news-inner
clock15:03 calendar-gray 27 Avqust 2020 view-gray3202 dəfə oxunub
view-gray3202 dəfə oxunub

Ərindən boşanan qadının kəndə qayıdışı – Hekayə

Kulis.az Günel Natiqin “Leyla” hekayəsini təqdim edir.

Yay sona yaxınlaşırdı. Avqustun ikinci yarısı oldumu, adam özünü təkcə yayın yox, həm də çoxdan içində olduğu bir yaşantının, həyatının hansısa bir dövrünün də sonuna doğru addımlayırmış kimi hiss edir. Yavaş-yavaş artıq əvvəlki, adamı haldan salan istilərin ötüşdüyünü duyur, sanki üzərindən yayın o şirin qayğısızlığını silkələyib özünü qarşıdan gələn daha yorucu, uzun və soyuq qışa hazırlamağa başlayır.

Lakin, hər il yayın Bakıyla müqayisədə daha kəskin və azca da ağır ab-havada bitdiyi başqa bir yer Bakıdan kilometrlərlə uzaqda, dağın lap başında olmasa da, ətəklərində bir yerdə yerləşən, balaca – atamın doğulub böyüdüyü, bizim də ən gözəl uşaqlıq xatirələrimizin olmuş olduğu kənddir. Uşaqlıqda hər il yay başlar-başlamaz ailəlikcə toparlanıb gedər, ta ki soyuqlar düşənə - avqustun sonlarına qədər orda qalardıq. O ki yağışlar başladı, ilk payızın soyuğundan canımıza üşütmə düşən kimi kənddəki gəlmələrin hamısı kimi biz də apar-topar yığışıb, kəndi az qala bom-boş qoyaraq bir də gələn yayı yada salmaq üzrə Bakıdakı həyatlarımıza tələsərdik. Amma hər kəndi tərk edəndə təsəvvür eləməkdən belə qorxduğum o hiss - bütün qışı kənddə keçirməyin necə bir şey olduğu ağlıma gələr, getmək üçün daha da səbirsizləşdirərdi. Çünki bilirdim ki, payızda kənddə günlərlə aramsız yağış yağır, o dayananda isə hər tərəfi adamın ürəyini biraz da bərk sıxan qalın duman bürüyür. Sonra da, noyabr çatar-çatmaz diz boyunca qar yağar, yaz sona çatana qədər yerdən çəkilməzdi. Nənəm deyərdi ki, bu kənddə qış vaxtı səssizlikdən az qala qulaq tutulur, çox zaman axşamlar sükutu pozan tək şey orda-burda hürüşən itlər olurlar.

Amma mən indi bunların hamısından uzaq, nə qışda, nə yayda hər cür səs-səmirin əskik olmadığı, adamın istənilən vaxt yaxasını təklikdən qurtara biləcəyi insanlarla dolu, işıqlı, həyatla qaynayan küçələrin olduğu Bakıdayam. Kəndə isə artıq ard-arda üçüncü il idi ki, getmirdim; əvvəlki iki ili evli olduğum üçün – anamgil getsə də mən gedə bilməmişdim, üçüncü, bu sonuna yaxınlaşdığım yayı isə ərimdən yenicə ayrılmış olduğum üçün – gedə bilərdimsə də, getməmişdim. Anamgil dedi ki, bu il getməsəm yaxşıdı, ona görə, nə özləri bu il kəndə getmədi, nə də eyni səbəblərdən mən. O səbəblər isə, əlbəttə, önəmsiz göstərilərək sözarası verilsə də, əslində böyük maraqla soruşulacaq suallardan, pıçıltıyla adım çəkilərək – Leyla – deyə qurulacaq, lakin heç vaxt əslini eşidib-bilməyəcəyim cümlələrdən, altındakı mənanı bilməməyin ağırlığı altında əziləcəyim baxışlardan ibarət idi. Eyni problemə, ya da evdə deyildiyi kimi - “söz-söhbətə” Bakıda qaldığımız məhəllədə anamgil daha fərqli çarə tapmışdı: həmin qonşuluqdan daşınaraq. Evli olduğum həmin adamla bizim evlərimizin eyni ərazidə, yaxın məhəllələrdə yerləşirdi, ona görə hələ məhkəmə tamamlanmamış, onsuz da sonu dəqiq olduğu üçün, atam böyüdüyümüz, xatirələrimizlə dolu olan bir mərtəbəli, yerdənki həyət evimizi satdı, beləcə uşaqlığımızı keçirdiyimiz küçələri, dostlarımızı, qonşularımızı, bir sözlə bizə tanış və doğma olan nə varıydısa hamısını arxada buraxaraq, Bakının ən ucqar yerlərindən birində şəhərin mərkəzinə 2-3 marşrut dəyişərək gedə biləcəyimiz qəsəbədəki yeni evimizə köçdük.

Artıq 7-8 ay idi ki, burda idik. Öz başıma gələnlər, 3 il qabaq ayların içində ağlım havalarda ikən hövnlak evlənməyim, 2 illik evlilik həyatım, ardından az qala o absurdcasına boşanma, daha sonra başqa yerə köçməyimiz, üstəlik ən çox da balaca qardaşımın məktəbini dəyişməsi, dostlarından ayrılmasına görə özümü günahkar hiss eləməyimin üzüntüsü bir kənara, anamla-atamın bu nikahın pozulmasına bu qədər həssas, içimdə bir yerlərdə mənasız hesab elədiyim qədər kəskin reaksiya verməsi, buna görə özlərini bütün qohum-qonşudan təcrid eləmələri, hər kəsdən qaçmaları və nəticədə həyatımızı daha da çox dəyişdirmiş olmaları, bizə qarşı böyük bir bədbəxtlik baş veribmiş kimi davranmaları məni daxilən acıqlandırır, lakin onları daha çox incitməmək üçün bir şey demirdim, bilirdim ki, onların dünyasında, onların dəyərlər sistemində bu həqiqətən də “bədbəxt” bir hadisə idi. Evdən çıxıb harasa getdiyimdə belə az qala araşdırma kimi verilən, mənimsə guya niyə verildiyini başa düşməmiş kimi davranaraq, incidiyimi gizləmək üçün daha da canla-başla cavablandırdığım, ardından isə tək otaqda güzgü qarşısında, hər nə qədər özümü saxlamağa çalışsam da, gözlərimi dolduran sualların artması belə mənə dönə-dönə hər şeyin necə dəyişdiyini, həm də bununla bərabər, bu dəyişikliyin bizə - anamla atama və mənə verdiyi kədər payının nə qədər fərqli məqamlara kökləndiyini, öz aləmlərimizdə tamamilə başqa-başqa şeylərlə vuruşduğumuzu, əlləşdiyimizi xatırladırdı. Çünki mənim üstümə düşən yükün ən ağırı, özümü uzaq, heç tanımadığım yerlərdə itkin düşmüş və bir də evə qayıda bilməyəcək kimi hiss etməyimin ən böyük səbəbi nə anamla atamın az qala özlərini itirəcək dərəcədə isteriya ilə oynadıqları “bədbəxtçilik” oyunu, nə başqalarının danışıb-deyəcəkləri, nə də artıq ailəsi dağılmış birinə çevrilməyim idi. Mənim üçün daha böyük məsələ, ötən zaman ərzində mənə nəyin baş verdiyi, bütün olanları, nə də onların arxasındakı səbəbləri anlaya, aydın görə bilməməyim, hər şey böyük sevinclər və həyəcanlarla başlamışkən özümü bir anda necə belə bir qarğaşanın içində tapmış olduğumu hələ dərinliyi ilə dərk edə bilməməyim idi. Mən, deyəsən, həyata hələ heç hazır deyildim, hazırlaşmamışdım, hazırlaşdırılmamışdım, 3 il qabaq onun qarşısında tamamilə əliyalın, kiçicik varlığımla dayanmışdım. İndi isə özümü son üç il tərəfindən təcavüzə uğramış, didilib-parçalanmış, həyata olan arzularım və istəklərimlə birlikdə, yaşama eşqim də məndən alınmış, yerli-dibli qopardılmış kimi hiss edirdim. Özümü xəbərlərdə haqqında danışılan sönən ulduzlardan da sönük hiss edirdim. Onu anlayırdım ki, mən üç il əvvəl xoşbəxt idim, ona görə yox ki, bu olanların heç biri hələ yaşanmamışdı, amma ona görə ki, özümün də xəbəri olmayan o gizli və gözəl gözləntilərdən ibarət, məni həyəcanlandıra bilən, yaşamağı səbirsizliklə gözlədiyim bir “gələcək” anlayışım var idi. İndi o “gələcəyim” bir qazan qaynar su kimi üstümə dağılıb hər yerimi yandırandan, yerlərə töküləndən sonra yeri boş, qap-qaranlıq qalmışdı. Qəribədir, içindəki o bir atımlıq barıtı alışıb qurtarandan sonra həyat birdən-birə necə də uzun görünürmüş adama. Onda düşünürsən ki, insan həyatı qısa yox, əksinə çox uzundur. Çünki insan belə “az” varlıqdır əslində, bircə dəfəlik sevgisi olur, bir nəfəslik cəsarəti, bir də gördün bircə anın içində yetinə bilir həyata, ya da bircə xəyal qırıqlığında qopub düşə bilir həyatdan..

Beləliklə, indi böyüyüb, böyük qız olandan, 23 illik ömrümə bir dəfə evlənib ayrılmağı sığdıracaq qədər çox yaşayandan sonra, öz ürəyimi bürüyən çiskin payızda kənddəki dağlara çəkilən dumandan da qalın olanda, çox düşünüb-daşındıqdan sonra həyatımda ilk dəfə yay qutaranda ora getməyi qərara aldım, həm də bütün payızı, qışı keçirmək üçün.

***

Bura gələndə bilirdim ki, yaz gələnə, yenə dünya gözəlləşənə, aydınlanana qədər burda qalacam, ona görə ilk vaxtlar çox da çətin gəlmədi – axı həyatı necə yaşadığımız ondan nə gözlədiyimizə bağlıdır. Beləcə kənddə keçən həyatın 2 ayı sona çatanda artıq yağışlı və dumanlı günlər geridə qalmış və indi qarşıdan qarlı və şaxtalı günlər gəlirdi. İlin ilk qarı yağanda mən də onu pəncərə qarşısında dayanaraq heyrətlə izlədim. İlk qar yağanda həmişə belə olur: hər nə qədər soyuq və don gətirdiyini, yerlərdən aylarca getməyəcəyini bilsən də onu həmişə sevinclə qarşılayırsan.

Lakin qışın ən sərt vaxtları qar yağanda yox, yağıb dayanandan sonra, xüsusən də gecələr olurdu. Nə vaxt ki göyün üzü açıq olar, göm-göy səmada parıldayan ayın işığı yerdəki qarın üstünə düşüb əks olunar həmin gecə çöldəki hər şey buz bağlayardı. Belə gecənin olmasına “ayaz” deyirdilər. Haçan nənəm axşam vaxtı göyün üzünə baxıb “bu gecə ayaz var” desəydi, axar suyu bağlamaz və çalışardıq çöldə-bayırda heç nə qoymayaq ki, donub buz bağlamasın.

Qışın lap ortaları çatanda kənddə həyat düşündüyümdən də sakit keçirdi. Doğurdan da bu sakitliyi hərdən-birdən pozan elə sadəcə it səsləri olurdu. Yollar buz bağladığına görə, hətta bəzən həftələrlə küçədən maşın da keçməzdi. Belə günlərlə artıq bu həyata davam gətirə bilməyəcəyimi düşünər, bir anda başqa heç nə fikirləşmədən oranı tərk edib, özümü yenidən səs-küylü, bir o qədər də canlı, insanı heç vaxt yalnız buraxmayan şəhər həyatının içinə atmaq istəyirdim. Hansı ki, məni dörd tərəfdən ən cəlbedici oyun-oyuncaqları ilə bürüyərək, bəzən aramızdakı əlaqəni belə itirdiyim ətrafımda dönən, sanki əsas qayəsi adamı hansısa yolla məşğul tutmaq, başını qatmaq olan hərarətli mühiti ilə qucaqlayacaqdı.

Amma, bəlkə də, şəhərdə, ya da kənddə, indi ya başqa vaxt, hamımızın elədiyi bir yandan, elə bu deyilmi, hərə başını bir formada qatmağa çalışmırmı?! Kimisi dostlarla, kimi ailə ilə, kimisi işi ya da sənəti ilə başını oyalamağa çalışır. Bəlkə də, insanlarla geniş, sıx münasibətlər yaratmağa çalışmağımızın arxasında duran məşum səbəb də elə bu “ baş qatmaq” çabasıdır – yalnız bütün bunların, bu oyalanmaların yoxluğunda üzə çıxa biləcək daha “önəmli” bir şeyin varlığından, ya da elə ümumiyyətlə yoxluğundan yayınmaq çabası. Və yəqin ki, başını bu müqəddəs oyalanmaların heç biri ilə qatmaq istəməyən də, bu “cəsarətli” addımlarına rəğmən, yenə də sonda reallığa da dözümləri çatmadığı üçün özlərindən qaçaraq şəhərin ən qaranlıq küçələrində ağıllarını başdan alacaq hər mümkün şeyə sarılmağa hazır olanlar idi.

Başımı öz fikirlərimlə qatarkən, birindən qurtarıb sarmaşıq kimi o birisinə dolaşarkən, sən demə, artıq qışın “böyük çillə” dedikləri dövrünün sonuna çatmışdıq, amma yenə də hələ qışın çıxmağına çox var idi. Kənddə olduğum bütün zaman ərzində şəhərdəki həyatım barədə nə qədər çox düşünsəm də, orda olanlarla bağlı bir o qədər az maraqlanmağa, xəbər tutmamağa çalışırdım. Lakin bu “mümkün qədər az” günlərin birində, bacımla danışarkən evli olduğum həmin adamın yenidən evlənməyə hazırlaşdığını öyrəndim – bacımın hələ də münasibətinin qaldığı əvvəlki həyətdə yaşayan qızlardan biri demişdi ona da.

Bu xəbəri eşitməyimə ilk reaksiyam nə üzüntü, nə də başqa bir ağrılı hiss yox, sadəcə təəccüb idi. O təəccübüm ki, heç nəyi hələ də tam şəkildə qavraya bilmədiyimin təzahürü idi. Mən həyata başımı qaldırıb ikinci dəfə ümidlə və xoş həyəcanla baxa bilmək üçün varlığımla çarpışarkən, bunun üçün özümü bütün dünyadan təcrid eləyib həyatın ən ilkin formasında davam elədiyi “dağ başına” sürgün edərkən və bunların əslində çox az bir hissəsini belə olsa bütün bu tüğyanlarıma səbəb olan şeyləri birlikdə yaşadığımız adamdan gözləyərkən, onun hər şeyin öhdəsindən bu qədər asanlıqla gəldiyini görəndə, əslində, onunla həyatın nə qədər də fərqli evrələrində dayandığımızı anlayırdım.

İnsanlarla böyük, həyatımızda həqiqətən də, böyük izlər buraxmış münasibətlərimiz olmuşsa onların bitməsindən daha ağrılısı, sənin az qala bir fırtınadan çıxmış, iliklərinə qədər silkələyən zəlzələdən keçmiş olduğunu düşündüyün halda onlar üçün hər şeyin sadəcə yanağa toxunub keçən sərin, yüngül küləkdən başqa bir şey olmadığını anladığın andır. Çünki başa düşürsən ki, eyni şeylərin fərqi insanların həyatında tamamilə fərqi yansımaları ola bilirmiş. Bu yenicə anlamağa başladığım reallığı hədsiz dərəcədə ədalətsiz hesab edir, insanların bir-birlərinin həyatlarına olan toxunuşlarının təsəvvür etdiyimizdən də dəfələrlə böyük ola biləcəyi həqiqətini qəbul etmək istəmirdim. Ona görə, hekayənin mənim üzərimə düşən hissəsinin emosional baxımdan öhdəsindən hələ də gələ bilməməkdə özümü günahlandırır, duyğusallığın zəiflətmiş olduğu adam kimi görürdüm.

Beləcə, nəhayət fevral ayının günlərini tək-tək sayma məşəqqətinə sona qədər qatlandıqdan sonra Mart ayını gətirib çıxara bilmişdim. Yavaş-yavaş yerdəki qar demək olar ki, tamam əriyib yox olmuşdu. Artıq havanın açıq olduğu, dağların başının aydın göründüyü günlərin sayı çoxalmışdı. Mən yazın gəlməyini bayram eləməyə başlasam da, nənəm daha ehtiyatlı davranar, “hələ yaza tələsmə” deyib məni uyarardı. Təbiət də hər dəfə onu haqlı çıxartmaq üçün özünü çox gözlətməzdi; bir də görərdin ki, hava bir anın içində çevrildi və ağappaq qar yağmağa başladı. Havanın belə tez-tez dəyişməyi təkcə məni yox, ağacları, yazda açan çiçəkləri də aldadardı: ağacların yenicə açmış, tezliklə bar gətirməyə niyyətlənmiş çəhrayı çiçəklərinin üstünə yağan ağ, dondurucu qarı gördükdə yazığım gələr, gedib əlim çatan budaqları silkələyər, qarını yerə tökərdim. Amma martda yağan qar yerdə elə də çox qalmaz, gün çıxan kimi əriyib gedərdi. Hər dəfə - “yaz gəldi”- deyəndə qar yağsa da, hər sonrakı qar biraz da sürətlə əriyib yoxa çıxırdı. Onda başa düşmüşdüm ki, nə qədər qar israrla yağmağa davam etsə də, artıq qış bu kənddən getmişdi.

Aprelin ortalarında bir gün səhər ayılanda gördük ki, bayırda yenə var gücü ilə qar yağır. İri-iri dənəcikləri acgözlüklə, sanki bu il heç yağmamış, birinci dəfə imiş kimi yerə tökülürdü. Lakin bu ilk qar deyildi, onun kimi asta-asta, ehmallıca, sanki özünə təbiəti öyrəşdirməyə çalışarmış kimi yağmırdı. Bu yağan qışın bütün gücünü toplayıb atdığı ən sonuncu caynağıydı. Ona görə də, qar daha da şövqlə yağaraq, dənəcikləri saç-başımızda özünə yer eləyərkən, ikimiz də - nənəm də, mən də çox gözəl bilirdik ki, bu artıq sonuncu qardır, bu il daha kəndə qar yağmayacaqdı.

news-inner-user

16484 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020