Ölümün biri bir qəpikdən...

Zamin Hacı

Zamin Hacı

25 noyabr 2021
# 09:00

Kulis.az Zamin Hacının "Göydən çoxlu ölü düşdü" adlı yazısını təqdim edir.

Qəbristanlıqda, bir yaxın adamın “il” mərasimində olanda istər-istəməz ətrafdakı iki cüt qəbirlər diqqətimi çəkdi. Bu cüt qəbirlərdə yaşlı kişilər və qadınlar dəfn olunmuşdu. Dəfn tarixləri 2020-2021- ci illərə aid və çox yaxın günlər idi, hərəsi beş-altı gün fərqlə ölmüşdülər. Hər iki halda öncə qadın ölmüşdü. Ağlım, fantaziyamla ssenari qurmağa çalışdım: “Bunlar ər-arvad olublar. Uzun illər birgə, xoşbəxt ömür sürüblər. Sonra bir gün qadın xəstələnib, ölüb. Ayrılığa dözməyən kişi də az keçməmiş dərddən ölüb”.

Bu əhvalatı, fərziyyəmi elə ordaca həkim qohumum Azər bəyə danışdım. Azər tibbi amansızlıqla bütün sentimentallığımı qəbiristanlığa gömdü: “Yox, bunlar koronadan ölüblər”. Elə də əminliklə dedi, sanki onları qəbirə özü qoymuşdu. Ancaq mən soyuq məntiqlə fikirləşdim ki, doktor haqlıdır.

Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi pandemiya haqda deyil. Lakin filmə kinoteatrda baxanda ağlıma gəldi, sanki rejissor burada COVİD-19 virusunun insanları qırıb-çatmasını sənətin diliylə təsvir eləmişdir. Bu andıra qalmış virus son il yarımda nə qədər sevdiyimiz, tanıdığımız, hörmət bəslədiyimiz gözəl insanları aramızdan aparmışdır. Ən pisi odur ki, hara apardığını da bilmirik. Ölüm həmişə dumanlıdır. Bu kinoda duman sizi daim müşayiət edəcəkdir. O ağ, qatı pərdənin arxasında nə var? Kinoteatrın ağ ekranı da bizi udan, bir müddət yox edən dumanın obrazı deyilmi?

Filmdə ölümün biri, necə deyərlər, bir qəpik. Baş qəhrəman Davud hara getsə, özüylə ölüm aparır. Baydarov filmi keçən il təhvil versə də, əlbəttə, ideya və hazırlıq pandemiyadan öncəyə düşməliydi. Hesab edək əsl sənətkar həm də uzaqgörən olmalıdır. Görmək demişkən, Davuda “Böyük Qardaş” ləqəbinin verilməsi məncə təsadüfi deyildi, rejissorun növbəti göndərməsiydi. Kimsə bizi daim izləyir. Bu gah ölüm şəklindədir, gah sevgi şəklində. Gah da QR-kod şəklində. Bizi sevən qadınların ən yüksəyində isə ana durur. Ananın uşağına sevgisi - ən təmənnasız sevgidir. Əlbəttə, əgər varsa. (Bu cümlənin filmə aidiyyatı yoxdur).

Filmin prodüserlərindən birinin meksikalı Karlos Reyqadas olması maraqlıdır. Axı meksikalılar ölümə din səviyyəsində pərəstiş edərlər. Orda ölülər bayramı var. Bu film ölülərin bayramıdır.

Doğrudur, bizim də daxil olduğumuz, dekadent ruhlu Şərq-müsəlman poeziyasında, ədəbiyyatında ölüm teması şiti, hətta daha kəskin yazardım ki, zibili çıxmış temadır. Elə şairlərimiz var, hər misrasında qəbir, ölü, kəfən, baş daşı olmasa başına daş düşər. (Halbuki, artistlik elədiyini, maddi dünyaya ən bağlı adam olmasını azı 2 dəfə isbat eləmişdir, ancaq bu, başqa mövzudur). “Səpələnmiş ölümlər arasında” filmində isə ölüm bizi bezdirmir. Biz bu filmdə ölümdən qorxmuruq, onu həyatın təbii sonu kimi qəbul edirik, sevirik. Çünki bəzən o, ən yaxşı çıxış yoludur.

Davudun daim “ölüm peşində”, ya da tərsinə, ölümün onu qovalamasında başqa bir allüziyanın izlərini görmək olar. Bu, Dədə Qorqudun ölümdən qaçması haqda Oğuz mifidir. Təsadüfi deyil ki, bu yaxında türkdilli ölkələrin “Dədə Qorqud” film festivalında baş mükafatı da bu film qazandı. Görünür festivalın münsifləri filmin mesajını dəqiq tutmuş, necə deyərlər, onluqdan vurmuşlar.

Sözgəlişi, Azərbaycan xalq nağıllarını çox sevən bir adam kimi, həmişə içimdə bir nisgil daşıyırdım: “Görəsən bu nağılları filmə çəkən olacaqmı?”. Baydarov nağıllarımızın atmosferini, ruhunu tutmuş ilk rejissorumuz sayıla bilər. “Səpələnmiş ölümlər arasında” birmənalı olaraq nağıllarımız, folklorumuz haqda filmdir. Epizoddan epizoda hər an düşünürsən ki, indicə dumandan yeddi qardaş divlər çıxacaq. (Yel dəyirmanları epizodu elə həmin divlərdir). Təkrarlanan ağ at, əsrarəngiz başı qarlı dağlar və dumanlı qaranlıq dərələr, çıraq, yola baxan adam, sakit sular, rübəndli və çılpaq qadınlar, İsa-Musa, quduz qız, kor qız, özünü basdıran adam... Hətta bir epizodda toponim olaraq, yol qırağı lövhədə İsmayıllının Qalagah kəndinin adının görünməsi nağılvari təsvirləri tamamlayır. Baxdığımızın nağıl, yoxsa reallıq olduğunu anlamağa imkan verməyən epizodlar filmdə saysızdır. Hərçənd, reallıq özü nədir, bilən varmı ki.

Nəsrimizin parlayan ulduzlarından Rəşad Səfərlə rejissorun birgə yazdığı ssenarini, filmə çox harmonik, yapışan bir musiqi yazmış bəstəkar Kənan Rüstəmlinin əməyi də, şablon çıxmasın, qiymətləndirilməlidir. Axı bizdə adətən ssenarilər ədəbiyyatdan uzaq, soundtreklər isə qulaq cırmaqlayan, filmə dəxli olmayan parçalardan ibarət olur.

Hilal Baydarov və başqa yazımda “Biləsuvar” filmindən bəhs elədiyim Elvin Adıgözəl ürəklə “Azərbaycan filmi” deyəcəyimiz, dünyaya bizim markamız, möhürümüzlə çıxaracağımız filmləri çəkməkdədirlər.

Sonda “Səpələnmiş ölümlər arasında” filminin “Sinemaplyus” şəbəkəsində yayılan posterinə xırda irad bildirim. Əgər biz filmə daha çox adamın baxmasını istəyiriksə, posteri nəsə daha diqqət çəkən eləmək olar. Dumanı filmdə onsuz gen-bol görəcəklər.


# 2763 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #