Aktyor olduğu üçün atası onu danışdırmadı, Leyla Şıxlinskaya ilə yaxın münasibətdən imtina etdi – Xalq artisti haqqında bilmədiklərimiz... 

Aktyor olduğu üçün atası onu danışdırmadı, Leyla Şıxlinskaya ilə yaxın münasibətdən imtina etdi – Xalq artisti haqqında bilmədiklərimiz... 
6 may 2022
# 12:00

Kulis.az Xalq artisti Həsən Məmmədov haqqında 10 maraqlı faktı təqdim edir.


Həsən Məmmədov sovet dövrünün bütün nümunəvi gəncləri kimi valideynlərinin istəyinə rəğmən Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O isə 2-ci kursda təhsilini yarımçıq qoyaraq müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Bu xəbəri eşidən atası Həsəndən küsür, onu heç vaxt danışdırmayacağını deyir. Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilir. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.

***

Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Həsənin şöhrəti tezliklə küskün atanın qulağına da çatır. O, oğlunu bağışlayır.

Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində “Qaraş” obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyib ki, Həsən elə əsl “Qaraş”dır, o çəkilsin. Bundan sonra qərar verilib. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.

***

Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb edir. Onlar uzaqdan bir-birlərini sevirlər. 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz...

Aktyorun ən yaralı yeri bəzi insanların çəkildiyi filmlərə görə onu qınaması idi. Oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə insanların qınaq obyekti olmuşdu. O, ağrı ilə deyirmiş ki, mən zamanının insanını oynamışam, dövrün insanını canlandırmışam...

***

1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.

Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.

***

Rejissor Tofiq İsmayılovun evində keçirilən ad gününə əlində iri bağlama ilə gəlir. Tofiqə deyir ki, bu vazanı sənə hədiyyə gətirmişəm. Səhəri gün qrup yoldaşı Rafiq Əzimov dərsə gedəndə Həsəni qanıqara görüb nə olduğunu soruşur. Həsən deyir ki, bəs dünən ad gününə hədiyyə ala bilməyib. Məcbur qalıb, qardaşı arvadının cehizlik billur vazasını Tofiqə aparıb. Arvad da ərinə deyib ki, vaza yoxdur, yəqin Həsən sındırıb. Sonra da gizlədib ki, evdə heç kimin xəbəri olmasın. Məndən məsləhət istədi ki, indi nə edim? Dedim Tofiqdən vazanı geri almaq ayıb olar. Dedi, onda məni evə buraxmayacaqlar. Tofiqin ailəsində də məsələni bilmişdilər, həmin gün o özüylə vazanı dərsə gətirib Həsənə verir ki, apar qoy yerinə.

Bir gün tədbirlərin birində çəkinə-çəkinə nazir Polad Bülbüloğluna yaxınlaşıb yenidən teatra qayıtmaq istədiyini bildirir. Polad Bülbüloğlu dərhal “Azdrama”nın o vaxtkı rəhbəri Həsən Turabova tapşırır ki, Həsən Məmmədovu işinə bərpa etsin.

***

Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir. Ürəyindən ağır əməliyyat keçirir. Lakin 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişir. İkinci Fəxri Xiyabanda dəfn olunur.

# 10576 dəfə oxunub

Oxşar xəbərlər

# # #