Dəlini necə döydüm? AYXAN AYVAZ

Dəlini necə döydüm? AYXAN AYVAZ
15 yanvar 2016
# 11:47

Kulis "Unuda bilmirəm" layihəsində Ayxan Ayvazın xatirəsini təqdim edir.

Tiflisdə yaşayırdıq, balaca bir məhəllədə. Onda 6-7 yaşımız olardı. Bacımla qardaşım məktəbə gedirdilər, mən də onlara qoşulurdum. Əslində isə yaşım yetmədiyindən, əlim qələm tuta bilmədiyindən məktəbə götürməmişdilər.

Hə, belə günlərin birində evə qayıdırdıq. Bacım qabaqda gedirdi, qardaşımla mən isə deyə-gülə arxasınca gəlirdik. Bir gürcü uşaq vardı məhəlləmizdə, adı Givi. Dəli idi, nitqi rabitəsiz, köntöy olurdu həmişə. Bu birdən bacıma sataşdı, ya da onu qorxutdu, dəqiq bilmirəm, gördük ki, qız ağlayır. Soruşanda Givini göstərdi, biz də eləmə tənbəllik, gürcü oğlanı möhkəm çırpdıq, burnu qanadı.

Bu vaxt anam bizi gördü, yüyürə-yüyürə gəlib Givini əlimizdən aldı. Çəkdi qırağa, aparıb krantda üzünü yudu. Givi anamdan aldığı çörəyi qorxa-qorxa yeyir, bizə baxırdı, sonra qəfil dişini ağartdı.

Aradan xeyli vaxt keçsə də, bu gürcünün üzü tez-tez gözümün qabağına gəlir. Bu həyatımda ən unudulmaz gün kimi qalıb. Mən hələ də o gürcünü vurduğuma görə it kimi peşmanam. Onu tapsam – bu da imkansızdır. – qucaqlayıb üzr istəyəcəm, deyəcəm ki, məni bağışla, Givi.

# 1319 dəfə oxunub

Müəllifin son yazıları

# # #