Yalçın İslamzadə: “Coğrafiya dərsliyində din ola bilməz” - MÜSAHİBƏ

Yalçın İslamzadə: “Coğrafiya dərsliyində din ola bilməz” - <span style="color:red;">MÜSAHİBƏ
5 aprel 2017
# 12:55

Son günlərdə sosial şəbəkələrdə müxtəlif dərsliklərdə müqəddəs kitablara istinad məsələsi müzakirə olunur. Kulis.Az məsələ ilə bağlı fizik Yalçın İslamzadə ilə müsahibəni təqdim edir.

- Bu yaxınlarda bəzi dərsliklərin yeni variantı müzakirəyə çıxarılıb. Dərsliklərdə və dərs vəsaitlərində dini mətnlərə istinad edilməsinə necə baxırsınız?

- Təhsil Nazirliyinin “Tədris resurslarının idarə olunmasının məlumat sistemi” saytında bəzi dərsliklərin layihə variantları müzakirə üçün təqdim olunub. 10-cu sinif üçün təklif olunan coğrafiya dərsliyində ciddi elmi səhvlər, dini kitablardan sitatlar və dərsin sonunda dini mətnlərin araşdırılıb təqdimat hazırlanması tapşırığı var idi.

Mövzunu sosial şəbəkədə aktuallaşdırdıqdan sonra dostlarımız nazirliyin saytındakı rəy bölməsinə iradlarını bildirdikdə, dərsliyi hazırlayan nəşriyyatın (“Bakınəşr”) emailindən daxil olan cavaba baxaq:


Qısa bir müddətdə 10-15 cavan insanın əsas məqsəddən yayınaraq eyni məzmunda irad yazması bir qədər təəccüblüdür. Çünki bizə dərsliyin elmi-metodiki aspektləri barədə fikirləriniz daha çox maraqlıdır.” paraqrafı ilə başlayan

1. Müvafiq dövlət strukturları tərəfindən təqsdiq olunmuş Coğrafiya fənni üzrə təhsil proqramında (kurikulumda) X sinif məzmun standartlarında qeyd olunur:

STANDART: 1.2.1.Yerin və digər səma cisimlərinin əmələ gəlməsinə dair məlumatlar təqdim edir.

MƏZMUN: Kainatın və günəş sisteminin yaranmasına aid fərziyyələr. Yerin yaranmasının dini əsaslandırılması. Yerin bir planet kimi inkişafı. Günəşdə baş verən dəyişikliklərin yerin təbiətinə və insanların sağlamlığına təsiri.

2. Biz Azərbaycanda yaşayırıq və bizim əhalinin əsas dini İslamdır, müqəddəs kitabımız da Qurani-Kərimdir. Qurani-Kərimdə və İncildə Yerin əmələ gəlməsi barədə verilmiş yazıların sizi belə narahat etməsi sizin müqəddəs dini kitablara hörmətsizliyiniz kimi qiymətləndirilə bilər.

Bəndləri ilə davam edən bir cavab emaili daxil oldu. Bəzi suallar yaranır. Təhsil Nazirliyinin səhifəsinə yazılan iradları sadəcə nəşriyyat işçiləri oxuyur yoxsa nazirlik əməkdaşları da bu iradları qeyd edirlər? İrad bildirənlərin “10-15 cavan insan” olması niyə xüsusi vurğulanır? Yayındığımız “əsas məqsəd” hansıdır? Məktubda yazıldığı kimi, STANDART 1.2.1-in təqdim edilməsini nəzərdə tutduğu məlumatın məzmunun “Yerin yaranmasının dini əsaslandırılması” olduğu necə əsaslandırılır?

Coğrafiya elmdir və dərslikdə yalnız elmi qaynaqlara istinad olunmalıdır. Dini mətnlər isə elmi qaynaqlar sayılmır. Dindən, “Dinlər tarixi”, “Etika”, “İnsan və cəmiyyət” kimi fənnlərdə bəhs etmək mümkündür. Ancaq elmi qaynaqlara dini referansları alternativ kimi təqdim etmək, kreasionizmi təbliğ etmək cəhdidir. Biz sekulyar dövlətik və təhsil dini təsirdən, təbliğatdan kənar saxlanılır. Bu cəhd, dini görüşləri orta məktəb dərsliklərinə salaraq legitimləşdirmək cəhdi təhsil qanunvericiliyinə ziddir. Bir zamanlar Amerikada kreasionizmin-yaradılışçılığın tədris olunması üçün lobbi qrupları məhkəməyə müraciət edəndə Nobel mükafatı laureatı Murray Gell-Mann və 72 digər Nobel mükafatçısı 24 elmi institutla birlikdə bir hesabat hazırladılar, məhkəmə bu hesabatla tanış olub məktəblərdə yaradılışçılığın elmi nəzəriyyələrlə birgə tədris edilməsi tələbini rədd etdi. Alimlər kreasionizmin məktəblərdə tədrisinin şagirdlərin elmi təfəkkürə yiyənlənmələrinə mane olacağını vurğulamışdılar.

