Bu gün aktrisa, Əməkdar artist Münəvvər Əliyevanın doğum günüdür. Kulis.az aktrisa haqqında maraqlı faktları təqdim edir.
Münəvvər Sabir qızı Əliyeva 1971-ci ildə, mayın 25-də Qubadlıda doğulub. 1988-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə Xalq artisti Elmira Şabanovanın sinfinə qəbul olunub. 1992-ci ildə Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Hələ tələbə ikən "Yuğ" Teatrına gedən aktrisa ordan Akademik Milli Dram Teatrına dəvət alır. O dövrdə Cənnət Səlimova “Azdrama”da "Otello" tamaşasını qoymaq istəyir və aktrisaya Dezdemona rolunu verir. Eyni zamanda, "Yuğ"da da başqa bir rol alan Münəvvər xanım iki teatrın arasında qaldığından nəhayət seçimini edir: 1994-cü ildə Azdramada işə başlayır. Münəvvər xanım həmin günləri belə xatırlayır:
“Mən "Yuğ"dan çox şey öyrənmişəm. Birinci kursda oxuyanda Sankt-Peterburqda keçirilən "Yaxintev" bədii qiraət müsabiqəsində iştirak etdim. Orda məndən böyük kursun qiraət müəllimi, öz azərbaycanlım müsabiqənin münsiflər heyətinə konyak verirdi ki, məni kəsib, onun tələbəsinə yer versinlər. Lakin münsiflər heyətinin üzvləri konyakı alsalar da, məni kəsməyəcəklərini dedilər və birinci yeri mənə verdilər. Yəni müəllimsizlik belə idi, rəhmətlik Mikayıl Mirzə də ora tələbəsini aparsa da, o öz tələbələrini buraxıb mənim uğurum üçün əlindən gələni əsirgəmədi. Çünki mən özümlə dəf aparmışdım, dəfimi cırmışdılar, özü də özümüzünkülər... Mənim müsabiqədəki proqramım həqiqətən o dövrdə böyük səs-küyə səbəb oldu, Akademik Milli Dram Teatrına da buna görə götürdülər”.
Aktrisanın teatrdakı ilk işi Mirzə Ələkbər Sabir haqqında hazırlanan "Dindirir əsr bizi, dinməyiriz..." tamaşasında "Fərəh" rolu olur. Sonra isə "Hökmdar və qızı"nda Səltənətbəyimi rolunu məharətlə ifa edir.
***
Münəvvər Əliyevanın sözlərinə görə, onu ilk dəfə kəşf edən rejissor Bəhram Osmanov olub. Münəvvər xanım rejissorun tamaşalarında müxtəlif rollar ifa edir. "Antiqona" tamaşasından sonra Bəhram Osmanov ona bir dəfə "Natəvan" tamaşasındakı qulluqçu rolunu həvalə edir. Lakin aktrisa səsini dəyişə bilmədiyi üçün rejissor onu danlayır. “Elə danışırsan, elə bil qulluqçu yox, xanımsan” deyir. İş elə gətirir ki, tamaşaya yaxın aktrisa xəstələnir, rolu ondan alıb başqa aktrisaya verirlər.
Münəvvər Əliyeva aktyorluq sənətinə çox böyük çətinliklə gəlib. Belə ki, onun bu sənəti seçməsinə ailə üzvləri qəti etiraz ediblər. Bu barədə o, öz müsahibələrində deyir:
“Mənim böyük bacım da aktrisa olub, özü də deyim ki, məndən də istedadlı idi. Ailəmizdə ona heç bir qadağa yox idi, amma mənə hər şey qadağan olunmuşdu. Mən Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmaq üçün imtahana balkondan tullanıb qaçıb getmişəm. Pantomima Teatrının direktoru Elman Rəfiyev sinif yoldaşım idi, o yazıq balkonun aşağısında dayanıb mənə kömək edirdi. Qardaşım mən evdən çıxıb imtahana getməyim deyə, otağımın qapısını bağlayırdı, özü də yıxılıb qapının ağzında yatırdı ki, birdən qapını aça bilərəm, səs olanda oyana bilsin. Mən qəbul imtahanlarında qorxa-qorxa iştirak etmişəm, çünki qardaşım da dalımca gəlmişdi, sadəcə ona binaya girməyə icazə vermədilər. İmtahandan keçsəm də, qorxudan ağlayırdım ki, qardaşım məni öldürəcək. Amma bacım aktrisa olmadı, mən oldum...”
Bir neçə il aktrisa ailəsinə "mədəni-maarif" fakültəsində oxuduğunu deyərək, əsl həqiqəti, yəni aktrisalıq peşəsi üzrə təhsil almasını onlardan gizlədir. Bu yalanın üstü açılanda isə onun evlərində böyük bir həngamə qopur. Ancaq sonralar qardaşı teatra gələrək ilk dəfə "Hələ sevirəm deməmişdilər" tamaşasına baxır və bacısının ifa etdiyi qəhrəman qız obrazı onun xoşuna gəlir.
***
Aktrisaya ən böyük uğuru Elçinin "Qatil" pyesi əsasında hazırlanan eyni adlı tamaşa olur. Bu tamaşa ona uğur gətirsə də, o, tamaşadakı açıq-saçıq səhnələrə görə inanılmaz hücumlara məruz qalır. Müsahibələrinin birində bu haqda deyir:
”Qardaşımdan xahiş etdim ki, bu tamaşaya baxmasın. Çünki baxsa, özü qatil olacaqdı. O da sağ olsun, baxmadı. Allahıma şükür edirəm ki, qarşıma Mehriban Ələkbərzadə kimi rejissor çıxdı. O, sinəsini mənə qarşı olan hücumlara sipər etdi. Əslində, bu tamaşada heç bir qəbahət iş görməmişdim, sadəcə öz peşəmi yerinə yetirmişdim. Tamaşada Hikmət hər dəfə məni qəzetlə başıma vuranda fikirləşirdim ki, yəqin onun arasına bərk bir şey qoyub, axı kağız parçası adamın başını belə ağrıda bilməz. Sonra mənə dedilər ki, Hikmət qəzetləri elə sıxıb bərkidirmiş ki, qəzet bükülüsü taxta kimi bərk olurmuş. Məşq prosesində hər dəfə qəzetlə məni vurandan sonra diksinirdim və roldan çıxırdım. Çünki bu yaşıma gəlmişəm, həqiqətən, döyülməmişəm. Axırda Mehriban xanıma dedim ki, qəzet yığışdırılsın, onun başıma vurulması məni roldan çıxarır. Mehriban xanım da qəzetlə vurmağı yığışdırdı. Bir də gördüm, Hikmət gəlib deyir ki, Münəvvər xanım, nə olar qoyun qəzetlə vurum da, daha orijinal alınır... Mən də razılaşdım. Hikmət həqiqətən tamaşada rola qapılıb bəzən səhnədə affekt vəziyyətinə düşüb. İnanın ki, məni necə tulladısa, sağ çiynimdən travma almışam. Hikmət səhnədə saçımdan tutanda mən də texniki olaraq onun biləyindən tutmalıydım. Amma çox vaxt biləyindən tuta bilmirdim, həqiqətən, saçımdan tutub səhnənin bu başından o biri başına qədər sürüyürdü. Bəzən saçlarım qopub onun əlində qalırdı”.
Aktrisa bir dəfə ailə həyatı qurub. Bu evlilikdən onun bir qızı olur. Amma iş elə gətirir ki, o, həyat yoldaşı ilə yollarını ayırır. Onunla ailə qurmaq istəyən insanlar ondan sənəti atmalarını istədiyi üçün aktrisa sonralar ailə həyatı qurmur.
***
"Köhnə ev", "Afət", "Ölüləri qəbiristanlıqda basdırın", "Kaş, araba aşmayaydı!", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Teleskop", "Kabuslar" tamaşasında yadda qalan rollar ifa edən aktrisa 2006-cı ildə Əməkdar artist adına layiq görülüb.