Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin apardığı işlər nəticəsində Anadolunun müxtəlif bölgələrindən vaxtilə qaçaq yolla aparılmış 100 tarixi əsər ABŞ-dən Türkiyəyə qaytarılıb.
Kulis.az xəbər verir ki, Burdurun Gölhisar rayonundakı Bubon Antik Şəhərindən qaçaq yolla çıxarılan Roma dövrü bürünc heykəllərinin qaytarılması 60 illik izləmənin ən mühüm nümunələrindən biri olub.
Qaçaqçılıqla Mübarizə İdarəsinin rəhbəri Zeynəb Boz bildirib ki, prosesdə 1960-cı illərin qazıntı qeydləri, muzey inventarları, eləcə də ilk qadın arxeoloqlardan Jalə İnanın 1973-cü il araşdırmaları mühüm əsas yaradıb.
Osmanlı dövründə başlanan səylərdən 98 il sonra, 2011-ci ildə geri qaytarılan Boğazköy Sfenksi və 1870-ci illərdə Henrix Şlimanın qazıntıları ilə aparılan Troya xəzinələri üzrə davam edən işlər uzunmüddətli mübarizənin tərkib hissəsidir.
Denver Muzeyi isə öz təşəbbüsü ilə aşkarladığı heykəl başının qaytarılmasını təklif edib.
Zeynəb Boz vurğulayıb ki, qaçaq qazıntılar yalnız fiziki mirasın deyil, həm də abidələrin arxeoloji kontekstindən ayrılması nəticəsində elmi məlumatların itirilməsinə səbəb olur.