Bu gün avstiyalı psixoanalitik, Ziqmund Freydin qızı Anna Freydin anım günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Güc və inamı həmişə kənarda axtarırdım, halbuki onlar insanın daxilindən qaynaqlanır. Onlar hər zaman ordadır.
***
Yaradıcı təfəkkürün hər cür yarıtmaz təhsil və tərbiyənin öhdəsindən gəldiyi hamıya məlumdur.
***
Bəzən ən gözəl şey, məhz gözlənilmədən və heç bir zəhmət çəkmədən qapımızı döyəndir.
***
Yuxularımızda yumurtaları istədiyimiz kimi bişirə bilərik, lakin onları yeyə bilmərik.
***
İnsanların gözlədiyi kimi, uşaq müharibənin gətirdiyi dəhşətlərdən instinktiv bir qorxu ilə üz döndərmək əvəzinə, ona qarşı ibtidai bir maraq və həyəcan duya bilər. Əsl təhlükə heç də məsum halda müharibə burulğanına düşən uşağın şoka düşüb xəstələnməsi deyil. Təhlükə ondadır ki, xarici aləmdə tüğyan edən dağıntı uşağın daxilindəki çox real olan təcavüzkarlıqla birləşə bilər.
***
Ətrafında heç olmasa işlərin ürəyincə nizamlandığı kiçik bir dairə yarat.
***
Həyatda yetkinlik yaşına çatmış oğul və ya qızın öz azadlığını əldə etməyə çalışdığı dövrlə üzləşmək qədər çətin olan vəziyyətlər çox azdır.
***
Artıq heç nəyi deməkdən qorxmuram.
***
Biz təlatümlü və dərindən araşdırılmış keçmişlə zəhmətimizi gözləyən gələcək arasında sıxılıb qalmışıq.
***
Hətta aşiq olmağın təbii halında belə insanın intellektual imkanları zəifləyir və mühakiməsi həmişəkindən daha etibarsız olur. İnsanın instinktiv istəklərini təmin etmək arzusu nə qədər güclü olarsa, adətən, həmin istəkləri dərk etmək və cilovlamaq üçün zəkasından istifadə etməyə bir o qədər az meyil göstərir.
***
Nevrotik simptomların mövcudluğu belə "mən"in məğlubiyyətə uğradığından xəbər verir.
***
Başqalarına qarşı dözümsüzlük insanın özünə qarşı tələbkarlığını qabaqlayır. "Mən" qınağa layiq olduğunu anlayır, lakin bu müdafiə mexanizmi vasitəsilə xoşagəlməz özünütənqiddən qorunur. Başqalarının yanlış hərəkətlərinə qarşı duyulan güclü hiddət insanın özünə qarşı olan günahkarlıq hissini qabaqlayır və onu əvəzləyir. Öz günahını dərk etmə məqamı yaxınlaşdıqda "mən"in qəzəbi avtomatik olaraq artır.
Rus dilindən tərcümə: Aydan Ağayeva