Yavaş-yavaş özgələşir bədənin – Ulucay Akifin Yeni Şeirləri

Yavaş-yavaş özgələşir bədənin – <span style="color:red;">Ulucay Akifin Yeni Şeirləri
5 mart 2019
# 16:30

Kulis.az Ulucay Akifin yeni şeirlərini təqdim edir.

Yurdumun insanı

- bu kainatda günəşdən daha çox kim çalışır?

yurdumun insanı ki,

hər səhər günəşdən öncə çıxar evindən,

günəşdən öncə doğar bu torpağın üfüqlərində

və çantasındakı bir ovuc yeməyi də

doymaq üçün yox, ac qalmamaq üçün olar...

yurdumun insanı ki,

bənövşə xaladır,

evinə çörək aparmaq üçün

çörək bişirib satar yüzlərlə insana.

yurdumun insanı ki,

üstünün toz-torpağı, ayaqqabısının palçığı

bu torpağın insanı olmağına dair

ən böyük sənəddir!

yurdumun insanı ki,

əllərinin qabarı, alnının qırışı

düşmən üçün ən böyük sərhəddir!

yurdumun insanı ki,

hər axşam günəşdən gec qayıdar evinə:

yorğun, amma xoşbəxt,

yorğun, amma məğrur,

yorğun, amma ümidli.

və kiçik zənbilindəki balaca çörək də,

günəşdən də böyük sapsarı bir günəşdir

Gizlənqaç

ucuz ətin şorbası ilə bayram keçirən ailələr

şükr etməyi öyrətdi uşaqlara

bizim balaca məhəllənin

kiçik evlərində...

o uşaqları

nə atalar sözləri aldada bildi,

nə də qorxuda bildi kapitalizmin qəddar marşları...

və beləcə kasıb ailələrin uşaqları da

yavaş-yavaş böyüməyə başladı...

o uşaqlar ki,

küçə davalarında nə döyülənə lağ etdi,

nə də döyəni alqışladı,

kin saxlamadı ürəyində.

o uşaqlar ki,

düzəltdiyi ilk oyuncaq

taxtadan silahlar oldu.

müharibənin nəfəsini hiss etdi kürəyində...

o uşaqlar ki,

“bacı”, “qardaş” sözlərinin

qan bağı ilə yaranmadığını bildi.

dost dediklərimiz də ən az ailəmiz qədər bizdəndi.

və biz

qizlənqaç oynayanda da

dostlarımızın tapa biləcəyi yerdə gizləndik.

və heç nə...

tanrıya inanmadan ibadət etmək kimidir

sevmədən sevişmək.

yavaş-yavaş özgələşir bədənin,

əvvəlcə özünə, sonra başqalarına...

yavaş-yavaş çürüyür əllərin,

ayaqlarınla özünü tərk edirsən.

bir də görürsən ki,

keçmişinlə bağlı planlar qurursan:

bu şəhərdə doğulacam,

bu şəhərdə aşiq olacam,

bu şəhərdə tərk ediləcəm...

unutmaq da

unudulmaq qədər ağır olur,

qalın zəncir kimi asılır boynundan.

təbriklər!

bu gündən sən də

“ayrılıq” adlı diktatorun

köləsinə çevrilirsən...

sonra

həzin bir yaz gecəsində

gələcəyini xatırlamağa çalışırsan:

görəsən harada, nə vaxt

və necə ölmüşdüm?

unutmuşam,

bilmirəm...

artıq mahnılar da

heç kimi xatırlatmır...

dinləyirsən, dinləyirsən

və heç nə eşitmirsən.

yəni bəzən

sadəcə yox olursan,

heç ölə də bilmirsən...

# 5936 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

16:30 24 oktyabr 2025
Aygün Kazımova ilə evlənmək fikrim yoxdur

Aygün Kazımova ilə evlənmək fikrim yoxdur

12:28 24 oktyabr 2025
"Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər"

"Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər"

10:00 24 oktyabr 2025
Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova

Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova

14:00 23 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər