Amerikalı məşhur rejissor Tim Börtonun 1992-ci ildə ekranlaşdırdığı “Batman Returns” ("Betmen qayıdır") filmindəki əfsanəvi “Batmobil” hərraca çıxarılacaq.
Kulis.az xəbər verir ki, avtomobilin 5-7 milyon dollar aralığında satılacağı proqnozlaşdırılır.
Təxminən 6 metr uzunluğunda olan və uzun illər Kaliforniyadakı Markoni Avtomobil Muzeyində nümayiş etdirilən maşın orijinal qara boyasını, "Chevrolet V-8" mühərrikini və uzaq məsafədən idarə olunan alovlu işlənmiş qaz sistemini qoruyub saxlayıb.
Avtomobil 1960-cı illərin serialındakı "Batmobil"in 2013-cü ildə müəyyənləşdirdiyi 4,6 milyon dollarlıq satış rekordunu yeniləyə bilər.
Lakin “Warner Bros.” ilə bağlanmış müqaviləyə əsasən, yeni sahibinin bu avtomobili ümumi istifadəli yollarda sürməsinə icazə verilməyəcək və ictimai sərgilər zamanı maşın yalnız hərəkətsiz vəziyyətdə nümayiş etdiriləcək.