Atalar və oğullar - Rüstəm Dastanoğlunun hekayəsi

Atalar və oğullar - Rüstəm Dastanoğlunun hekayəsi
16 noyabr 2026
# 09:56

Bu gün yazıçı Rüstəm Dastanoğlunun doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun "Atalar və oğullar" hekayəsini təqdim edir.

Orxan Fikrətoğluna

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Abbas kişinin bədəni qəlpələrlə dolu idi, yeriyəndə çətinliklə, əsa ilə yeriyirdi, həm də ruhi xəstə vəziyyətində idi.

... Tez-tez sayıqlamaları olurdu, demək olar ki, həmişə öz dünyasında idi.

Ağır müharibəni keçmişdi, əsir düşüb, min bir əziyyət, təsəvvürolunmaz işgəncələr görmüşdü, müharibədə yoldaşlarının, dostlarının ölümü gözünün qabağında olmuşdu. Ondan qat-qat yaşamağa haqqı çox olanlar həlak olmuşdular, işgəncələrə dözməyib ölənlər olmuşdu. Amma nədənsə, ona ölmək nəsib olmamışdı, hərdən bunun əziyyətini çəkirdi, o, ölüb gedən yoldaşlarının, dostlarının nə qədər xoşbəxt olduqlarını düşünürdü.

... Sonra da fikirləşirdi ki, yox, onun sağ qalmasının da, yəqin ki, bir mənası, bir anlamı var. O, ömrünü elə-belə bada verməməlidir. İndi o, təkcə öz ömrünü yaşamır, gözünün qabağında həlak olan bütün cəbhə yoldaşlarının da əvəzinə yaşayır. Əgər onun qismətinə sağ qalmaq düşübsə, nələrisə etməlidir.

... Öz-özünə danışırdı, öz-özünə suallar verirdi: nə deməkdir "onların əvəzinə yaşamaq", necə edə bilərəm ki, həm də onların əvəzinə yaşayım, heç öz əvəzimə düz-əməlli yaşaya bilirəm ki?...

... Sonra da özü ilə danışmağı davam edirdi, qarmaqarışıq, haqsız dünyanın reallıqlarını çözələyirdi.

... Doğrudanmı insan yer üzünün ən ağıllı, ən dərrakəli varlığıdır?!

Əgər insan deyilən məxluq bu cür davranışları ilə dünyanın ən ağıllı varlığıdırsa, onda ən ağılsız canlısı – varlığı hansıdır?!...

Hansı canlılar bir-birini bir belə qırırlar, bir-birinin axırına çıxmaq üçün öz boğazlarından, balalarının boğazlarından kəsib türlü-türlü silah-sursat istehsal edirlər? Bu işlərə ən məşhur alimləri cəlb edirlər, onlar üçün ən ideal şəraitlər yaradırlar. Bu yolda təsəvvürolunmaz pullar xərcləyirlər...?

... Bu necə olur axı?!...

... İnsanın guya ağılsız hesab etdiyi fillər, pələnglər, canavarlar, qarışqalar, bütün heyvanlar aləmi bir-birinə qarşı bu əməlləri edirlər?... Yox, etmirlər!... Deməli, ona görə etmirlər ki, onların ağlı yoxdur?!...

... İnsanın isə ağlı var və onun ağlı olduğundan bir-birinin axırına çıxırlar?!

... Bir-birinin axırına çıxmaq üçün nə qədər çeşidli kütləvi ölüm silahları hazırlayırlar: kimyəvi, bakterioloji, atom, hidrogen, lazer və s.

... Kimə lazımdır bu cür ağlın olması?!...

Böyük Vətənimiz – Yer kürəsinə qarşı münasibətdə heyvanat aləmi "ağıllı" insanlar aləmindən daha ağıllı davranmırmı?

... Yer kürəmizdə, kainatımızda baş verən pisə doğru dəyişikliklərə səbəb olanlar ancaq və ancaq ağıllı hesab olunan insanlar, xüsusilə də inkişaf etmiş hesab olunan dövlətlər deyilmi? Geridə qalmış hesab olunan Afrika ölkələri, Asiya ölkələri gündüzdən axşama kimi arvadlı-uşaqlı torpaqda işləməklə, ailə, məişət işləri ilə məşğul olmaqla öz kasıbçılıqlarını etmirlərmi?

Ekologiya-filan deyilənləri pozmurlar ki? – Yox! Pozanlar kimlərdir? – "İnkişaf etmişlər" adlananlar. Nə bilim, sənaye adı altında istehsalları ilə, digər saysız-hesabsız "inkişaf etmiş" sahələri ilə, hər tərəfdə yaratdıqları müharibələrlə Allahın bəxş etdiklərini hey dağıda-dağıda getmirlərmi?

... Abbas öz-özünə danışırdı, hərdən belə qənaətə gəlirdi ki, yəqin mənim sağ qalmağımın əsas səbəbi ondan ibarətdir ki, bütün bunları fikrimdən keçirirəm, dilə gətirirəm. Onda cəbhədə ayrı-ayrı şəraitlərdə həlak olmuş cəbhə yoldaşlarımın ruhları, yəqin ki, şad olur. Onların gəldikləri qənaəti, amma dilə gətirmək imkanları olmayanların fikrini onların əvəzinə də mən dilə gətirməliyəm, başqa əlimdən nə gəlir ki?

... Oğlu Bəhram atasının belə danışıqlarına çoxdan vərdiş etmişdi, onun düşüncələrinə, yanaşmalarına, bilirdi ki, heç cür təsir etmək gücündə deyildi.

... Oğlan orta məktəbi yaxşı oxumuşdu, böyük arzuları, planları var idi... amma atasını tək qoyub harasa gedə bilmirdi... Və bu haqda düşünməmişdi də. Atası müharibədən qayıdanda onun haradasa 8-9 yaşı vardı.

... Anasını itirəndə 14 yaşı olardı. Oğlan indi fikirləşirdi ki, anasının dünyasını tez dəyişməsinə əsas səbəb, yəqin ki, müharibənin atasını bu hala salmasına dözə bilməməsi olub.

Ondan böyük bacısı – artıq yadından da çıxmışdı – neçə illər bundan əvvəl atasının uzaq qohumlarından İbrahimlə ailə qurub Rusiyada yaşamağa getmişdilər.

... Bəhram atasının müharibədən qayıdandan sonra qazandığı xəstəliklərə, bədənindəki güllə, mərmi qalıqlarına, izlərinə çoxdan öyrəşmişdi. Atasının istənilən hərəkətindən, baxışından, əlaqəli, bəzən də əlaqəsiz danışıqlarından nə istədiyini o dəqiqə bilirdi, heç özü də hiss etmədən atası ilə sanki bütövləşmişdi, atasının yanında olmayanda belə, məsafədən onun özünü necə aparmasını hiss edirdi, duyurdu.

Artıq o, atasından – varlığının bir parçasından ayrılıb harasa gedə bilmirdi, istəsə də, bacarmırdı. Bir neçə dəfə bibisi qardaşına baxacağını deyib, onu oğlu ilə qonşu kənddəki evlərinə göndərmişdi ki, uşağın bir az eyni açılsın. Amma oğlan qala bilməmişdi, atasından ayrı yaşaması heç cür alınmırdı.

Atası ilə yaşaya-yaşaya oğlan çox şey öyrənmişdi; evdə səliqə-səhman yaradırdı, öz yerini, atasının yerini yığışdırırdı, hara lazımdırsa oraları süpürürdü, dükana gedirdi, bazarlıq edirdi, yemək bişirirdi, atasına yemək verirdi, qabları yuyurdu, atasını çimizdirirdi, onu meşəyə doğru gəzməyə aparırdı. Atasının təqaüdünü, dərmanlarını alırdı. Bir sözlə, evlə, atası ilə, özü ilə bağlı nə işlər olurdusa, hamısını yerbəyer edirdi.

... Atası Qarabağ müharibəsinə tarix müəllimliyini yarımçıq qoyub könüllü getmişdi. Demişdi ki, mən dərs keçdiyim uşaqların üzünə baxa bilmirəm. Əsl tarix torpağımızda yazılır, mən uşaqlara yalançı tarix dərsi keçə bilmirəm. Müharibəyə getmişdi və 6-7 aydan sonra bu vəziyyətdə qayıtmışdı.... Və artıq aşağı-yuxarı 30 il idi ki, atası eyni vəziyyətdə idi.... Oğlu da atası ilə bağlı, dünyada gedən müharibələrlə bağlı, özü ilə, rəhmətlik anası ilə və ümumiyyətlə, ağlına gələn hər şeylə bağlı götür-qoylar edirdi, amma gəlib bir yana çıxa bilmirdi.

... Bəhram balaca olanda babası iştirak etdiyi II Dünya müharibəsindən danışanda bütün bunlar ona nağıl kimi gəlirdi, fikirləşirdi ki, insanlar, dövlətlər necə ağılsız, savadsız, geridə qalan olublar ki, belə müharibələr ediblər, on milyonlarla insan bu müharibələrdə həlak olub, saysız-hesabsız şəhərlər, kəndlər, məktəblər, zavodlar, fabriklər darmadağın olub.

... Bu cür dəhşətli faciələrdən sonra nə vaxtsa müharibələrin olmasını və hətta onun özünün bu baş verəcək müharibələri görəcəyini heç vaxt ağlına gətirə bilməzdi.

... Deməli, müharibələrin olması ağılla, savadla, saysız-hesabsız elm mərkəzlərinin, universitetlərin yaranması ilə bağlı deyilmiş. Əksinə, bu sahələr inkişaf etdikcə müharibələrin dağıdıcı qüvvəsi daha da artırmış.

... Və get-gedə dünyada müharibələrin olmasını, insanların bir-birini kütləvi surətdə qırmasını bizlərə öyrəşdirməyə, adiləşdirməyə başladılar. İndi hava haqqında verilən məlumat kimi, müharibə xəbərlərini də adiləşdiriblər.

... Bəhram öz-özünə sual verirdi: mən təhsil dalınca universitetlərə getməliyəmmi, yoxsa həmin təhsilli adamların törətdiyi müharibələr nəticəsində bu günə düşən atamın qulluğundamı durmalıyam?!...

... Müharibə atasının, onun, anasının və onun kimi saysız-hesabsız insanların həyatını məhv etmişdi.

... Atası savadlı tarix müəllimi idi. Anası – yaxşı yadında idi – danışırdı ki, atasının o qədər saysız-hesabsız arzuları var idi ki, uşaqları – ailəsi ilə bağlı, onunla – oğlu Bəhramla bağlı, qızı ilə bağlı, özü ilə bağlı.

... Bəhram orta məktəbi çox yaxşı oxuyurdu, bütün kənd müəllimləri onu tərifləyirdilər, atası da oğlunun şərəfinə söylənən təriflərdən çox qürrələnərdi, oğlu ilə fəxr edərdi. Deyərdi ki, mənim ən böyük əsərim o, oğlum Bəhram olacaq.

Bütün bunları Bəhram atasından yox, anasından eşitmişdi, hansı ki, neçə illər idi, həmişəlik ondan ayrılmışdı...

... "Həmişəlik" deyirdi... amma oğlan hərdən bütün varlığı ilə anasını həndəvərində hiss edirdi. Və bütün varlığı ilə bunun reallıq olduğuna inanırdı. İnanırdı və hiss edirdi, duyurdu. Onun hərəkətlərinə, halına uyğun olaraq anasının halının necə dəyişdiyini bütün varlığı ilə hiss edirdi, duyurdu.

... Və o, çox istəyirdi ki, anası həmişə ondan razı qalsın, onu narazı, nigaran qoymasın.

... O, atasının qulluğunda duranda baxmadan, görmədən hiss edirdi ki, anası ondan razı qalırdı. Sanki bir az da həsədlə baxırdı ki, oğlunun yerinə atasının qulluğunda o duraydı.
Bütün bunlar Bəhram üçün dünyanın hər şeyindən vacib idi; onun oxumağından da, alacağı təhsildən də, qazanacağı puldan da, tikəcəyi evdən də.

... Atasının qulluğunda duranda həndəvərində olan anasının ruhu rahat olurdu, oğlanın özü rahat olurdu, özünü çox xoşbəxt hiss edirdi.... Ta ki II Qarabağ müharibəsi başlayana kimi...II Qarabağ müharibəsi başlayandan o yaranmış bütövlüyə, formalaşmış, varlığına hopmuş düzənə bir çat düşmüşdü. Artıq anasının ruhu da elə bil ondan uzaq düşmüşdü, onun varlığını hiss etmirdi, beyni daha çox başqa şeylərlə, qapısının ağzını kəsmiş müharibə ilə məşğul idi.... Müharibənin başlanması xəbərini atası, necəsə, elə həmin gün eşitmişdi. Gözlərini sual dolu baxışlarla hərdən onun üzünə zilləyirdi ki, oğlum Bəhram, müharibə gəldi, səni də haqladı, biz onu heyif ki, qalibiyyətlə yekunlaşdıra bilmədik, bu yük sizin üstünüzə düşdü. Nə edəcəksən?! Nə edəcəksiniz?!.. Məni fikirləşmə... onu fikirləşin ki, bu müharibə sizin övladlarınıza qalmasın. Biz bacarmadıq, oğul. Amma gərək siz bacarasınız! Atası səssiz-səmirsiz onunla belə söhbətlər edirdi və o, atasının ürəyindən keçənləri öz ürəyindən keçənlər kimi hiss edirdi.

... Bəhram atasına da Vətən kimi baxırdı və düşünürdü ki, belə bir vəziyyətdə atasına sahib çıxa bilməyən oğul Vətəninə də sahib çıxa bilməzdi.... Belə bir reallıqların içində idi və bilirdi ki, bunun həllini o tapmalıydı: həm atasından tam rahat olmalı idi, həm də özünün və atasının arzusunu yerinə yetirib Vətəninin azadlığı uğrunda başlanan müharibəyə qatılmalı idi.İnanırdı ki, bu həllolunmaz məsələni həll etmək onun bacarığından kənar olsa da, bir həll yolu tapılacaq.

Özünü buna tam inandırmışdı.

Və sanki daha çox inandıqca, bu problemin həlli yolu da ona daha çox yaxınlaşırdı.

... Atası narahat olduğundan, hey özü-özü ilə danışdığından, sual dolu baxışlarla – yəni nə vaxt müharibəyə gedirsən? – hərdən gözlərini ona dikib baxdığından Bəhram çox gec yatmışdı, ona görə də saat artıq 10-a qalırdı, o isə hələ də yuxudan durmamışdı. Yuxudan onu maşın səsi oyatdı, QAZ-52 maşını onların qapısının ağzında dayanmışdı, içindən haradasa atası yaşında, səsli-küylü bir əlil kişi düşdü. Ondan sonra sükanın arxasından bir cavan oğlan yerə hoppandı. Atasının adını çəkib kişi qışqırdı ki, Abbas qardaşımın evi budurmu? Kim var evdə, çıx görüm.

Oğlan tez durub şalvarını, köynəyini əyninə keçirdi, çölə – kişinin qabağına çıxdı. Salam verdi, xoş gəldiniz dedi, Abbas kişinin evinin bura olduğunu bildirdi, buyurun içəri keçin, dedi.

... Kişi: – Deməli, sən Abbas kişinin oğlu Bəhramsan, – dedi, – ay maşallah, – deyib, onu qucaqladı, o üzündən, bu üzündən, sonda da alnından öpdü.

– Oğlum Abbasla tanış ol, – dedi, – səninlə yaşıddır yəqin.

– Mən gör neçə illər əvvəl bura, bu evə gələndə sən bapbalaca uşaq idin, aşırtmalı şalvar geyinirdin, maşallah, indi yekə, çox ciddi bir kişi olmusan.

... Haradadır mənim qəhrəman qardaşım Abbas, oğlumun adını da onun şərəfinə Abbas qoymuşam. Sənin atan mənim qardaşım qəhrəmandır, qəhrəman, sən biləsən.

... İçəri girdi, atamı gördü, kövrəldi, amma atama hiss etdirmədi.– Qardaşım, qəhrəman Abbas, mənim bu gün yaşamağımın səbəbkarı Abbas, necəsən? Maşallah, çox yaxşısan, oğlun, igid Bəhramın sənə çox yaxşı baxıb, – deyib qıçını çəkə-çəkə atama tərəf yaxınlaşdı. Atamı möhkəm-möhkəm qucaqladı, atam da: – Abdulla! – deyib dikəldi, qucaqlaşdılar və bir xeyli bu vəziyyətdə qaldılar.
Abdulla əmi: – Ay Abbas, Abbas! – deyirdi, atamı möhkəm qucaqlamışdı və əməlli-başlı kövrəlmişdi.... Bir xeyli vaxtdan sonra bir-birindən ayrıldılar, mən Abbasla köməkləşib onlara çay dəmləyib süzmüşdük, özüm hazırladığım meşə qarağatından mürəbbə qoymuşdum. Abdulla atama deyirdi ki, heç soruşmursan, neçə illərdən sonra necə olub ki, birdən-birə səni yad etmişəm.

