərzində bu truppa üçün "İblisin tarixi" ("The History of the Devil"), "Aşiq Frankenhşteyn" ("Frankenstein in love") və "Cizgi filmlərinin gizli həyatı" ("The secret life of cartoons") da daxil olmaqla doqquz pyes qələmə aldı və çox vaxt onların rejissorluğunu da özü etdi.

Daha sonra, 1984 və 1985-ci illərdə işıq üzü görən altı hekayə kitabından ibarət "Qan kitabları" gəldi. Bu kitablar sarsıdıcı, erotik və yer yer son dərəcə gülməli idi; insan bədənini həzz ilə dəhşətin eyni anda yaşana bildiyi bir məkan kimi təqdim edirdi. İlk üç cild 1985-ci ildə ən yaxşı toplu nominasiyasında Dünya Fantaziya Mükafatına layiq görüldü; topludakı hekayələrdən ikisi — “Təpələrdə, şəhərlərdə” (“İn the hills, the cities”) və “Qadağan olunmuş” (“The Forbidden”) dalbadal iki il Britaniya Fantaziya Mükafatını qazandı. Kitabların ABŞ-də yumşaq üz qabığı ilə nəşrləri çıxanda Stiven Kinqin dəyərləndirməsi üz qabıqlarında yer aldı: “Qorxunun gələcəyini gördüm; onun adı Klayv Barkerdir.” “Qadağan olunmuş” hekayəsi sonralar Bernard Rouzun rejissorluğu ilə 1992-ci ildə ekranlaşdırılan "Candyman" filminin əsasını təşkil etdi. Hekayəni Liverpuldakı bir sosial məhəllədən Çikaqoya köçürən bu film sonradan üç davam filminin çəkilməsinə də zəmin yaratdı.

Yazıçının ilk romanı olan "Lənətlənmə oyunu" ("The Damnation game", 1985) qumarbaz bir adamdan və haqqını almağa gələn sirli şəxsdən bəhs edən Faustsayağı bir süjet idi. Bir il sonra, açıldıqda Senobitləri zühur etdirən tapmaca qutusu haqqında qısa romanı - "Cəhənnəmə bağlı ürək" ("The Hellbound heart") işıq üzü gördü. Əzab ilə həzzin eyni anlayış olduğu bu varlıqlardan bəhs edən əsərin ilk ssenari uyğunlaşdırmalarının başqaları tərəfindən lentə alınmasından narazı qalan Barker filmi özü çəkmək qərarına gəldi. Ardınca "Kabal" ("Cabal", 1988) gəldi; Barker bu əsəri "(1990) adı ilə ekranlaşdırdı. Film kassada uğursuzluğa düçar olsa da, bədheybətlərin ov, insanların isə əsl təhlükə olduğu ideyası Barker dünyagörüşünün təməl sütununa çevrildi.

Həmin dövrdə Barker genişmiqyaslı fentezi janrına üz tuturdu; özü də artıq yazdıqlarını getdikcə daha az qorxu ədəbiyyatı hesab etdiyini bildirirdi. "Toxunma dünya" ("Weaveworld", 1987) bir xalçanın ilmələri arasında mövcudluğunu qoruyan gizli bir dünyadan bəhs edirdi. "Böyük və gizli tamaşa" ("The Great and secret show", 1989) kollektiv təhtəlşüurun "Kvidditi" adlı yuxu dənizini canlandırırdı. Dünyanı "Dominionlar" adlanan dörd fərqli aləmlə yenidən birləşdirmək cəhdini mövzu götürən monumental roman "İmajika" (1991) iki Fransa mükafatına — "Juliya Verlanje" və "Grand Prix de l’Imaginaire" mükafatlarına layiq görüldü. Hər günün bayram olduğu bir evə cəlb edilən uşaqdan bəhs edən və gənc oxucular üçün nəzərdə tutulan nağılvari əsər — "Həmişənin oğrusu" ("The Thief of always", 1992) Barkerin öz rəsmləri ilə nəşr olundu və həmçinin "Grand Prix de l’Imaginaire" mükafatını qazandı. "Müqəddəs ayin" ("Sacrament", 1996) "Lambda" Ədəbiyyat Mükafatını aldı; "Soyuqürək kanyonu" ("Coldheart canyon", 2001) isə köhnə Hollivudu kabus hekayəsinə çevirdi.

Barkerin daxilindəki rəssam günün hər saatına bir ada və zamandan kənarda qalan daha bir ada daxil olmaqla ümumilikdə 25 adadan ibarət arxipelaqda cərəyan edən silsilənin ilk kitabı olan "Abarat" ("Abarat", 2002) ilə ön plana çıxdı. Barker kitabı öz yağlı boya tabloları ilə bəzədi. Silsilənin ikinci cildi "Sehr günləri, müharibə gecələri" "Days of magic", "Nights of War", 2004) gənc oxucular kateqoriyasında Brem Stoker Mükafatını qazandı; "Zülmət gecəyarısı" ("Absolute midnight") isə 2011-ci ildə nəşr edildi. Silsilənin "Disney" şirkəti tərəfindən çəkilməsi planlaşdırılan ekran adaptasiyası isə heç vaxt reallaşmadı.

Barker təxminən 18-19 yaşlarında homoseksual olduğunu anladı; kuir meyil bu janrda nadir hallarda yer tapa bildiyi bir dövrdə onun əsərlərində açıq şəkildə öz əksini tapdı. O, Ceyms Ueylin "Frankenhşteyn" filminin rejissorundan bəhs edən və Bil Kondon tərəfindən lentə alınan "Tanrılar və bədheybətlər" ("Gods and Monsters", 1998) filminin icraçı prodüserliyini öz üzərinə götürdü və 2003-cü ildə GLAAD təşkilatının "Devidson/Valentini Mükafatı"na layiq görüldü. 2012-ci ildə stomatoloji müalicədən sonra yoluxduğu toksik şok sindromu səbəbindən bir neçə gün komada qaldı. Barker "Al-qırmızı müjdələr" ("The Scarlet Gospels", 2015) romanı ilə yenidən ədəbiyyata qayıtdı. 2024-cü ildə müəllif öz hesablamalarına görə əlyazma şəklində olan 31 layihəyə diqqətini cəmləmək məqsədilə kütləvi tədbirlərdən uzaqlaşdı; bu layihələrin arasında "Həmişənin oğrusu" əsərinin davamı sayılan "Dərin təpə" ("Deep hill") romanı da var.

Barkerin yaratdığı mifologiya onun arxasınca qaçmasına ehtiyac qalmadan yeni çalarlarla yaşamağa davam edir. "Saber İnteractive" studiyası 8 oktyabrda süjet xəttinin formalaşmasına lap əvvəldən Barkerin töhfə verdiyi "Klayv Barkerin cəhənnəm qaldıranı: Dirçəliş" ("Clive Barker’s Hellraiser: Revival") adlı sağ qalma-qorxu oyununu təqdim edir. Lakin oxucular üçün əsas hadisə elə səhifələrin arasındadır. Barker sentyabr ayında Edqar Allan Poya istinad edərək, “Qorxu ədəbiyyatının ən möhtəşəm nümunələrindən bəziləri məhz qısa hekayələrdir,” deyə bildirmişdi. "Qan kitabları"ndan qırx il sonra o, növbəti yaradıcılıq mərhələsini bu inamın üzərində qurur.

Türk dilindən tərcümə etdi: Aydan Ağayeva

# 178 dəfə oxunub

Oxşar xəbərlər

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
MÜZAKİRƏ:   "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

12:03 30 sentyabr 2026
Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər