Qadınlardan nə istəyirik?

Qadınlardan nə istəyirik?
26 yanvar 2016
# 12:35

Ayxan Ayvaz

Bir xeyli kişi var, hər gün qadınlardan giley-güzar eləyir, iki dəqiqədən bir onların mənasızlığını sübut etmək üçün dəridən-qabıqdan çıxır.

“Qadınlar qədər mənasız varlıq yoxdur”

“Qadınlara çiçək almayın. Onlar ifritədir”

“Qadının gözü puldadır, hamını aldada bilər”

“Qızlar həmişə bayağı oğlanları seçirlər. Onlar bir-birinin tayıdır. Düşük, mənasız, özündən razıdırlar. Unutma ki, qadınlar həmişə ondan asılı olmağını istəyirlər. Sən ona tabe olmayanda təbii, gedib bayağıları seçəcək. Məsələ bundadır.”

“Qadınlar səninlə qabaq-qabağa oturanda, səndən daha çox, çantasına baxır. Deməli, xəyanətkardırlar”.

Ziqmund Freydin məşhur sualını (“Qadın nə istəyir?”) belə dəyişə bilərik: “Kişi nə istəyir?”

Özü də çox vaxt bu kişilər dünya ədəbiyyatından sitatlar gətirirlər ki, filan yazıçı qadınlar haqqında belə deyib. Məsələn: “Qadın hətta hər şeyi görən Allahı da aldada bilər”.

Axtarsan, o yazıçıların və ya yaratdıqları qəhrəmanların psixoloji probleminin olduğunu görərsən. Bir azca diqqətli olmaq lazımdır: qadının əksinə, neqativ danışan kişilər çox əsəbi olurlar.

Mənim bir dostum da eynən qadınların əleyhinə bəyanat verənlərə qoşulub züy tutanlardan idi. Bir dəfə yanında bir xanım vardı, gəzdik, söhbətləşdik. Gözümün qabağında qıza yaltaqlanırdı, əzilib-büzülürdü. Nə vaxt ki, qız bizdən ayrıldı, başladı arxasınca deyinməyə.

Qadına yaxın olmaq üçün min hoqqadan çıxan, onunla birlikdə hər şeyi unudan bu aqressiv kişilərin sonradan danışdıqları sözlərə baxın: “Qadında ilişib qalan kişi axmağın yekəsidir. Gərək onlara üz verməyəsən. Nə deyirsə, ağzından vurasan”.

Yenə deyirəm, axtarsanız, bu kişilərin qadınlara qəzəbində seksual istəyin olduğunu özünüz görəcəksiniz.

Bu yaxınlarda belə bir statusla rastlaşdım:

“Ömrü boyu bir dibçəyə bir stəkan su verməyən, lakin bir buket qızılgül hədiyyə alanda sevinən qadınlar var. Onlar qızılgülün ətrinə, təravətinə görə yox, qızılgüllərə sərf olunan pullara görə xoşbəxtdirlər. Bir bəy 100-150 manat qızılgül dəstəsinə pul verir, xanım da bu dəyərdən məmnun olur. Güllə sağlam, savadlı nəsil qurmaq olmaz. Bir də görürsən bığıburma, enlikürək kişilər əlində özü boyda panda hansısa xanımı gözləyir. Belə kişilərlə eyni cinsə sahib olduğum üçün utanıram. Bir yəhudi, bir alman əsla belə gic-gic hədiyyələr almaz”.

Qadınların əleyhinə tez-tez danışan axmaq kişilər var: bu tiplərin nə istədiyi dünya elminə sirr olaraq qalır.

Bir də var ağıllı kişilər, oxumuş, savadlı, intellektual. Birinciləri onsuz da ölənə qədər başa düşməyəcəyik. Bəs bu ikincilər qadınlardan nə istəyir? Onlar həqiqətən də başa düşməyiblər ki, qadınsız dünya çox boz görünür. Fikir verin, qadın olan istənilən məkan işıq saçır. Qadın olmayan yerlərdə isə dava-dalaş, gərginlik olur. Moskvada yaşayan dostum deyirdi ki, içki verilən kafelərdə həmişə ofisiant xanımlar götürürlər. Səbəb çox sadə: arağın küpünə girən kişilərin gərginliyi azalsın.

Ona görə də qadınlara olan qəzəblərini tez-tez dilə gətirən dostlara müalicə olunmaq gərək. Başqa bir çıxış yolu ağlıma gəlmir. Məşhur ifadədə deyildi kimi, qadınları anlamağa çalışmaq yox, sevmək lazımdı. Yüz faiz bu qəzəbin içində qadınları anlamaq cəhdi də var.

# 883 dəfə oxunub

Müəllifin son yazıları

# # #