... Yuxumda, özü də bir gün yox, bir neçə gün dalbadal səni gördüm, görürdüm ki, qardaşım Abbas çıxılmaz vəziyyətdədir, qıvrılır o yana, bu yana. Soraqlaşdım, öyrəndim vəziyyətin nə yerdə olduğunu. Mənim igid qardaşım oğlu Bəhramın necə iki yolun ayrıcında qaldığını öyrəndim.... Bax belə, oğlum Abbası da götürüb gəldim. İndi igid oğullarımız gedəcəklər atalarının qələbə ilə yekunlaşdıra bilmədikləri müharibəni Böyük Qələbə ilə yekunlaşdırmağa.... Bəhram, mən də qardaşım Abbası aparacağam bizə, yengəsi onun qulluğunda duracaq, biz də baş-başa verib, bir-birimizə dayaq ola-ola siz oğulların qələbə müjdəli xəbərlərini gözləyəcəyik. Bizdən heç narahat olmayın, bu günlər nədir ki? Biz cəhənnəmin zülmətlərindən keçmişik. Və bu günləri də rahat keçəcəyik, sağ-salamat sizin yolunuzu gözləyəcəyik.

... Bəhram bala, inşallah, gələndə gümrah atanı məndən istə. Biz də sizdən azad olunmuş torpaqlarımızı istəyəcəyik.

... Sabah tezdən yollanırsınız rayon mərkəzinə, oradan da hərbi komissarlığa. Əsgərliyinizi çəkmisiniz, xırda toqquşmalarda iştirak etmisiniz, inşallah, müharibə sizin üçün çətin olmayacaq.

... Bəhram yerində donub qalmışdı, elə bil belə bir şeyin olacağını o əvvəlcədən görmüşdü. Atasının doğma bacısı Sürəyya bibisi gəlib atasının yanında qalmaq istəsəydi, elə də razı olmazdı, özünü rahat hiss etməzdi. Amma bir yerdə I Qarabağ müharibəsini keçmiş, bir-birinə sahib çıxmış köhnə dostların, qardaşların baş-başa verib həvəslə, ruh yüksəkliyi ilə yaşayacaqlarına tam inanırdı.

Və bunu Abdulla əmisi də dilə gətirdi:

– Qardaşımın oğlu Bəhram, atandan tam arxayın ol, fikrin arxada qalmasın.

... Son günlər atalar oğullarından bir xəbər tuta bilmirdilər, amma torpaqların azad olması ilə bağlı ardıcıl xəbərləri alırdılar, bu xəbərlər onları çox xoşbəxt edirdi... sanki onlar da oğulları ilə birlikdə qanlı müharibədə, torpaqların azad olunmasında iştirak edirdilər......

Və Abbas kişi həm də ona görə çox xoşbəxt idi ki, niyə sağ qalmağının səbəbini tapmışdı: həlak olmuş cəbhə yoldaşlarına Böyük Qələbə xəbərini o çatdıracaqdı.

Səbirsizliklə görüş gününü gözləyirdi...

# 694 dəfə oxunub

Oxşar xəbərlər

Tavriya - Ulucay Akifin yeni hekayəsi

Tavriya - Ulucay Akifin yeni hekayəsi

12:09 24 noyabr 2026
"Gəlin, birini sağ buraxaq ki, tənha qalsın..." - Arundati Royun "Kiçik şeylərin Tanrısı"ndan sitatlar

"Gəlin, birini sağ buraxaq ki, tənha qalsın..." - Arundati Royun "Kiçik şeylərin Tanrısı"ndan sitatlar

10:00 24 noyabr 2026
"Gələcəyin dərdinə qalmaq lazımdır..." - Biz hamımız Qafqaz balalarıyıq

"Gələcəyin dərdinə qalmaq lazımdır..." - Biz hamımız Qafqaz balalarıyıq

16:00 23 noyabr 2026
Görüş - Şahmarın hekayəsi

Görüş - Şahmarın hekayəsi

11:29 22 noyabr 2026
"Bu, dünya tarixinin sonuncu fəslidir..." - Heynrix von Kleistin sitatları

"Bu, dünya tarixinin sonuncu fəslidir..." - Heynrix von Kleistin sitatları

14:42 21 noyabr 2026
"İnsan etmədiyi bütün yaxşılıqlara görə günahkardır..." - Fransua Volterdən aforizmlər

"İnsan etmədiyi bütün yaxşılıqlara görə günahkardır..." - Fransua Volterdən aforizmlər

14:00 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər