“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri
7 oktyabr 2026
# 10:30

Kulis.az Qönçəgül Kamalqızının şeirlərini təqdim edir.

Qocalıram, ay ana

Qocalıram, ay ana.
Dönüb-dönüb baxıram sən getdiyin yollara,
Hərdən layla deyirəm,
Səsim gəlirmi ora?
Ordan necə görünür bu yer üzü, bu torpaq?
Mənim qara saçlarım ağarır yavaş-yavaş,
Sənə nə vaxt çatacaq?
Hərdən də kədərlənib özümü ağlayıram.
Hədər gedən ömrümə,
Sənsiz keçən günümə,
Yazılan qədərimə...
Səsini axtarıram,
Darıxıram, ay ana,
Səni sənsiz sıxılan köksümdə saxlayıram.
Bişirdiyin yeməyin dadı damağımdadır,
Danışdığın nağıllar hələ qulağımdadır.
Amma göydən üç alma düşmür nağılın sonunda,
Ağ qoç qara qoçlara məğlub olur oyunda.
Darıxıram, ay ana, gəl bir azca danışaq,
Zaman dursun, dayansın, bircə anlıq qovuşaq.
Göyün neçə qatı var?
Mizanı təzədirmi?
İmtahanı əzablı,
Cənnəti gözəldirmi?
Yer üzü dəyişməyib,
Şair deyən kimidir.
Dünya köhnə dünyadır,
Sevgiləri təzədir.
Görüşdən gələni var,
Görüşə gedəni var,
Bir də yerdən göylərə gedib dönməyəni var.
Qocalıram, ay ana,
Saçımın hər telinin ayrı-ayrı dərdi var:
Biri sınıq qəlbimin,
Biri sevdiklərimin,
Biri yorğun ömrümün
Nişanəsi, izidir.
Deyim, xəbərin olsun,
Analar qızlarının
Ruhu, görən gözüdür.
Darıxıram, ay ana,
Bilirsənmi, hardayam?
Evimin olmadığı,
Yurdumun qalmadığı,
Dizimin qanadığı,
Sənin ətrin qoxuyan,
İndi hər kəsin olub,
Təkcə bizim olmayan,
Torpağın ayaq altdan qaçdığı o yerdəyəm.
Atamın gəncliyinin qocaldığı yerdəyəm.
Dönüb-dönüb baxıram sən getdiyin yollara,
Hərdən layla deyirəm, səsim gəlirmi ora?

Yeddi fidan

Biz yeddi fidan idik,
Yeddi çiçək, yeddi gül.
Atam kölgəmiz idi,
Anam güvənc yerimiz.

Qəfil bir külək əsdi,
Xəzan oldu ömrümüz.
Sarı payıza döndü
Rəngli bahar çağımız.

Əvvəl evimiz öldü,
Sonra güllü bağçamız.
Yataqxana küncünə
Sığdı arzularımız.

Qovhaqov yordu bizi,
Yönümüzü itirdik.
Kibrit qutularında
Bir həyatı bitirdik.

Sonra atam da öldü,
Sonra anam da getdi,
Sonra bacım da öldü,
Pərən-pərən düşdük.

Sonra bizi bölüşüb,
Hamı bizdən pay tutdu.
Hər kəsə qucaq açdıq,
Özgələrə yetişdik.

Birinin kədərinə,
Birinin sevincinə,
Biz hamıya tələsdik,
Bircə bizə gec qaldıq,
Bircə bizə gecikdik.

İndi xatirələrim
Yanan ocağa dönüb.
Ərşə qalxıb tüstüsü,
Məni mənə küsdürüb.

Nə yerdəyəm, nə göydə,
Atamı çağırıram, anamı səsləyirəm.
Gedənlər geri gəlmir, yolların gözləyirəm.
Deyirəm ki, İlahi,
Atam göydən baxırmı?
Anam bizi görürmü?
Heç ağlımdan çıxmır ki,
Görən, anam bacımın saçlarını hörürmü?

Bir möcüzə ola kaş,
Atam səsimi duya,
Məni bağrına basa,
Anam da layla deyə.

Layla deyirəm, su gəlsin,
Balamın yuxusu gəlsin.
Uca-uca göylərdən,
Yaşıl-yaşıl cənnətdən,
Qapqara torpaqlardan,
Balamın atası gəlsin,
Balamın bacısı gəlsin,
Balamın anası gəlsin.

Biz yeddi fidan idik,
Yeddi çiçək, yeddi gül.
Soldu yarpaqlarımız,
Soldu ləçəklərimiz,
Dağdağandan asılı qaldı diləklərimiz.

Səni məndən soruşdular

Səni məndən soruşdular, dedim ki:
Küsüb getdi doymadığım sevgimdən.
Səni məndən soruşdular, dedim ki:
Çin olmayan arzuları asıb getdi gözümdən.

Məni məndən soruşdular, dedim ki:
Dəyişmişəm, əvvəlki mən deyiləm.
O gedəndən bulud kimi dolmuşam,
Bahar çağı sarı payız kimiyəm.

Səni məndən soruşdular, dedim ki:
Qar yağdırdı güvəndiyim dağlara.
Tükənməyən sevgisini bitirib,
Qırov kimi həsrət səpdi yollara.

Məni məndən soruşdular, dedim ki:
O gedəndən buz bağlayıb donuram.
Saçlarım da həsrət qalıb sığala,
Geri dönmür, yola baxıb gözlərimi yoruram.

Səni məndən soruşdular, dedim ki:
Ürəyinə yük olmuşdum, deyəsən.
Mənsiz ala bilmədiyi nəfəsi,
Başqasını isidəcək, deyəsən.

Məni məndən soruşdular, dedim ki:
Bu nağılın sonu hüsranla bitdi.
Yerə-göyə sığışmayan sevgimiz,
Bir rüzgarın ovuclarında itdi.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər