Müharibədən yaralı çıxan Avropa

Rəvan Cavid, gənc yazar

Rəvan Cavid, gənc yazar

20 aprel 2022
# 18:20

Kulis.az Rəvan Cavidin "Sənət və ona diktə üslubları" essesini təqdim edir.

Tarix və sənət, onları yaradan instansiyalar və müəyyən qəliblərə salan ideologiya oyunları mədəniyyət adlı mövhumun deformasiyasına, rekonstruksiyasına şərait yaradır. Qədim dünya tarixindən orta əsrlər dövrünə qədər bu proses bir qədər məchul və spontan baş versə də, Renessans dövrü və dünya müharibələri sənət kontekstinə diktə etməyə başladı.

II Dünya müharibəsindən sonra teosentrik era kütlələr və sənət camiələri üçün yerləyeksan oldu. Tanrı nə insanlığa kömək edə bildi, nə də sənətin arzuladığı metafizik müstəvini yaratdı. Bir-birilə əks qütblərdə dayanan romantizm və realizm eyni anda boş xülya kimi görünməyə başladı. Nə reallığın banisi və yaradıcısı olan Tanrı yerləyeksan olmuş dünyaya cavabdeh idi, nə də reallığın alternativi kimi düşünülən romantiklər öz istədiklərini edə bilirdi.

Beləliklə, yeni cərəyanlar və onları trendə çevirən qurumlar, mükafat assosiasiyaları, birbaşa bu işlərlə məşğul olan media qurumları, xüsusi təyinatlı nəşriyyatlar yaradıldı. II Dünya müharibəsi böyük bir nostalgiyanı silib yerində yeni ənənələr sistemi yaratdı. Qısa keçidlərlə bu cərəyanlar bir-birini əvəzlədi və sənət, memarlıq, şəhərsalma tamamilə insan mərkəzli nümunələr ortaya çıxdı.

Avanqard sənət klassiklərin gözündə nə qədər eybəcər görünsə də, yeni ictimai fikrin formalaşmasında birbaşa rol oynadı. Modernizmdən başlayan və hələ ki özünü NFT virtual reallığına qədər daşıya bilən "ucsuz-bucaqsız azlığın" keçdiyi tarixi dövrlərin hər birində mərkəzləşdirilmiş ideologiya axını onu şəkilləndirdi. Müəyyən qurumların sənət üçün verdiyi "illik planlar" cəmiyyətin inkişafında və tənəzzülündə vacib nüanslardan biri oldu.

Müharibədən yaralı çıxan Avropa hansı dəyərlərin təbliği ilə məşğul olmağı özü və yarımcan xalqı üçün müəyyənləşdirdi.

Sənaye inqilabından sonra sürətlə böyüyən şəhərlərdə avanqard sənət nümunələri öz hegemonluğunu elan etdi. Xüsusən də rəssamlar bu cür cəhdlərə daha cəsarətli davrandılar. O dönəmin sürrealist rəssamları incəsənətin modern, eyni zamanda klassik düşüncə sərhədlərini qıran avanqard modelini təqdim etməkdən yorulmurdu. Əslində, bu axın 1860-cı illərdən XX əsrin çətin son onilliklərinə qədər uzun bir yol keçmişdi. Parisdə Akademiyaya qarşı gələn yüzlərlə rəssam hələ o dövrdə salonlarda öz abstrakt, kubik, surreal əsərlərini təqdim edirdi. Cəmi on il sonra onların sayı bütün Avropanı təəccübləndirəcək qədər çoxaldı. Hər kəs eyni rəsmi çəkirdi, yalnız əlavə etdikləri xəfif məna yükü onları bir-birindən fərqləndirə bilirdi.

Həmin dönəmlərin iki ədəbi cığırı gələcək nəsillər üçün mühüm bir seçim imkanı yaratmışdı. Balzakçılar və Floberçilər. Roman sənətinin bütün çağdaş nümunələri "Don Kixot"dan ənənə halını alsa da, məsələ məhz bu iki seçimdən sonra daha çox qabardı. Ən sadə və hamının oxuduğu misal: "Madam Bovari"dən həm "Anna Karenina", həm "Lolita", həm də "Məsumiyyət muzeyi" çıxdı. Fərqli üslubları və təhkiyələri təmsil edən romanları birləşdirən bir mövzudan, eyni taledən bəhs etmələri idi. Bu misallar kifayət qədərdi. Postmodern dövrə qədər "necə yazmağın" önəmi haqqında çox danışdılar. XX əsrin ən önəmli, irihəcmli romanları məhz bu sualın övladları idi.

Memarlığın kütlə və sənət arasındakı ayrıseçkiliyi aradan qaldırması ilə indi tənəzzülünü yaşadığımız postmodern dövr başladı. Memarlar sakinlərlə bir yerdə yaşamağa, bəlli bir ərazinin xarakteristikasını öyrənməyə, layihələri sakinlərlə bərabər işləməyə başladılar. Artıq sizin yaşayacağınız binaları siz müəyyən edirdiniz. Bu, obyektivin kütləyə baxan rakursu idi. Daha sonra ictimai-sosial binaların ənənəvi quruluşunu, strukturunu "əyməyə", "bulanıq yuxu" halına gətirməyə başladılar. Beləcə, ilk dəfə İtaliyada dünya üçün yeni olan memarlıq nümunələri yarandı. Postmodern memarlıq.

Ədəbiyyatın xammalı isə bu mənada nağıllar, miflər oldu. Bu gün bütün yolların gedib çıxdığı, bütün eksperimentlərin qayəsi olan Borxes hekayə və esselərinə Latın Amerikası xalqlarının və Şərqlilərin macəralarını qatdı. Nəticədə həmin dövr üçün yeni, indiki sənət üçün isə hələ də maraqlı olan cərəyanlar yarandı. Magik-realist, sürrealist, postmodern qarışıqların borxesvari harmoniyası ədəbiyyatı ondan əvvəlki formalarından fərqləndirməyi bacardı. Bu həm də "necə yazmaq" dövrünün sonu idi.

Kierkeqardda təməli qoyulan, Kafkada əsası yapılan, Borxesdə özünü, nəhayət ki, qəbul etdirə bilən absurd mətnlər günümüzün hekayə sənətinin özülünü təşkil edir. Bu gün Amerika çağdaş ədəbiyyatının ən önəmli adları məhz bu yoldan irəliləyir. Modernizmin mövzu çatışmazlığı problemi absurdizmin yaranması ilə başa çatdı. İndi müəllifi həyatdakı hadisələrdən daha çox, ona təqdim edilən brendlərdən daha çox beynində yaratdığı təəssürat maraqlandırırdı. Hadisələr öz reallığını saxlayaraq oxucuya yad bir yerdə baş verirdi. Nağıl kimi öz sehrli aurası ilə maraqlı və bəzən də sıxıcı gələ bilirdi. Amma bunun yolunu kino tapdı. Komiks sahəsi bu gün təkcə fantastik janrı deyil, həm də absurd həyatı öz boynuna götürməyi bacardı. PostBorxes dövründə bu gün dünya kinosu üçün, dünya musiqisi üçün və ən əsası dünya ədəbiyyatı üçün xüsusi dəyər daşıyan adlar meydana çıxdı.

Yuxarıda sənətin II Dünya müharibəsindən bu yana keçdiyi yolda müəyyən instansiyaların, əslində, ədəbiyyata və onun timsalında böyük sənət camiələrinə necə təsir göstərdiyini vurğulamaq istədim. Sənətə bu cür diktə etməklə keçdiyimiz həftə qalmaqal yaradan ədəbiyyatçılarla məşhur jurnalistin müzakirə etdiyi diktə arasındakı fərq, məncə, müəyyən qədər özünü göstərir. Sənətin azad bir sahə olduğunu, onun qəliblərə salına bilmədiyini vurğulamaq təkrar olardı. Sənət üçün qanunauyğunluqları ya təbii şərait, ya onun yaradıcıları, ya da onun təbliğatçıları müəyyən edir. Heç bir halda kütlə və kütlənin "poçt göyərçinləri" bu prosesə təsir etmək iqtidarında olmur. Ola bilməz. Baş verən hadisələrin sənət müstəvisində tərənnümü üçün isə zaman fasiləsi lazımdı. Sənət operativ, emosional, sentimental qərarlar verə bilmir, bunu özünə rəva görmür.

# 670 dəfə oxunub

Oxşar xəbərlər

# # #