"İkinci sevgilisi idi onu aldadırdı..." - Aytac Sahədin yeni hekayəsi

"İkinci sevgilisi idi onu aldadırdı..." - Aytac Sahədin yeni hekayəsi
1 fevral 2024
# 12:00

Kulis.az Aytac Sahədin "O da qayıtmayacaq" adlı yeni hekayəsini təqdim edir.

İkinci sevgilisi idi onu aldadırdı.

Birinci xəyanəti öyrənəndə əlinin altında nə var-nə yox hamısını dağıdıb-tökmüşdü, qışqıra-qışqıra ağlamaqdan səsi batmışdı. İndi gözündən bir damcı yaş da düşmədi. Əvəzində siqaretin birini söndürüb o birini yandırırdı. İki xəyanət arasında çəkməyi öyrənmişdi.

“İt kimi peşman olacaq” – son siqareti külqabıya təhvil verəndə bu sözləri təkrarladı. Sonra yastığını qucaqlayıb bir müddət beləcə qaldı; nə yata bildi, nə ağlaya. Bütün gecə xatirələrlə qaçdı-tutdu oynamışdı.

Aramla yerindən qalxıb telefonu götürdü. Kiməsə zəng eləyib ürəyini boşaltmaq istəyirdi, ancaq heç bir adın üstündə qərar tuta bilmirdi. Halbuki birinci xəyanətini öyrənəndə elə həmin gün yaxın rəfiqələrinin hamısına danışmışdı. Ürəyi nə qədər odlu olsa da, bu dəfə daha soyuqqanlı davranır, sabah kiminsə yaşadığını üzünə vurmasından ehtiyat edirdi. Şəms iki xəyanətin tək günahkarı olmaqdan qorxurdu.

İndi elə bir adama dərdini danışmalıydı ki, həm əvvəlki hadisədən xəbəri olmasın, həm də yarasını ona etibar edə bilsin. Ağlına Fuaddan başqa heç kim gəlmədi.

Vəfalı dost telefonu götürən kimi Şəms gecədən bəri ruhunu silkələyən ağrını üç kəlməyə çevirdi:

- Emil məni aldadırmış...

- Nə?

- Fuad, ürəyim ağrıyır.

- Hardasan indi?

- Evdə.

- Yarım saata Müşfiqin siz tərəfdəki kafesində olaram. Sən də dur gəl ora. Bax indi elə bu dəqiqə çıxacam. Evdə oturma. Eşidirsən məni?

- Yaxşı, gəlirəm.

Şəms əvvəlcə istədi getməsin, sonra fikrindən daşındı. Evdəki sükuta dözəcək səbri qalmamışdı. Yavaş-yavaş hazırlaşmağa başladı.

Birinci ağ köynəyini geyindi, qəfil yadına düşdü ki, Emillə sonuncu dəfə sevişdikləri gün əynində bu köynək vardı. Dərhal çıxarıb kənara vıyıldatdı, yenidən şkafa sarı addımladı. Qırmızı donunu alt çəkməcədən tapıb çıxartdı. Qısa olduğu üçün Emil bu paltara düşmən kəsilmişdi, Şəms də aralarında söz-söhbət olmasın deyə naəlac razılaşmışdı. Uzun müddətdən sonra ilk dəfəydi, qırmızı donu geyinirdi. Saçlarını darayıb, tezbazar üz-gözünə əl gəzdirdi. Təkcə dodaq boyasını bir neçə dəfə silib təzədən çəkdi. Ən axırda Emilin aldığı ətirdən vurub şüşəni yerə çırpdı.

Kafe yaxın olsa da Şəmsin yol getməyə heyi qalmamışdı. İyunun başgicəlləndirən istisi onu dayanacağa tərəf itələyirdi. Bəxtindən çox gözləmədi, üstəlik, avtobusa minən kimi bir oğlan yer verdi.

Başının üstünü kəsdirən nəzakətli sərnişin yolboyu qızın ayaqlarından gözünü çəkmədi. Şəms oğlanın baxışlarını sezəndə dərhal əlini dizindən xeyli qalxmış donuna uzatdı, sonra fikrini dəyişib eyni cəldliklə qolunu yanına saldı. Qırmızı donu nə vaxt geyinsə, hələ yeniyetməliyindən yaxşı tanıdığı baxışlara yoldaşlıq etməli olurdu. Bu baxışların mahiyyətindən xəbərdar idi. Ona görə də çox vaxt lüzumsuz diqqətdən qaçır, özünü cazibəsindən xəbərsizmiş kimi aparırdı. Ancaq bu dəfə nəinki narahat oldu, əksinə üstündə qarışqa kimi gəzən nəzərlərdən zövq aldı.

Fuad artıq on beş dəqiqə idi onu gözləyirdi. Bir-birini görən kimi qucaqlaşdılar.

- Heç xəyanət edilənə oxşamırsan, həmişəkindən də qəşəngsən. Özünü necə hiss edirsən? – Fuad stulu çəkə-çəkə soruşdu.

- Səncə?

- Hm... Nə vaxt öyrənmisən?

- Dünən gecə. İşlətmədiyi köhnə bir profili vardı, şifrəsini bilirdim, elə-belə baxmaq üçün girdim. Bütün gecəni qızla yazışmalarını oxumuşam. İki aydır məni gic yerinə qoyurmuş əclaf.

- Özünə demisən?

- Hə, elə dünən uzun bir mesaj yazdım. Heç nə yazmadı, heç nə. İnanırsan, ən çox da mənə bu təsir edir. Adam yerinə qoyub bir kəlmə də yazmadı.

- Üzü yoxdur axı. Nə yazsın? Sən sevin, sevin ki, belə bir səbəblə də olsa, canını o alçaqdan qurtardın. Gör, nə deyirəm, bilirəm, acsan. Bulka bişiriblər təzə. Hələ istidir, deyim gətirsinlər, bir tikə ye, sonra danışaq.

- Yox, heç nə istəmirəm - Şəms eyni tonla davam etdi - elə çirkin qızdır ki. Gözəl olsa, heç bu qədər yandırmazdı.

Fuadın gözü dostunun səliqə ilə daranmış sarı saçlarına sataşdı və ona daha çox yazığı gəldi. Bir qədər susduqdan sonra Şəms gözlərini titrəyən barmaqlarından çəkmədən dilləndi:

- Niyə? Görəsən niyə? Bu sual dünəndən dəli edib məni. Emili itirməmək üçün əlimdən nə gəlirsə, elədim. Ailəm, dostlarım, sən... hamıyla üz-göz oldum. Onu heç kimin ayağına vermədim. Bütün qısqanclıqlarına dözürdüm, səhvlərinə göz yumurdum. Bu yaxınlarda işdən ikiillik xaricə göndərmək istəyirdilər. Karyeram üçün çox faydalı ola bilərdi. Mən axmaq Emilin bir kəlməsi ilə təklifi rədd elədim. Münasibətimiz boyu o qədər belə qərarlarım olub ki. Gözüm ondan başqasını görmürdü. Mən harada səhv elədim axı?

- Bəsdir, az qına özünü. Dünyanın sonu deyil, olub olub da. Sən ondan daha yaxşılarına layiqsən. Özün də yaxşı bilirsən.

- Bilmirəm, bilsəydim onun yanında nə işim vardı? Amma sən əvvəldən eyni şeyi deyirdin. Elə bil, başıma nə gələcək bilirdin.

- Şəms, bunu bilmək üçün münəccim olmağa ehtiyac yoxdur.

Fuad sonrakı cümləni deməkdə tərəddüd edirdi. Ancaq dostunun ikinci dəfə eyni səhvi təkrarlayacağından da qorxurdu. Bu qorxunun verdiyi cəsarətlə sözünə davam elədi:

- Yadındadır, keçən dəfə sənə demişdim, artıq Nurayla münasibətlərimizi ciddiləşdirmişik. Onun iş rejimi ağırdır, çox görüşə bilmirik. İşdən sonra da evdə kuklalar düzəldib satır. O gün gördüm gileylənir ki, bəs sifariş verdiyi muncuğu satıcı unudub, kuklası gözsüz qalıb. Xeyli dilxor olmuşdu, təsəvvür elə, ömründə düyməsini belə tikməyən mən həmin muncuqları tapmaq üçün neçə dükan gəzmişəm. Axır, bir yerdə tapdım, sabah görüşüb gedəcəyik muncuq seçməyə. Bax, Nurayı görmək üçün satıcı qızın huşsuzluğunu da fürsət bilirəm. Çünki onu sevirəm. Şəms, bəhanələrimiz qədər sevirik.

Sevəni də, sevməyəni də bəhanəsindən tanıyıram. Elə o gün yanımda Emil çox axmaq bir bəhanə ilə sənin kino dəvətinə yox dedi. Dəfələrlə bu “yox”ların şahidi olmuşam. Sevən adam belə eləməz axı.

Fuadın hər kəlməsi Şəmsin ürəyinə tikan kimi sancılırdı. Xeyli müddətdir qaçdığı doğrular indi çəkinmədən qarşısına çıxmışdı. Emilin son iki ayda dediyi bəhanələr beyninin künc-bucağından çıxıb üstünə hücum çəkirdi. Bu çək-çevir onu elə uzağa aparmışdı ki, Fuadın söhbəti dəyişmək üçün danışdığı universitet macərasından heç nə başa düşmədi. Nəhayət, bir-iki oxşar əhvalata qulaq asandan sonra dilləndi:

- Nahar vaxtı bitir, bilirəm, bu gün işdəsən. Mən yavaş-yavaş durum. Sən də işə qayıt. Bacım qızı xəstədir, anam neçə gündür onlarda qalır. Evdə divarlar üstümə gəlirdi. Yalandan “ağrıyıram” deyib işə də getməmişəm. Bilmirəm, axşama kimi neyləyəcəkdim. Nə yaxşı gəldin, çox sağ ol.

- Nə vaxt lazım olsam, burdayam. Özün də evə gedib ağlama ha. Halın heç xoşuma gəlmir.

- Bəlkə də inanmayacaqsan, gecədən bəri gözümdən bir damla da düşməyib. Bilirəm, qayıdacaq, mütləq qayıdacaq. Bu dəfə mən bağışlamayacam. Söz verirəm.

İki dost sonuncu dəfə qucaqlaşıb ayrıldı.

Fuad ötürməkdə israr eləsə də, Şəms bir az parkda gəzəcəyini deyib yola düzəldi, ancaq parka getmədi. Ürəyini boşaltdığı üçün xeyli rahatlaşmışdı. Elə bu rahatlığın izinə düşüb evə yollandı.

Məhəllə marketinin yanından keçəndə yadına düşdü ki, siqareti qurtarıb. İçəri girib siqaret istədi. Rəhim dayı həmişəki kimi əvvəlcə Şəmsin halını xəbər aldı, bir çətinliyinin olub-olmadığını soruşdu. Sonra siqaretin qiymətini dedi. Şəms pulu verəndə gözləri Rəhim dayının tüklü, toppuş əllərinə sataşdı. Atası öləndən sonra ilk dəfə idi məhəllə marketindən siqaret alırdı.

Dərhal özünü axmaqlığa vurub dodağının altında mızıldandı:

- Rəhim dayı, bunun naziyi yoxdur? Başım da çıxmır, iş yoldaşım tapşırıb. Görəsən düz siqaret alıram?

- Narahat olma, səhv olsa, qaytararsan.

Şəms cavabdan başa düşdü ki, Rəhim dayı onun siqaret almağına fikir verməyib. Ancaq atasının qədim dostuna yalandan da olsa, bir səbəb deməyi özünə borc bildi.

Şəms həm evə qalxıb siqaret qutusunu boşaltmaq istəyirdi, həm də boş otağın vahiməsindən qorxurdu. Qorxunun üstün gəldiyini görüb marketin yanındakı skamyada oturdu. Saçını isladan tər artıq yanaqlarında gəzişirdi. Ancaq göz yaşları tər damcılarına qoşulmaq istəmirdi. Bircə dəfə ağlaya bilsəydi...

Qəfildən yadına Cavid düşdü. Şəms Cavidə qarşı hislərinin sadəcə həvəs olduğunu, əslində, onu çox sevmədiyini ayrılığın ilk günlərindəcə başa düşmüşdü. Cavidi unutmağa elə tələsmişdi ki, qırılan qüruruna xatir üzrxahlıq da ummamışdı. İlk dəfə idi ki, köhnə sevgilinin bir dəfə də olsa, onu axtarmamasına təəssüflənirdi. Şəms anlamırdı ki, neçə il sonra özü də belə bir məqamda bunu niyə düşünür.

“Bəlkə Emil də Cavid kimi qayıtmadı” – qəfil yaranan şübhə beynində ildırım kimi çaxdı. Dərhal telefonu yoxladı, Emildən nə zəng gəlmişdi, nə mesaj.

Şəms bu qədər dərdin arasında bir də uzaq keçmişin müəmması ilə özünü yormaq istəmədi. Xeyli axtarandan sonra ortaq bir tanışın nömrəsini tapıb yubanmadan zəng vurdu. Hal-əhval tutandan sonra iki-üç əhəmiyyətsiz mövzu açdı, ən axırda Cavidi soruşdu. Telefonun o başından gələn səs sözün başına ip salıb xeyli dağ-daş gəzdirəndən sonra, nəhayət, cavab verdi: “Bu yaxınlarda toyudur”.

Şəms Cavidin evlilik xəbərini eşidəndə Emili itirməkdən necə qorxduğunu bir daha anladı. Ürəyindəki sancını ovuclarında hiss eləyirdi, nəfəsi çatmırdı. Heç nə demədən telefonu söndürüb çantasına qoydu. Əvəzində alışqanı tapıb çıxardı, ayağa qalxıb tələsik bir siqaret yandırdı.

Pəncərədən Şəmsi izləyən Rəhim dayı hönkürtü səsi kəsilənədək həyətə çıxmadı.

# 1628 dəfə oxunub

Müəllifin son yazıları

# # #