Kulis.az ədəbiyyatşünas alim Mətanət Vahidin ədəbiyyat üzrə Nobel mükafatı ilə bağlı fikirlərini təqdim edir.
Ədəbi mükafatlar bədii əsər müəlliflərinin uğurlarına diqqət yönləndirmək, bir növ, onları həvəsləndirmək, işlərini stimullaşdırmaq, dəyər vermək üçün təsis olunur. Konkret qaydalar əsasında hazırlanmış nizamnamə çərçivəsində münsiflər və ekspertlər tərəfindən müəyyənləşdirilən qaliblər sonda əsasən, pul, bəzən isə simvolik olaraq diplom, medal, yaxud heykəlcik kimi prizlərlə mükafatlandırılırlar.
Mütəxəssislər müsabiqələrin təşkilinin daha çox “ədəbiyyat bazarı”nın işinə müsbət təsir etmək funksiyası daşıdığını qeyd edirlər: müsabiqə kitabın böyük tirajla satılmasına rəvac verdiyindən müxtəlif qrupların maraqlarına xidmət edən bəzi ədəbi müsabiqələrdə bu işdən karlı çıxan, əsasən, naşirlər olur. Bununla belə, miqyasından asılı olmayaraq, istənilən müsabiqə ədəbi prosesdə müəyyən bir canlanma yaradır: analiz və təhlillərin aparılmasına, müzakirələrin qızışmasına səbəb olur ki, məsələlər əgər ədəbiyyat sərhədlərini aşıb şəxsi müstəviyə gətirilməzsə, hər bir halda, ədəbiyyatın xeyrinə işləyir.
Dünyada ən nüfuzlu hesab olunan, ən çox müzakirə və tənqid obyektinə çevrilən mükafatlardan biri 1901-ci ildə təsis edilmiş Nobel adına ədəbiyyat mükafatıdır. İsveçli kimyaçı-mühəndis, alim Alfred Bernhard Nobel tərəfindən təsis edilmiş Nobel mükafatı üzərində təsisçinin təsviri olan medal, diplom və çekdən ibarətdir; pul mükafatının məbləği Nobel komitəsinin gəlirlərindən asılıdır.
Belə ki, A.Nobelin 1895-ci il 27 noyabr tarixində hazırlanmış vəsiyyətinə əsasən, onun 31 milyon isveç kronundan ibarət kapitalı aksiya və istiqrazlara yatırılıb və hər il ondan əldə olunan gəlirlər beş bərabər hissəyə ayrılaraq, mükafatlara xərclənir. 1901-ci ilin 10 dekabr tarixində ilk laureat olan fransız şairi Rene Sülli-Prüdoma təqdim edilmiş mükafatın məbləği 150 min isveç kronu təşkil edirdi.
2011-ci ildə Nobel mükafatının məbləği 10 milyon İsveç kronuna çatmışdı. 2012-ci ildə isə Nobel Fondunun kapitalını uzunmüddətli perspektivdə qorumaq məqsədilə mükafatın məbləği 8 milyon krona endirildi. Sonrakı illərdə məbləğ yenidən artırıldı və 2025-ci ildə 11 milyon, bu il isə 12 milyon İsveç kronu müəyyən edildi.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatlara, ənənəvi olaraq, təsisçinin vəfatının ildönümündə - dekabrın 10-da Stokholmda keçirilən mərasimdə İsveç kralı tərəfindən təqdim olunur. Nobel Fondunun əsasnaməsinə əsasən, təltifdən 6 ay sonra laureat mükafatlandırılmış işi ilə əlaqəli mövzuda mühazirə ilə çıxış etməlidir.
Nobel mükafatlarının təqdimetmə mərasimindən sonra Stokholm meriyasının Mavi zalında təxminən 1300 nəfərin iştirakı ilə ənənəvi banket təşkil olunur. Bu mərasim özünəməxsus qaydaları və uzun illərdir qorunan ənənələri ilə seçilir. 2012-ci ildə isveçli rejissor Peter Flinth banket zamanı baş verən qətl hadisəsini süjet xəttinə çevirən “Nobelin son vəsiyyəti” ("Nobels testamente") adlı kriminal film çəkib.
Nobel Fondunun nizamnaməsinə əsasən, ədəbiyyat üzrə Nobel mükafatına namizədləri İsveç Akademiyası və digər akademiyaların, analoji məqsəd və vəzifələri olan institut və cəmiyyətlərin üzvləri; universitet və ali məktəblərin ədəbiyyat və dilçilik professorları; ədəbiyyat üzrə Nobel mükafatı laureatları, eləcə də müvafiq ölkələrin yazıçılar təşkilatlarının sədrləri irəli sürə bilərlər...
1914, 1918, 1935 və 1940-1943-cü illərdə Nobel mükafatı təqdim edilməyib.
Boris Pasternak (1958) və Jan Pol Sartr (1964) mükafatdan imtina ediblər. Pasternakın diplom və medalı 1989-cu ildə oğluna təqdim olunub.
Mükafatdan imtinasının obyektiv və subyektiv səbəblərdən olduğunu açıqlayan J.P.Sartr özünün hər hansı bir qurumla ideoloji bağlılığını yolverilməz sayır və fikrini belə açıqlayır: “Yazıçını digərlərindən fərqləndirən titullar onun oxucularına müəyyən basqı göstərir. Mən isə bunu arzuolunmaz sayıram. Hər halda, "Jan Pol Sartr" və ya "Nobel mükafatı laureatı Jan Pol Sartr" imzaları arasında ciddi fərq var. Belə fərqlənmə ilə razılaşan yazar həm də ona dəyər verən assosiasiya və ya qurum ilə özü arasında bir bağlılıq yaradır... Hər nə qədər fəxri olsa belə, mənim yerimdə olan bir yazıçı özünün hər hansı qurumla eyniləşdirilməsinə heç vəchlə razılıq verməməlidir.”
Sartr Nobel mükafatından imtinasının səbəblərindən biri kimi mükafatın siyasi xarakter almasını göstərir. Onun fikrincə, “hazırkı şəraitdə Nobel mükafatı obyektiv olaraq Qərb yazıçıları və ya Şərqin üsyankar qələm sahibləri üçün nəzərdə tutulmuş bir fərqlənmə kimi görünür”.
Sartr həmçinin mükafatın Boris Pasternaka Mixail Şoloxovdan əvvəl verilməsini tənqid edərək yazırdı ki, sovet ədəbiyyatından mükafatlandırılan yeganə əsər xaricdə nəşr olunmuş və öz ölkəsində qadağan edilmiş əsərdir. Maraqlıdır ki, Sartrın bu açıqlamasından bir il sonra, 1965-ci ildə Mixail Şoloxov Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Nobel mükafatının təsis olunduğunun növbəti ili Lev Tolstoy da namizədlər arasında idi. Lakin komitə onun laureat seçilməməsini L.Tolstoyun sivilizasiyanın bütün formalarını inkar etməsi və əvəzində yüksək mədəniyyətdən məhrum primitiv həyat şəraitini qəbul etməyi təklif etməsi ilə əsaslandırırdı. Komitənin qərarını haqsız hesab edən 42 isveçli yazıçı isə buna etiraz olaraq İsveç Akademiyasına açıq məktub yazmışdı.
Avropada geniş tanınsa da, Nobel mükafatına layiq görülməyən rus yazıçıları arasında L.Tolstoydan başqa, Maksim Qorki və Vladimir Nabokovun da adlarını çəkmək olar. Ədəbiyyat üzrə Nobel mükafatı almış beş rusdilli yazıçıdan dördünün sovet hakimiyyəti ilə münasibətləri bu və ya digər dərəcədə konfliktli olub:
İvan Bunin mühacirətə getmiş, İosif Brodski ölkədən sürgün edilmiş, Aleksandr Soljenitsın dissident mövqeyi ilə tanınmış, Boris Pasternak isə “Doktor Jivaqo” romanının xaricdə nəşrindən sonra sovet hakimiyyətinin təzyiqləri ilə üzləşmişdi. Bircə Mixail Şoloxov sovet ədəbi sistemində mövqeyini qoruyub saxlamışdı.
Bununla belə, Nobel mükafatından kənarda qalan görkəmli sənətkarlar yalnız rus ədəbiyyatı ilə məhdudlaşmır. XX əsr dünya ədəbiyyatının inkişafına mühüm təsir göstərmiş Şervud Anderson, Federiko Qarsiya Lorka, Tomas Vulf, Ceyms Coys, Marsel Prust, Frans Kafka, Virciniya Vulf, Xorxe Luis Borxes kimi müəlliflər də bu mükafatı almayan müəlliflər sırasındadır.
2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı 1950-ci il təvəllüdlü kanadalı şair, esseist və tərcüməçi Enn Karson (Anne Carson) oldu. Antik yunan ədəbiyyatı üzrə mütəxəssis olan Karson yaradıcılığında klassik mifləri müasir təcrübə ilə birləşdirir, şeir, nəsr və tərcümə arasında sərhədləri aradan qaldırır. Onun "Qırmızının avtobioqrafiyası" ("Autobiography of Red") əsəri Herakl mifindən ilhamlanan, şeir formasında yazılmış roman kimi diqqət çəkir.
İsveç Akademiyası yazıçını klassik ənənə ilə yaradıcı dialoq apararaq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və novator yaradıcılığına görə mükafatlandırıb.