Xalq yazıçılarının ölümlə bitən davası- ARAŞDIRMA

Xalq yazıçılarının ölümlə bitən davası- ARAŞDIRMA
23 iyul 2013
# 10:00

Kulis.az “Rəqiblər” layihəsində bir-biri ilə ciddi konfliktdə olan sənət adamlarından bəhs edir.

10 mart 1965-ci il... Yazıçılar Birliyində, sədrin otağında iclasdır.

İclas çox gərgin keçir və bu gərginlik getdikcə artır. Sədr Mehdi Hüseyn vəziyyətin nəzarətdən çıxmamağı üçün əlini stola çırpmaq istəyir, ancaq bacarmır. Ürəyi dayanır...

Sonralar Mehdi Hüseynin ölümünə görə Süleyman Rəhimovu günahlandıracaqdılar.

Vəzifə və şöhrət davası

Yazıçı Cəlal Bərgüşad “Dünyada nələr gördüm” kitabındakı “Vəzifə və şöhrət davası” məqaləsində Mehdi Hüseynlə Süleyman Rəhimovun münasibətlərinə toxunub. Yazıçı qeyd edir ki, vaxtilə Yazıçılar İttifaqında bərk çəkişmə gedirdi, ağsaqqal və tanınmış yazıçılarımız vəzifə və şöhrət davasına çıxmışdılar:”...ittifaqın birinci katibi məşhur tənqidçi və ədəbiyyatşünas Mehdi Hüseyn idi. O, çox prinsipial şəxs idi. Lakin həm qaraqabaq və həm də diliacı olduğundan çoxlarının ondan xoşu gəlmirdi. Onu da deyim ki, Mehdi müəllim həmişə həmişə ədəbiyyatımızın keşiyində möhkəm dayanırdı. Ağa qara, qaraya ağ demək onun təbiətinə yad idi. Di gəl ki, Mehdi müəllimin də özünün çox böyük nöqsanı vardı. Qazaxlı səsi eşidəndə elə bil nəzən-billah allahın səsini eşidirdi. Qazax-Tovuz zonasında iki-üç misra şeir qoşan və saz çalan aşıqların hamısını ucdantutma ittifaqa qəbul etmək istəyirdi. Məqsəd də o idi ki, seçki zamanı səsvermədə üstünlük əldə etsin. Mehdi Hüseyninin o vaxtlar Süleyman Rəhimovla arası möhkəm dəymişdi. Hərəsi özünü dahi sayırdı, hətta bir-birini inkar edirdilər. Kim böyük yazıçıdır? Kimi xalq daha çox sevir? Kimi xalq daha çox oxuyur? Bu, təbii ki, yazıçı qısqanclığı idi; keçmişdə də olub, gələcəkdə də olacaq. Mehdi müəllimin tərəfdarları mətbuatda Süleyman müəllimin əsərlərini, Süleyman müəllimin tərəfdarları isə Mehdi müəllimin əsərlərini möhkəm tənqid edirdilər”.

Bu yerdə bir məqamı qeyd edək. Mehdi Hüseyn özü də ədəbi-tənqidi məqalələrində Süleyman Rəhimovu “iynələmək”dən çəkinmirdi. Mehdi Hüseynin “Ədəbiyyat və sənət məsələləri” kitabında biz bu cür məqalələrə rast gəlirik.

Məsələn, “Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemləri məqaləsində Mehdi Hüseyn yazır: “Süleyman Rəhimovun hekayə və romanlarında (xüsusilə də “Saçlı” əsərində) ən böyük etiraza səbəb olan cəhət, hadisələri və insanları birtərəfli, özü də dövrümüz üçün heç də səciyyəvi olmayan bir şəkildə əks etdirməsidir. Onun əsərlərini daha amansız tənqid edənlərdən bəziləri, Süleyman Rəhimovun həyatımızdakı qüsurları qabaqcıl bir yazıçı kimi deyil, geridə qalmış bir adam nöqteyi-nəzərindən tənqid etdiyini və müsbət insan surətləri yarada bilmədiyini iddia edirdilər. Açıq demək lazımdır ki, ümumən nəsrimizdə (o cümlədən Süleyman Rəhimovun romanlarında) zəmanəmizin qəhrəmanı adlana biləcək əzəmətli bədii surətlər yaradılmadığı üçün, bu amansız tənqidçilərə

haqq verməyə məcburduq”. Mehdi Hüseyn daha sonra bunları qeyd edir: “Sonrakı ədəbi münaqişələr və “Saçlı” romanının ikinci hissəsi göstərdi ki, biz müəllifin əsas nöqsanını düz görmüşük”. Yenidən Cəlal Bərgüşadın yazdıqlarına müraciət edək: “Bu çəkişmələr, bu mübarizə Yazıçılar İttifaqında qeyri-normal mühit yaratmışdı. Yazıçılar istər-istəməz iki cəbhəyə bölünmüşdülər. Qazax mahalı tərəfə Mehdi Hüseyn, Kürdüstan mahalı tərəfə isə Süleyman Rəhimov başçılıq edirdi. O vaxt şair Qasım Qasımzadə “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru idi. Qasım Süleyman Rəhimovun böyük nüfuzundan istifadə edib Mehdi Hüseyn barədə “Ədəbiyyat və incəsənət” qəzetində tənqidi məqalələr dərc edirdi. Vəziyyət getdikcə pisləşir, kəskin şəkil alırdı. Belə qeyri-normal, əsəbi və mürəkkəb şəraitdə ittifaqı idarə etmək olduqca çətin idi”.

Qiyam niyə baş tutmadı?

Cəlal Bərgüşad yazır ki, dedi-qodu gündən-günə artırdı, əsl ədəbiyyat yaratmaq barədə düşünən az idi: “”Mənəm”, “mənəm” dövrü başlamışdı. Mehdi Hüseyn hərdən əsəbiləşib işə gəlmirdi...”

Yazıçı qeyd edir ki, Süleyman Rəhimov, Məmməd Rahim və Süleyman Rüstəm Mehdi Hüseyndən Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova şikayət ediblər: “Məsələ tam gərginləşdi. Süleyman Rəhimov, Məmməd Rahim və Süleyman Rüstəm Vəli Axundova açıq imza ilə məktub yazdılar. Və bu məsələdə Mərkəzi Komitəni və şəxsən Vəli Axundovu təqsirləndirdilər. Düzdür, Süleyman Rüstəmi bizim dəstəyə qoşulmağa mən “məcbur” etmişdim. Süleyman Rəhimov mənə demişdi ki, əgər “Dəmirçi oğlu” (Süleyman Rüstəm nəzərdə tutulur-A.C. )Mərkəzi Komitənin bürosunda bizi müdafiə etsə, bil ki, qazaxlıların alığını aşıracağıq”.

Ancaq Süleyman Rüstəm dəstəyə “xəyanət” edir və “qiyam” baş tutmur: “Bürodan qabaq Süleyman Rəhimov evimizə zəng vurub mənə xəbər etdi ki, ay Cəlal, sənin qohumun Süleyman Rüstəmdən (Cəlal Bərgüşad Süleyman Rüstəmin bacısının əridir-A.C.) nədənsə gözüm su içmir. Vəli Axundov da bakılıdır, Süleyman Rüstəm də. Qorxuram bərk ayağında Süleyman bizi müdafiə etməyə. Qazaxlılar bizi məğlub etsələr gərək başımıza papaq qoymayaq. Xahiş edirəm Mərkəzi Komitəyə yazdığımız məktubun surətini Süleyman Rüstəmdən al özündə saxla. İşi bilmək olmaz...

Günlərin birində Yazıçılar İttifaqının bütün ağsaqqallarını, ələlxüsus vəzifə və şöhrət üstündə bir-birini həm oxucular arasında və həm də ziyalılar arasında biabır edən yazıçıları Mərkəzi Komitənin bürosuna çağırdılar. O zaman kim idi məni ora dəvət edən, elə yazım-pozum da yox idi ki, məni tanıyaydılar. Büroya gedən günü hamımız təlaş içində idik.

- Kim qalib gələcək?

- Hansı dəstə məğlub olacaq?

- Mehdi Hüseyn yeni vəzifədə qalacaqmı?

Axşam Süleyman Rəhimov mənə büronun gedişini təfsilatı ilə söylədi. O dedi ki, əvvəlcə bizim dəstə qalib çıxdı. Mehdi Hüseyninin dəstəsini büroda şil-küt elədik. Dedik ki, Yazıçılar İttifaqında birlik yoxdur, ittifaqın katibləri təzə yazan gənclərə yaxından kömək etmirlər. Mükafatlar və fəxri adlar layiq olmayan yazıçılara verilir. Bütün ittifaq Qazax zonasından olan yazıçılara xidmət edir. Yerlilik, dostbazlıq ittifaqda kök salıb. Ona görə də bədii əsərlər yaranmır, ədəbiyyat partiya və hökumətin indiki tələbindən xeyli geri qalır. Mehdi Hüseyn Yazıçılar İttifaqını “Qazax aşıqları ittifaqı”na çevirib. Bir katib kimi o, heç kəslə hesablaşmır. Hər işi təkbaşına görür.

Büro üzvləri qaldılar məəttəl. Vəli Axundov da pis vəziyyətdə qaldı. Bilmədi nə etsin ki, Mehdi Hüseyni vəzifədə saxlasın. Axırda o, Süleyman Rüstəmə söz verərkən dedi:

- Yoldaşlar, yaxşı olar ki, son sözü bizim şöhrətli şairimiz Süleyman Rüstəm desin. Görək doğrudan da Yazıçılar İttifaqında birlik yoxdur? Doğrudan da Yazıçılar İttifaqı dağılmışdır?

Süleyman Rüstəm ayağa qalxıb bizim işimizi tamam korladı. Dedi ki, yoldaş büro üzvləri, Yazıçılar İttifaqında olan birlik mən deyərdim ki, heç hərbi hissədə də yoxdur. Bu birliyi heç bir qüvvə dağıda bilməz. Necə olur ki, Əli Vəliyevlə Süleyman Rəhimov iyirmi il küsülü olduqları halda Mehdi Hüseyni yıxmaq üçün birləşiblər... Daha bundan böyük, daha bundan möhkəm, daha bundan sarsılmaz birlik nəyə deyirsiniz?!

Büro üzvlərini gülmək tutdu. Qəzəbli sifətlərə gülüş paylandı. Vəli Axundov büroya yekun vurdu.

- Yoldaşlar, hər şey aydındır. Mehdi, get stolunda bərk otur, Mərkəzi Komitə sizi həmişə müdafiə edəcək”.

Süleyman Rəhimovu niyə döydülər?

Cəlal Bərgüşad onu da qeyd edir ki, Mehdi Hüseyn bu ağır çəkişmənin qurbanı oldu: “O, öz iş otağında keçən iclasda rəqibləri ilə son nəfəsinə qədər mübahisə etdi və bu mübahisə vaxtı onun ürəyi əbədi dayandı. Bundan sonra yazıçılar arasında başlanan çəkişmə daha da şiddətləndi”.

Mehdi Hüseynin 100 illiyi ilə bağlı “Ədəbiyyat” qəzetində öz xatirə yazısında Anar vurğulayıb ki, Mehdi Hüseynin ürəyini partlatdılar.

Mehdi Hüseynin qızı, rəhmətlik Zivər Hüseynova “Dəryadan damlalar” adlı xatirələr kitabında (Bakı 2009) atası ilə Süleyman Rəhimovun münasibətləri haqqında yazır: “1958-ci ilin yanvarın 20-də növbəti Plenumda Mehdi Hüseyn Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinə sədr, İlyas Əfəndiyev məsul katib seçildi. Həmin tarixdən etibarən S.Rəhimov atama qarşı çıxdı. Hər yerdə yerli-yersiz, olar-olmaz, düşər-düşməz atmacalar, hədələmələr, küsülər, bəzən də açıq-aşkar hücumlar başladı, hətta açıq şəkildə “sən mənim stolumu əlimdən almısan, necə ki, ömrüm var, sənə qarşı çıxacam, səni qoymayacam bu təşkilata başçılıq edəsən” deyib”.

Zivər xanım yazır ki, 1963-cü ildə 28 yanvar tarixli ərizəsində Mehdi Vəli Axundovdan işdən azad edilməsini xahiş etmişdi.

“Bu arada S.Rəhimov Mehdi Hüseynə “adamı belə məcbur eləyərlər. İndi gördün mən kiməm” – demişdi. Bu, Mehdi Hüseyni çox təsirləndirmişdi”.

Qızı Mehdi Hüseynin iş başında öldüyü günü xatırlayaraq yazır ki, onsuz da ürəyi xəstə olan Mehdi Hüseyni məhz bu iclasda əsəbiləşdirərək son həddə çatdırırlar. Ağır ittihamlara dözməyən atasının ürəyi dayanır: “Otaqda çaşqınlıq baş verir. Arada üçlük – başda S.Rəhimov olmaqla qaçmağa məcbur olurlar. Arxadan özünü yetirən Nəbi Xəzri S.Rəhimovu təpikləyir və şapalaqlayır. S.Rəhimov yerə düşmüş papağını götürüb həmfikirləri ilə “26-lar bağı”na qaçırlar. İmran Qasımov eyvana çıxaraq ucadan “Zaderjite ubiyts (caniləri tutun) çığıraraq hamını haraylayır”.

Zivər Hüseynova Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovun xatirələr kitabından bir parçanı da təqdim edir: “Mehdi Hüseynlə son görüşümüz 1965-ci ilin bahar günlərinin birində oldu. Mehdi öz vəziyyətindən, yazıçılar arasında olan gərgin və xoşagəlməz münasibətlərdən, özünə qarşı haqsız hücumlardan şikayətləndi:

- Mənə qarşı olan münasibət yaradıcılıq səviyyəsindən çıxıb, intriqaya, intiqam almağa, təqib etməyə çevrilmişdir – dedi.

...Bir qədər sükutdan sonra Süleyman Rəhimovun adını çəkdi və mənə sual vermiş kimi müraciət edərək: “O demişdi ki, Mehdini elə bir vəziyyətə salmaq lazımdır ki, onun ürəyi partlasın. Sən buna necə baxırsan... məni öldürəcəklər – dedi və sükuta daldı”.

Süleyman Rəhimovun oğlu inkar edir

Bütün bu ittihamlara Süleyman Rəhimovun oğlu, rəhmətlik Şamo Arif Kulis.az-a verdiyi müsahibədə cavab vermişdi.

Şamo Arif deyib ki, Mehdi Hüseyn iclasa gedən zaman ağır xəstə imiş:”Mehdi Hüseynin 100 illiyi ilə bağlı “Ədəbiyyat” qəzetində öz xatirə yazısında Anar vurğulayıb ki, Mehdi Hüseynin ürəyini partlatdılar. Halbuki Mehdi Hüseyn iclasa gedən zaman ağır xəstə idi. Hətta özü dəfələrlə Mərkəzi Komitəyə yazmışdı ki, məni bu vəzifədən azad edin. Ortada həkim diaqnozu var. Bu vəzifədə o yalnız təzyiq altında qalıb işləyib. Mehdi Hüseynlə məlum mübahisə zamanı Süleyman Rüstəm, Məmməd Rahim və atam olub. Anar təkidlə yazır ki, bu üç insana cəza verilməlidir.

Əslində məsələ necə olub: qurultaya nümayəndələr seçilərkən mübahisə düşüb. Süleyman Rüstəm, Məmməd Rahim və atam təklif ediblər ki, başqa adamları da bura daxil etsinlər. Onlar Mehdi Hüseynə “ancaq sənin yerlilərin olmasın” deyiblər və bunun üstündə mübahisə düşüb, sonra razılaşıb başqa məsələyə keçiblər. Elə bu ərəfədə Mehdi Hüseynin ürəyində tromb tıxanıb və o, dünyasını dəyişib.

Yeri gəlmişkən, o dövrdə görkəmli insanlar haqqında nekroloq verərkən onun xəstəlik tarixçəsi haqda qısaca məlumat verilərdi. Ancaq Mehdi Hüseynin ölüm səbəbi haqqında heç bir məlumat verilmədi. Süleyman Rüstəmin, Məmməd Rahimin və atamın təkidindən sonra üç ya dörd gün sonra “Bakı” qəzetində xəstəlik haqqında informasiya getdi.

M.Hüseyn 51 yaşından ağır xəstə olub, mikroinfarkt keçirib. Atamgilin müraciətindən sonra SSRİ baş prokuroru Rudenko Bakıya gəlib ki, bu yazıçılarla görüşsün. Yazıçılarla görüşün baş tutmamağına əsas səbəbkar respublikanın o zamankı prokuroru Qambay Məmmədov olub. Q.Məmmədov görüşün alınmamağına çalışıb. Yəni bu ölümdə əsas hədəf kimi məhz atam götürülmüşdü”.

Ağa Cəfərli

# 8633 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #