Bilmək və inanmaq - Şamil Paşayev

Şamil Paşayev, hüquqşünas

Şamil Paşayev, hüquqşünas

6 oktyabr 2026
# 11:15

Kulis.az Şamil Paşayevin “Bilmək və inanmaq” yazısını təqdim edir.

Elm, fəlsəfə, din, teologiya və doqmatik sistemlərin bilmək və inanmaq konteksində izah etməyə çalışaq.

Bilmək və inanmaq

İnsan düşüncəsi bilməklə inanmaq arasında təzadda qalır. Anlayışları qarışdıraraq biz gündəlik dildə bu iki anlayışı tez-tez bir-birinin yerinə işlədirik, lakin epistemoloji baxımdan onlar eyni şey deyil. İnanmaq psixoloji aktdır və bunun üçün insanın bir hökmü doğru qəbul etməsi kifayət edə bilər. Bilmək iddiası isə bundan artığını yəni, əsaslandırma, dəlil, tənqidə açıqlıq və yanılma ehtimalının qəbulunu, müşahidə, təcrübə, ağıl yürütmə tələb edə bilir.

Məsələ nəyə inandığımızdan əvvəl, nəyi hansı əsasla bildiyimizi iddia etdiyimizdir.

Təbiət elmləri, sosial və humanitar elmlər bilik verməyə çalışır. Tənqidi fəlsəfə də bu prosesin mühüm hissəsidir. Lakin fəlsəfə özünü dəyişməz və toxunulmaz sistemə çevirdiyi anda onun biliklə münasibəti problemli hala gəlir. Bekonun sxolastik aristotelizmə, Popperin isə marksizm kimi özünü təkzibdən qoruyan nəzəri sistemlərə yönəltdiyi tənqidin mühüm tərəflərindən biri də budur.

Bilmək “mən haqlıyam” demək deyil. Bilmək “nəyə görə haqlı olduğumu düşünürəm və hansı halda yanıldığımı qəbul edərəm?” sualına cavab verə bilməkdir.

"Aristotel yanıla bilməz" tezisi, 1000 il dünyaya hakim oldu, bu da müqəddəsləşdi və doqmalaşmışdır. Bunun günahı isə Aristoteldə deyildir.

Frensis Bekonun elmə və bu düşüncəyə təsiri, avtoritet arqumentdən azad etməyə yönəlik sistemi idi, onun təbiət haqqında biliyi qədim müəlliflərin nüfuzundan azad etməyə çalışması idi. Təbiətin necə olduğunu Aristotelin kimliyi deyil, təbiətin özü göstərməli idi. Müxtəlif müəlliflər bilginin doqmalaşmaması ilə bağlı fikirlər irəli sürmüşdür, məsələn Devid Yum deyirdi ki, çıxardığımız nəticələr düşündüyümüz qədər mütləq olmaya bilər. Bertrand Russell biliyin imkanları ilə yanaşı sərhədlərini araşdırmağn tərəfdarı idi. Karl Popper də elmi düşüncənin gücünü nəzəriyyənin təsdiqlənməsində deyil, onun ciddi sınaq və təkzib cəhdlərinə açıq olmasında gördü.

Yuxarıda qeyd etdiklərimiz düşüncələrin fərqli cəhətləri olsa da, onların ortaq dərsi sadə idi.

İnsan yanıla bilər.

Bu cümlə elmi düşüncənin zəifliyi deyil, onun başlanğıc nöqtəsidir.

Buna görə bilik iddiasında arqumenti kimin səsləndirməsi ikinci dərəcəlidir. Aristotelin, Kantın, Marksın, Russellin və ya Popperin deməsi hər hansı hökmü doğru etmir. Alimin adı dəlilin yerini tutmur və onu heç bir halda üstələmir. Arqumentin dəyərini müəllifin nüfuzu deyil, onun əsaslandırılması müəyyən etməlidir.

Bilməklə inanmaq arasındakı əsas fərqlərdən biri də burada meydana çıxır.

Bilmək şübhəyə dözür. İnanmaq isə şübhəyə baxmayaraq davam edə bilər.

Bilmək skeptik yanaşır, inanmaq isə insanı skeptizmdən arındırmalıdır.

Əgər mənim iddiamı hansı faktın yanlış göstərə biləcəyini əvvəlcədən təsəvvür etmək mümkündürsə, mən öz fikrimi müəyyən mənada riskə atıram. Fakt mənim əleyhimə çıxarsa, mövqeyimi dəyişməliyəm. Elmi düşüncənin intellektual əxlaqı məhz budur ki, reallıq nəzəriyyəyə uyğun gəlmirsə, reallığı deyil, nəzəriyyəni dəyişmək lazımdır. İnanmaq kontekstində isə nəzəriyyəni dəyişmək “ xəyanət” hesab edilə bilər.

Riyazi həqiqətlər, tarixi bilik, hüquqi interpretasiya və fəlsəfi arqumentlər laboratoriyada empirik nəzəriyyələrlə eyni şəkildə yoxlanılmır. Lakin onların da əsaslandırılması müzakirəyə açıla, mənbələri yoxlanıla, arqumentləri tənqid edilə və səhvləri göstərilə bilər.

Din və teologiya ilə elm arasındakı epistemoloji fərq də bu nöqtədə aydınlaşır.

Dini öyrənmək əlbəttə ki, mümkündür. Dinin tarixini, müqəddəs mətnlərin yaranmasını, dini institutların inkişafını, teoloji doktrinaların formalaşmasını, onların hüquqa və cəmiyyətə təsirini elmi metodlarla araşdırmaq olar. Bunlar biliyin predmetidir.

Lakin “Tanrı vardır”, “bu mətn vəhydir”, “bu hökm ilahi mənşəlidir” kimi metafizik və iman əsaslı müddəalar isə başqa kateqoriyaya aiddir. İnsan onlara inana bilər, lakin onları təbiət elmlərindəki empirik iddialarla eyni metodla bildiyini göstərmək mümkün deyil. Bundan qaçmaqda fayda var.

Bu, həmin inancların mütləq yanlış olduğunu demək deyil. Buradan bu nəticə çıxarılmamalıdır.

Əksinə, burada çox mühüm bir incə fərq var ki, bir iddianın elmi bilik olmaması onun avtomatik olaraq yalan olması demək deyil. Sadəcə onun həqiqiliyinin müəyyənləşdirilməsi üçün istifadə edilən əsaslar elmi biliyin yoxlama mexanizmləri ilə eyni deyil.

Astrologiya, şüuraltı, motivasiya, potensializasiya, cadu və özünü hər mümkün nəticəyə uyğunlaşdıra bilən müxtəlif psevdobilik sistemlərində isə əlavə problem yaranır. Əgər bir iddia hansı hadisənin baş verməsindən asılı olmayaraq doğru elan edilə bilirsə, onun yanlışlığını göstərə biləcək heç bir mümkün vəziyyət yoxdursa, həmin iddia faktiki məlumat vermək baxımından ciddi epistemoloji problem daşıyır.

Eyni təhlükə fəlsəfə və ideologiya üçün də mövcuddur.

Marksın müəyyən iqtisadi və tarixi tezisləri müzakirə, yoxlama və tənqid predmeti ola bilər. Buna görə Marksın bütün irsini “bilik deyil” deyərək kənara atmaq düzgün olmazdı. Lakin marksizm və ya başqa hər hansı fəlsəfi-siyasi sistem özünü bütün mümkün əks faktlardan qoruyan qapalı doktrinaya çevrilirsə, artıq onun funksiyası dünyanı araşdırmaqdan çox əvvəlcədən qəbul edilmiş hökmü qorumağa çevrilir.

Aristotelizm üçün də problem Aristotelin özü deyildi. Problem Aristotelin müəyyən tarixi dövrlərdə mübahisə edilə bilən filosofdan mübahisəni bitirən avtoritetə çevrilməsi idi.

Çünki bilikdə avtoritet arqumentə tabedir, doqmada isə əksinə, arqument avtoritetə.

Buna görə əsas qarşıdurma yalnız elm ilə din, yaxud fəlsəfə ilə teologiya arasında deyil. Daha fundamental sərhəd bilmək iddiası ilə inanmaq aktı, açıq düşüncə ilə doqmatik hökm arasındadır.

Bilən deyir ki, “Bu qənaətə gəlməyimin səbəbləri bunlardır. Dəlillərimi yoxla. Arqumentimi tənqid et. Səhvimi göstərsən, mövqeyimi dəyişəcəyəm.”

İnanc isə deyə bilər: “Mən bunu doğru qəbul edirəm.”

Bilmək və inanmaq, bu iki parallel xəttdir, hansı ki heç bir zaman bir-biri ilə kəsişməyəcəkdir. İnanmağı elmlə, elmi isə inancla sübut etmək və ya inkar etmək bu müstəvidə araşdırmaq səmərəsiz və lüzumsuzdur.

Bu iki münasibətin insan həyatında yanaşı mövcud olması mümkündür. Problem insanın inanması deyil. Problem inandığını bildiyi kimi təqdim etməsi, yaxud inancını tənqid və sübut tələbindən azad edərək başqaları üçün məcburi həqiqətə çevirməsidir.

Elm, bilik son və dəyişməz həqiqət deyil. Əksinə, elmin unikallığı özünün səhv ola biləcəyini qəbul etməyindədir. Bugünkü bilik sabah daha yaxşı dəlillərlə düzəldilə bilər. Bir əsr və ya on əsr əvvəl bilik kimi qəbul edilən nəsnə bu gün tamamilə qəbul edilmiş yeni nəzəriyyə köhnəsini əvəz edə bilər.

Bilik dəyişə bildiyi üçün zəif deyil. Bilik dəyişə bildiyi üçün bilikdir.

Doqma isə dəyişmədiyi üçün güclü görünür. Halbuki onun dəyişməzliyi epistemoloji üstünlük deyil, özünü tənqidin nəticələrindən qoruma üsulu ola bilər.

Elmi dinlə, dini isə elmlə sübut etmək və ya inkar etmək mümkün və eyni zamanda doğru deyil. Elm bilməyə, digəri isə inanmağa əsaslıdır. Ona görə insan qarşısında duran seçim yalnız “elm, yoxsa din?” deyildir.

Daha fundamental sual budur: Mən bunu bilirəm, yoxsa buna inanıram?

Əgər bilirəmsə - nəyə əsasən? Əgər dəlilim dəyişərsə - fikrimi dəyişəcəyəmmi?

Əgər heç bir mümkün dəlil, sübut fikrimi dəyişdirə bilməyəcəksə - onda mən elmdən, bilikdən danışırammı?

Bəlkə də rasional düşüncə məhz bu üç sualdan başlayır.

# 264 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər