Mən Röyanı sevirəm!

Mən Röyanı sevirəm!
21 sentyabr 2016
# 12:03

Röya Ayxana olan sevgimi izah edə bilmirəm. Çətindir mənə. Həmişə, hər yerdə Röyanın əleyhinə danışılanda onu müdafiə etmişəm.

Onun soyadındakı “Ayxan”a görədir bunlar? Məncə, yox. Amma dostlarım həmişə zarafatla deyirdilər: “Röya sənin bacındı deyəsən?”

Bakı Dövlətdə təhsil aldığı xəbəri gələndə hamı Röyanın o savada sahib ola bilməyəcəyini iddia etdi. Mən etiraz etdim.

İllər əvvəl, hələ təzə səhnəyə çıxanda soyunmaq qalmaqalı ortaya çıxdı. Hamı bu qızı yıxdı-sürüdü. Mən etiraz etdim.

Müğənninin soyunmağı deyil, səsi önəmlidi mənim üçün.

Həm də bir müğənni niyə çarşab taxıb səhnəyə çıxmalıdır ki?

Üstəlik bu azad ruhlu Röyadırsa...

Üstəlik hər kəsin öz şəxsi həyatı varsa...

Biz niyə hər kəsin işinə, yaradıcılığına deyil, həyatına burun soxmağı sevirik?

Röyanın səsini ilk dəfə harda eşitmişəm, yadıma düşmür.

Amma o səs məni hər yerdə susdurub. Özü də bu səslə həmişə təsadüfən rastlaşmışam. Tələsdiyim yerdə yanımdan keçən maşının içindən eşitmişəm bu səsi: “Sən mənim ən zərif gülümü dərdin”.

Bir dəfə möhkəm içmişdim, taksiyə mindim. Sürücüyə dedim, mahnı qoş. Radionu qurdaladı və Röya səsi içəriyə doldu: “Sən sevdadan xəbərsiz, dəli bir külək...” Bu dəm sürücü əsəbləşib söydü və mahnını yarıda kəsmək istədi. Mən onda sürücü ilə mübahisə etdim. Yaşlı kişi çaşmışdı elə bil. Üzündə donuq ifadə mənə baxırdı. Mən içkinin təsirindən “Röyanı sevirəm” dedim.

Sonralar onun səsinin sehrinə hər yerdə düşdüm.

Və elə gün yoxdur ki, evə gəlib Röyanın səsinə qulaq asmayım.

O səs olmasa həyatın bəstələdiyi mahnının yarımçıq qalacağını düşünürdüm.

Röyanın səsini sevməyimin bir yanı da vardı: xırıltılı və bir az da kişiyana idi bu səs.

Doğma gəlirdi mənə. Və elə düşünürdüm ki, harda Röya oxuyursa mənim üçün yaşıl işıqdır, ümiddir, gözəl günlərə müjdədir.

Həyatda heç vaxt üz-üzə gəlməmişik Röya ilə. Bircə dəfə onu uzaqdan görmüşəm, vəssalam. Bəlkə də heç istəyim də olmayıb ki, Röya ilə görüşüm, tanış olum. Nə çətin işdir bu? Amma o səs mənə həmişə bəs eləyib.

O səs mənə həyatın mənzərəsini çəkib: xoşbəxtliyimiz də Röyanın səsi kimi qırıq, xırıltılı və bir az da ümidlidir.

Röyaya olan sevgim fanat sevgisi deyil. Qətiyyən. Fanatlığı sevmirəm. Bu sevgi o səsin sehrindədir. Röyadan danışmaq çətin olub mənə. Onun mahnıları olan yerdə özümü hüzurda hiss etmişəm sadəcə. Ən yaxın, ən doğma insanınla oturub dənizə tamaşa etmək kimi gəlib Röyanın səsi. Özümü kənardan görmüşəm bu səsin altında. Həyatıma bir fon musiqisi kimi gəlib Röyanın mahnıları. Bəlkə də hardasa eyni düşüncələri daşıyırmışıq kimi gəlib mənə.

Bir müsahibəsində oxumuşdum və bu qadına bir daha heyran olmuşdum: “Mən özüm özümü tanımıram. Mən çox yaxşı olduğum qədər də, çox pis ola bilərəm. Çox yumşaq olduğum qədər də çox qəddar birinə çevrilərəm. Yəni mənə güvənməyin ki, bu, çox yaxşıdır. Ona görə də mən kim olduğumu deyə bilmərəm. Təkcə onu başa düşürəm ki, mən qadınam. Sevən, sevgiyə ehtiyacı olan, hissləri qulaqlarından belə tökülən və sevməyi sevən əsl qadınam.

Çox səmimi deyirəm, mən doğrudan da çox az hallarda darıxa bilərəm. Mən görmədiyim insanı unuda bilərəm. Hətta görmədiyim adamların üz cizgiləri də yaddaşımdan silinə bilər. Heç nəyi təkrar yaşamaq istəmirəm. Çünki mən hər zaman yeni şeylər istəmişəm. Yəni yenə qazanım, yenə olsun, bu dəfə başqası olsun, fərqli olsun, filan şeyi də əldə edim kimi düşüncələrlə yaşamışam. Amma “bunu bir də yaşayım” demək məndə yoxdur. Yenidən yaşamaq istədiyim bir şey xatırlamıram”.

Sizə eyni hisləri yaşadığımızı desəm, təəccüblənməyin. Heç vaxt yaşamadığım şeyi təkrar yaşamaq istəməmişəm. Fikir verin Röya necə deyir: “Hissləri qulaqlarından tökülən qadınam”. Dahiyanədir. Mən hərdən həyatımın bir tərəfinin Röyanın səsinə bulaşdığını hiss etmişəm. Qulaqlarımda həmişə Röyanın ürək döyüntüsünü olub.

Bir də Röyanın ipə-sapa yatmamağı, heç nəyi vecinə almamağı var...

Eynən mənim kimi...

Röyanın müsahibələrinin birində jurnalist ona soruşur: “Sənətinizdən başqa, nədir sizi bu qədər sevdirən və gündəmdə saxlayan?”

Cavaba fikir verin: “Yekə baş olmamağım!”

İndi bildiniz niyə Röyanı sevirəm?

# 1476 dəfə oxunub

Müəllifin son yazıları

# # #