Həmidə xanımla Mircəfərin əhvalatı

Həmidə xanımla Mircəfərin əhvalatı
16 avqust 2011
# 11:00
Otuzuncu illərin əvvəlləri imiş. Günlərin bir günü yazıçı Mirzə İbrahimov Həmidə xanım Cavanşirin arxasınca o vaxt barmaqla sayılan “M-1” (emodin) markalı qara maşın göndərib onu Yazıçılar İttifaqına dəvət edir. Böyük ehtiramla qarşılayıb bir xeyli kef-hal soruşur, diqqət, nəzakət göstərir, nəhayət, mətləb üstünə gəlir. Deyir yoldaş Bağırov arzu edir ki, siz öz xatirələrinizi yazasınız, o dövrdə Qarabağda baş verən hadisələri, o illərin mühüm bolşevik simaları, inqilabi hərəkat haqqında bildiklərinizi qələmə alasınız.

Həmidə xanım təklifi qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzv götürürlər. Əsəri yazmaq üçün ona iki il vaxt verilir. Bu iki ildə Həmidə xanıma yüksək maaş, xidməti maşın, “kremlyovskiy payok” deyilən ərzaq payı və digər bu kimi imtiyazlar da verilir. Vaxt başa çatır və Həmidə xanım, danışıldığı kimi, yazdıqlarını götürüb yenə həmin o qara “M-1”-lə Yazıçılar İttifaqına yollanır. Orada onu intizarla gözləyirdilər. Mirzə İbrahimov yoldaş Bağırova hasabat verməliydi.

Həmidə xanım 60-70 dəftərlik əlyazmasını ittifaqın sədrinə təhvil verib geri dönür. Növbədə yalnız kitabın çapı qalırdı. Vəd olunduğuna görə, bunun ardınca böyük tiraj, böyük qonorar, təltiflər, məktəb dərsliklərinə düşmək və s. də olacaqdı. Həmidə xanım isə yalnız kitabın nəşrini gözləyirdi. O, atası, böyük maarifçi Əhməd bəy Cavanşirin, ömür yoldaşı Mirzə Cəlil Məmmədquluzadənin, özünün də həyat mübarizəsinə çevrilmiş “Molla Nəsrəddin”in, o dövrkü Qarabağın hekayəsini nəsillərə ötürmək istəyirdi. Bir ay sonra Həmidə xanım yenə Yazıçılar İttifaqına dəvət edilir.

Mirzə İbrahimov yenə özəl nəzakətlə, eyni zamanda gərginlik içində deyir:

- Həmidə xanım, yoldaş Bağırov arzu edirdi ki, siz bu əsərinizdə onun Qarabağdakı bolşevik fəaliyyətindən də geniş şəkildə yazasınız. Bu əhəmiyyətli hadisəni gözlərinizlə gördüyünüzdən gələcək nəsillərə onun şəxsiyyətinin böyüklüyünü məhz siz çatdıra bilərsiniz. Bunun ideoloji işimiz üçün çox böyük əhəmiyyəti var. Yoldaş Bağırovun vətən və xalq qarşısında elə xidmətləri var ki, onlar gərək unudulmasın, kommunist gənclərə örnək olsun, gələcək nəsillərə ötürülsün.

Həmidə xanım cavabında deyir:

- Mən görmədiklərimi yaza bilmərəm.

***

Bəs əslində, o dövrdə Qarabağda nə olmuşdu?

Zaman ağır idi, Nikolay hökuməti inqilablardan və Birinci Cahan Savaşından çökmüşdü. Rus idarəçiliyinin yerli nümayəndələri daha da azğınlaşmış, hökumətlə gizli əlaqədə olan qaçaq-quldur dəstələri bir az da qudurmuşdu. Qarabağda bir kənddən o biri kəndə getmək mümkün deyildi. Qaçaq dəstələri günün günorta çağı adam soyurdu.

Belə ağır vəziyyətdə zülm hər zamankı kimi xalqın payına düşmüşdü. Qafqazın digər bölgələrindən, hətta İrandan da talançı, soyğunçu dəstələr Qarabağa axışır, yolları kəsir, gedib-gələnə basqın edir, gecələr kəndlərə soxulub camaatın olan-olmazını, mal-qarasını aparırdı. Üstəlik, quldur dəstələri öz aralarında nüfuz davası aparmaqla vəziyyəti daha da ağırlaşdırır, atışır, ölub-öldürür, bir-birini basıb ərazidən çıxarmaq üçün savaşırdı. Bu, Qarabağın qaçaq-quldur əlində aciz qaldığı, kasıb-kusubun təntidiyi bir dövr idi.

Həmidə xanım Mircəfərin adını eşitmişdi, o tərəflərdə bu ad uşaqdan-böyüyə hər kəsə bəlli idi. Mircəfər Qarabağdakı quldur dəstələrindən birinə başçılıq edir, yol kəsir, karvan soyurdu.

Günlərin birində üzünü görmədiyi bu adam taleyin hökmüylə Həmidə xanımdan imdad istəmişdi. Mircəfər onun alicənablığı, səxavəti, mərdliyi haqqında çox eşitmişdi, ona görə də Qarabağın varlı-hallı kişilərini bir yana qoyub, bir qadına pənah aparmışdı.

Əhvalat belə olmuşdu: bir gün Həmidə xanımın evinə Mircəfərin adından bir adam gəlir. Saç-saqqal basmış, cır-cındır icində olan cüssəli elçi gözlərini yerə dikib deyir:

- Xanım, Mircəfər tapşırdı sənə deyim ki, göydə Allah, yerdə sən, bizə kömək ol.

Məlum olur ki, Mircəfərin quldur dəstəsi uzun müddətdən bəri nüfuz davasında olduğu başqa bir dəstə ilə atışıb, savaşıb, mühasirəyə düşüb. Qırılan qırılıb, qaçan qaçıb, çoxu gedib, azı qalıb, qalanın da çoxu yaralıdır. Bir aydan bəridir bir kahada gizlənirlər. Yeyəcəkləri, geyəcəkləri, sursatları - hər şeyləri tükənib. Kahadan çıxa bilmirlər, çünki düşmənləri təqibdən əl çəkmir. Əgər Həmidə xanım kömək edərsə, buralardan salamat çıxıb gedə bilərlər, yoxsa elə o kahadaca gəbərəcəklər.

Həmidə xanım onları evində saxlaya bilmirsə də, qapısına pənah gətirənləri naümid qoymur, nökəri onlara qoşub etibar elədiyi bəy qohumunun - Abdal-Gülablı mülkədarının üstünə göndərir.

Beləliklə, Mircəfər salamat qalmış beş-altı adamı ilə yarımcan halda Həmidə xanımın verdiyi atlıların nəzarəti altında gecəynən gizli yolla Abdal-Gülablıya aparılır. Mircəfər o bəyin evində düz bir ay qalır, o evdə yaralarına məlhəm qoyurlar, əyin-başını təzələyirlər, yedirib-içirib onu ayağa qaldırırlar. Axırda da kisəsinə pul, heybəsinə çörək qoyub yenə gizli yollarla Bakıya yola salırlar.

Yeri gəlmişkən qeyd edim ki, o Abdal-Gülablı bəyinin oğlu Mircəfər Bağırovun vaxtında ali məhkəmənin hakimi olub, soyadı da Mirzəyev idi. Hakim Mirzəyevin qızı Şükufə Mirzəyeva fəlsəfə elmləri doktoru, öz sahəsinin ilk qadın alimi idi. Yəqin ki, mülkədar ailəsini o hadisə xilas etmişdi.

İllər ötmüşdü, o quldur gəlib Azərbaycan Sovet Sosialist Respublikasının başçısı olmuşdu. Əlbəttə, iştah diş altındadır. Quldur hakimiyyətə gələ bilirsə, niyə də müsbət qəhrəman örnəyinə çevrilmək istəməsin? Bunun ardınca ədəbiyyata soxulmaq istər, sonra heykəlləşmək istər, sonra özünü zorla yaddaşlara əkdirib qəhrəmanlıq tarixinə köçmək istər. İçindəki mənəvi şikəstlik kompleksini öldürmək üçün özündən ağ atlı oğlan obrazı uydurar. Sonra da qələm əhlini şirnikləndirib yalanların bəzənməsi işinə cəlb edər.

Mircəfər də bunu eləmək istəyirdi. Od püskürən rejimiylə birgə özünün saxta inqilabçı tarixçəsini yazmaq üçün, çirkli keçmişini yumaq üçün bəy qızının üstünə gedirdi.

Bayırda isə otuzuncu illər idi. Göydən od yağırdı...

O qara illərdə adına ağ keçmiş bəzəmək istəyən, gələcək nəsillərə özünü ideya savaşçısı, bolşevizm fədaisi kimi tanıtmaq istəyən əski quldur hədəfi düz seçmişdi: Həmidə xanımın şahidliyi kimsədə şübhə doğurmayacaqdı. Əlli il sonra qələmini pula batırıb bu qatildən qəhrəman düzəltmək həvəsinə düşənlərin işi asanlaşacaqdı, istinad mənbəyinin mötəbərliyi dadlarına çatacaqdı. Ya da çox başlar yemiş qatil daha bir adı batıracaqdı - Həmidə Xanım adını.

O isə Mircəfər Bağırovun sifarişini çatdıran Mirzə İbrahimova bircə cümləylə cavab verir: “MƏN GÖRMƏDİKLƏRİMİ YAZA BİLMƏRƏM!”

Necə bilirsiz, qorxmurdumu, ana deyildimi, canı candan, balası canından deyildimi? Bəlkə pulu, malı, torpaqları, dəyirmanları, kəhrizləri, məktəbləri, toxucu karxanaları, mülkləri əlindən alınmış bəy qızının ehtiyacı yox idi? Vardı! Amma onun vicdanı ehtiyacından böyük idi.

Bu etirazdan sonra onun bütün imtiyazları əlindən alınır, ailənin yeganə işləyəni, mühəndis oğlu Müzəffər işdən çıxarılır, təzyiqlər, təqiblər artır. Deyirlər, Həmidə xanım hər axşam pəncərə qarşısında durub gözləyərmiş: görəsən, uşaqlar bu axşam evə salamat qayıdacaqlarmı? Amma heç bir qorxu onu yalan yazmağa məcbur eləyə bilmir. Ruhunda və zatında olan həqiqi aristokratlıq onun bütün duyğularına, hətta analıq instinktinə belə qalib gəlir. Şərlə döyüşə bilmirsə də, heç olmaya susur, şərə nəfəs vermir. Görmədiyinə şahidlik eləmir, keçmişə böhtan atmır, yalan yazmır.

***

“Xatirələrim” əsəri isə Mircəfərin qəzəbinə gələrək, o qalan düz 70 il arxivdə qalır.

Əsərin nəşrə hazırlanmasına bir neçə ilim getdi, amma bu kitabın işıq üzü görməsini, oxucuya çatmasını çox arzulayırdım. Kitabda bu gün üçün örnək olası çox hadisə var, yalanı, şəri müdafiə etməyən ziyalının çox dəyərli bir ömür nümunəsi var. Nəhayət, möhtəşəm bir qadının əzmi, dözümü var.

Bu baxımdan “Xatirələrim”in oxucunun əlinə çatmasına çox tələsirəm.



Məqalə “Toplum” vətəndaş cəmiyyəti jurnalıтın 3-cü sayında (Yay, 2011) dərc edilib.
# 3184 dəfə oxunub

Oxşar xəbərlər

Məktub yetişmədi - Abdulla Şaiqin hekayəsi

Məktub yetişmədi - Abdulla Şaiqin hekayəsi

18:23 24 iyul 2024
"Gələcək onu ölümə tərk edəcək" - Aqşin Yenisey

"Gələcək onu ölümə tərk edəcək" - Aqşin Yenisey

11:18 24 iyul 2024
Qadınlar cəmiyyətin diktələrinə məğlub olan insanlardır - İlahə Səfərzadə

Qadınlar cəmiyyətin diktələrinə məğlub olan insanlardır - İlahə Səfərzadə

14:41 23 iyul 2024
"Dəyişən reallıqlar: Haruki Murakaminin "1Q84"ü - Adam Kirş

"Dəyişən reallıqlar: Haruki Murakaminin "1Q84"ü - Adam Kirş

13:13 23 iyul 2024
Musiqiçilərin, ədəbiyyatçıların biabırçı vəziyyəti... - 2006-cı ildən bəri qiymətlər niyə qalxmır?

Musiqiçilərin, ədəbiyyatçıların biabırçı vəziyyəti... - 2006-cı ildən bəri qiymətlər niyə qalxmır?

17:27 22 iyul 2024
Qoyuna yas saxlayan çoban - İnsanlıq necə məhv oldu?

Qoyuna yas saxlayan çoban - İnsanlıq necə məhv oldu?

16:20 22 iyul 2024
#
#
# # #