Bu analardan ağıllı söz eşitməzsən

Bu analardan ağıllı söz eşitməzsən
3 dekabr 2012
# 08:30

Bəzən böyüklərin anlamadıqları və ya əhəmiyyət vermədikləri insanları kiçicik uşaqlar intuitiv olaraq hiss edirlər.

Böyük qızımı artıq neçənci dəfədir ki, rəqsə aparıram. O, rəqslə məşğul olan vaxt mən yan otaqda oturub onu gözləyirəm. Yan otaq isə mürəbbənin üstünə yığışıb vızıldaşan arılara bənzəyən analarla dolu olur.

Hamısı oturub qeybət qırırlar. Ağıllı, mənalı bir söz də eşitməzsən. Hər dəfə də analardan biri torbasından cürbəcür əşyalar çıxarıb alver etməyə başlayır. Bu analara nə rəqs otağındakı uşaqların ayaq tappıltıları, nə də nağara ilə qarmonun səsi mane olur. Onlar yoruldum demədən danışır, yemək reseptlərindən tutmuş qonşuların qeybətinə, son dəbdən başlamış qayınana-qayınata söz-söhbətinə qədər hər şeyi müzakirə edirlər.

Otaqda analardan başqa, təxminən 2-3 yaşlı bir oğlan uşağı da olur. Yaşı az olduğu üçün özü rəqs etmir, anası ilə birlikdə rəqs edən bacı-qardaşını gözləyir və tez-tez mənə sarı dönüb düz gözlərimin içinə baxır.

Bəzən başımı qarşımdakı kağız-kuğuzdan, ya da kitabdan qaldırıb ona baxıram, bəzən isə oxuyub-yazıb-redaktə etdiklərimə elə aludə oluram ki, onun baxışlarını görmürəm, yalnız hiss edirəm.

Uşaq heç vaxt dinib-danışmayan, analar toplusuna qatılmayan, başını aşağı salıb öz işini görən bu adama elə heyranlıqla baxır ki, özü ilə digər analar arasında bilərəkdən sədd çəkdiyi üçün onlardan yalnız tənəli baxışlar qazanan bu adam balaca oğlanın nurlu gözlərinə baxıb özünü xoşbəxt hiss edir.

Bu adamın nə ilə məşğul olduğunu, niyə heç kəsə qatılmadığını anlamamasına baxmayaraq, ona bütün marağını və rəğbətini gözləri ilə bildirən, sanki gözləri ilə bütün qəşəng sözləri və təsəlliləri verməyə çalışan bu balaca uşağa minnətdarlıq etmək arzusu keçir bu adamın ürəyindən və o, düz uşağın ona zillənmiş baxışları altında bu yazını yazır. Məhz onun üçün...

Əslində, “Çox saq ol!” cümləsi cəmi üç sözdən ibarətdir. Lakin bu üç sözlük cümləni deməyəcək qədər cəsarətsiz də ola bilir insan və bu üç sözü ifadə edəcək bu boyda yazını yazmağa ehtiyac duyur...

# 3452 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #