Qətllər nədən törəyir?

Vüsal Bağırlı

Vüsal Bağırlı

14 aprel 2022
# 11:20

Kulis.az Vüsal Bağırlının "İblis həmişə aramızdadır" adlı yazısını təqdim edir.

Çıxış yolu tapa bilməyən narahat ruh hər yerdə dolaşır. Ölümlər və çoxsaylı qətl hadisələri, intiharların katalizator zənciri müxtəlif faciəli taleləri bir-birinə bağlayır.

Müasir Amerika yazıçısı Donald Rey Pollokun eyni adlı romanı əsasında ərsəyə gəlmiş “İblis həmişə aramızdadır” filmi tamaşaçıya “triller” janrı kimi təqdim olunur. Rejissor Antonio Kamposun kino əsərində Tom Holland, Bill Skarsqard, Robert Patinson kimi tanınmış aktyorlar çəkiliblər.

Amma filmə baxdıqda məlum olur ki, o heç də “triller” deyil, insanın düşdüyü dini, metafiziki, psixoloji vəziyyətləri öz baxış bucağından izah etməyə çalışan dramdır. Abstrakt obrazlı, fantasmaqorik şedevrdir.

Film nədən bəhs edir. Hansı sualları qaldırır?

Biz hər gün saytları, xəbər lentlərini izləyirik. Orda nə görürük, nəyi mütaliə süzgəcindən keçiririk?

Hansı problemlər bizi düşündürür, narahat edir?

Əlbəttə ki, ilk diqqəti cəlb edən məlumatlar kriminal xəbərlər, zorakılıq hadisələri, istər əyalətdə, istər paytaxtda baş verən intiharlar, qətllərdir, mübhəm cinayət hadisələridir.

Bəs bu qətllər, zorakılıqlar nədən törəyir?

Filmin süjet xətti bizi məhz bu istiqamətə yönəldir. Cahillik, zorakılıq və mövhumat girdabında boğulan cəmiyyətlərin içindən doğan ümumiləşmiş vacib sualları ayırd etməyə çalışır.

Filmdə ümidlə yaşayan insan təbiəti və ətrafda baş verənlərin acı reallığı bir-biriylə barışmaz mübarizə aparır.

Lentə baxdıqda istər-istəməz düşünürsən ki, şüurun, təfəkkürün daxildə yaratdığı, inkişaf etdirdiyi insani duyğular, qəlbimizdəki digər hisslər – vəhşi, heyvani instinktlərlə, daim baş qaldıran öldürmək, məhv etmək hissi – fasiləsiz vuruşur.

Və ən dəhşətlisi də odur ki, çox zaman ikincilər qalib gəlir.

Filmin digər maraqlı cəhəti müharibə ilə bağlıdır. Kino lenti İkinci Dünya Müharibəsinin bitməsi, əsgər Uilrad Rasselin evinə sağ-salamat dönməsi epizoduyla başlayır və Vyetnam müharibəsinin radioda başlama elanı ilə bitir.

Film mesaj verir ki, bir müharibənin sona çatıb, digərinin başlaması ilə, müharibələr, əslində, bitmir, onlar əbədidir, daimidir, dönməzdir. Eləcə ölümlər, qətllər, zorakılıqlar həmçinin. İnsan övladı sülhlə, rifahla yaşamağı bacarmır, daim savaş, qırğın və təkrar qurbanlar istəyir.

Statistika və araşdırmalara görə müharibədən çıxmış cəmiyyətlərdə cinayətlər, qətllər həndəsi silsiləylə artır.

Asan əldə olunan odlu silahlar, hər addımda rast gəlinən cinayətkar və manyaklar, psixoloji durumu çoxdan pozulmuş keçmiş əsgərlər buna sübutdur.

Belə bir deyim var, teatr tamaşasında divardan asılmış köhnə tüfəng sonda atəş açır. “İblis həmişə aramızdadır” filmində də oxşar epizod var.

Filmin əvvəlində Arvinin atası Uilrad Rassel müharibədən torfey kimi gətirdiyi Ryuger markalı tapançanı ryuqzakından çıxardıb Ersgel dayıya verir:

– Al bunu sənə verirəm. Deyilənə görə Hitler öz beynini bununla dağıdıb.

Ersgel dayı gülümsünür, dodaqaltı “bu mənim nəyimə gərəkdir!?” söyləyib tapançanı götürür və cibinə qoyur.

Hitlerin silahı, həqiqətən, ölüm gətirir. Özü də birini yox, bir neçəsini. Sonrakı kadrlarda həmin silahla çoxsaylı qətllər törədilir. Bir ölüm zəncirvarı reaksiya ilə digər ölümləri yaradır.

Son epizodda Arvin Rassel həmin silahı sevimli itinin sümükləri ilə birlikdə torpağa basdırır və hər şey bununla bitir.

# 2368 dəfə oxunub

Müəllifin son yazıları

# # #