Pərdələrin arasından gözümə anam görünür... - Samirə Əşrəfin Cəbrayıldakı evlərindən reportajı

Pərdələrin arasından gözümə anam görünür... - Samirə Əşrəfin Cəbrayıldakı evlərindən reportajı
12 oktyabr 2021
# 11:01

Kulis.az yazıçı-publisist Samirə Əşrəfin doğulduğu Cəbrayıl rayonundan – öz məhəllələrindən yazdığı reportajı təqdim edir.

APA TV-nin rəhbəri Orxan Məmmədlinin otağından çıxıram. Onun “Samirə xanım, hazırlaşın, Cəbrayıla gedirsiniz” sözləri bütün ovqatımı dəyişir. Yaxınlıqdakı stulda əyləşirəm. Əllərim titrəyir, onları hara qoyacağımı bilmirəm. Dəhlizdə heç kim yoxdur. Təmkinlə, sakit addımlarla yeriməyə çalışıram. Amma elə bil ayaqlarım yerdən üzülüb. Sanki yerimirəm, havada süzürəm. Öz-özümə düşünürəm, illərlə gözlədiyim bu xəbəri indi kiminlə bölüşüm, necə edim? Bu qədər titrəmənin, həyəcanın içində soyuqqanlılığımı necə qoruyum, necə sevinməyim, gülməyim?

Səfərə hələ iki gün var, birdən baş tutmaz, birdən alınmaz deyə düşünürəm. Sonuncu fikirlərdən özüm də ehtiyatlanıram. Dəhlizin sonunda hündür bir oğlanla rastlaşıram. İstəyirəm, onu yolundan saxlayım, araya bir söz salıb, ardınca “Cəbrayıla, evimizə gedirəm. 28 ildən sonra” sözlərini deyim. Amma baxıram ki, oğlan çox qayğılıdı, həm də yeni işçidir. Demək olar, heç salamımız da yoxdur.

Otağa girirəm, heç kim yoxdur. Əyləşirəm. Sinəmdə elə bil bir kəpənək oturub. Onun hər qanad çırpması ilə bütün bədənim uçunur. Rəfiqəm Sevda Sultanovaya ikicə kəlmə yazıram: “Cəbrayıla gedirəm”. Kəpənək dinc durmur, yenə də asta-asta qanad çalır. Sevdaya yazdığım sözləri Cavanşir Yusifliyə də yazıram. Uçunma bir az səngiyir. Bacıma yazıram: “Evimizə gedirəm”. Çırpıntı kəsir.

İşdən çıxıb evə gələndə yol boyu götür-qoy edirəm.

Görəsən, gedib çıxa biləcəyəmmi?

Bu qədər vaxtdan sonra evimizi görmək mənə qismət olacaqmı?

Yuxudan bir neçə dəfə səksəkə ilə oyanıb təzədən yatıram. Səhərə yaxın yuxudan ayılıram. Anamın şəklinin qarşısına qoyulan iri vazanın önündə var-gəl edirəm. Nəhayət vazanı bir azca kənara sürüşdürüb diqqətlə anama baxıram. Səkkiz ay əvvəl şəkildən necə baxırdısa, yenə də elə donuq baxışlarla mənə baxır. Vazanı yenidən şəklin qarşısına itələyirəm.

Uşaq vaxtı bir müşkülüm olanda Allahla sövdələşməyə keçirdim. Verəcəyim heç nə olmadığı üçün ömrümdən bir qədərini Allaha nəzir verirdim. Anam xəstələnirdisə, gecələr yerimə girəndə, “qurban olum, anama heç nə olmasın, ömrümün bir ayını nəzir verirəm” sözlərini dua kimi pıçıldayırdım.

Qardaşım velosipeddən yıxılırdısa, sövdələşmə başlayırdı. Evimizin ən qaranlıq küncünə çəkilib duaya başlayırdım, “ömrümün bir ilini nəzir verirəm, qardaşıma heç nə olmasın”. Bu xasiyyətim böyüyəndən sonra keçib getmədi. Bu ilin əvvəlində anam komaya düşəndə də ömrümdən xeyli hissəni nəzir demişdim. Heç nə hasil olmamışdı. Ömrüm də getmişdi, anam da. Mənə elə gəlirdi ki, nə baş verir-versin, Tanrı mənim ömrümü qaytarmamaq şərti ilə təhvil alırdı.

Uşaqlıq xasiyyətim indi səhərin bu işıqlanan vaxtında yenə də boy vermişdi. Bir yandan da kəpənəyin çırpınışları məni əldən salırdı.

“Ömrümdən istədiyin qədər götür, amma o evə çatdır məni. Bircə dəfə görüm bəsimdir. Başqa heç nə istəmirəm”.

Telefona zəng gəlir. Saat beşin yarısı APA TV-nin sürücüsü Muradın səsidir:

- Samirə, biz həyətdə gözləyirik.

Deyə-gülə yola düşürük. Yolboyu qorxulu fikir tez-tez həndəvərimdə fırlanır. Birdən evə gedə bilmərəm! Bu fikir mənə yaxın düşən kimi gülüşüm yarıda qalır, baxışlarım dumanlanır. Pəncərədən ətrafa, yollara boylanıram.

İlk dəfə qaçqın gəldiyimiz Saatlıdan, Qırağlı kəndindən keçirəm. Atamın, anamın burada keçirdiyi məşəqqətli, yağışlı, zığlı-palçıqlı günləri, iki saat dərs vaxtına görə evsiz-eşiksiz, heç nəsiz qalan atamla cəbəlləşən bir əli işləməyən subay müəlliməni, hər gün gəlib həyətindəki nar ağaclarının üstündəki meyvələri sayan kirayəçi Şamama arvadı, şaxtalı havada bu kənddən baş götürüb Bakıya getdiyimiz günləri xatırlayıram.

Horadiz postunu keçirik. Cəbrayılın Şükürbəyli kəndindəki postda dayanırıq. Ətrafa diqqətlə baxıram. Atamın otuz il dərs dediyi kənddə nə isə köhnədən qalma bir nişanə axtarıram. Sevinc Vaqifqızı zəng vurur:

- Samirə, hardasınız?

- Posta çatmışıq.

- Hə, get, evinizi qabağına qoy, doyunca ağla. Amma möhkəm ol. Postda çətinlik olsa, zəng vur.

- Yaxşı, Seva...

- Hə.

- Yatma, haa.

- Dəlisən, hara yatıram? Sən Cəbrayıldan çıxana qədər yatmaram.

Cəbrayıla yollanırıq. Oradakı postdan bizə təhkim olunmuş polis maşınının ardınca düşürük. Yolun sağı da, solu da viranədir. Hər tərəf yarıuçuq divarlardan, komalanmış daşlardan, yabanı halda bitən kol-kosdan ibarətdir. Tanış heç bir mənzərə, işartı yoxdur.

Bu qədər uçqunun içərisində yaddaşımla davaya çıxıram, beynimin içində nə qədər eşələnirəmsə, heç nə alınmır. Ətrafı tanımıram. Bizə bələdçilik edən polis maşını dayanır, biz də dayanırıq. Uzunluğu üç, dörd metr olan bir ağacın yanına yaxınlaşan polis bizə deyir:

- Bura çinarın yanıdır. Bəlkə nə isə çəkmək istəyərsiniz deyə dayandım.

Özümü maşından bayıra atıram:

- Budur həmin çinar?

- Hə...

- Ola bilməz! Burda polis idarəsi vardı, qarşıda “raykom”un binası, bir az yuxarıda bank, sonra musiqi məktəbi, kitabxana!

Oğlan dediklərimi təsdiq edir:

- Bəli, hamısı burda yerləşib. Mən də Cəbrayıldanam. Tanıyıram buranı.

Yenə inanmıram.

- Çinarın altında böyük kəhriz vardı...

Oğlan bir az irəli, çinarın altına doğru gedir.

- Kəhriz odey ordadı, - əli ilə işarə verdiyi yerə tərəf addımlayıram.

Kəhrizə düşən pillələri ot, kol-kos basıb. Üstü daşla hörülüb. Polis mənə xəbərdarlıq edir:

- Getməyin. Ordan ayaqyolu kimi istifadə edirmişlər.

Büzüşüb qalıram bir tərəfdə. İçimdəki kəpənəkdən də əsər yoxdur. Təzədən maşına oturub yola düşürük. Stadionun yanından keçirik. Burdan bizim evə iki yüz, üç yüz metrdir. Uzaqdan məhlənin xarabalıqları ağarır. Sol tərəfdəki uçurulmuş, dağılmış evlərin yanından ötüb keçirik. Diqqətlə baxıram, qonşuların evlərini ayırd etməyə çalışıram. Faydasızdır. Hiss edirəm ki, stadiondan çox uzaq getdik. Maşınlardan düşürük. Həndəvərdə çoxlu ev uçqunu var. Hara gedəcəyimi kəsdirə bilmirəm. Yolun ortasındakı balaca qoz ağacı məni çaşdırır. Qoz ağacından sonrakı ev bizim olmalıdır deyə düşünürəm. Amma birinci, ikinci, sonrakı evlər yarım adam boyu təpədədir. Bizim evlər bu qədər hündürdə deyildi axı. Gözüm polisi axtarır:

- Biz deyəsən çox gəlmişik. Stadiondan sonra bu qədər gəlməməliydik. Bəlkə stadionun yanına qayıdıb ayaqla gələk, onda rahat taparam. Maşınlara minirik, təxminən iki yüz metr irəli gedirik. Qarşımıza daş yığınından ibarət daha bir məhlə çıxır. Maşından düşürük. APA TV-nin əməkdaşı İlahə Vəliyeva də titrəyə-titrəyə yanımca addımlayır:

- Samirə, bura nə soyuqdu, mən dondum!

Başımı qaldırıb göy üzünə baxıram. Tərtəmizdi, lap uşaqlıqda gördüyüm kimi. Hava da mənə görə çox soyuq deyil, sərindir. Hələ ki, bircə tanış gələn təbiətdir. Bu günəşsiz payız havasını, sərinliyini, tutqunluğunu illərlə axtarmışam, bəlkə də ona görə payızı çox sevmişəm. Nə zaman ki, hava tutulub, bax, həmin bu havanı xatırlamışam. Yenə key kimi ətrafa boylanıram. Mən ətrafa baxdıqca, İlahə də diqqətlə mənə baxır. Bir neçə saat sonra Cəbrayıldan Xudafərinə gedəndə isə o, mənə deyəcəkdi:

“Evinizi axtaranda, üzündə dəhşətli qorxu gördüm, hiss etdim ki, evinizi tapa bilməməkdən qorxursan”.

Haqlı idi. Orada o, yüzlərlə uçqunun içində çarəsizcə dayandım. “İndi mən evimizi necə tapacam?” - deyə öz-özümə sual verirdim - Birdən tapmadım, bu qədər zəhmət, əziyyət hara getsin bəs?

Ürəyimlə səsləşirəm. Bircə işarə ver mənə, allah, bircə işarə.

Qəfildən qarşıda balaca, qapısı bağlı tikili gözümə dəyir. Bu qədər xarabalığın içində sağ qalan nə olar deyə düşünürəm. İrəliləyirəm. Tikilinin görüntüsü sanki yaddaşıma bir neçə cırmaq atır. Birdən “buradır!” deyib qışqırıram. Operator Faiq Həsənov, sürücümüz Murad, polis işçisi mənə tərəf gəlirlər. Mən əlimlə səs gələn tərəfi göstərirəm:

- Artezandı, bizim evin yanında artezan vardı.

Sevinirəm. Polis bir az irəli gedir, sonra bizə baxıb təsdiqləyir:

- Hə, ordan su səsi gəlir.

- Burdan üçüncü ev bizimdir deyib gedirəm. Getmirəm, uçuram. Bu qədər dağıntının içindən heç nə tapmayacağıma əminəm. Amma həyət qapısının yanında iri dəmir zibil yeşiyi vardı, atam ora payızda xəzəl yığıb yandırardı. Düşünürəm ki, nəyi aparsalar da, xəzəl yeşiyi orda olar. Həyətin girəcəyində həmin yeşiyin torpağa batdığını görürəm.

Ətrafa baxıram.

Axır ki, gəldim!

Axır ki, çatdım!

Bu günü də gördüm.

Bu da evimiz!

Amma xəyalımdakı, yaddaşımdakı o ev belə deyildi axı. İllərlə yadımda qalan o ev hardadı? Qarşımda yavaş-yavaş torpağa batan, divarlar, daş yığını var.

Hamı sözləşibmiş kimi kənara çəkilir. Operator ehtiyatla kameranı quraşdırır. Azman viranəliyin içində təkcə qalıram. Həyətin ortasında dörd dolanıram. Atamın tutma qoyduğu taxta boçkaları, tut ağacını, alabəzək qızılgül kollarını axtarıram.

“İlahi, bu idimi mənim axtardığım?” - deyə öz-özümə düşünürəm -

“Bu idimi mənim illərlə yuxularımda gördüyüm ev?”

Yuxularımda nə qədər təngnəfəs olub bu qapıya gəlmişəm, özün bilirsən. Sonuncu yuxuda həyətə çatıb heç kimi tapmayanda uşaq otağında yellənən tül pərdələrin arasından gülümsəyən anamı görmüşdüm.

Hanı indi o otaq, o tül pərdələr, anam?

Hardadır onun gülüşü?!

Bəs gündüzlər məktəbdə dərs deyib, gecələr ev tikən, illərlə evinin açarlarını cibində, həsrətini ürəyində gəzdirən o nisgilli kişi - atam hardadır?

İlahi, bu idi 28 ildən sonra mənə verdiyin?

Ömrümdən qoparıb nəzir dediyim illərin, ömrümdən gedən ömrün əvəzi bu idi?

O illərlə bərabər, 28 ilim də yox olub axı. On üç yaşlı qız, o sarı saçlı Samirə harda gizlənib, çıxsın çölə. Çıxsın qarşılasın öz gələcəyini. Anasını, atasını burdan çox uzaqlarda dəfn edən 41 yaşlı qadını.

Hardadır, o mavi rəngli uşaq otağı, çəhrayı rəngli qonaq otağı, rəngbərəng işıqları, şüşə oyuncaqları olan yolkamız?

Hardadır heç vaxt uyuşa bilmədiyim, candərdi çaldığım qara piano?

İkinci insultdan sonra həmişəlik susan atam dünyasını dəyişəndə onun üzünü çevirib yatdığı divarda çoxlu cırmaq yerləri vardı.

İllərlə o cırmaq yerlərinin səbəbini düşündüm.

İndi anlayıram.

O izlər bu evin, bu torpağın dərdi imiş...

Həyətimiz nə balaca imiş?

Atamın əkdiyi qızıl güllərdən əsər qalmayıb. Bircə yasəmən ağacı böyüyüb. O da kimsəsizlikdən, təklikdən qocalıb, budaqların ucu yer süpürür.

Hamamın, soyunub geyinmə otağının kafelləri divardan tam qopub tökülməyib. Kafelləri sığallayıram. Anam bizi hər həftənin şənbə günü burda növbə ilə çimizdirər, dəsmala büküb evə aparırdı. Qış günlərində soyuq olmasın deyə qaça-qaça gedirdi çox vaxt. Sonralar bu hamam həm də bizim sığınacağımıza çevrildi. Üstü beton idi deyə, atışma olan kimi qaçıb saatlarla orda əyləşirdik.

İndi ətrafa düşən sal beton qırıqlarından hiss olunur ki, hamamın üstünə top, ya da “qrad” mərmisi düşüb.

Hamamın yanından bostana gedən yolu kol-kos basıb. Bostana keçməyin mümkünsüz olduğunu düşünürəm. Hamamın pəncərəsindən bostanımıza boylanıram. İlahəgil ordadırlar.

- Siz ora necə keçdiniz? - soruşuram.

İlahə əli elə evimizin arxasını göstərir:

- O tərəfdən gəl.

Heç nə başa düşmürəm. Axı bostana keçmək üçün bircə yol hamamın yanıdır, oranı da kol basıb. Buranın yolu bağlanıbsa, qonşu Yaşargilin evinin yanından fırlanıb yolun o biri üzünə düşməliyəm. Oradakı setka qapı açarla bağlıdır, açarsa atamdadır.

Bütün bunları düşünə-düşünə İlahənin göstərdiyi istiqamətə gedirəm. Bostana çatıram. Burdakı mənzərə məni dəhşətə gətirir. Ətraf geniş düzəngahlıqdan ibarətdir. Bəs qonşumuz Yelmargili bizdən ayıran hasar hanı?

Birdən elə bil yuxudan ayılıram. Sən demə mən indi dayandığım yer üzündəki yox, yaddaşımın hasarını adlayıb keçə bilmirmişəm...

Düzlənmiş bostan bomboşdur. Böyük gilas, ərik, albalı, alma, qoz ağaclarından əsər qalmayıb. Yeri ayağımın ucu ilə nə qədər qazıyıramsa, onların kötüklərinə, köklərinə də rast gəlmirəm. Bostanın çəpəri boyu sıralanmış nar ağacları da yoxdur. Kimsə yerdən iki qarış pöhrəni göstərir: “Bu nar ağacıdır deyəsən”.

Yaxınlaşıb baxıram, - hə, nar ağacıdır!

Həyətdə adam boyuna qədər qalxmış kol-kos dəhlizə yaxın düşməyə imkan vermir. Küçəyə baxan otaqlar tərəfə keçirəm. Əlimi dağılmış pəncərəmizin yerinə qoyuram, içəri boylanıram. Torpaq, daş təpəciyindən başqa heç nə görmürəm. Evimiz bu qədər alçaqda deyildi axı. Mənim boyum heç vaxt pəncərəmizə çatmayıb. İndi necə olur, əlimi pəncərənin yerinə qoyuram, üstəlik evimizin içərisini də görə bilirəm? Huşum kəsmir boyumun uzandığını. Otaqların birindən gözümə qaraltı dəyir. İlahəyə deyirəm, bəlkə o mənim pianinomdu. Başını bulayır.

Özümlə vaxtıyla atamın aldığı stolüstü saatı da gətirmişəm. Markası “Mayak”dır. Mənimlə yaşıd olar hardasa. İşləmir. Uzun illərdən bəri bircə dəfə anam komaya düşəndə işləmişdi. Xeyrə yozsam da, xeyir olmamışdı. Saat dayanmış, anam da dünyasını dəyişmişdi. İndi onu evimizin pəncərə yerinə qoyuram. Əqrəblər saat yeddini göstərir. Və gözlənilməzlik baş verir: saat işləməyə başlayır.

Bu saat işləmirdi deyib hay-həşir salıram. Yəqin, heç inanmır mənə. Heç özüm də inanmıram.

Çəkiliş bitir. Həyətdəki koldan üç itburnu qoparıram, bir az da yasəmən, nar ağacının budaqlarından. Çıxaçıxda hamamdan qopub yerə tökülmüş kafeldən, bir az da torpaqdan yığıram. Atamın, anamın qəbirlərinə səpməyə...

Hamı yavaş-yavaş yığışır. İstəyirəm bir az da qalım, həyətin ən dərin yerinə çəkilim. Axı mən Sevinc deyən kimi evimizi qabağıma qoyub doyunca ağlamadım. Heç olmasa, beş dəqiqə dayanıb keçmişin ən gözəl günlərini xatırlamadım. Hər şey qırıq-qırıq saniyələrlə gəldi keçdi gözümün önündən.

Maşına minirik. Geri çevrilib diqqətlə hər tərəfə baxıram, son dəfə gördüklərimi yaddaşıma köçürürəm.

Bizə təhkim olunmuş polislə sağollaşanda ondan soruşuram:

- Siz yəqin tez-tez gedib evinizə baxırsınız?

- Arada imkan olanda gedirəm. Daha çox yayda gedirdim, onda göydəki ulduzlar qəşəng görünür, uşaqlıqdakı kimi...

Mən də onun son cümləsini pıçıldayıram:

- Uşaqlıqdakı kimi...

Evimizdən, sonra məhlədən, lap axırda rayondan uzaqlaşırıq. Ürəyimdə bayaqkı polisə həsəd aparıram. Kaş imkan olardı, bir gecə həyətimizdə qalardım, bir daşın üstündə oturub havanın qaralmasını gözləyərdim, sonra elə torpağın üstünə uzanıb, gecəyə, göydəki ulduzlarla baxardım.

Uşaqlıqdakı kimi...

Bakıya gecə saat on birdə çatırıq. Ətrafda hər şey mənə yad gəlir. Elə bil kimisə Cəbrayılda qoyub gəlmişəm. Daha doğrusu, elə evimizi qoyub gəlmişəm. İllərdir sığalımıza, nəfəsimizə, səsimizə həsrət qalan evimizi yenə kimsəsizliyə tərk etdiyim üçün gizlin göz yaşı tökürəm.

Saatı qum doldurduğumuz kulyokdan çıxarıram. Əqrəblər hələ hərəkət edir. Onu masanın üstünə qoyuram. Ona üç dəqiqə qalıb. Saniyə əqrəbi 28-ci dəqiqənin üstündə dayanır.

Sinəmdəki kəpənək də harasa yoxa çıxıb.

Bəlkə də sinəmdən qopub həmişəlik evimizdə qalıb...

# 7128 dəfə oxunub

Oxşar xəbərlər

# # #