AŞPA-nın 1580 saylı qətnaməsi “Təhsildə yaradılışçılığın təhlükələri” adlanır və Avropa Şurasına üzv dövlətləri inancı elm kimi təqdim etmənin təhlükələrinə qarşı xəbərdar edir.

Yazdığımız rəylərdən sonra sadəcə dini kitabları oxumağı tapşırıq verən qism çıxarıldı, digər qismlər olduğu kimi saxlanılaraq, dərslik yenidən yükləndi. Dərslikdə elmi səhvlər də var və onlar hələ də qalır. Məsələn, sitat: "Zaman-məkan daxilində sonsuz böyük sıxlığa, nəhəng enerjiyə malik kiçik kütlə-kainatın nüvəsi yaranmış və "Böyük Partlayış" baş vermişdir".

Böyük partlayış zaman-məkan daxilində baş verməyib, zaman-məkan böyük partlayışla yaranıb. Partlayışdan əvvəl bildiyimiz zaman-məkan anlayışı olmayıb.

Sitat: "Onun (Hokinqin) fikrincə qalaktikalar bizdən uzaqlaşır və Kainat genişlənir".


Kainatın genişlənməsini Hokinqdən çox əvvəl Fridman tərəfindən irəli sürülmüş və Habbl tərəfindən müşahidə edilmişdir.

Sitat: "Son illərdə Yerin yaranmasının dini kitablardakı təsviri alimlərin diqqətini cəlb edir". Doğru deyil, alimlərin diqqətini cəlb etmir, din təbliğatçıları belə iddalarla elmi öncələməyə çalışırlar.

Yuxarıda qeyd olunan, nəşriyyatdan gələn məktubun ikinci bəndində, bizim müəllifləri elmə və hüquqa dəvət etməmiz, dini kitablara hörmətsizlik kimi qələmə verilərək hədəf çaşdırmağa cəhd edilmişdir. Qeyd edim ki, ölkəmizdə insanların böyük əksəriyyətinin inancları haqqında məlumatlıyıq və hörmət edirik. İnanclıların öz inanclarını yaşamaq və yaymaq üçün bütün imkanlar mövcuddur. Biz inanca deyil, onun siyasiləşdirilməsinə, təhsilə daxil edilməsi cəhdinə qarşıyıq. Coğrafiya bir elmdir, dərslikdəki bütün referanslar elmi əbəbiyyatdan olmalıdır. Dini mətnlər geologiya ya da kosmologiya kitabları deyil. Daha çox etika ilə əlaqədardırlar. Astronomiya dərsində tutaq ki, “ulduzları qaranlıqda yolunuzu tapasınız deyə yaratdıq” yazacaqsınızmı? Axı bu da ulduzların mənşəyinə dair bir yanaşmadır. O zaman Yerdən əvvəl və Yer yaranandan sonra meydana gələn ulduzları, işığını görmədiyimiz, ancaq radyoteleskoplarla varlıqlarından xəbər tutduğumuz milyardlarla ulduzun varlığını necə izah edəcəksiniz, axı onların işıqları yolumuzu işıqlandırmır?

Təhsilin dini təbliğata alət edilməsi hüquqa, elmə və beynəlxalq mütərəqqi praktikaya ziddir.

Əgər dərsliklər bu halı ilə təsdiqlənsə, Təkamül nəzəriyyəsi kimi görkəmli nəzəriyyə ilə siyasi-ideoloji səbəblərdən müharibə aparanlar, öz fikirlərini dərsliklərə daxil etməklə, onları sanki legitimləşdirmiş olacaqlar. Ümid edirəm məsələnin ciddiyətini biz və kitabın müəllifləri anlayacaqlar və məqbul dərslik hazırlanaraq müzakirəyə təqdim olunacaq. Kiçik dəyişikliklərin, ictimai rəyi sakitləşdirmək üçün taktiki addımlar olacağı ehtimalına qarşı, məsələni diqqətdə saxlayacağıq.

- Ümumiyyətlə, dinlə elm arasında keçilməz sədlər görürsünüzmü?

