Avtobus etüdləri

Avtobus etüdləri
21 sentyabr 2019
# 13:11

Bayağı mahnı basabasda sərnişinlərin iri qollarından, yekə çantalarından xilas olub təpik yemiş it kimi zingildəyirdi. Qulağıma bir misra dəydi: "Sən məndən ayrılarsan, xoşbəxt gəlin olarsan".

Gic gülmək tutdu məni. Yanımda dayanmış və çantası ilə aramıza sərhəd xətti çəkmiş xanım tərs-tərs mənə baxdı.

- Nə gülürsünüz?

- Mahnıya. Çox bayağıdır. Xoşbəxt gəlin.

- Hmmm... - mənalı-mənalı məni süzdü. - Xahiş edirəm, hörmət edək. O da onun zövqüdür.

Bu sözlərdən sonra özümü saxlaya bilmədim:

- Zövq? Zövqsüzlüyün dibidir e bu. Xoşbəxt gəlin olarsan nədi e? Belə bayağılıq olar?

Qadın əlini ağzına tutub pıqıldadı, elə bil qazanın qapağı bir-iki dəfə açılıb örtüldü. Ardınca digər qazan qapaqları da bu səsə qoşuldu. Pıqqıltılardan bir himn yarandı.

- Xoşbəxt gəlinmi? - bir qadın bunu deyib əlini yellədi. - Xoşbəxt gəlin var?

Sürücünün bu dəm səsi eşidildi:

- Camaat, mənim günahım deyil e. O axmaq Rasimin flaşkardı da. Dünən gərək qulaq asardım. Nə bilim, burda "Gəlin mahnısı" olduğunu?

Oğlanlardan birinin əvvəl səsi gəldi, sonra özü göründü:

- Gəlin mahnısı. Yox bir, gəlin nömrəsi.

- Gəlin maşını da olar. - yanındakı dedi.

Qaqqıltıların müşayiəti ilə növbəti dayanacaqda düşdüm.

***

Bu gün avtobusda gedirik, qəfil elə bil güllə atdılar, içərini toz basdı. Hamı qışqır-bağır saldı, uşaqlı qadınlar pəncərələri döydülər ki, avtobusu saxlasınlar. Qəribədir, heç bir qram da qorxu hiss eləmədim, yaxınlaşıb sürücüyə dedim, nə məsələdir. Sən demə, içəri təkər partlayıbmış. Sürücü ilə nə qədər camaatı sakitləşdirməyə çalışsaq da, alınmadı, axırda sürücü avtobusu saxladı, hamı düşdü. Bircə mənlə sürücü qaldı. Yol boyu söhbətləşdik. Dedi ki, sənlə ölümə də gedərəm. Güldüm: "O qədər də yox, dayı. Mənim qəhrəmanlığım bura qədərdi. Saxla qabaqda".

***

Avtobusda gedirdim. Bir cavan oğlan o boyda basırıqda telefonda qışqıra-qışqıra danışırdı: "Sənə deyirəm, sözümə qulaq as. Adboy vermə. Bax ha sözümə qulaq as. Aysu..". Telefonun o biri xəttindəki qızın qızardığını hiss elədim, vallah. Camaat da oğlana baxır ki, ay eşşək, bəlkə sonra danışasan qızla, utandırdın onu. Oğlanın heç vecinə deyil, telefon qulağında əli ilə saçını daraya-daraya danışmağa davam edir: "Aysu... Eşidirsən? Nə olsun avtobusdayam? Sənin səsini eşitmirlər..." Bunu deyəndə ortamıza sığışmış kök bir arvad dedi ki, ay bala, qız dərs oxuyur da, əl çək. Oğlan bunu eşitcək əsəbiləşdi və belə bir cümlə qurdu: "Xala. onun dərsi də mən olmalıyam. Məni öyrənsin". Avtobus gülüş səsindən yırğalandı.

***

Deməli, yağmurlu havalarda ən gözəl yeməyin qurutlu xəngəl olduğu haqda dostuma məruzə oxuyurdum. Basabas idi, adamların qolları aramızda sərhəd xətləri çəkmişdi. Bu dəm bir xanım yavaşca əlini qoluma toxundurdu:

- Bağışlayın.

Və aramızda qəribə bir dialoq oldu:

- Xahiş eləyirəm, danışmayın.

- Səsimiz başınıza düşür?

- Yox, xəngəldən danışırsınız.

- Nə var ki burda?

- O qədər iştahla danışırsınız ki... Mənim də ürəyim dözmür.

- Xəngəl havasıdır, neyləyək.

- Axı mən yıxılacam bura. Yemək barəsində çox həssasam. Özümü saxlaya bilmirəm. Nolar, danışmayın.

Mən dostuma tərəf çevrilib dedim ki, keçən gün Kazuo İşuquronun bir müsahibəsini... Qız gülümsündü və gözləri ilə mənə təşəkkür elədi.

***

Bir qadın ayağımın üstünə çıxmışdı. Özü də heç vecinə deyildi. Elə bil belə də olmalıdır. Nə qədər işarə ilə başa salmağa çalışdım, olmadı. Basabas da bir tərəfdən. Axırı dözə bilməyib qadının telefon tutan əlinə toxundum. Tərs-tərs mənə baxdı. "Bayaqdan ayağımı işğal eləmisiniz. Zəhmət olmasa ayağınızı ayağımdan çəkin." - dedim. Üzü daha da sərtləşdi. Və birdən nə desə yaxşıdır: "Mən qadınam, görmürsən?" Eynən belə dedi. Ayağıma baxıb utandım.

# 2971 dəfə oxunub

Müəllifin son yazıları

# # #