15 yaşlı oğlan cəzasını harda çəkəcək?

15 yaşlı oğlan cəzasını harda çəkəcək?
5 may 2017
# 16:25

15 yaşlı bir uşaq lüks maşınla gənc xanımı öldürüb.

Yeniyetmənin atası iş adamı. Xanımı maşınla vurub qaçan uşaqdadır günah, yoxsa ona maşının açarını verən atadamı?

"Mənim oğlumun 15 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”. – atanın açıqlamalarıdır.

Sonra da deyib ki, uşağı həbs eləmək nə deməkdir. Jurnalistin “15 yaşlı uşağa maşını niyə etibar eləmisiniz?” sualına isə iş adamı cavab verməyib, telefonu söndürüb.

Pul onda, kef-damaq onda. Lap oğlunun yaşı çox olsaydı nə dəyişəcəkdi ki? Onu da dörd divardan xilas edəcəkdi. O qədər harınlayıb ki, uşağa maşın verməyin necə böyük fəlakətlərə yol açacağı huşuna gəlməyib.

Məşhur bir türk filmində belə bir səhnə var. Öz kəndlisini aldadan, pulunu əlindən alan qəhrəman hər dəfə ona atış gələn fırıldaqçıdan soruşur: “Niyə belə elədin?” fırıldaqçı hər dəfə öz kəndlisini aparır restorana, qarının doyurur və aradan çıxır. Günlərin birində harınlamış bu kişi kəndlisinin nişanlısına da əl atır. O zaman kəndlisi belə bir dəhşətli cümlə işlədir: “Haqlı olduğum üçün üzr istəyirəm”. Varlı kişi gülümsünüb deyir: “Bu dünya belədir. Biri həmişə kürəklərdə gəzər, biri də həmişə altda”.

Uşağına maşın verməyi böyük fəxr bilən bu adam nə vaxtsa bu gönüqalınlığının cavabını alacaq. Həyat sərt yumruqla ona həqiqəti göstərəcək. Amma həqiqət onun umrundamı? Vecsiz-vecsiz dolaşmaqdadır. Olan o qadına oldu. Bir də o uşağa. 15 yaşında cinayət işlədib. Əsas məsələ dörd divarda cəzalanmaq deyil. Ən əsası odur ki, o uşaq atasının kim olduğunu dərk edəcək. Bu həyatda puldan daha əhəmiyyətli nələrinsə olduğunu gözünün qabağına gətirəcək. Ayılacaq o uşaq. Ayılacaq və atasına bir gün ona bu maşını niyə verdiyini soruşacaq. Gecələr o qadın yuxusuna girəcək. Əzab verəcək ona. Saçları qan rəngində olacaq qadının. Uşaq dörd divar arasında deyil, öz divarları arasında çəkəcək cəzasını. Həm də atasının əvəzinə çəkəcək. Bütün harınlamış adamların əvəzinə daşıyacaq bu yükü. Bir ömür boyu yaddaşında yaşayacaq o lüks maşının bir həyatı məhv etməsi səhnəsini...

# 2113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #