Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir

Bizə "ölümün adamları" deyirlər...  - Məşhur seneqallı şairdən şeir
9 oktyabr 2026
# 14:00

Bu gün seneqallı şair, siyasətçi Leopold Sedar Senqhorun doğum günüdür.

Kulis.az onun məşhur "Maskalara dua" şeirini təqdim edir.

Maskalar! Ey maskalar!

Qara maska, qırmızı maska, siz ey ağ-qara maskalar,

Ruhun nəfəs aldığı dördbucaq maskalar,

Sizi sükut içində salamlayıram!

Və səni də, bəbir başlı əcdadım...

Sən qoruyursan qadın gülüşünə,

hər bir fani təbəssümə qapalı olan bu məkanı...

Sən saflaşdırırsan əbədiyyət havasını

atalarımın nəfəsini aldığım bu yerdə.

Maskasız çöhrələrin maskaları,

qırışlardan və çuxurlardan azad olanlar...

Siz yaratmısınız bu surəti, ağ vərəqin mehrabı önünə

əyilən üzümü.

Öz surətinizin naminə, eşidin məni!

İndi ki, despotizmin Afrikası can verir –

acınacaqlı bir şahzadənin can çəkişməsidir bu...

Eynən göbək bağı ilə bağlı olduğu Avropa kimi.

İndi çevirin hərəkətsiz gözlərinizi

çağırışa gələn övladlarınıza tərəf!

Onlar ki fəda edirlər həyatlarını

yoxsulun son libasını verdiyi tək...

Təki bundan belə dünyanın yenidən doğuluşunda

“buradayıq” deyə hayqıraq, ağ unun möhtac olduğu maya tək.

Çünki başqa kim ritm öyrədə bilər

maşınlardan və toplardan ölmüş bu dünyaya?

Başqa kim sevinc nidası qopara bilər ki,

ölüləri və müdrikləri yeni şəfəqdə oyatmaq üçün?

Söyləyin, ümidi param-parça olmuş insanlara

daha kim qaytara bilər həyatın yaddaşını?

Bizə "pambıqbaşlar" "qəhvə adamları" və "neft adamları" deyirlər,

Bizə "ölümün adamları" deyirlər...

Lakin biz "rəqsin adamları"yıq,

ayaqları yalnız sərt torpağı döydükcə güc alan kəslərik...

Türk dilindən sətri tərcümə: Aydan Ağayeva

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər