Deputat olmaq istəyən yazıçıların səhvi

Deputat olmaq istəyən yazıçıların səhvi
9 yanvar 2020
# 11:01

Yazar dostlarımız Kəramət Böyükçöl və Zahir Əzəmət parlament seçkilərinə namizədliklərini veriblər. Açığı, onların canfəşanlıqla namizədliklərini sosial şəbəkədə paylaşmaları məndə qəribə hisslər yaratdı. Gah sevindim, gah da məyus oldum.

Bilmirəm, bəlkə də dostlarımız ədəbiyyata olan biganəliyi Milli Məclisdən duyurmaq, məsələni kökündən həll etmək istəyindədirlər. Bəlkə də mən çox safam, heç də elə bir istəkləri yoxdur, sadəcə millət vəkili olmaq fikrinə düşüblər, indi də onu reallaşdırmaq uğrunda ciddi addımlar atırlar.

Gəlin, yaddaşımıza güc verək və düşünək. Görəsən, Milli Məclisdə təmsil olunan hansı yazıçımız kitab industriyası haqda nəsə bir təklif irəli sürüb? Lap kitab haqda danışsalar da, hamısı nəticəsiz qalıb. Çünki parlamentdən dedikləri o fikirlərin arxasında dayanmayıblar və əslində onlar üçün maraqlı da olmayıb. Sadəcə, danışıb üzərindən keçiblər. Axı o Milli Məclisdə nədənsə danışmalısan. Onlar da vəzifə borclarını yerinə yetiriblər.

O boyda Milli Məclisdə təmsil olunan yazıçı-şairlərimizin bircəciyi də qabağa düşüb ədəbiyyatımızın inkişafı, onun dünyaya tanıdılması istiqamətində məsələ qaldırıbmı? Bu ağrılı-acılı məsələni həll etmək üçün ən zəif cəhddə belə bulunublarmı?

Cavab hələ də eynidir: yox.

Təcrübə onu göstərdi ki, bizim yazıçılar Milli Məclisdə Hadı Rəcəblidən, Siyavuş Novruzovdan, Zahid Orucdan seçilmədilər. Hətta yazıçı kimlikləri də onlara kömək edə bilmədi.

Milli Məclisdəki yazıçı-şairlərimiz sürətlə məmurlaşmağa doğru getdilər. İçlərində kök salmış ədəbiyyat sevgisini yavaş-yavaş rəsmi salonlarda söndürdülər.

Dünya tarixində də siyasətlə ilgilənən, hətta parlamentdə təmsil olunmaq, prezident olmaq istəyən sənət adamları olub. Biz mövzumuza uyğun olaraq, sadəcə yazıçı-şairlərdən bir qismini yazaq: Vatslav Havel, Pablo Neruda, Mario Varqas Lyosa, Zülfi Livaneli...

Çexiyanın ilk prezidenti Vatslav Havel “Praqa Baharı” və Çexoslovakiyanın işğalındakı fəaliyyətinə görə “qara siyahı”ya düşdü, bundan sonra siyasi sferada daha aktiv oldu. Həbsxanalar, işgəncələr və s. Nəticədə “Məxməri inqilab”dan sonra hakimiyyəti ələ keçirdi və xalqını xilas etdi. Düzü, dram əsərləri də var, ancaq tarix onu insanlara daha çox Çexiya prezidenti kimi təqdim etdi. Yəni Havel siyasiləşdi. Tutaq ki, Solijenitsin də mənə görə belədir. Yazıçıdan daha çox siyasiləşmiş fiqurdur.

Lyosa isə elə deyil. O, siyasətə atılmaq, prezident olmaq istəsə də, siyasiləşmədi, öz yazıçı simasını itirmədi. Əslində Havelin, yaxud Solijenitsinin gördüyü işlər bəlkə də dünya, bəşəriyyət üçün ədəbiyyatdan daha çox faydalı idi. Ancaq mən hesab edirəm ki, yazıçı nə qədər siyasətdən uzaq dursa, o qədər yaxşıdır. Onun mövqeyi siyasətə bulaşmayan, heç bir partiyanın qoxusu gəlməyən mövqe olmalıdır: həqiqətin yanında olmaq və onu heç vaxt əldən verməmək!

Yazıçı yaşadığı ölkənin reallıqlarını bilməli və onu içindən keçirib həqiqətin yanında olmalı, yazdığı əsərlə bunu göstərməlidir. Artıq keçən əsrlərdəki kimi yazıçının siyasi sferada olması, ictimai-siyasi həyatda aktiv olması gərəkmir. Yəni yazıçı bütün tərəfləri ilə azad olmalıdır – heç yerə bağlı olmadan.

İndi də yazar dostlarımız Milli Məclisdə təmsil olunmaq, sözlərini ordan demək istəyirlər. Olsun. Etirazım yoxdur. Ancaq şəxsən mən yazıçının Milli Məclisdə olmasını istəmirəm. Tarix də göstərir ki, yazıçılarımız siyasiləşəndə, hər hansı partiyanın tərkibində olanda əvvəlki nüfuzlarını itirirlər. Onlar reallıqlara düzgün, obyektiv münasibət göstərmirlər, ya da heç söhbətdən xəbərləri olmur. Bu da onların imicini zədələyir.

Sonda bir arzumu da dilə gətirib mənə ayrılan yazı yerindən uzaqlaşım: arzu edirəm ki, Milli Məclisdə təmsil olunmaq şansı qazanan yazar dostlarımız nə vaxtsa "quşlayan" məmurlara çevrilməsinlər!

# 3221 dəfə oxunub

Müəllifin son yazıları

# # #