Anasını 12 yaşında gördü, əri onu döyüb hədələdi, haqqında ölüm xəbəri yayıldı – Məşhur aktrisa onu çılpaq şəkilləri ilə şantaj etdi

Anasını 12 yaşında gördü, əri onu döyüb hədələdi, haqqında ölüm xəbəri yayıldı – Məşhur aktrisa onu çılpaq şəkilləri ilə şantaj etdi
13 iyul 2022
# 12:28

Kulis.az aktrisa, Xalq artisti Naibə Allahverdiyeva haqqında maraqlı faktları təqdim edir.


Naibə Səyavuş qızı Allahverdiyeva 28 may 1963-cü ildə Tbilisi şəhərində doğulub. Ailədə dörd qardaş, iki bacı olublar. Onun ailəsi sonradan Yevlaxa köçürlər. O, körpə olanda, atası ilə anası ayrılır. Anası xəstə olduğu üçün bacısını atası, Naibəni isə bibisi saxlayır. Naibə ilk dəfə on iki yaşı olanda atası ilə görüşür.

***

Bibisi ilə böyüyən Naibə o zamanlar anasının kim olduğunu bilmirmiş. Bu barədə o, müsahibələrinin birində deyir:

“12 yaşında atamın yanına gəldim, o zaman anamın kim olduğunu bilmirdim. Baxmayaraq ki, o, həmişə bizə gəlib gedirdi. Çox gözəl idi, onun gözəlliyinə vurğun idim. Həmişə mənə gözəl paltarlar alıb gətirirdi, dadlı yeməklər bişirirdi. Bibim konservativ adam idi. Ona görə anama daha çox meylli idim. İstəyirdim o, həmişə gəlsin. Amma gəlirdi, hiss edirdim ki, qəlbimdə ona qarşı inciklik var. Məni qucaqlayırdı, deyirdim ki, burax. Elə bil nəyisə hiss edirdim. Bir gün bacım qulağıma pıçıldadı ki, bilirsən, o bizim anamızdır. Həmin günədək atamı da dayım bilirdim. Anam atamı çox sevirdi. Atam ondan ayrılandan sonra o xəstəliyə düçar olub. Çünki sevdiyi insan onu atmışdı. O, depressiyaya düşüb, illərlə xəstə oldu. Dayım da deyib ki, sən o, uşaqlara niyə baxırsan? Atasına ver. Anam mənə belə deyib. Mən də aktrisa olmaq istəyirdim. Bibim rəhmətə getdi, anamın yanına qayıtdım”.

***

Naibə uşaq yaşlarından incəsənət sahəsinə maraq göstərir. 5-6 yaşı olanda, anasının paltarlarını qayçı ilə kəsib özünə geyimlər düzəldir, karandaşla bığ saqqal çəkib həyətdəki qonşularına kiçik səhnəciklər göstərir.



Atasının arzusu ilə diktor olmaq istəsə də, rus dili zəif olduğundan sonuncu turdan keçə bilmir. Bundan sonra o sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir. Təhsilini başa vurandan sonra təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilir.

***

Elə ilk gündən cavan aktrisaya etibar edib, Dudarevin "Astana" tamaşasında baş rol olan Alina rolunu veriblər. Sonra "Apardı sellər Saranı" tamaşasında Saranı, "Gülən adam"da Hersoginanı oynayıb. Qısa vaxtda teatrın əsas repertuarına daxil olan aktrisa üç il bu teatrın səhnəsində çoxlu rollar oynayıb.

***

1994-cü ildən isə Gənc Tamaşaçılar teatrında aktrisa kimi fəaliyyətə başlayır. Bu teatrda ilk rolu D. Mehdinin "O da mənəm, bu da" tamaşasında Nazlı rolu olur.

Sonralar teatrda "Bala bəla sözündəndir", "Səsin sehri", "Mağara", "Dədəm Qorqud", "Mənim ağ göyərçinim" adlı tamaşalarda yaddaqalan obrazlar yaradır. Aktrisanın sözlərinə görə o, “Mənim ağ göyərçinim” tamaşasındakı rolunu o qədər ürəkdən ifa edirmiş ki, hər tamaşadan sonra onun üçün təcili yardım çağırırmışlar.

***

Naibə Allahverdiyeva bir kino aktrisası kimi də bir sıra filmlərdə çəkilib. "Qara Volqa" filmində Rita, "Məhəbbətin hökmü" filmində Cevriyyə rolları aktrisaya tamaşaçı rəğbəti qazandırır.

Ancaq aktrisanın geniş tamaşaçı kütləsi tərəfindən tanınması “Yarımştatlar” tamaşasındakı Tomka rolu olur. Tamaşada Xalq artisti Yaşar Nuri ilə tərəf müqabili olması ona ikiqat şöhrət qazandırır.

***

Naibə Allahverdiyeva iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən Məryəm adlı qızı var. İkinci evliliyi isə incəsənətdən uzaq bir adamla olub. Aktrisa onunla xına mərasimlərinin birində tanış olub ailə qurub. Ancaq mətbuatda yayılan xəbərlərə görə aktrisanın ikinci həyat yoldaşı həddindən artıq qısqanc biri olub. O, hətta aktrisanı bir neçə dəfə ölümlə hədələyib. Aktrisanın əri ilə olan yazışmalarından mətbuata sızan hissəsində qeyd olunur ki, həyat yoldaşı onu maşında döyərək, "əgər məndən ayrılsan, səni öldürəcəm" sözlərini deyir.

2017 ildə aktrisa haqqında ölüm xəbəri yayılır. Bu barədə o, özü müsahibələrinin birində deyir:

“Bəzi saytlar mənim ölüm xəbərimi yaydı. Nə məqsədlə, kimin sifarişi ilə bilmirəm. Buna sevinənlər də oldu, kədərlənənlər də. Amma hər kəs bilir ki, ömrü verən də, alan da Allahdır. Əsas odur ki, bu ömrü dəyanətlə yaşayasan. Mənim ölüm xəbərimi eşidib sevinənlərə demək istəyirəm ki, heç kim xəstəlikdən, ölümdən sığortalanmayıb. Bir gün sizin də qapınızı döyə bilər. Amma sizə onu arzu etmirəm. Allah sizi hidayət etsin, qəlblərinizə mərhəmət hissi bəxş etsin! Vaxtilə məni çılpaq şəkillərimlə şantaj etdilər. Bunu edən aktrisa artıq dünyasını dəyişib, adını çəkmək istəmirəm. Sevilən aktrisa və Xalq artisti olub. Allah onun günahlarını bağışlasın”.

***

Aktrisa 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2018-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adı ilə təltif olunmuşdur.


# 4613 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #