Ərəbə qurban olum, ondan pis şey gəlməz

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

9 iyun 2022
# 09:00

Kulis.az Zamin Hacının "Harmonik göbək rəqsi" adlı yazısını təqdim edir.

Müəllimlər məktəbin qurtarması münasibətiylə bayram düzəldib orda ərəb göbək rəqsləri oynamışlar. Bu zaman direktor(ə) fizika müəllim(ə)sinin dekoltesinə, türkün sözü, məməsinə 5 manat taxmışdır. Əlbəttə, yaxşı olardı milli müəllim(ə)lərimiz “Qoynunda var bir cüt nar, Biri heyva, biri nar” mahnısına oynasınlar.

Bayaqdan müəllim və direktor sözlərindən sonra niyə mötərizədə “ə” hərfi qoyuram, onu da izah edim, yoxsa dindarlar bunu etiqada sataşmaq sayıb boynumu vurarlar. Bu “ə”, sizin “ə”dən deyil.

Müəllimin arvad xeylağı olduğunu bildirmək üçün biz belə uydurma sözcük istehsal eləmişik. Halbuki, gözəlim ana dilimizdə kişi cinsi, qadın cinsi, orta cins tipli urus söhbətləri yoxdur. Azərbaycan xalqı, onun türkdilli hissəsi insanın hamısına eyni gözlə baxmışdır. (Yazının bu yerində keçən həftə arvad-uşağını seriala baxdığı üçün doğrayıb soyuducuya yığan Balaəmi kişiyə atəşin, daha doğrusu, kəsərli salam göndərirəm).

Lakin nə etmək olar, müəllim(ə) oynayırsa, onun sinəsinə pul taxanın da direktor yox, məhz direktor(ə) olduğunu dəqiq göstərməliyik ki, qan su yerinə bir də buna görə axmasın. Məktəb direktoru müəllimələrə məhrəm adam olmalıdır. O üzdən təhsil islahatlarımız artıq son mərhələyə çatır, məktəblərdə damazlıq üçün 1 faiz erkək müəllim qalmışdır, onlar da hərbi hazırlıq, bədən tərbiyəsi, qarovulçu və partadüzəldən ixtisasları üzrədir.

Filarmoniyanın həyətində açılan bar-diskotekanın xəbəri də bir yandan gəldi, xalq qəzəbləndi, az qalırdılar gedib filarmoniyanın direktoru Murad müəllimi şaqqalayıb şəhər darvazasından assınlar. Bunun üçün şərait də vardı – İçərişəhər qala qapısını hadisə yerindən 50 metr ayırırdı. Deyirlər, ey gidi dünya, ah Üzeyir bəy, nə bilim, vah Müslüm Maqomayev və sairə, gəlin, görün musiqi ocağımızda hansı oyunlar çıxır.

Doğrusu, mən şəxsən filarmoniyanın təyinatını bilmirəm. Paytaxtımızda simfonik musiqiyə, bəstəkarlıq sənətinə, ümumiyyətlə, ciddi musiqiyə ehtiyac qaldığını da zənn etmirəm. Millətə nə lazımdırsa, onu da oynamalıdır. Zorla gözəllik olmaz. Sovet vaxtı raykom katiblərini, partiya işçilərini məcburən filarmoniyaya yığıb, klassik musiqi dinlədib onların mədəni səviyyəsini qaldırmaq istəyirmişlər. Neçə raykom mədəni oldu? Biri də olmadı. İndi də süni mədəniyyət qayırmaq mənasız işdir. Çal oynasın Əjdər əmi. Aynadan gözəl. Toylar kralı Manaf. Üzeyir Mehdizadə. Budur sənət. Qalanı kimə lazımdır? Nadir Qafarzadə demişkən: “Gedin o acların da soyuducusuna baxın, mənim də”. Qızıl xırdalayıb.

Üstəlik, məqsəd turizmi inkişaf etdirməkdirsə, paytaxtımızın get-gedə gözəlləşib az qala Dubaya oxşadığını deyiriksə, filarmoniyada göbək oynatmaq, Qız qalasında diskoteka açmaqdan başqa yolumuz yoxdur. “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu” – gör bu müdrik fikri ulu babamız neçə yüz il qabaq demişdir. Dəyirmanda doğulan siçan, göy gurultusundan qorxmaz – belə bir atalar sözü də var, ancaq bizimki deyil yanılmıramsa. Nə fərqi, turistik yazıdır, köşəm vasitəsiylə ölkəmizi xaricilərə təbliğ edirəm. Lazım gəlsə köşə rəqsi də oynarıq. Publisistlər üçün göbək rəqsinin növüdür.

Qala demişkən, lap tutaq ki, biz xarici turistləri göbək rəqsi və diskoteka ilə yox, başqa şeylərlə cəlb eləmək istədik. Onları yığdıq, apardıq Qız qalasına. Bax, orda Kərəmi ağlamaq tutacaq, çünki biz heç özümüz bilmirik o qala nə üçün tikilibdir. Biri deyir məbəd olub, ikincisi deyir rəsədxana olub, üçüncü deyir xan qızına aşiq olub... Təmiz biabırçılıq. Axırıncı versiya üzrə hətta kino-zad da çəkiblər. İndi o biabırçılığın yanında filarmoniyada göbək rəqsi toya getməlidir, ya yox?

Turisti aparaq muzeyimizə, orda butafor əşyaları göstərək. Misal üçün, Ədəbiyyat Muzeyi paytaxtın düz göbəyindədir və orda şair Qabilin araq butulkası ilə Fikrət Qocanın Vaqif Səmədoğluna bağışladığı sapoqlar qorunub saxlanır. Buna baxmağa neçə adam yığarıq? Şübhə edirəm bir nəfər də gəlsin...

Bizdə Luvr, Prado, nə bilim, Ermitaj yoxdur. (Hərçənd, onların da zayı çoxdan çıxıb, Luvrda “Cokonda”nın qabağı çinli turistlərin əlindən “28 may”ın qabağına oxşayır. Pis çıxmasın, şəxsən şahidi olmuşam). Bizim qonaq-qara qabağına çıxarmağa Qara Qarayev yetişdirən vaxtımız keçib. Qara Qarayevi mən metro kimi sevirəm. Göbəyimiz var, milli sərvət kimi əladır. Şair vaxtilə gözəl yazmışdır: “Göbəyin ağ dələmə, Görmüşəm, düymələmə”.

Konsepti başbilənlərimiz çoxdan tutublar, onlara halaldır. Balaxanıda küçənin bəzədilməsini çoxdan eşitmişdik, bu yaxında arvad-uşaq getdik, gəzdik, zövq aldıq, hətta tərifli yerli qovurmadan yeyib ailəlikcə gəyirdik. Elə qəşəng düzəldiblər, sanırsan Balaxanıda yox, Baden-Badendəsən. Gül-mül, qraffiti, daş döşənmiş yol, pişik şəkli, dibçək, sarmaşıq, uşaq qatarı... Hər şey var. Hətta bir yerdə Sabirin adı da yazılmışdı. Birdən yadıma düşdü ki, axı Sabir ölməzdən az qabaq burda müəllim işləyib. 1990-larda mən özüm bu məqsədlə Balaxanıya getmişdim. Orda Sabirin dərs dediyi bir uşaq tapılmışdı. Uşaq deyəndə, kişi son çağlarını yaşayırdı. Heç məktəb də yox idi – dedilər Sovet hökuməti Sabirin dərs dediyi o binanı çoxdan uçurub.

Sözümün canı odur ki, Sabirlə, Balaxanı ilə, Qız qalası ilə, filarmoniya ilə turist cəlb eləmək çətin, uzun, dalana dirənən yoldur. Kəsədən, öz yolumuzu getməliyik. Şəxsən mən yaxşı bir göbəyi milyon dənə Bethovenə dəyişmərəm. Ərəbə qurban olum, ordan pis şey gəlməz.

Nəhayət, filarmoniya – yunan sözü olub hərfi mənası “harmoniyanı sevirəm” deməkdirsə, imkan verin millət harmoniyasına qovuşsun, azad şəkildə istədiyi havaya dingildəsin, göbək oynatsın. Yoxsa lap zibilə düşmüşük. Biri meyxanaya mız qoyur, o biri göbək rəqsinə... Biri deyir davanı vəsf eləyin, o biri deyir bizə sülh lazımdır. Əl çəkin. Elə bil türmədə yaşayırıq.

Xalqın xoşbəxtliyinə mane olanlara ar olsun. Arzu edirəm onların hamısı tezliklə ölsün.


# 5350 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #