Müasir klassikimiz

Müasir klassikimiz
9 iyul 2021
# 15:22

Bu gün ədəbiyyat tarixçisi, filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevin doğum günüdür. Onun 80 yaşı tamam olur. Kulis.az bu münasibətlə böyük alimi və müəllimi təbrik edir, tənqidçi Cavanşir Yusiflinin onun haqqında yazdığı “Qorxmaz müəllim” essesini təqdim edir.

1

Bu dünyada yaxşı, saf, qızıl xəlitə kimi nə varsa, insan qəlbinə dərhal yol tapmır. Bu həqiqətdir. Dərhal qəbul etdiklərindən tez yorula bilərsən, yaxud, gözünü açıb onun artıq olmadığını görərsən. Gəlib gediblər... Yaxşı olan şeylərlə bizim həmişə qovğamız olur, bunsuz onu qəbullamaq mümkün deyildir, davadan sonrakı dostluq sonsuza qədər sürər.

Qorxmaz müəllimin yazıları ilə söhbətimiz uzun sürəcək. Oxuduğun, söhbət elədiyin zaman bu dəm, yəni yazını oxuduğun an, yaxud onun qələmə alındığı məqam hansı fəslin olduğunu bilməyəcəksən, çünki bu tip şeylər özünü “itirmək” üçün hər şeyi qarışdırır. Bu mənada, yazıda təhkiyə çox ciddi məsələdir. Təhkiyədə iki məqam var:

1. Ən mürəkkəb mətləbləri söhbət edirmiş kimi anlatmaq (danışıq yazıdan çox fərqlidir, kimsə yazdığını olduğu kimi danışa bilməz...)

2. Hər şeyi “sehr” tülünə bürümək, sadəcə yazmaq...

2

Hər bir kəsin bioqrafiyasında hökmən bir əsaslı hadisə baş verir, görənlər görür, görməyənlər qulaqardına vurur. Qorxmaz müəllim mənim həyatımda məhz belə bir hadisədir. O, mənim müəllimim olub, təkcə ədəbiyyat müəllimimi? Xeyr, həm də həyat müəllimi! Onun haqqında ancaq görkəmli alim, yüksək təfəkkürlü filoloq kimi bəhs etsən, çox şey yaddan çıxacaq. Onun haqqında xeyirxah insan kimi danışsan, yenə nəsə çatışmayacaq, bir çimdik duz kimi!

Bizim ömrümüzdə hər an, hər saniyə hiss etdiyimiz şey - bir çimdik duz kimi nəyinsə çatışmaması son mənzilə qədər sürür, bu şeyə biz açıq gözlə baxırıq, günü-günə satırıq, bu gün-sabah, fürsət düşəcək deyə, onu arxa plana keçiririk. Böyük insanlar üçün elə şeylər var ki, sən anında eləməlisən. Bu öhdəliyi-yükü sən bir çiynindən digərinə keçirə-keçirə aldadırsan özünü. O mənə dərs deyəndə haçansa bu sözləri yazacağım ağlımın ucundan belə keçməzdi.

Qorxmaz müəllim hər şeydən öncə özü-özünə yetən, bəs eləyən adamdı. Əsl alim yazdıqlarına həyətində yetişdirdiyi üzüm tənəyi kimi baxır, küləkdən, yağışdan, təbiətin min bir oyunundan qoruyur; daha sonra qonşudakı ac uşaqların tamahından, bəd gözlərdən və sair. Məsiağa müəllimin (Məsiağa Məhəmmədli – red.) "Cahan" jurnalında çalışarkən onunla iki-üç dəfə görüşməli oldum. Azərbaycan Dillər Universitetində. İki gözəl yazısı çap edildi. Dördcə nömrədə iki gözəl yazı! İşimiz-gücümüz başqalarının sel misalı yazılarından xilas olmaqdısa, Qorxmaz müəllimin yazısını özümüz kompüterə yazırdıq! Xəttinə baxırdım, oxunmur, sonra bircə sözü oxudunmu, bütün sözlər özü "danışırdı". Özünün dediyi kimi, kod və kontekst...

Qorxmaz müəllim yüksək əxlaq sahibidi. Buna görə də onun işi mahiyyətlədi, hər bir mətnin içini "oyan" məna savaşıyladı. O, onuncu dərəcəli detalları asanca qulaqardına vura bilir. Qorxmaz müəllimin təhkiyəsində heybətli şişirtmələr, həyəcanlanmalar yoxdu, çoxlarının anlamadığı mətnləri bu adamlara çox sadə şəkildə başa salır və onların da boynuna qoyur ki, siz əslində, bunu məndən daha yaxşı bilirsiniz. Onun doktorluq dissertasiyası böyük bir problemə həsr edilmişdi: Azərbaycan ədəbiyyatında fərdi üslubun təkamülü və təşəkkülü. Bu əsərdə o qədər öyrənməli mətləblər var ki... Ancaq bizdə çoxunun öyrətmək inadı bu sadə və iddiasız nəsnələri oxumağa mane olur.

Vaxtilə Xəlil Rzanın bir kitabı çıxmışdı. Qardaşım oxuyurdu, yaddaşıma ən yaxşı misralar hopurdu. Məsələn, "sən mənə bir ovuc gül toxumu ver, səpim bu dünyanın hər tərəfinə..." Şair bu mətləbi necə həll eləyirdi, indi yadımdan çıxıb, ancaq misranı yaradan nəfəsin gözəlliyi danılmazdır.

Qorxmaz müəllimin yazılarında "gözəllik yaratmaq" inadı və missiyası əslində tələbələrinin normal yetişməsinə yönəlik bir şeydi.

Herman Hessenin "Yalquzaq" romanının tərcüməsinin ilkin çapında Qorxmaz müəllimin ön sözü vardı. Vilayət müəllim, Vilayət Hacıyev gözəl tərcüməçidir, alman dilli ədəbiyyatın nadir bilicisidir. Ancaq etiraf eləyək ki, bu kitaba yazılan ön söz həmin əsərin dərin qatlarının açılmasında misilsiz hadisəydi. Bu yazıya bir də baxın (vaxtında onu gücüm çatan neçə adama oxutdurmuşam - !) və ədəbiyyat haqqında bu tipli yazıların bizim təfəkkürümüzün formalaşmasında nə qədər önəmli rol oynadığına şahid olun.

Xaricdə, Avropa ölkələrində bu tipli alimlərin mühazirələrini yazırlar, çünki mühazirə əsnasında, yəni şifahi nitqində alimin nə qədər böyük ideyalar irəli sürdüyü sonralar aşkara çıxır.

Bir çimdik duz...

İndi, bizim mühitin filoloji pilləsində işlər yaman qarışıb. Hamı bir-birini hədələyir. Ağız deyəni qulaq eşitmir. Ancaq bir vaxt ayırın, Qorxmaz müəllimin, digər klassik alimlərin yazılarını oxuyun, görün hər hansı pyesi, hekayəni, romanı... necə təhlil edərlər. Yoxsa, ordan-burdan iki söz eşidən kimi cumursuz irəli, səsinizi də mikrofona qoşursuz, ayıb...

Mərifət...

Əslində, bu bir dildir.

Əməllərin danışdığı dil.

# 2916 dəfə oxunub

Müəllifin son yazıları

# # #