"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları
13 oktyabr 2026
# 16:00

Bu gün tanınmış türk şair Nilgün Marmaranın anım günüdür.

Kulis.az Mustafa Hayırlının "Ölümdən əvvəlki nəğmələriylə Nilgün Marmara" yazısını təqdim edir.

1958-ci ildə doğulan Nilgün Marmara Boğaziçi Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra Marmarisdəki bir istirahət mərkəzində işləməyə başlayıb, daha sonra isə sənaye mühəndisi Kaan Önal ilə ailə qurub. Təəssüf ki, 1987-ci ildə, hələ 29 yaşında ikən özünü yaşadığı evin eyvanından ataraq intihar edib.

Ölümü ilə bağlı çox söz deyildi, natamam mətnlər çap olundu və müzakirə edildi; lakin o, özünü bir sirr kimi saxlayıb arxasında yalnız yazılarını qoyaraq getdi. Həyata qapalı bir qutu kimi vida etdi; bəlkə də içini açmaq istəyirdi, bilmirəm, amma intiharından sonra bu qapalı qutunu nə qədər açmağa çalışsalar daq, heç kim buna nail ola bilmədi. Hətta həyat yoldaşı Kaan belə...

Nilgün Marmaranın intihar etdiyi ev vaxtilə Camal Sürəya, Tomris Uyar, İlhan Berk, Ece Ayhan, Mustafa Irqat və Əhməd Soysal kimi şairlərin toplaşdığı məkan idi. Heyranedici bir gözəlliyə sahib olan Nilgün bir çox kişinin heyranlıqla baxdığı qadın idi. Manik-depressiv pozuntu diaqnozu qoyulan şair şahidlərin ifadəsinə görə, beşinci mərtəbədəki evinin eyvanından özünü aşağı atanda yerə yıxılarkən heç qışqırmayıb da... O, özünü öz kəlmələri ilə belə ifadə edirdi:

Kədərli ürəyimin utancaq etirafı,

Mən sizi sevməkdən öldüm, cənab.

Şeirlərini gizli-gizli yazan Marmaranın həyat yoldaşının belə bu vəziyyətdən xəbəri yox imiş. Xanımının intiharından sonra: "Nilgünün şeir yazdığını heç bilməzdim. Bir küncdə asta-asta nələrsə cızmaqara edərdi", - deyibmiş... Marmaranın intiharının dərinliklərində bəlkə də bu cümlə gizlənir. Eyni yastığa baş qoyan iki insanın bir-birinin ehtiraslarından, sevdiyi şeylərdən xəbərsiz olması əslində ən düşündürücü məqamdır...

Buraxılış işində 30 yaşında sobanın qazını açaraq intihar edən Silviya Platı tədqiq edən Nilgün Marmara onun haqqında bu sözləri deyib: "Platın zərif, incik ruhi varlığı və hər şeyin mütəmadi olaraq çirklənməsinin kədərli dərki onu ölümə sürükləmişdir. O, qadınların ictimai bir xəstəlikdən doğan bədbəxtliyinin qurbanı olmuşdur. Mürəkkəb düşüncə tərzinin yaratdığı gərginliyin xarakteri çarəsizlik doğurarkən, həyatının gərginliyi əbədiyyətə axır... Onun şeirlərini malikanəsinin təmiri zamanı qoyulan kərpiclər, intiharını isə tam bir uğursuzluq olan bu evin büsbütün dağılması kimi görə bilərik."

Bütün həyatı boyu Silviya Platın təsiri altında qaldığı aydın görünən Marmaranın intiharı əslində Platınkına o qədər də bənzəmir. Lakin ortaq cəhətlərindən biri hər ikisinin xarakter olaraq həyatda dərindən başa düşülməməsi ola bilər.

Yazdığı şeirləri heç kimə göstərmək istəməyən, davamlı olaraq ölümlə bağlı yuxular görən və bu yuxuları qeyd etdiyi gündəlikdə saxlayan gənc bir qız idi o. Özünə yazığı gəldiyini düşündürən bu sətirləri qoyub gedib: "Bilirəm, bir gün dözməyəcək kiçik ürəyim; arxamı çevirib inandığım və güvəndiyim hər şeylə vidalaşacağam."

Atası ilə arasındakı duyğusal münasibəti bizə dərindən hiss etdirən bu sözlər də məni çox dərin düşüncələrə qərq edir: "Mən atamın diyirlətdiyi uçqunun altında qaldım..."

Müraciət etdiyi psixiatrlar ona manik-depressiv diaqnozu qoyarkən yazı yazmağın və həddindən artıq düşünməyin ona zərər verdiyini bildirib müəyyən qadağalar qoymuşdular. Nilgün Marmara isə bu qadağaları qəbul etməyərək yazmaqdan əsla vaz keçməyəcəyini göstərmişdi.

Öz mənliyini qurmaq yolundakı ən mühüm meyarını "mən" olmaq təlaşınadək endirən Nilgün bu yanaşmanın nəticəsində ölümcül bir ümidsizliyə qapılıb. Fərdin şüuru və fərqindəliyi artdıqca varoluşdan doğan ağrılar da artır; "yaşamaq və yaşanmışlıq" dözülməz bir hala gəlir. O, ruhunda əsir düşdüyü "mənlik ziddiyyəti" vəziyyətindən qurtulma yolu kimi intihara üz tutmuşdur. Öz "mən"inə həddindən artıq qapılması onu dünyanın heçliyi qarşısında duyulan təşvişlə təkbaşına qoyur və o, bu sözləri miras buraxır: "Ümidsizlik uyğunsuzluğun deyil, insanın özünə yönələn bir münasibətinin nəticəsidir. Və insan bu münasibətdən ancaq öz mənliyindən uzaqlaşarsa qurtula bilər; çünki nəticə etibarilə "mən" və münasibət eyni şeydir - "mən" münasibətin öz üzərinə geri qayıtması deməkdir."

Burada Karl Qustav Yunqun təməl nəzəriyyələrindən olan "Persona" anlayışına da toxunmaq istəyirəm; çünki Nilgünün psixologiyasını əsərləri ilə birlikdə təhlil etməyə başlayanda ağlıma məhz bu nəzəriyyə gəlir. Bu yanaşmaya görə, dünyaya nümayiş etdirdiyimiz xarici üzlər, başqalarının görməsinə icazə verdiyimiz parçamız bizim personamızdır. Persona başqalarına göstərdiyimiz şəxsiyyətimizin maskasıdır; cəmiyyət tərəfindən qınaqla qarşılanmamaq üçün gizlətdiyimiz tərəfimizi örtən bir libasdır.

Nilgünə nəzər saldıqda onun duyğularını əslində heç də büruzə verməyən bir insan olduğunu görürük. Bunu intiharından sonra bir çox yaxın şair dostunun sözləri də sübut edir.

Digər bir anlayış isə "Kölgə"dir. Kölgə Personanın əksi olan gücdür. Başqa sözlə, fərdin üzləşməkdən qaçdığı, cəmiyyətdən gizlətdiyi, xoş qarşılanmayan arzu və düşüncələridir. Bu, hər zaman bizimlə olan, lakin əksər vaxt fərqinə varılmayan qaranlıq tərəfimiz, yəni digər "mən"imizdir (alter eqo). Bir növ, o, gizlətdiyi bütün tərəflərini kinayəli və eyhamlı cümlələrlə şeirlərində bizə göstərir.

Nilgün Marmara öz buraxılış işində qeyd etdiyi "...sözlərini təsdiqləmək üçün özünü öldürmüş bir çox sənətkar..." ifadəsi ilə öz intiharını sanki qabaqcadan təsdiqləyir.

Lakin Nilgünün mövqeyinə baxdıqda, bu əslində dünya qarşısında bir təslimiyyət deyil; əksinə, o, üstün iradəsi ilə yaşamaq instinktinə rəğmən şüurlu bir şəkildə bu dünyanın yaşamağa dəyməz olduğunu intiharı ilə nümayiş etdirir. Şeirlərini oxuyarkən üzümə kədərli bir ifadə qonur:

"Heç bir gözləntim yoxmuş kimi davranıb, içimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..."

Türk dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər