Böyük ümidlər - Vüqar Babazadədən yeni hekayə

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

13 sentyabr 2022
# 09:00

Kulis.az "Hekayə günü" layihəsindən Vüqar Babazadənin "Böyük ümidlər" adlı yeni hekayəsini təqdim edir.

Anamın tısbağalardan zəhləsi gedərdi. Xoşuna gəlməyən qonşuları, arası olmayan tanışları, atamın sırtılmış qohumlarını tısbağaya oxşadardı. Səbəbini soruşmamışdım bu nifrətin. Qorxurdum, elə səbəb gətirər, mənim də zəhləm gedər.

Diribaş dostlarım deyirdi ki, tısbağanı öldürməyin bir dənə yolu var. G*tünə çubuq soxursan, başını çanağından çıxardır. Dərhal da tutub ülgüclə kəsirsən başını. Özü də bu prosesi neçə dəfə yoxlamışdılar. Sizə deyim ki, heç bir səbəb-filan da olmadan. Elə-belə haradansa tısbağa tapırdılar, yığışıb g*tünə çubuq salır, sonra da başını üzürdülər.

***

Zaman elə zaman oldu ki, Bakıda universitetə girdim. Anamgil qaldı rayonda, gəldim şəhərə oxumağa. Pis çıxmasın, imkanımız yaxşı idi deyə, ayrıca ev tutduq mərkəzdə. Tək qalmağa başladım. Anam hər həftə sovqat göndərirdi, yeməyə-içməyə pulum çıxmırdı. Ev yaxında idi deyə, dərsə piyada gəlib-gedirdim. Yol pulu da vermirdim. Aylıq xərcliyimdən xeyli artıq qalırdı. Heç bilmirdim pulu hara xərcləyim. Təzə-təzə idi, doğrudan, fikirləşirdim ki, şəhərə oxumağa gəlmişəm. Dərsə gedib-evə gəlməliyəm, qızlara baxmamalıyam, hətta metroda əvvəlcə düşənlərə yol verməliyəm. Uzun sözün qısası, mən deyim rayondan gələn birinci kurs tələbəsi, siz də beyninizdə buna uyğun bir şey fikirləşin. Mütləq nəsə tapacaqsız. Xəyalınızda rayondan Bakıya oxumağa gəlmiş mədəni, tərbiyəli birinci kurs tələbəsinin portreti olmamış olmaz.

***

Aylar dolanıb il olurdu. Artıq iki il idi ki, şəhərdə yaşayırdım. Bu illər ərzində üç dəfə kirayə ev dəyişmişdim. Dəyişdiyim kirayə evlərin sayı kəsrlərim ilə düz mütənasib idi. Dərsə gedəndə, təkcə yaşıl üzlü 12 vərəq dəftər götürür, dərslərə girmir, siqaret çəkir, qızlara sataşırdım. Yavaş-yavaş pul xərcləməyə yerlər çoxalırdı. Daha atamgilin göndərdiyi xərcliyi on günə qurtarırdım. Pul çatdırmaq olmurdu. Kirayə belimi qırırdı. Evə nə qədər deyirdim, qoyun dostlarımla bir evə çıxım, kirayə pulu azalsın, anam razılaşmırdı ki, tərbiyəsiz uşaqlarla bir yerdə qalsan, nəşə-məşə çəkərsən. Anamgil elə bilirdi ki, nəşə çəkməməyə, tərbiyəsiz uşaqlarla oturub-durmamağa görə ayda 450 manat kirayə veririk. Mən isə deyə bilmirdim ki, onsuz, bu nəşəni çəkirəm, həmin uşaqlarla da dostluq edirəm, heç olmasa ayda 450 manat verməyək.

Bircə, tək qalmaq söhbətini çıxsaq, qalan nə varsa, təkcə mənim həyatım yox, həm də rayondan şəhərə guya oxumağa gəlmiş və gözü açılmış bütün tanışlarımın tələbə həyatı idi. Hamı necə, mən də elə.

Allahın adi bir günü dərsdə oturmuşdum. Mühazirə idi. Müəllim qabaqda oturan qızlara ərindən danışır, yerdə qalan auditoriya da qır-qır edirdi. Deyəsən, "Multikulturalizmə giriş" dərsi idi. Biz də, yəni bir dəstə oğlan və bir dəstə qız, arxada oturub söhbət edirdik. Söhbət əsnasında çox imkanlı qrup yoldaşımız Solmaz dedi:

– Papa xaricdən bir tısbağa gətirib. Ujas. Nadir sortdu. Ovuc boydadı. Mama görən kimi ürəyi bulandı. Dedi, ay Cavid, rədd elə bunu evdən, bərəkətimiz qaçacaq. İndi bilmirik neyniyək yazığı.

Birdən mənim ürəyimin dərinliklərində, rayonla bağlı mübhəm xatirələr canlandı. Keçmişdə yaşadıqlarım, rayondakı həyatım gözlərimin qabağından bir kino lenti kimi keçdi. Həmin həyatım bir anlıq o qədər uzaq göründü ki, elə bildim yadıma düşən şeyləri mən yaşamamışam, kimsə mənə danışıb.

Uşaqlıqda tısbağalardan ötrü ürəyim yanırdı. Anam bir tərəfdən, dostlarım bir tərəfdən, tanıdığım kimi var idisə, elə bil davaya çıxmışdılar bu günahsız canlılarla. Rayonda keçirdiyim illər ərzində həmişə tısbağalardan utanırdım. Heç cürə onlara kömək edə bilmirdim. Hiss edirdim ki, verilməmiş bir payım qalıb tısbağalara. Bu borcu nə vaxtsa, mütləq qaytarmağı, böyüyəndə bir tısbağa alıb saxlamağı ürəyimə salmışdım. Özümə söz vermişdim ki, bir gün mütləq tısbağa alıb saxlayacaq və yazıq heyvanlara vəfa borcum qaytaracam. Həyatımın müxtəlif dövrlərində həmin borc məni narahat etmişdi. Buyur, əsl fürsətdir. Həm varlıların saxladığı nadir cins tısbağa əlimə düşüb, həm çoxdankı arzumu reallaşdıraram, həm də bir az başımı qataram. Bu dəm Solmaza dedim:
– Solmaz, onu mənə verə bilərsən?
– Özünçün istəyirsən?
– Nə mənada soruşursan?
– Özünçün istəyirsənsə, verərəm. Başqasına etibar edə bilmərəm.
– Yüz faiz mənə etibar edə bilərsən. Özümçün istəyirəm.
– Yaxşı, sabah gətirərəm. Yeməyinə, qulluğuna gərək fikir verəsən. Başa salaram hər şeyi. Gündə heç olmasa iki dənə çiyələk verəssən. Sonra göy-göyərti-filan. Evdə saxlayacaqsan. Taxtdan balaca ev kimi bir şey düzəltdirsən əla olar. Nəysə, sabah danışarıq.
– Çox sağ ol, Solmaz – deyib gülümsədim. O da gülümsəyərək qarşılıq verdi. Gülümsəyə-gülümsəyə fikirləşirdim ki, acından az qala günorta oyandığım bir vaxtda gündə iki dənə çiyələyi haradan tapacam və Solmazgilin zəngin evinin bərəkətini aparan heyvan, görən, mənim evimdən nə aparacaq?

***

Tısbağanın adını Sofiya qoydum. Mənə elə gəlirdi ki, dişidir. İncə-mincə dırnaqları vardı, başı qadın başına oxşayırdı, qını yup-yumşaq, xəmir kimi idi. Əl vurmağa qorxurdum.

Sofiyanı özümlə gəzdirirdim. Dərsə gedəndə cibimə qoyurdum, arada çıxardırdım təmiz hava alırdı, ovcumun içinə su tökürdüm, o da asta-asta yalayırdı suyu. Hələ bərkiməmiş caynaqları uzun, amma kövrək idi. Dırnaqlarına çəhrayı lak çəkmişdim. Başına-gözünə arada qrupdakı qızlardan pudra alıb yaxırdım. Qınının üstünə ulduz stikerləri yapışdırmışdım. Mənasız dərslərdə onu çıxarıb stolun üstünə qoyur, oturub o başdan bu başa gəlməyini seyr edirdim. Bir-iki santimetr qabağa gələn kimi başını içəri salır, bir az gözləyəndən sonra yavaş-yavaş qınından çıxıb, ətrafı ehmalca dinşəyirdi. Yenə bir-iki santimetr hərəkət edirdi. Ruzisini Allah yetirirdi. Qızlarımız onun üçün kələm, çiyələk, göm-göyərti gətirirdilər. Hərdən elə olurdu ki, ona çatacaq çiyələyin birini mən yeyirdim. Qrupun sevimlisinə çevrilmişdi tısbağam. Universitetdə “tısbağa ilə gəzən oğlan” kimi ad çıxarmışdım.

Axşam yatanda onu da öz yanıma, ipək balışın düz ortasına qoyurdum. Birlikdə yatıb, birlikdə oyanırdıq. Hətta mənə öyrəşəndən sonra bir az da sürətlənmişdi. Bir metri bir saata gedə bilirdi.

***
Bir dəfə axşam evdə uzanıb seksə baxırdım. Telefonuma mesaj gəldi. Açdım baxdım ki, bir qızdır. Yazmışdı:
– Salam. Mən səni bu gün universitetin həyətində gördüm. Əlində balaca tısbağa var idi. Onunla elə şirin oynayırdın ki... Sabah görüşə bilərik? Tısbağanı da görmək istəyirəm. Mən də onları çox sevirəm.

Birdən bədənimdə tikan kimi bir gərginlik əmələ gəlib damarlarıma batmağa başladı. Əlim-ayağım əsdi. Tez girib qızın şəklinə baxdım. Bu qızı sanki allah-tala xoş günündə, xoş saatında xəlq eləmişdi. Elə bir gözəlliyin yiyəsi idi ki, yemə, içmə, çəkmə, xətti-xalına, gül-camalına tamaşa elə. Onun insan övladı olmasına inanmaq çətin idi. Zənn edirdin ki, huridir, bu saat göydən yerə enib.

Əynindəki güllü-güllü don elə bil Mosul ipəyindən tikilmişdi. Boynunda zərbaftalı, naxışlı nazik şal vardı. Sərv qaməti, döşü-başı, ay kimi nur saçan, eyibsiz, ceyran kimi piyalə gözləri adamı məst edirdi. Gərdəni sanki maral boynu, sinəsi mərmər çarhovuz, döşünün gilələri nar dənəsi idi, qarnı qəşəng, göbəyi beş misqal qoz yağı tutardı. Üzü alma kimi qıpqırmızı, qaşları Şaban ayında çıxan ay, yanaqları qaymaqçiçəyi, al dodaqları mərcan, dişləri qəşəng düzülmüş mirvari dənələri, ya da ağkirpik çiçəyi idi. Bir sözlə, qəddi əlif, püstə dəhanı şəkər.

Qızı görəndən sonra bədənim sustaldı. Bayaqkı lazımsız gərginliyim yumşalıb, ərginləşdi və ona cavab yazdım:

– Salam. Siz neçənci kurssuz? Heç sizi görməmişəm universitetdə.
– Mən birinci kursam. Bizim dərsimiz səhər smenidir. Ona görə olar, yəqin. Həm də çölə az çıxıram – cavab verdi.
– Həə, düz deyirsiz, olar – deyib, xayalarımı qaşıya-qaşıya bir az düşündüm, sonra yazdım – onda sabah universitetdə görüşürük?
– Əlbəttə, görüşək, mənə uyğundur.
– Gəlin belə edək. Sabah bufetin qabağında gözləyəcəm sizi. Dərsdən çıxıb ora gələrsiz.
– Oldu, çalışacam tez çıxım.
– Yox, narahat olmayın, dərs bitər, sonra rahat görüşərik))
– Tamam, hələlik
– Hələlik.
– Tısbağanıza da salam deyin
– Onun adı Sofiyadır
– Ayyyy, nə şirinnn. Sofiyaaaya salam deyin.
– O da salam deyir

Deyəsən, üç ildən sonra ilk dəfə eşq şərabını dadacaqdım. Ürəyim sinəmdə hoppanıb-düşür, dama-dama toplar kimi tapp-tapp eləyirdi. Elə zənn edirdim ki, dünya uçur, göylər silkinib kürəklərimə tökülür. İstəyirdim ki, küçəyə çıxıb lüm-lüt o tərəf-bu tərəfə qaçım. Yerimin içində gah sağa fırlanırdım, gah sola. Heç cür gözümə yuxu getmirdi. Ürəyimdə bir tarazlıq, bir sahman yaratmaq üçün Sofiyanı tapıb əlimə götürdüm, bir xeyli öpüb, sığalladım. Stəkanın içinə qoydum ki, itməsin. Yerimə girib, qalın yun döşəyin üstünə sərələndim. Döşəyin yunu yavaş-yavaş gərginliyimi özünə hopdurub, mənə yuxu gətirdi. Göz bəbəklərim tavanın həndəvərində gəzə-gəzə yumulur, baxışlarım divarların şümal sinəsindən tuta-tuta öləziyirdi. Birdən hamını unutdum və yumbalanıb yuxunun qara dəliyinə düşdüm.

***
Səhər oyanıb qəşəngcə yuyundum. Dişlərimi sürtdüm, saçlarımı daradım, ətirləndim, sevdiyim paltarları geyindim, krossovkamı par-par parıldatdım, səhər yeməyinə heç nə olmadığı üçün, ac-susuz Sofiyanı da götürüb yola düzəldim. Çöldə gördüyüm hər şey mənə maraqlı görünürdü. Sanki bu boyda kainatın düz mərkəzində dayanmışdım və bütün canlılar mən xoşbəxt olum deyə sıraya düzülmüşdülər. Hər gün yanından keçdiyim ağaclar indi tamamilə başqa cür idi, həmişə siqaret aldığım köşkün qaşqabalı, üzündən zəhrimar yağan satıcısı bu dəfə gözümə çox mehriban göründü, daim adamın qanını qaraldan avtobus sürücüsü bu gün çevrilib həlim bir insan olmuşdu. Hər şey başqa cür idi. Quşlar da başqa cür uçurdu, yarpaqlar da nazlana-nazlana düşürdü, maşınlar da səliqəli hərəkət edirdi, insanlar da nəzakətli olmuşdu, yollar da düm-düz idi. Özümü nağıllardakı kimi hiss edirdim. Ətrafımı bürüyən aləm heyrətamiz harmoniya ilə sanki qulağıma həzin musiqi sədaları pıçıldayırdı.
Universitetə çatıb qıza mesaj yazdım:
– Salam, mən bufetin qabağındayam
Bir az keçəndən sonra ondan cavab gəldi:
– Dərs bitsin düşürəm, müəllimə icazə vermədi
– Narahat olmayın, burdayam – yazıb telefonu söndürdüm və siqaret yandırdım. Həyətdəki tələbələrə baxa-baxa siqareti sömürdüm. Qızın dərsinin bitməyinə beş dəqiqə qalmış özümə bir stəkan çay aldım. Ona heç nə almadım ki, guya onun yerinə qərar vermirəm. Özü gəlib, nə istəsə, seçsin.

Çayımı içə-içə həyətə düşən qızlara baxırdım. Uzaqdan gözüm bir qıza sataşdı. Ona baxıb fikirləşdim ki, bu necə eybəcərlikdir? Belə də eybəcərlik olar? Sofiya bundan min dəfə qəşəngdir. Bu düşüncələri ağlımda hərlədə-hərlədə gözüm yol çəkirdi ki, birdən həmin qız gəlib mənim yanımda əyləşdi. Əvvəlcə, başa düşə bilmədim, bu qız mənim görüşəcəyim qızdır, ya başqasıdır. Özümü o yerə qoymadan danışmaq istəyirdim ki, qız dilləndi:

– Necəsən? Çox gözlətmədim ki?

– Yox, narahat olma. Necə keçdi dərsin?

Duruxub, nə edəcəyimi, necə davranacağımı bilmirdim. Heyrətlənib, şaşırmışdım. Üzümə bir isti gəldi. Barmaqlarımın ucu buzlayıb, qanım dondu. Qız elə eybəcər simaya malik idi ki, ürəyim bulanırdı. Bədəni oxlov təki düppədüz, nə g*t var, nə baş. Qaşları alaq otu kimi əyri-üyrü, ağzı iki metrə, elə bil zirzəmidir. Burnu kompressor. Elə nəfəs alır, deyirsən az qala səni də nəfəsi ilə dartıb aparacaq. Dişləri sap-sarı palçıq rəngində. Gözləri domba, bərəli. Ağzından kənd tualetlərindəki üfunət iyi gəlir. Geyimi səviyyəsiz, əllərində, qollarında bir qram qız, qadın adına heç nə yox. Saçları mazandaran pələngi kimi biz-biz. Boyu bir metr ancaq var. Qayadan qopmuş kələ-kötür daşa oxşayır.

Məəttəl və çaşqın halda düşünürəm ki, şəkildə tamamilə ayrı bir insandır, həyatda tamamilə ayrı. G*tün qızı aldadıb məni. Daha nə etmək olar? Bir az otursun, Sofiya ilə oynasın, mən də beş-on dəqiqəyə durub dərsə gedəcəm, vəssalam. Rədd edərəm başımdan. Məyuslaşıb, durduğum yerdə heykələ dönmüşdüm. Hirsimdən partlayırdım.
– Yaxşı keçdi. Müəllimə bir az əsəbi idi, icazə vermədi.
– Həə, hansı ixtisas?
– Rus dili müəllimliyi. Bəs sən?
– Azərbaycan dili filologiya.
– Siz müəllim işləyə bilmirsiz də, hə?
– Yox, bir-iki aylıq kurs var, onu keçəndən sonra işləmək olur, deyəsən.
– Həə. Sofiyaya baxım da, hardadı?
Cibimdən əzişib-büzüşmüş tısbağanı çıxarıb stolun üstünə atdım. Heyvanı görən kimi qızın üzündə qəribə bir sevinc peyda oldu. Gözləri az qala gülürdü. Ona yazığım gəldi. Bir müddət tısbağanı əzizləyib, oynadı. Stolda dikəlib, özümü yığışdırdım, ədəb-ərkanla ona dedim:
– Yaxşı, icazənlə daha mən gedim, dərsim başlayır. Limitdəyəm, bir qaibə kəsilirəm.
– Yaxşı, dərsindən qalma. Mən də gedim evə.
Ayağa qalxıb, üzünə ötəri baxandan sonra zorla da olsa, gülümsədim.
– Hələlik.
– Hələlik, şad oldum – deyib, stolun üstündə özünü dəmə qoyan tısbağaya baxıb – sən də sağ ol, Sofiii. Görüşərik – dedi. Bir anlıq elə bildim ki, son sözlərini tısbağaya yox, mənə ünvanlayıb. Ondan aralanıb, fikirli-fikirli universitetə daxil oldum, dərsə girərkən artıq qızı bloka atmışdım.

***
Bu söhbətdən sonra Sofiya gözümdən it kimi düşdü. Ondan zəhləm getməyə başladı, iyrəndim. Səbəb də bu idi ki, o çirkin qız Sofiyanı sevmişdi. Hər dəfə tısbağaya baxanda, o qız yadıma düşürdü. Dərsə gələndə onu cibimə qoymurdum, çölə bayıra gedəndə götürmürdüm. Səhərlər evdən çıxanda bir dənə göyərti qoyurdum, “Fanta” qapağının içinə də beş-altı damcı su tökürdüm. Axşam evə qayıdanda heç bilmirdim haradadır. Bəzən tamamilə yadımdan çıxır, günlərlə ac-susuz qalırdı. Hərdən evdə yeriyəndə səhvən tapdalayır, sonra götürüb bir küncə atırdım.

# 2056 dəfə oxunub

Müəllifin son yazıları

# # #