news-inner
clock16:45 calendar-gray 28 May 2020 view-gray1713 dəfə oxunub
view-gray1713 dəfə oxunub

Qəfəsdəki quşların uçduğu göylər göynər - Şəhriyarın yeni şeirləri

Kulis.az tanınmış şair Şəhriyar del Geraninin yeni şeirlərini təqdim edir.

Xatırlanmağın şeiri

Elə nigaranam - səndən nigaran,
yaşaram ömürdən-gündən nigaran.
Qayğına qalıram öz aləmimdə -
nə vaxt soyuqlasan, çay dəmləyirəm.
Ürəyim əlimdə, canım əlimdə
yanına gəlirəm, gülümsəyirəm.
Deyirəm, "Darıxma, yaxşı olacaq...".
Yaxşı olmayacaq, özün bilirsən.
Sən özün bilirsən necə olacaq...

Sən özün bilirsən necə olacaq,
zalımın zülmü çox, məzlumun ahı.
Sən özün bilirsən necə olacaq,
kimin boynunadı kimin günahı.
Şahid çağıraram ora Allahı,
mən sənin üstünə günah almaram.
Nə qədər istəsən,
neçə istəsən,
mən özüm yanaram necə istəsən,
heç bircə tikə də sənə qalmaram.

Eh... Sənə bu qədər uzaq olunca,
günəşə su qədər uzaq olunca,
gedib dayanaram külək tərəfdə,
saçını öpərəm külək tərəfdən.
Beş-on xatirəyə ümid olmaram,
Sən necə istəsən,
hardan istəsən,
yadına düşərəm haçan istəsən.
Mən belə sevirəm, unudulmaram...

Dustaqlığın şeiri

Dustaqlar aya baxanda gecənin üzü gülər,
dustaqlar darıxanda göy üzündə gecələr.
Mən öləndə deyərsiniz, o sevərdi ağacları,
pəncərədən süzüləndə günəşin ağ ucları,
uşaqlar dua oxuyar - "Allah..." pıçıldar ovuclar,
qəfəsdəki quşların uçduğu göylər göynər...

Dünya həssas qəlblər üçün cəhənnəmdir, cəhənnəmdir;
Ömür başdan-başa qəmdir, insana nəfsi qənimdir.
Hər necə ki, günəşin çıxan yeri var,
ulduzun axan yeri var,
küləklərin nəsim-nəsim əsib karıxan yeri var,
eləcə də adamların günaha batan-batanı,
qəfil bir könül sındırıb min aha batan-batanı,
səfil-sərgərdan gecənin sabaha baxan yeri var.
Mən öləndə deyərsiniz, o qız bayatı söylər,
qəfəsdəki quşların uçduğu göylər göynər...

Mən hey səni arzuladım - Səni dostum, ən dostum.
Bir sümük-bir dəri qaldım - Sənə dostum, ən dostum.
Şəhriyarın bir ömürlük səni darıxan yeri var.
Mən öləndə deyərsiniz, Onadır bu şeirlər.
Qəfəsdəki quşların uçduğu göylər göynər...

Aşiq olmağın şeiri

Ürək necə döyünər? - Sürünüb
sən sarı dartınır bu mirət.
Görürsən, içində tufandı,
görəsən, kimindi bu külək?

Büsbütün hisslərim qarışdı,
bu duyğu hardansa tanışdı;
Elə bil sinənin altında
çırpınır min beş yüz kəpənək...

Özünü ələ al, düzələr,
sevginin bir adı səbirdi.
Şükr de, çırpınır kəpənək,
adam var, yeriyən qəbirdi.
Soruşsan, deyəcək, "Ömürdü...".

Gəl, bu məşum könlü sevindir,
gəl, elə darıxdım üzünçün,
gəl... belə darıxmaq tapılmaz.
Bircə yol uzaqdan gülümsə,
gülümsə, bilim ki, mənimsən,
ən yekə ayrılıq ölümsə,
qucaqla, nə olar-nə olmaz...

Qucaqla - necə ki, sərçələr
küləkdə qucaqlar zəmini.
Dənizlər gəmini qucaqlar,
səhralar qucaqlar dəlini,
dərvişlər qəmini qucaqlar,
torpaqlar qucaqlar ölünü.
Düşün ki, sabahkı balamsan,
düşün ki, dünənki anamsan,
dünyada ən əziz adamsan,
bu könül həmdəmini qucaqla...

Görürsən, sevgisiz soyuqdu,
günəşin buz olan üzü var.
Bilsən nə gül üzlü hüzur var
sevgiylə açılan qucaqda.

Görürsən, içində tufandı,
görəsən, kimindi bu külək?
Elə bil sinənin altında
çırpınır min beş yüz kəpənək.
Sevgi səadətdən qədimdi...

Atlının şeiri

Öz-özünə pıçıldayır
uzaqdan gələn atlı,
Nə dediyi eşidilmir.

Atın gəldiyi uzaqlardan
əvvəlcə ayaq taqqıltıları gəlir.
Dinlədikcə elə bilərsən
atlar heç vaxt qaçmır, həmişə yeriyir.

Atlar qaçanda ağaclar diksinir,
torpaqlar köks ötürür.
Mən görmüşəm,
yeriyəndə ümidi olmur atların,
atlar gərək harasa qaça.
Amma həmişə deməyə,
nə isə
sözü olur atlıların,
ən azından özünə.

Öz-özünə pıçıldayır uzaqdan gələn atlı.
Görürsən, gözlərində öləziyən işıqdı.
Bizim də bir tərəfimiz böyüyüb başa çatdı.
Dönüb baxanda görürsən, obir yanın uşaqdı.

Obir yanın uşağdısa, atlara küsmə, küsmə.
Obir yanın uşağdısa, atlının sözün kəsmə,
Bax, həmişə deməyə sözü olur atlıların,
atlar bilər bu sirri, atlar duyar bu sehri.
Sənsə, heç vaxt atdan çox bilməyə tələsmə.

Öz-özünə pıçıldayır
uzaqdan gələn atlı,
Nə dediyi eşidilmir.
Amma həmişə deməyə,
sözü olur atlıların,
ən azından özünə...


Leyla üçün axşamçağının şeiri...

Qonşuluqda böyüyür
əsmər üzlü bir fidan,
gülüşü eynən sənin,
adı sənin adından.
Görürsən də, şeirdə
nələr qalır qadından?
Meh əsdi gül üşüdü,
bir dəfə sənə gülmüşdüm;
Gül dərib suya qoymuşdun,
demişdin: "Yazıqdı gül..."
O yazıq gül də solmuşdu,
olsun çıxıb yadından.

Bəlkə doğma küçələri,
yolları var quşların göy üzündə?
Onunçün də quşlar gəzir göy üzündə ayaqyalın,
inciməsin ağacların budaqları.
Bəlkə sevib bəslədiyi yosunu var balıqların,
bu sevgidən xəbəri var dənizin də.
Bilsən necə darıxmışam üzünün Təbriziyçün,
bəlkə yuxum çin çıxardı
başımı qoyub yatsaydım xalın olan dizində...

Nə yaxşı ki, sevdim səni
ilin-günün o vaxtında.
Bəlkə də bilmirsən bunu;
Sevməsəm, ölə bilərdin həmin ilin yazında.

Nə yaxşı ki, sevdim səni,
dost-doğma adamım, səni.
Sən hamıdangözəlimsən,
həryerdəngözəlimsən.
Üzünü kimə bənzədim?
Haraya oxşadım səni?
Görürsən, şeir yazıram,
unutmadım ən azından...

Qonşuluqda böyüyür
əsmər üzlü bir fidan,
gülüşü eynən sənin,
adı sənin adından.
Axı niyə yalan deyim?
İnanmırsan, inanma.
Səndən suyum gəlmir, çörəyim gəlmir,
amma qonşuluqda fidan elə bil ki, qızındı.
Görürsən də, şeirdə nələr qalır qadından...

"Xəndək" döyüşünün şeiri


Günahlar tövbə ortağı
sübhün obaşdan çağı,
Azan səsi bu sabah da göy üzünə qanaddı.

Bəs o kimdi məkri ilən Kərbəlanı qanatdı?
Hansı günah içrə idi xəndəkdən keçən atlı?

Utanın bəşər adından
Ki, nə qədri qələt oldu.
Və gün oldu - Biri gəldi
belə bir ədalət oldu:

"Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır",
Ey İlahi, sən bağışla bizə bu küfrü cəfadır.

Mən ol Eşqə kim, "...Siratəl-müstəqim"dən düşmüşəm,
Əli adlı şirkimin cəhimi mənə səfadır...


Tələbənin şeiri


Yenə dərsdən qalmışam,
həminki tələbəyəm.
Bir dəstə gül almışam,
cibimdə son qəpiyə.

Sənə Eşqim deyirəm.
üzün işıq, səsin şux.
Yolunu gözləyirəm,
təzə tanış olmuşuq.

Lap elə təsadüfən
o küçədən keçirəm.
Yuxuna gəlmək üçün
min gecədən keçirəm.

Allah, necə dönüşdü
arzular xatirəyə?
İllər belə ötüşdü -
ağıl gəldi ürəyə.

İndi adı ömürdü,
yaşayıram necəsə.
Bir yadıma düş, görüm
sən hardasan, necəsən?

Bu bahara gecikdim,
gələn qışa gələrəm.
Gözünü yolda saxla,
ilk yağışa gələrəm.

Elə onu deyirdim,
gələn qışa... baxarsan.
Sən yağışa baxarsan,
mən yağışı öpərəm...


Qəribin şeiri


Kimə durub danışsam, inanmaz
nəfəsinin təzə çörək ətrini.
Bərəkət - sənlə keçən ömürmüş,
Səfalət - yoxdu xəbər-ətərin.

Danışacam deyəcəklər: "Buna bax,
elə bil, dünənki uşaqdı."
Nə pismiş sevgisiz böyüklük,
nə xoşmuş sevgili uşaqlıq.

Günəşi doğacaq səhərin
bir azdan - Sən olan şəhərin.
Vətənin - Sən olan yerlərin
adına deyilir Uzaqlıq...

Həqiqətinə çatmış Məcnunun şeiri


İndi düşür yadıma,
Sevgi - tapınmaq idi.
Qədəmlərin dəyən yerə
alnımı qoymaq idi.

Bəs o kimdi
Ki, səhrada
üstü-başı it kökündə
ümidi Allaha idi,
hamıya itkin düşüb
Ona tapılmaq idi?

Çiynini söykə yağışa,
üzünü tut buluda.
Küləyi öp, gülümsə,
kim ölə, kim unuda...

Bir aşiq ki əvvəl-axır özünü üzdən salar,
yadları keç, yar yanında özünü gözdən salar.
Qabaqlar Vallah beləydi, adını zikr eyləmək
milyon metr uzaqlardan sənə toxunmaq idi...

Adımı söylə yağışa,
üzünü buluda tut.
Küləyi öp bu axşam,
gülümsə və dua et...


Təəssüfün şeiri


Qəribədi
son nəfəsində su istəyən adam
ayırd edə bilmədi
həyatda hansı daha vacib imiş:
Hava, yoxsa su?

Deyirlər ki,
dənizlərin yaddaşında qalır imiş
balıqların yuxusu...

Deyirlər ki,
uçuşundan bilinirmiş
quşların da arzusu.
Deyirlər ki,
şəkillərdən duyulurmuş
uşaqlığın qoxusu.

Deyirlər ki,
guya unudulub gedir sevgilər.
Bax, məsələn, susuşundan bəlli imiş
Ki, o qızın qalmayacaq bir tikə xatirəsi.

Deyirlər ki,
gələcək tənhalıq dövrü,
daha kimsə olmayacaq
bir kimsənin yanında.
Daha hamı yaşayacaq
bir-birinin yadında.
Və əslində,
hərə öz yaddaşı qədər
yaşayırmış sən demə.
İndi hamını ürpədir unudulmaq qorxusu.

Deyirəm ki,
Sən də belə unudulma,
sənə qurban, bir az da qal yadımda.
Hamısından betər imiş sualların "Axı..."sı.


İşğal olunmuş sevginin şeiri

Beləcə başlamış idi
ömrümün repressiyası.
Bir neçə il lap əvvəlin
"bir başqa yaz..." sessiyası;
hələ belə görməmişdim yaşılın bu rəngini,
qadının su rəngini.


Bəs, ey yeni əsrimizin ən qədimi, köhnəsi,
yağışın islanmalısı, küləyin üşüməlisi,
suların ən içməlisi kimin bəxtinə düşdü?


Sevginin ən ölməlisi belə olur adətən,
mən bilirəm, hər şey param-parça olur,
adam bir tikə sağ qalır.
Yaşa getsin sonra bu boz ömrü
nə qədər istəsən!
Üzünün salavatında əlin də torpaq dadır.


Amma təngə-nəfəs ömrüm sənə yaxşı ki, çatdı.
Qaranın bu rəngini heç belə gözləmirdim.
Və günlərin bir günündə mənim Xocalım oldun;
mən səndə 70 qoca,
107 qadın,
63 uşaq öldüm...

"Xocalı - kadrlara sözardı"


İndi bütün şəhərlərin uzağı sənsən,
mən də bütün küçələrin uşağı indi.
Anaya bax - qollarında donub körpəsi,
hələ də var sızıldayır qucağı indi.


Uşağa bax - yerdə elə sərili qalıb,
beş-on metr aralıda bir tay çəkməsi.
Hərdən elə... hərdən elə istəyirəm ki,
gedib geyindirim onu, qoy üşüməsin...

Qocaya bax - bax, başında buxara papaq,
elə bil ki, yatağında uzanıb ölüb.
Elə bil ki, o qocaya güllə dəyməyib,
elə bil ki, nəvəsindən utanıb ölüb.


Bizi belə öldürdülər, şəhid şəhərim,
bizi elə - əli yalın, ayağı yalın.
Ölənədək sevmək azdı səni, bilirəm,
şairə bax - sözü doğru, sevgisi yalan,
Sevgisi doğru olandır - Şəhidin olan!


Qürbətdəki qızın şeiri


İndi sən
yad şəhərin ögey küçələrində
sərxoş gəzməyə qorxan qərib bir yolçusan.
Bəs ki,
şaqraq yerişlərin vardı - eynisi kəpənək misalı uçuşu.
Bəs ki,
şaqraq gülüşlərin vardı - eynisi kəpənək misalı uçuşlu...


Daha
eynisi nimdaş kərpic ev misalı
uçulmaq adlı qorxun var.
Eynisi - tərk edilmiş kərpic evlər misalı uçulmaq adlı qorxu.


Günəşlərin batışı olmaz, qızım.
Bir sufinin gündəliyindən oxumuşdum:
Gecələr - günəşin aldanışlarıdı...


İndi sən,
bilmirsən harasında gizlədəsən bədənini bu gecənin.
Ki, sabahlarda heç kimsələrə tapılmayasan,
bir də sənin bu dünyaya qayıdışın olmasın.


İndi sən,
bilmirsən harasında üşüyəsən bu küləyin.
Ki, dağılmış saçlarına kimsə sığal çəkməsin,
bir də sənin o sığalla unuduluşun olmasın...


İndi sən
hardasa yorulursan
asılırsan çiyinlərindən.
Yağışın zivədə islatdığı ipək köynəklər misalı ağırlaşırsan.


İndi sən
gəmilərin gözişlədikcə baxılan uzaqları kimisən,
uzaqların yorulub qayıtdığı zamanları kimi
ən yaxın "gəlməyəcəksən...".


Və də
heç bilmirsən
yorulub öz çiyinlərindən asılmaq sonrası
hansı qollara düşəsən...

Mənzumə


2011-in oktyabrı,
anam yaddaşını itirmişdi,
heç kəsi üzdən tanımırdı,
pəncərənin o üzündə yağış yağırdı,
mən siqaret çəkmək üçün həyətə düşdüm.

2011-in payızı,
soyuq idi,
anam yaddaşını itirmişdi,
heç kəsi üzdən tanımırdı,
pəncərənin o üzündə yağış yağırdı,
mən siqaret çəkmək üçün həyətə düşmüş idim
və qayıtmış idim anam olan otağa.


2011-in oktyabrı,
yağış da yağırdı,
son günlər anam yaddaşını itirmişdi,
heç kəsi üzdən tanımırdı,
mənə baxıb susurdu,
mən də ona susurdum,
biz, bir-birimizə baxıb ucadan susurduq.
Siqaret çəkmək üçün həyətə düşmüş idim,
daha sonra qayıtmış idim anam yatan otağa.
Və qəflətən sükut pozuldu,
mənə baxıb gileyli səslə dilləndi:
"Noolar, gecələr get o Şəhriyarı yolux, yatanda üstünü açır...".

“Ədəbiyyat qəzeti”

news-inner-user

15823 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sonsuz - Şərif Ağayardan yeni hekayə
08:57 14 İyul 2020
Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020