- Mən dinin mikro və makro miqyasda yerinin olmasını anlayıram. İlk səbəb haqqında elm heç nə demirsə, istəyən Kainatın yaradılmış olduğuna inana bilər. Bunu elmi olaraq sınamaq hələ ki, mümkün olmadığı üçün, elm bu mövzunu müzakirə etmir. Mikro miqyasda, insanlar gündəlik həyatlarında bəzi dini qaydaları tətbiq etməklə - içməmək, yalan danışmamaq, geyimini dini qaydada seçmək - həyatlarına öz nizamlarını verə bilərlər. Çətin anlarında dua edib psixoloji dəstək qazana bilərlər. Ancaq dini siyasiləşdirmək və onu dövlət idarəsində və təhsildə söz sahibi etməklə, rasional düşünməni öyrətmək və elmlə həyata hazırlamaq məsuliyyəti daşıdığımız uşaq və gənclərimizi dini təbliğata məruz buraxmaq yolverilməzdir. İnanclı insan fizika ilə məşğul ola bilər. Olurlar və çox uğurlu və inanclı alimlər də var. Ancaq Təkamül nəzəriyyəsinə ciddi inamsızlıq mövcuddur çünkü bu nəzəriyyə birbaşa insanın mənşəyi haqqındadır. Lakin getdikcə daha çox inanclı insan nəzəriyyəni qəbul etməyə başlayır. Bir zamanlar insanlar üçün yerin fırlandığını qəbul etmək də çox çətin idi.

- Əsas etibarı ilə bu cür məqamlar dərs vəsaitləri ilə bağlı olur. Bəs burda Təhsil nazirliyi nə etməlidir?

- Ölkəmizdə qəribə bir təbliğat nəticəsində formalaşmış rəy var. Təkamül nəzəriyyəsinin tərk edildiyinə və alimlərin dini kitablarda elmi həqiqətlər axtarıb tapdıqlarına inandırılıblar. Müəyyən mənada, bu nəticə anlaşılandır, dilimizdə Təkamül nəzəriyyəsinə dair bir kitab belə nəşr olunmadığı halda, təkamülü qaralayan, yalan-yanlışlarla dolu xeyli kitablar çıxıb, çox ucuz qiymətə satılır, bəzən isə pulsuz paylanılır. Bu dəyirmanın suyu hardan gəlir? Bura seminarları, Facebook səhifələrini, jurnalları da əlavə edin.

Təhsil Nazirliyinin mütəxəssisləri mütərəqqi ölkələrin praktikalarından istifadə etməli, ikinci əl siyasi-ideoloji yox, birbaşa etibarlı elmi qaynaqlara istinad etməlidirlər.

- Ümumilikdə məktəblərdə dini öyrədən hansısa bir fənn öyrədilməlidirmi?

- Bu gün çoxsaylı tərəfdarı olan dinlərin iki çıxış nöqtəsi yaxın və uzaq Şərqdir. “Dinlər tarixi” dərsində bütün dinlər, məsafəli və obyektiv olaraq tədris olunmalıdır. İnsanların dinlərə maraqları olması təbiidir, ancaq dini arxasında xarici sərmayə dayanan ideolojik qruplardan yox, obyektiv qaynaqlardan öyrənməlidirlər. Elmi obyektivliklə yazan bir çox tanınmış dinlər tarixçiləri var ki, onların da əsərləri dilimizə tərcümə olunmayıb.

- Cəmiyyətdə bu məsələdə yaranan rezonansı necə qiymətləndirirsiz?

- İctimai reaksiyanın olması sevindiricidir. Nəticədə uşaqlarımızı dövlət məktəblərinə göndəririk və kimlərinsə sakitcə, fürsətdən istifadə edərək onlara elm yox, psevdoelm aşılamalarına haqlı olaraq qarşıyıq. Ümid edirəm daha çox insan bu vacib məsələni diqqətdə saxlayacaq. Adətən gələcəyin daha yaxşı olacağına inanırıq. Bu inamın əsasında təhsil və gənclərimiz durur. Gənclərimizə mütərəqqi cəmiyyətləri inkişafa aparan yolları yox, siyasi-ideoloji təbliğat qruplarının təlqinlərini təqdim etsək, gələcəyimizə xəyanət edəcəyik. Mütərəqqi inanclı dostlarımız, məsələnin din düşmənliyi, teizm-ateizm qarşıdurması olmadığını gördülər və təmkinli davrandılar.

# 2132 dəfə oxunub

Müəllifin son yazıları

# # #