Aqil Abbasın nəməri, saraydan qovulan Kəramət Böyükçöl, əsəbiləşən Afət Fərmanqızı – Orxan Pamukun toyundan reportaj

Aqil Abbasın nəməri, saraydan qovulan Kəramət Böyükçöl, əsəbiləşən Afət Fərmanqızı – Orxan Pamukun toyundan reportaj
7 aprel 2022
# 15:00

Kulis.az Ayxan Ayvazın Orxan Pamukun toyundan yazdığı xəyali reportajı təqdim edir.

Orxan Pamukun toyu Nişantaşında, Masumiyyet muzeyinin yanındakı “Mənim adım qırmızı” şadlıq sarayında keçirilirdi. Soraqlaşa-soraqlaşa restoranı tapdım. Girişdə məni Dayandur Sevgin qarşıladı.

Dayandur Sevgin iri qapını açıb gələnləri qarşılayırdı. Pandemiya səbəbi ilə Orxan Pamuk çox adamı çağırmamışdı. Dayandur məni görən kimi iki əlini də yana açıb üstümə gəldi:

“Bacıoğlu, səni xoş gördük burda! Hansı tərəfdən gəlmisən?”

“Oğlan evindən”.

Dayandur Sevgin məni geniş salona apardı və bizim yazarların oturduğu masanı göstərib dedi:

“Sən Anar müəllimin yanında oturacaqsan, keç”.

Masanın başında Anar müəllim, onun yanında Rəşad Məcid oturmuşdu. Başına saç əkdirmiş Aydın Xan ayaqüstü Qismətin qulağına nəsə pıçıldayırdı. Yaxınlaşıb hamıyla görüşdüm və gözüm tez Ramil Əhmədi axtardı.

“Qismət, Ramil hardadı?” – soruşdum.

Qismət Aydın Xanın pıçıltısından yaxa qurtarıb dedi:


”Qızı gətirməyə gedib”.

“Başqa kim gələcək bizdən?”

“Elə bunlardı, gördüyün. Pamuk Ramilə siyahı tutdurub, o siyahıya görə gəliblər”.

“Nəriman Əbdülrəhmanlını çağırıb?”

“Yox. Ramil Pamuka deyib ki, bəs o sizi yaxşı tərcümə eləməyib, ona görə də, onun adını yazmayaq”.

Orhan Pamuk ile Aslı Akyavaş evlendi

Bir azdan gurultulu alqışlar altında Orxan Pamuk və gəlinimiz Aslı Akyavaş xanım yavaş-yavaş bəy-gəlin stoluna yaxınlaşdılar. Aslı xanım Pamukun qoluna girmişdi və Pamuk azadlıqda qalan o biri əli ilə camaatı salamlayırdı. Biz tərəfə heç baxmadı. Baxdım ki, Qismət pörtüb:

“O boyda yazılar yazmışam haqqında, heç salam da vermədi”.

Aydın Xan bu dəfə mənim qulağıma pıçıldadı:


”Öz aramızda qalsın, Ramil dedi ki, Pamuk heç Qisməti də dəvət eləməyibmiş, axır-axırda Ramil adını yazdırıb”.

“Niyə ki?”

“Nə bilim. Qismət müsahibə veribmiş ki, indi Pamuk məni o qədər də həyəcanlandırmır”.

Orhan Pamuk yeni sevgilisiyle görüntülendi, 'Saklan'

Orxan Pamuk və Aslı xanım bəy-gəlin stolunda əyləşən kimi bir də gördüm ki, Aqil Abbas özünü tez ora yetirdi və Pamukun israrlarına baxmayaraq, marça-març onu da, Aslı xanımı da o üzündən, bu üzündən öpdü.

Bu yerdə Ramil Əhməd göründü. O, Dayandur Sevginlə qapının ağzında gərgin mübahisə edirdi. Ramilin də, Dayandurun da əlində kağız vardı. Elşad Barat arxalarında durub siqaret çəkirdi. Ramilə yaxınlaşıb salamlaşdım:

“Nə baş verib?”

“Elşad Baratı yazmamışıq, o da gəlib. İndi bilmirəm, neyləyək?”

Elşad Barat, ayaqda durmaqdan, deyəsən, bezmişdi, siqaretini bir tərəfə vızıldadıb Ramilə yaxınlaşdı:

“Nə problemdi, Ramil?”

“Pamuk səni dəvət eləməyib axı”.

“Məni Anar Amin dəvət eləyib”.

“Anar Aminin nə dəxli?”

“Ədəbi mühitdə kimin toyu olur, Anar çağırır məni”.

Ramil eynəyini çıxarıb gözlərini ovxaladı. Bu yerdə Anar Aminin mikrofonu götürüb toyu açdığını gördük:

“Əziz qonaqlar, xanımlar, cənablar! Deməli, bu gün bizim postmodernist yazıçımız Orxan Pamukun toyudur. Musa Yaqub yaşına çatan Orxan Pamuka saflıq arzulayıram. Bulaq kimi saf olsun. Məsələn, Musada ordan-burdan heç nə gəlmir. Amma Pamukda Qismət yaxşı bilər, Lyosadan, nə bilim, Kalvinodan gələnlər var...”

Qismətin səsi gəldi:

“Prustdan da...”

“Hə, ay sağ ol... – Anar Amin davam elədi – Roman yazırsansa, ən birinci özünü yazmalısan...”

Ramil Əhməd tez özünü yetirib əlində kağız Anarın qulağına əyildi. Mikrofon Ramilin pıçıltısını hamıya eşitdirdi:

“Anar, səni kim çağırıb bura?”

Anar Aminin qaşları yuxarı dartıldı:

“Pamukun toyu hamıya açıqdı e, Ramil!”.

Demet Sabancı- Cengiz Çetindoğan çifti dünyaca ünlü yıldız John Malkovich'e  özel bir yemek daveti düzenledi. - HT Kulüp Galeriları

Ramil Əhmədə iki nəfər yaxınlaşdı və onlar qarşılıqlı pıçıldaşmağa başladılar. Bir azdan həmin iki nəfərin Pamukun əmisi oğlu olduqları ortaya çıxdı (Aydın Xanın yalançısıyam). Onlar Anarı iki tərəfindən tutub çıxışa doğru apardılar, yolüstü də siqaret çəkib Dayandurla söz güləşdirən Elşad Baratı götürüb onları şadlıq sarayının qapısından çölə tulladılar.

İçəridə Afət Fərmanqızının səsi eşidilirdi, dedim, bəlkə də, qulağıma gəlir, foyedən ayrılıb salona keçəndə Afət Fərmanqızının Anar Rzayevin qoluna girib onu bəy-gəlin salonuna gətirdiyini gördüm.

“İndi isə söz verilir dövrümüzün ən parlaq istedadı, istəsə Nobeli də ala biləcək Anar müəllimə”.

Anar müəllim özünə düzəliş verdi, bir-iki əl öskürdü və danışmağa başladı:

“Düzü, məni bura dəvət edəndə tərəddüd elədim. Çünki Pamukla bəzi fikirlərimiz üst-üstə düşmür. Oxşar tərəflərimiz də var. O İstanbulu yazıb, mən Bakını. Ancaq yenə də Pamukla uyuşmayan fikirlərimiz də var. Rəşad Məcid xahiş eləməsəydi, gəlməyəcəkdim. Xoşbəxt olsunlar. Daha nə deyim?”

Demet Sabancı- Cengiz Çetindoğan çifti dünyaca ünlü yıldız John Malkovich'e  özel bir yemek daveti düzenledi. - HT Kulüp Galeriları

Afət Fərmanqızı dərhal, son dərəcə dərhal Anarın getməyinə mane oldu, onun qolundan tutdu və dedi:

“Qudalar mahnısı gəlsin! Anar müəllim, xahiş edirəm getməyin”.

Pamukun qohumları utana-sıxıla salona çıxdılar, o tərəfdən Rəşad Məcid, bir də indi gördüyüm Elçin Əfəndiyev yaxınlaşdılar. Anar və Elçin qabaq-qabağa durub qol qaldırdılar. Orxan Pamuk bəy-gəlin stolundan maraqla olanları izləyirdi. Bu vaxt kiminsə bəy-gəlin stoluna yaxınlaşdığını gördüm, uzaqdan yaxşı görə bilmədiyim üçün yaxına gəldim və həmin adamı tanıdım: Əlisəmid Kür idi. Pamukun qolundan tutub dartışdırır və “Alə, dağdan ağır kişilər toyunda oynayır, dur görüm!” deyirdi. Ramil Əhməd hadisə yerinə bir az gecikdi. Bu vaxt ərzində Pamukun üst-başı qırışlanmış, “babıçka”sı azca sürüşmüşdü. Pamukun qaşları düyünlənmişdi, Aslı xanım səxavətlə onun qollarını sığallayır və çox güman ki, “fikir vermə” deyirdi.

Salonda şıdırğı rəqs gedən vaxt Şəhriyar Del Geranini gördüm. O da bəy-gəlin stoluna yaxınlaşırdı – ancaq Aslı xanım tərəfə. Bu dəfə Şəhriyar Aslı xanımı rəqsə dəvət edir, o isə nəzakətlə Şəhriyara etiraz edirdi. Ramil Əhməd yenə hadisə yerinə gecikdi. Az qalsın Pamuk əsəbindən Şəhriyarı vuracaqdı.

Afət Fərmanqızı arxada olanların səsini batırmaq üçün o mahnıdan-bu mahnıya keçid edirdi. Bəy-gəlin stolunda adamlar çoxalmışdı. Mən də o tərəfə getdim. Qismət Şəhriyarı dartışdırırdı:

“Ayıbdı, sonra deyəcəklər, sizin ədəbi mühitə bax”.

“Mən sizdən deyiləm. – Şəhriyar dedi. – Bu bizim gəlindi. Qız tərəfindənəm mən”.

Aslı xanım hadisənin çox böyüyəcəyindən və Pamukun daha da coşacağından ehtiyatlanıb ayağa durdu, Şəhriyarın qoluna girib aşağı düşdü. Pamuk eynəyini Ramil Əhməd sayaq çıxarıb gözlərini ovuşdurmağa başladı.

Masamızda Pamukun sağlığına badələr qaldırılırdı. Özümü tez yetirdim. Aydın Xan Pamuku Bakıya gətirdiyi günü danışırdı:

“Ona demişdim. Dedim ki, Orxan bəy, bax bu ölsün, toyunuzu da özüm eləyəcəm. Bu gün dediyimi eləyə bildim”.

Əlisəmid Kür əsəbiləşdi:

“Bu nə danışır, alə?”

Qismətin səsi gəldi:

“Əlisəmid müəllim, Aydın toydan qabaq bütün günü Pamukgildə olublar. Şadlıq sarayını da Aydın danışıb”.

“Nişantaşında qiymətlər yaman bahadır. Stola 60 manat deyirdilər. Dedim, 50 bəsinizdi. Pamuka qalsa, ona çoxdan atardılar” – Aydın Xan gülümsündü.

“Həyat görməyib də... – Əlisəmid dedi. – Toyunu da tapşırıb Ramil Əhmədə. Uşağa. O uşaq da elə özünə oxşayır. Pamuk kimi eynək zad taxır”.

Rəşad Məcid araya girdi:

“Əlisəmid, Qisməti də oxşadırdılar bir ara”.

“Hə, elə Qismət də onun tayı. Toyu tapşırsaydı mənə, sən öl, əntiqə toy eləyərdim. Bu nədi, alə?”

Возможно, это изображение (один или несколько человек и люди стоят)

Ramil Əhməd bu yerdə masamıza yaxınlaşıb həyəcanla soruşdu:

“Necədi vəziyyət? Razısınız?”

Hamı gülümsündü, Rəşad Məcid əla işarəsi göstərdi.

“Mən bir az yorğunam. Dünən Aslı xanımın cehizlərini yığıb Pamukgilə gətirməyə də kömək eləmişəm. Bir az oturum” – Ramil mənim yanımda oturub dedi.

“Ramil, Seymur Baycan, Rasim Qaraca, Günel Mövlud, Aqşin Yenisey hanı? AYO-çulardan heç kimi çağırmamısınız?” – Ramildən soruşdum.

“Yox e, abi, Pamuka dedim, dedi, indi AYO qalıb? Deyir, onlar yalançı postmodernistlərdi. Ona görə çağırmadı”.

"Şəkil çəkdirək, ya yox?" - hamıya soruşdum, Rəşad Məcid əlini yellədi ki, yəni, bir azdan gedərik.

“Ramil, Türkiyədə toya nə qədər pul yazdırırlar?” – tez məni narahat edən sualı verdim.

“Əslində, burda gəlinə qızıl taxırlar, amma bəyin pencəyinə pul da taxmaq olar, Aqil Abbas bayaq cibinə 100 dollar basmaq istəyirdi, Pamuk müəllim dedi, heç olmasa, yaxama tax”.

Bəyi oğurlayıb 50 manat aldılar – Ayxanın toyundan reportaj

Bu yerdə Kəramət Böyükçölün səsi hər yerə yayıldı:

“Bundan sonra tamada mənəm. İki dəfə arvad boşamışam. Elə Pamuk da elə olub, deyəsən. Bir-birimizi yaxşı başa düşərik. Özü də Pamuk mövqeyi olan adamdır”.

Pamukun bayaqkı əmisi oğulları cəld Kəraməti qamarlayıb şadlıq sarayından çölə atdılar və Kəramət Anar Aminlə Elşad Baratın olduğu yerə düşdü. Elşad Barat yuxuya getmişdi, Anar da uzanıqlı pivə içirdi. Kəramət qıcanıb şadlıq sarayına cummaq istəyəndə Anar Amin möhkəmcə ondan yapışdı:

“Bu sənin üçün Cavid Zeynallının toyu deyil. Kirimiş dur”.

Bu vaxt şadlıq sarayının içində Orxan Pamukla Aslı xanım bir-bir qonaqlara yaxınlaşır və hamıyla salamlaşırdılar. Afət Fərmanqızı Ramil Əhmədin üstünə çığırır, Əlisəmid isə salonun ortasında tək başına rəqs edirdi.

Bizim yazarların olduğu masada hamının kefi kök idi, Qismətlə Rəşad Məcidin gülüşü bütün şadlıq sarayına yayılmışdı.

# 4703 dəfə oxunub

Müəllifin son yazıları

# # #