Ev vermədilər, teatrdan küsdürdülər, səhnədə tövbə etdi – Kinomuzun Simnar xanından maraqlı faktlar

Ev vermədilər, teatrdan küsdürdülər, səhnədə tövbə etdi – Kinomuzun Simnar xanından maraqlı faktlar
5 aprel 2022
# 21:00

Kulis.az Xalq artisti Əli Zeynalov haqqında maraqlı faktları təqdim edir.

Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Anası Püstəxanımı çox erkən yaşda itirib. Öz dövrünün tanınmış maarifçilərindən olan atası Yusif Zeynalov ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Ancaq aktyorluğa marağı böyük olduğundan pedaqoji fəaliyətlə yanaşı atasının etirazlarına rəğmən müxtəlif dərnəklərə üz tutub.

***

1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında, İrəvan Teatrında işləyib. 1945-ci ildən 1975-ci ilə qədər Akademik Milli Dram Teatrında çalışıb. “Antonio və Kleopatra”, “Sən həmişə mənimləsən”, “Oqtay Eloğlu”, “Od gəlini”, “Qəribə adam”, “İpək naxışlar” tamaşasında müxtəlif rollar ifa edib.

1939-cu ildə İrəvan teatrında işləyən zaman Zəhrabəyim adlı qadınla ailə qurur. Bu evlilikdən onların bir qızı və oğlu dünyaya gəlir. Sonradan ailə Bakıya köçüb, İçərişəhərdə yaşamağa başlayır. Lakin, bir müddət sonra aktyorun həyat yoldaşı xərçəng xəstəliyinə tutulur və dünyasını dəyişir.

***

"Eşq və intiqam" tamaşasında iştirak edərkən aktyor Qəmər obrazını canlandıran, tərəf müqabili aktrisa Mirvari Novruzova ilə rastlaşır. Bu rol aktrisanın səhnədə ilk rolu olur. Tamaşa zamanı aktrisa ilə Əli Zeynalov arasında isti münasibət yaranır. Həyat yoldaşını ağır xəstəlikdən yenicə itirmiş Əli Zeynalovla aktrisa ailə qururlar.

***

Bu evlilik Mirvari xanmın da ikinci evliliyi olur. Onun da ilk evlilikdən iki övladı olur. Əli Zeynalovla evliliyindən isə onların Sədaqət adlı bir qızı dünyaya gəlir. Bu cütlük 40 il birlikdə ömür sürürlər.

Onlar yenicə ailə quran zaman Əli bəyin uşaqlarını anası saxlamaq istəsə də Mirvari xanım buna qəti etiraz edərək deyir: “Uşaqlar birlikdə böyüməlidirlər. Onlar qaynayıb, qarışmasalar, biz ailə ola bilmərik. Əli bəyin qızı deyir ki, sonralar doğurdan da onlar mehriban ailə olmağı bacarıblar”.

***

Əli Zeynalov söhbətlərinin birində belə bir etiraf edir:

"Mən xoşbəxtəm ki, sənətdə də, həyatda da qarşıma nəcib insanlar çıxdı. Tale məni Mirvari xanımla qoşalaşdırmasaydı, bəlkə də mən heç Əli Zeynalov olmazdım. Mənim bütün əziyyətlərimi, məişət qayğılarımı o çəkirdi. Səhnədəki əzəmətə fikir verməyin, məişətdə çox acizəm. Bu mənada xilaskarım xanımım olub. Halbuki Mirvari də öz sənətinin aşiqi idi".

***

Mərhum yazıçı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə edib. Bu tamaşada onunla ilk dəfə olaraq Amaliya Pənahova Nargilə obrazını səhnədə oynayıb. Həsənzadə obrazını ifa etdikdən sonra o, Xalq artisti adını alır.

Əli Zeynalov 25 bədii filmi valehedici, ifadəli səs tembri ilə səsləndirib. Mərhum aktyor milli kinomuzda 40-a yaxın filmdə çalışıb. O, “Səhər”, “Bir qalanın sirri”, “Xoşbəxtlik qayğıları”, “Kölgələr sürünür”, “Üzeyir Ömrü”, “Leyli və Məcnun” kimi filmlərdə koloritli obrazlar yaradıb. Tamaşaçılar onu ən çox “Bir qalanın sirri” filmindəki Simnar rolu ilə tanıyıblar.

***

Yumşaq, gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınıb. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindən dərs deyib.

***

“Uzaq sahillərdə” əsəri əvvəllər teatr tamaşası kimi səhnəyə qoyulub. Əli Zeynalov tamaşada Mixaylo obrazını canlandırıb. İllər sonra "Uzaq sahillərdə" filmi ekranlaşanda Mehdi Hüseynzadə obrazını Nodar Şaşıqoğlu ifa edir. Amma onu Əli Zeynalov səsləndirir. Sonralar verdiyi müsahibələrdə Nodar Şaşıqoğlu Əli Zeynalovun onun obrazını səsləndirməsindən çox xoşbəxt olduğunu deyir. Bundan sonra Əli Zeynalov Nodar Şaşıqoğlu çəkilən bütün filmləri özü səsləndirib.

Kommunist Partiyasının dövründə dindən, Allahdan danışmaq yasaq olunmuşdu. Amma yaxınlarının dediyinə görə aktyorun dilindən Allah kəlməsi düşməyib. Hətta "Od gəlini" tamaşasında Elxan rolunda "Allah yoxdur, mənəm Allah" monoloqunu deyəndə o, ürəyində tövbə edərək "Allah, keç günahımdan, məni bağışla" deyirmiş. Bu sözü sonralar həyat yoldaşı Mirvari xanım da təsdiq edib. Hətta Mirvari xanım bir dəfə ona deyib ki, "Ay Əli, birdən tamaşa vaxtı, çaşıb ürəyində dediklərini yüksək səslə dilə gətirərsən".

***

Əli Zeynalov "İki ömrüm olsaydı..." kitabının müəllifidir. O, 1939-cu ildə Ermənistanın əməkdar artisti, 1964-cü ildə isə Azərbaycan xalq artisti adını alıb.

***

Aktyorun heç vaxt dublyoru olmayıb. Bir dəfə tamaşaya iki saat qalmış üst dişi düşüb. Tez teatra xəbər verib ki, belə vəziyyətdə gəlib, tamaşanı oynaya bilmərəm. Həmin vaxt televiziya ilə elan verirlər ki, tamaşa bir neçə gündən sonra nümayiş olunacaq. Satılan bütün biletlər etibarlı hesab olunur.

Aktyor İrəvan teatrında işlədiyi üçün erməni dilini çox yaxşı bilib. Bir dəfə Ermənistana qastrol səfərinə gedəndə uşaqlarını da özü ilə aparıb. Yay ayı olduğundan aktyor dondurma almaq üçün qızını mehmanxananın qarşısına göndərir. Qızı erməni dilini bilmədiyinə görə, dondurma satana rus dilində müraciət edir. Bunu eşidən erməni kişi ona acıqlanıb deyir "Sən ermənisən, niyə öz dilində danışmırsan? Niyə istəyini rus dilində bildirirsən?” Səs-küyü eşidən Əli Zeynalov eyvana çıxıb erməni dilində erməniyə nə isə deyir. Dondurma satan kişi arabasını götürüb qaçır.

***

Əli Zeynalov işlədiyi teatrdan bir neçə dəfə uzaqlaşır. İlk inciklik evlə bağlı olur. O, böyük ailəsi ilə birotaqlı evdə yaşayır. Ancaq ona ev verilmir. Sonradan onu geri qaytarsalar da, yenə də ev verilmir. Üçotaqlı evi Mirvari xanım ala bilir. Bir neçə il teatrdan ayrı düşən aktyor geri qayıdanda “Namus” tamaşasında Seyran obrazında çıxış edir.

***

Teatrdan növbəti incik gedişi isə həmişəlik olur. O zamankı teatrın direktoru onu yanına çağırıb, ““Vaqif” dramını yenidən bərpa edəcəyik. Vaqif rolunu sizə tapşırırıq” deyir. O, isə bildirir ki, “Mən Ələsgər Ələkbərovun Vaqifindən sonra bu rolu oynamaq istəmirəm”. Aktyorun bu cavabından sonra ona tamaşada Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu ifa etmək təklif edirlər. Bu söz ona çox pis təsir edir və həmin dəqiqə ərizəsini yazıb, teatrdan ayrılır.

Plovu əllə yeməyi çox sevib. Deyirmiş ki, düyüyə qaşıq dəyməməlidir. Bir dəfə Salyanda bacısının yoldaşı ilə mərc edirlər. Bacısı turşu qovurmalı plov bişirir. Hərəsinin qarşısına bir kilo düyü tutumu olan bir bulud plov qoyur. Dincələ-dincələ bir kilo düyünü, qarası ilə birlikdə yeyir.

***

Bütün həmkarları ilə yaxşı münasibətləri olan, dostcanlı, evcanlı insan Əli Zeynalov sonralar tənhalığa çəkilib özünə qapanır. Ailə üzvləri onun bu halını xəstəliyi ilə əlaqələndirirlər. Belə ki, aktyor bir neçə dəfə ard-arda infarkt keçirir. 1988-ci il yanvarın 4-də isə müalicə olunduğu xəstəxanada qəzet oxuduğu yerdə ürəktutmasından 75 yaşında dünyasını dəyişir. Fəxri xiyabanda dəfni mümkün olmayan aktyoru Yasamal qəbiristanlığında dəfn edirlər.

# 12146 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #