Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak
4 noyabr 2026
# 15:00

Bu gün amerikalı romançı, xatirə yazarı, bioqraf, ədəbi tənqidçi Doris Qrambakın anım günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.

Danışıq ideyaları tükəndirir. Onları uca səslə dedikdən sonra artıq mənim üçün itirilmiş olurlar, küylü havaya tüstü kimi səpələnirlər.

***

Qocalıq müəyyən mənada pəhrizə bənzəyir. Hər gün müşahidə ediləsi bizdən daha az şey qalır.

***

Uzun sürən təklik dözülməz görünürdü; bu, başqaları üçün darıxdığımızdan deyil, özümüzün mövcud olub-olmadığımızı sorgulamağa başladığımızdan idi, çünki varlığımız çox uzun müddət onların verdiyi əminliklərdən asılı olmuşdu.

***

Tamamilə tək olduğum zaman mənliyimi axtarmaq təhlükəli idi. Ya böyük bir boşluq deyil, xoşagəlməz məzmunla, uzun müddət gizlədilmiş, qapanmış, basdırılmış və unudulmuş həqiqətlərin qarışığı ilə dolu bir məkan tapsaydım? Axtarışa çıxanda ümidsiz bir gizlənpaç oyunu oynayırdım, tapacağımdan qorxurdum, ən çox da heç nə tapmayacağımdan qorxurdum.

***

İnsan dostlarını tək olduqda daha yaxşı qoruyub saxlayır. Bunun nəticəsi odur ki, dostlarını çox tez-tez gördükdə və ya onlar çox uzun müddət qonaq qaldıqda, tədricən itirməyə başlayırsan.

***

Başqalarının sənə qarşı geri çəkilmə və ya rədd etmə kimi gördüyü şeylər əslində bu deyil, əksinə, daha böyük dostluq üçün bir rüşeym yatağı, zamanla onlarla daha dərin ünsiyyət üçün bir mühitdir.

***

Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur.

***

Yazıçılar tamamilə eqosentrikdirlər. Yaradıcı bir məqsədə xidmət etmək vədi verməyənə qədər həyatlarındakı az şey onlar üçün məna və ya əhəmiyyət kəsb edir.

***

Tərif daimi yenilənmə və genişlənmə tələb edir.

***

Biz başqalarının haqqımızdakı rəyləri ilə müəyyən olunurduq. Kənar təsdiq olmadan mövcud olduğumuzu düşünərdikmi? Və varlığımızdan şübhələnməyə başlamazdan əvvəl başqalarından ayrı nə qədər yaşayardıq?

***

Kitab sahibi olmaq, məndən əvvəl bir çox qadın yazıçının qeyd etdiyi kimi, bir növ uşaq sahibi olmağa bənzəyir: hamiləlik, uzun hazırlıq, gözləmə, sona doğru artan ağırlıq (bu halda bədənin deyil, ruhun və əlyazmanın ağırlığı), tam formalaşmış və görünüşdə mükəmməl olan məhsulu ilk dəfə gördükdə duyulan ilkin sevinç və sonra adi doğuşdan sonrakı depressiya. Fikrinə dəyər verdiyim insanlar və baxışlarını qiymətləndirmədiyim, lakin oxucu dünyasında çəkisi olanlar bu haqda nə düşünəcəklər?

Rus dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 159 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər