news-inner
clock21:00 calendar-gray 13 İyul 2020 view-gray1155 dəfə oxunub
view-gray1155 dəfə oxunub

Mübariz Örəndən yeni hekayə: İlıq

Bu gün tanınmış yazıçı Mübariz Örənin doğum gündür. Kulis.az bu münasibətlə Mübariz bəyi təbrik edir və onun yeni “İlıq” hekayəsini oxuculara təqdim edir.

Hər şey ondan başladı ki, Əbil dayımın iti Bayan günün günorta çağı zəncirindən açılıb Ağəlinin arvadı Gülgəzi tutdu, - yazığın ağzını cırıb düz qulağının dibində qoydu. - Və bu hadisədən bir həftə sonra it durduğu yerdə gəbərib öldü...

Gülgəz Ağəlinin neçənci arvadıdı, bir allah bilir. İki-üç ilin içində yeddisini elə özüm saymışam. Çoxu heç bircə həftə də qalmayıb. Bir də eşidirsən Ağəli təzə arvad gətirdi; Kar Sahibin ağ “Niva”sı darvazadan içəri girdi, içindən çırtıq çala-çala qabaqca Afaq özü düşdü, - Afaq Kar Sahibin “sağ əli”di - dalıyca da utana-utana təzə gəlin! Gəlin də ta elə-belə gəlin yox e! Seçmə, sütül! Çiçəyi burnunda! “Gözünə su ver e, Ağəli, gör Afaq sənə nə arvad gətirib... Qədrimi bilməzsən...”

Amma bu Gülgəz!.. Gülgəz bir başqa aləmdi, hələ beləsi olmamışdı. Heç bu həndəvərin adamına oxşamırdı. Adamın lap paxıllığı tuturdu Ağəliyə, özüm ölüm, bilirəm də nə deyirəm, yanıb-yaxılırdı adam. Nəyinə gəlirlər bu Ağəlinin? Götürək elə Gülgəzi. Gül kimi qızsan, adama deyərlər, nə tapmısan Ağəlidə? Gecə qəfil qabağına çıxa qorxudan sarılıq taparsan, özüm ölüm düz deyirəm, it itliyiynən ona tamah salmaz.

“Kül təpələrinə indikilərin. Ağına, bozuna baxırlar ki. Ad o olsun ki, kişinin qızı ərə getdi” - nənəm hər dəfə belə deyir.

“Amma elə belələrinin baxtı-taleyi yeyin olur...” - bunu da o deyir.

Onu deyirdim axı... İt ölən günün səhərisi Əbil dayım Qətibəni evdən qovdu! Hə, vallah, elə pis oldum... Heç altı ayı tamam olmamışdı yazığın, təzə-təzə üzümüz-gözümüz öyrəşirdi. Kimin ağlına gələrdi belə bir iş? Özü də kim, kim? - Əbil! Barı indiyəcən bir adamın toyuğuna “kiş” deyə. Ay töbə! Adam bircə dəqiqənin içində necə dəyişərmiş, ilahi, beyni necə çönərmiş. Boş boşuna demirlər ki, filankəs özündən çıxdı... Nədi nədi, kişinin iti ölüb. Ölüb ölüb də, itdən ötəri adam arvad evdən qovar? Özü də bayramın əziz günü!

“Hamısı o oğraş kopoyoğlunun işidi, bilirəm! Zəhərriyib öldürüb iti! Gör indi onun başına nə oyun açıram!” - Mən elə bilirdim, dayım Ağəlini deyir. Demə məsələ başqa cürmüş...

Amma sənə bir söz deyim, həmin gün elə bil ürəyimə dammışdı Qətibənin gedəcəyi. Hə, vallah! Çünki... Bayanın belə ölməyi onsuz da pis eləmişdi məni, - sap-sağlam it, durduğu yerdə ağzından ağ-quru köpük gəldi, heysiz-hərəkətsiz yerdə uzalı qaldı və öldü, - səhər-səhər də çiynində səhəng kəhrizdən qayıdan Qətibəni bikef görəndə lap pis oldum; bildim ki, nəsə olacaq! Heç Abgül dayının köhnə “Moskviç”i məhləyə girəndə sevinmədim; elə bilirdim Qətibəni aparmağa gəliblər. İşə bax, həmin gün Abgül dayıyla Bafta xala gəlməsəydi, heç belə iş də baş verməzdi. Nə biləydilər!?

Bir tərəfdən də... qızlarının ilk bayramlığıydı, necə gəlməyəydilər?

Mənə bu işdə ən çox yer eləyən şey bilirsən nə oldu? Abgül dayı elə həvəslə, şəstlə düşdü maşından: “A bala, - o saat məni tanıdı - uşaqları da götür, gəlin bu şey-şüyü daşıyın evə...”. Heç istəmirdim Abgül dayının ürəyini qıralar, allah haqqı. Çünki Qətibəni gətirəndə onun uşaq kimi necə sevindiyini, haldan-hala necə düşdüyünü görmüşdüm. O boyda kişi, az qalırdı sevincindən uça! O vaxt Qətibəni gətirməyə gedəndə mən heç bilmirdim hara gedirik, - deməmişdilər. İki xalam idi, bir xalamın əri, bir də qonşuda Qara var, onun maşınıyla gedirdik. Biləndə ki, Əbil dayıma arvad gətirməyə gedirik, həm gülməyim tutdu, - qırx beş yaşınacan subay qalmış dayımı arvadlı təsəvvür edə bilmirdim, - həm də, düzü belə təmtəraqsız, urvatsız getməyimiz pisimə gəldi. Arazqırağı kəndlərin birində maşında çox gözlədik. Əvvəl bir qapıya getdi qayıtdı xalam, nəsə xısınlaşdılar arxada, sonra başqa bir qapıya getdi... Belə-belə beş-altı qapı gəzdi. Başa düşürdüm ki, dayımın “arvad məsələsi” düzələnə oxşamır. Hamı dilxor idi. “Belə çiy iş görərlər, a başına dönüm?” – Qara əsəblərini saxlaya bilmirdi. – “Bir işi düzüb-qoşmamış, əvvəlcədən danışmamış...”

- Ağəlinin bir qardaşı var bu kənddə, - xalam axırda dedi. – Beş qızı var, beşi də evdədi. Ora da dəyim, babatı olsa, birin götürək gedək.

Abgülgilin evi kəndin kənarındaydı. Qara maşını aralıda – pambıq yerinin qırağında çayırlığa verib saxlamışdı. Hamı dilxor idi. Heç kim danışmır, bu qanqaraçılığın nə ilə bitəçəyini gözləyirdilər. Aradabir Qara zarafatla atmacalar atıb gərginliyi dağıtmağa çalışırdı.

- Fərzalı dayının köhnə oylağıdı bu kənd, süpürgə yığmaq adıynan o qədər gəlib gedib bu kəndə. Harda dul arvad varıydı...

- Ə, ayıbdı, uşağın yanında gəvəzələmə... – xalamın ağzından bu söz çıxmışdı ki, maşının şüşəsinin bayırdan hirslə döyüldüyünü gördük! Üzü tüklü, ap-arıq, qara kişiydi, eynən Agəli kimi, - eynən e, eynən, elə bil onun başını kəsib bunun çiyninə qoymusan! - əlindəki çomağı silkələyib hirslə hədələyirdi bizi.

- Ağəlinin qardaşıdı! - Qara başını aşağı salıb üzünü gizlətdi, - biyabır olduq.

Utandığımızdan bilmirdik hansı deşiyə girək. Maşının şüşəsi az qalırdı qırılıb çilik-çilik ola. Axırda Qara dözməyib şüşəni aşağı saldı:

- Ağsaqqal, noolub, niyə sındırırsan?...

- Əəə, itin oğlu it! Nətər niyə sındırırsan?! İşin var, kişi kimi gə qapıya, denən işim var! Yoxsa... Gəlib pusquda durublar maa! Nədi, adam oğurluğuna gəlmisən?! – Qaraya sarı hirslə yerisə də qəfil dayandı və heç kimin gözləmədiyi halda əlindəki çomağı yana tolazladı: “Maşını sürün qapıya!”

Maşın pambığın qırağıyla, çayırlıqda səsini içinə salıb sakitcə gedirdi...

Qara güzgüdə fışqırıq çalırdı...

Həyətdə, tutun altında tamam başqa Abgül dayanmışdı, biz görən zəhmli-zabitəli kişidən əsər-əlamət yoxuydu. O, qısa müddətdə yumşalıb öz qərarını min dəfə dəyişdi: əvvəl nəm-nüm eləyib, Qətibə evin xırdasıdı, ondan da iri bacıları var, deyirdi, sonra, ağsaqqaldan-ağbirçəkdən gətirin görək neynirik, dedi, sonda, ay it uşağı, ordan bir stəkan çay gətirin, demişdi ki... al lalə rəngli, qıp-qırmızı donda, qolunda güllü bağlama Qətibə qapının ağzında göründü və... Əməlli-başlı alındı kişi, sifəti kölgələndi, səsi kallaşdı...

O səhnəni gözümün qabağına gətirəndə indinin özündə də birtəhər oluram.

Abgül dayının maşınındakı “bayramlığı” görəndə isə mənə bir gic gülmək gəldi! Elə bil şeytan qıdıqlayırdı ki, gül! Baqajda iki tay kəpək, üç-dörd qapı süpürgəsi, bir-iki kisə kömürdən savayı heç nə yox idi. Əlimdə süpürgə qapıdan içəri girəndə Qağam taxtından dik atıldı (evdə Fərzalı babamı nənəmdən başqa hamı Qağa çağırır).

- Nəhlət saa, kor şeytan! A bala, o süpürgəni neynirsən? Qapı-baca doludu süpürgəynən!

Həmin günkü işlərin hamısında şeytan əli vardı e, allah haqqı.

- Arsız-abırsız canım, allah, keç günahımdan! Pox yeyən itinəm, allah! – əlində xamır sac üstünə tələsən nənəmin, iki daşın arasında, bir əliylə yaşmağını ağzına çəkib pıqqapıq gülməsi, qarnının üstündəki teştin yırğalanması şeytan əməli deyildi, nəydi?

Qətibə həyətdə fırfıra kimi fırlanırdı, o deşikdən girib bu deşikdən çıxırdı. Heç bilmirdin anasıgilin gəlişinə şaddı, yoxsa əksinə, belə namünasib təşrif çaşdırıb onu. Bafta xala nənəmgilin sac qurduğu yerə - mərəyin altına düşmüşdü. Qağamla Abgül dayı çardağın altında şirin söhbət edirdilər. Arada Qağam həvəslə çəliyini uzadıb daşıdığımız kisələrə yer göstərirdi. Sifətinin ifadəsindən görünürdü ki, Abgül dayıgilin bayramlığından xeyli razıdı.

Hər şey elə sürətlə baş verdi ki... Qırçın xalam əlində iki çolpa gəldi ki, get o Əbili tap, gəlsin bu toyuqları kəssin. Həyət-bacanı xeyli gəzəndən sonra dayımı üst mərtəbəki otaqların birində tapdım. Onu heç vaxt belə görməmişdim; əsəbindən ağzı-gözü əyilmiş, yumruqları bərk-bərk düyünlənmiş, çənəsi əsim-əsim əsirdi.

- Sürük burdan! – heç ağzımı da açmağa qoymadı Əbil. – Rədd ol!

Quruyub yerimdə qalmışdım, elə bilirdim dəli olub dayım; ora-bura əl-qol atır, təpiklərini möhkəm yerə çırpırdı...

- Əəəə, anqırma, niyə anqırırsan, eşitdilər... - səsə Qırçın xalam da çıxıbmış yuxarı.

- Qoy eşitsinnər! Eşitsinnər! Anqırajam!!!

- Anqırırsan, yaxşı eliyirsən, düş aşağıda anqır, qoy hamı eşitsin! - Qırçın xala gülməyini güclə saxlayırdı.

- Orda da anqıraram! – deyib, Əbil xalamın əlindən qopdu, cumdu aşağı. Xalam ha eləyib onu qaytarmağa çalışsa da xeyri olmadı.

Axır vaxtlar ayaqları tutulduğundan Qağam çəpərin küncündə çala qazıb özünə xudmani bir ayaqyolu düzəltmişdi, aşağı otura bilmədiyindən kətilin ortasını kəsib “unitaz” eləmişdi. Abgül dayı Əbilin səs-küyünü eşidib ayaqqabısının burnuyla torpağı eşə-eşə çəpərə tərəf aralanmışdı.

- Bu çalanı niyə dayaz qazmısan, a Fərzalı?

- Nə bilim, əşi... - Qağamın qulağı mərəyin altındaydı. Əbil pilləkəndən yel kimi keçib birbaşa nənəmgilin yanına düşmüşdü. - Bunu doldursam babama da bəsdi...

Birdən, aşağıda bir mərəkə qopdu! Aləm dəydi bir-birinə! Əbil nənəmə qarışdı, nənəm Baftaya, Bafta Qırçına!.. Bir hay-həşir, bir vur çartlasın başladı!.. Bir də gördüm nənəm əlində oxlov Əbili qovur. “A gədə, dilini qoy dinməzinə! Sən öl, tutsam bu oxloyu soxajam g...təə !”

- İtə dönüb e, itin oğlu! – necə oldusa Qağamın məngənə kimi möhkəm caynağına keçdi Əbil, ha çabaladı, çıxa bilmədi. Qağam bir əliylə tutun gövdəsinə sıxmışdı onu, çəliyini boğazına dirəyib az qalırdı boğa. – Nəhlət saa kor şeytan! – yenə şeytanı söyüb hirsini basdı; mənə elə gəldi ki, Qağamı gülmək tutdu o an, allah haqqı, ya mənə elə gəldi...

Sonrakı dava-şava qulağımda uğultu kimi qaldı; iki əlimlə qulaqlarımı tutub dərə aşağı qaçdıqca qaçırdım! Əbil, deyəsən eyvana çıxıb, ordan da çığırırdı...

“... ədə, kənddə biyabır olduq, düş aşağı, bannama ordan xoruz kimi!”

Qaça-qaça Qətibənin sonrakı aqibətini sürətlə beynimdən keçirirdim. Çaylağın üstündəki qoz ağacına çatıb gözümü Qağamgilin həyətindən düşən dar cığıra dikmişdim... Əvvəl suyu süzülə-süzülə Abgül dayı göründü yolun başında, sonra bir hay-həşirlə, əl-qol ata-ata Bafta xala çıxdı və... boz-cansız mart təbiətinin fonunda bir damla qan kimi peyda oldu Qətibə! Yenə həmən lalə rəngli al-qırmızı donunda və yenə həmən güllü bağlaması qolunda...

Çaylağın soyuq, yaş daşlarına döşənib hönkürtüylə ağladığım yadımdadı...

Üstündən nə qədər keçdi, bilmirəm, hiss elədim ki, başımın üstündə kimsə dayanıb.

Əbil idi: - Ağlama, dur! - deyirdi.

- Niyə qovdun onu, niyə qovdun?! – mən eyni sözləri hey təkrarlayırdım. Hönkürtümü saxlaya bilmirdim.

- Yaxşı, dur, yekə oğlansan. Dur... – sanki Əbil dayım da başqa söz tapmırdı.

- Niyə qovdun onu? Neynəmişdi saa?.. – kirimək bilmirdim mən...

Sonra Əbil məni dikəldib böyrümdə oturdu və bir sürü şeylər danışmağa başladı. Sanki məni toxtatmaq deyildi işi, öz ürəyini boşaldırdı; aramsız cümlələri sapdan açılmış muncuq təki dağınıq, əlaqəsiz idi. Məktəb vaxtı Kar Sahibin Qırçın xalamı istəməsindən danışırdı. Hıçqırtım da kəsmirdi, görüm, bu işin o işə nə isti-soyuğu var. Deyir, dərdindən dəliymiş Sahib xalamın. Xalam da, kəs başımı, deyib, ona sarı baxmaram. O da acığa iti salmışdı xalamın üstünə. Gül kimi qızın ağzını cırıb mayıf eləmişdi it, - hələ də Qırçın xalamın ağzında cırıq yeri var.

“O vədə Qağam qoymadı iti güllələyim. Dedi, yüz ilin qonşusuyuq, olmaz, ayıbdı... Bəs indi nooldu? Bayan Gülgəzi tutan kimi, niyə zəhərləyib öldürdülər onu? Qonşu döyüldük?! Niyə dinmədi Qağan?”

“Qətibə bı qapıya gələnnən Qağan qanlı bıçaqdı mənnən...” – Əbilin bu sözünü heç başa düşmədim.

- Bayan məndən qeyrətli çıxdı... - deyəndə isə,

- Bayan Ağəlinin arvadını tutub axı, - dedim.

- Görürsən, - ilan vurmuş kimi yerindən dik atıldı Əbil! – Birin bilirsən, birin yox! Hər şeyi də demək olmur... Sənin o Ağəlin xədimdi e, xəbərin var?

Bu sözü eşidəndə hıçqırmam kəsdi.

“Burublar e Ağəlini! - Əbilin sifətində qəribə bir işıq peyda oldu, - İndi Kar Sahib adam olub, Ağəlini özünə çoban eliyib, özünün sürüsü, ferması... Vaxt vardı dağda Ağəliynən çobançılıq eliyənin biriydi. O vədə Ağəli bir arvad gətirmişdi binədən, - nəydisə, o binənin qızlarını heç kəs almırdı, qartıyıb evdə qalırlardılar, - gül kimi də gəliniydi yazıq. Gözəl-göyçək. Elə istiqanlı, mehriban idi. Yola vermədi Ağəli. Göz verdi, işıq vermədi. Söydü, döydü... O yazıq da başını götürüb qaçdı. Bir gün yeyəsiz dərədə həmən “qartımış” qızların əlinə düşübmüş Ağəli. Gözünə döndüklərim elə Sahibin gözünün qabağındaca lüm-lüt soyundurub burmuşdular onu. Əməlli-başlı e, erkək dana kimi! İlıqdı sənin Ağəlin, bildin? Nə istidi, nə soyuq! İlıq!”

Deyirəm axı, gözəl-göyçək qızları hardan tapıb gətirir Ağəli. Sən demə, Karoş özünə gətirirmiş. Elə olurdu, həftələrlə gəlmirdi kəndə Ağəli. Gələndə də, evdə bir hay-həşir, qışqırıq-mərəkə salırdı: “Çölə-bayıra çıxma, deyirdi, qonum-qonşuya getmə, həyət-bacada görünmə! Nə lazımındı özüm gətirirəm, yolluyuram, nəyşin var sənin çöldə-bayırda?” Bir də görürdün Kar Sahibin “Niva”sı bir maşın ayın-oyun, yer-yeməli gətirdi. Yaxud Afaq özü çırtıq çala-çala gəlirdi, Gülgəzi, ya ondan qabaqkılar olsun, çimizdirib-dəsmallayıb, qıdıqlayıb-dümsükləyib basırdı maşına...

Amma biz də az aşın duzu olmamışıq ha. Çal-çəpərə dırmanıb, ordan-burdan boylanıb Ağəlinin qapısını güdürdük elə. Hələ Qaranı demirəm; iki əlini bir başına vurub, “kül təpənə, Qara, deyirdi, Ağəli “materyalı” gətirib töküb çəpərin dibinə, sən də dağda-dərədə dişi eşşək gəzirsən...”

“Bu yazıq neçə dəfə bir yerdə tutubmuş Gülgəznən Karı. – Əbil danışdıqca çox şeylər qayıdıb öz nizamına düşürdü. - Amma açıb ağartmayıb. “Boğaz”dı axı yanında. Bayan olmasaydı hələ də açılmazdı işin üstü. Gör Kar kopoyoğlu nə qədər qızıxıbsa, göz görə-görə çapıb Gülgəzin tumanına. Bayan da, gözünə döndüyüm... Gör dünyanın işinə bax e, ay allah! Hərlətdi fırlatdı, axır gətdi belə aldı hayıfımı...”

- Qətibəni niyə qovdun?! - sualı bilmədim Əbilə verdim, özümə, yoxsa qoz ağacına; Əbilin nə deyib nə danışacağı artıq qulağımda deyildi.

Bir azdan kəhrizin üstündə bayram tonqalı qalanacaqdı...

news-inner-user

16075 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
16:05 07 Avqust 2020
Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
15:02 07 Avqust 2020
Məşhur müğənni vəfat etdi
14:11 07 Avqust 2020
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist – Bağırov ona bayquş demişdi
13:09 07 Avqust 2020
Süleyman Qanuni, Hürrəm Sultan, Mona Liza, Sezar indi yaşasaydılar, belə olardılar - Maraqlı layihə
12:23 07 Avqust 2020
Toyu karantinə düşənlər üçün fürsət – Günel Natiq yazır...
11:32 07 Avqust 2020
"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
10:43 07 Avqust 2020
Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
10:10 07 Avqust 2020
Böyüyəndə qızın da onun yolunu gedəcək - Bircənin romanı
08:58 07 Avqust 2020
Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020