Oxumaq üçün intihar edən 17 yaşlı qızın ayıbı

Oxumaq üçün intihar edən 17 yaşlı qızın ayıbı
1 avqust 2019
# 10:10

Bir var yeniyetmə qız desin ki, filankəsə yox, filankəsə ərə gedirəm.

Başa düşmək olar.

Valideynləri də yığışıb məsləhət eləsinlər ki, yox, filan-filan şərtlərə görə, filankəslə yox, filankəslə ailə qurmalısan.

Bu da başadüşüləndir.

Lap belə kiminlə ailə qurmaq üstündə evdə dava-mərəkə qopsa da anlamaq olar.

Amma yeniyetmə qız “ailə qurmaq istəmirəm, oxumaq istəyirəm” deyirsə, türklər demiş, külahlar dəyişir.

Bu məqamda valideynləri anlamaq imkansızdır.

İllah da oxumaq arzusunda olan qız hələ orta məktəbi bitirməyibsə və 17 yaşı varsa...

Üstəlik, 17 yaşlı qız orta əsr feodalizmindən qalan valideyn despotizmindən xilas olmaq üçün bir dəfə evdən Bakıya, məhz oxumaq üçün qaçıbsa...

Bu sevgini, bu israrı görüb də, adam, deyil öz övladı, lap yeddi köynək yad olsun, lap düşmən uşağı olsun, ona necə qıyar?

Ay namərdlər?!

Hansı zamanda yaşayırıq, beyniniz hara işləyir, heç olmasa Xoşqədəm xanımın verilişlərinə də baxmırsınız?

Braziliyanın, Türkiyənin, Azərbaycanın yaxşı-yaman seriallarını da izləmirsiniz?

Adam da ərə getməyib oxumaq istəyən övladını intiharacan qovalayar?

Adam da öz canının bir parçasını bu qədər bezdirər?

Nə etməli?

Ölənlər, özünə qıyanlar geri qayıtmır, barı yol üstə olanları saxlayaq, onları bu yoldan daşındıraq.

Amma necə?

Bəlkə bu cür incə və munis ailə-məişət mübahisələrinin sosial mahiyyət alması və faciə ilə nəticələnməməsi üçün xüsusi institut yaradılmalıdır.

Misal üçün, yanğın və cinayət xəbərləri üçün təyin edilmiş müvafiq telefon nömrələri kimi qaynar xətt açılsın, ən kritik anda hüququ pozulan uşaqlar, cavanlar, qocalar, yaxud hadisə şahidləri ora müraciət etsin?

Həmin institut lazım gələrsə, anonimliyi qorumaq şərti ilə mütəxəssislərdən ibarət bir qrupla ailələrdə olsun, haqlını haqlı olduğuna, haqsızı haqsız olduğuna inandırsın.

Azərbaycanda bir çox ailələr öz problemlərini məhz sosiallaşdırmaqdan qorxduqları üçün gizləyirlər.

Cidanı isə çuvalda gizləmək olmur.

O əvvəl-axır və daha ağır formada üzə çıxır.

Bəlkə bu sahə ilə məşğul olan çoxsaylı qeyri-hökumət təşkilatı dövlətin aidiyyatı qurumları ilə məsləhətləşib daha ciddi, daha praktiki addım atsın.

Azərbaycan balaca və az-çox oxumuş ölkədir.

Yəni bu gün kitabdan, teatrdan və kinodan nə qədər uzaq olsaq da cahilliyin bu dərəcəsini haqq etmirik.

Ki gənc və gözəl qızımızı oxumaqdan zorla aralayıb ər evinə, alınmasa gor evinə göndərək.

Ayıbdır.

Bütün ölkə adına...

# 12374 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər