Ukraynalılar dünyaya nəyi başa saldı?

Ukraynalılar dünyaya nəyi başa saldı?
29 mart 2022
# 11:30

Əsl sənətkar heç vaxt heykələ çevrilmir. Əsl sənətkar həmişə canlıdır. O, üstündən əsrlər keçsə də, heykəli ucaldılsa da, sadəcə bir daş yığınından ibarət deyil. Heykəl sənətkarın sonuncu mənzilidir.

Bizdə şairin, yazıçının heykələ çevrilməsi onun ölümündən əvvəl baş tutur. Çünki hamı şairi, yazıçını heykəl kimi görmək arzusundadır. Elə şairin, yazıçının özü də heykəl olmaq sevdasındadır. Heykəl – şairliyinin, yazıçılığının təsdiqidir.

Sosial şəbəkələrdə yayılan ukraynalı şair Taras Şevçenkonun Kiyevdə mərmilərdən qorunmaq üçün qum torbaları ilə çevrəyə alınmış heykəlinin fotosuna baxanda düşündüm ki, heç nə sənətkarı məhv edəcək qüdrətdə deyil. Dünyada nə qədər dəhşətli hadisələr, müharibələr baş versə də, bir sənətkarın bir misrası hər zaman yaddaşlarda qalacaq.

Əslində, bir xalqı ifadə edən, onu dünyaya tanıdan sənətdir. Ədəbiyyatdır, kinodur, teatrdır. Və sənətkardır. Əgər bir xalq öz sənət adamına yiyə durmursa, o xalq heç vaxt böyüyə bilməyəcək.

Taras Şevçenkonun heykəlini mərmilərdən qorumaq üçün çəpərləyən xalq tarixin bütün dövrlərində var olacaq. Hətta o xalq məğlub olsa da. Sözü qoruyan, sözü yaşadan xalq həmişə ucalarda olacaq. Taras Şevçenkonun, sənətkarın heykəli sadəcə bir metaforadır ¬– əslində, Ukrayna xalqı sənəti, sözü himayəyə götürüb. Və əslində, sənət elə müharibəyə də, gülləyə də yox deməkdir.

O heykəli mərmilərdən qoruyan xalq sənətin hər şeydən ucada dayandığını, fövqündə olduğunu yaxşı dərk edib.

Sənət heç vaxt ölməyəcək! Sənət hər zaman yaşayacaq!

Biz nə qədər ki, sənətkarı ölü kimi, heykəl kimi qavrayacağıq, o zaman heç vaxt böyüyə bilməyəcəyik, həmişə balaca qalacağıq və qabağımızı görə bilməyəcəyik.

Halbuki bir xalq yazıçısını əlyazma satmağa, küçədə kitab satmağa aparmamalıdır, onu bütün güllələrdən qorumalıdır.

Çünki yazıçı, sənət adamı bu xalqın dünyadakı güzgüsüdür.

Güzgüləri sındırmamaq lazımdır!

Güzgüləri qorumaq və onlarda özümüzü görmək lazımdır!

# 2445 dəfə oxunub

Müəllifin son yazıları

# # #