K-pop ulduzunun incəsənətə marağı muzeylərə gələn auditoriyanı dəyişə biləcək hadisəyə çevrilib.
Kulis.az xəbər verir ki, BTS qrupunun lideri RM-in şəxsi kolleksiyasına həsr olunan “RM x SFMOMA: Between You and Me” sərgisi San-Fransisko Müasir İncəsənət Muzeyində böyük maraq doğurub.
Sərgiyə 66 mindən çox bilet satılıb, əvvəlcədən satış göstəricisi isə muzeyin indiyədək keçirdiyi digər sərgilərin nəticəsini altı dəfə üstələyib.
Ekspozisiyada RM-in şəxsi kolleksiyasından 142 əsər yer alır. Bunların əksəriyyəti Koreya rəssamlığı, xəttatlıq və heykəltəraşlıq nümunələridir. Onlar muzeyin kolleksiyasından seçilmiş 36 əsərlə dialoq şəklində təqdim olunur. Yun Hyonq-kının əsərlərinin Mark Rotkonun işi ilə yanaşı nümayişi sərginin diqqətçəkən məqamlarındandır.
RM yalnız əsərləri toplamaqla kifayətlənməyib, ekspozisiyanın hazırlanmasında da iştirak edib. Sənətçi ekspozisiyanın etiketləri üçün şəxsi qeydlər yazıb və ziyarətçilərə audio bələdçi təqdim edib. Sərgi 2027-ci il fevralın 7-dək davam edəcək.