Bakı eybəcər, iyrənc qadınlarla dolacaq

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

9 dekabr 2022
# 13:11

Kulis.az Ulucay Akifin “Vallah, mən nə deyim?” adlı yazısını təqdim edir.

20-30 il sonra Bakı eybəcər, iyrənc qadınlarla dolacaq.

Mən bunu deyirəm, yazın bir qırağa, sonra deyərsiniz ki, Ulucay demişdi.

Yəqin siz də görürsünüz, cavan-cavan qızlar, qadınlar, hamı durmadan estetik əməliyyatlar edir. Eləmədikləri şey qalmayıb. Sinələrinə, arxalarına, dodaqlarına, yanaqlarına, qaşlarına, burunlarına, çənələrinə... Hər yerlərinə nəsə edirlər və özü də ifrat dərəcə.

Ən pisi odur ki, estetik əməliyyat yaşı çox aşağı düşüb. Əvvəl ortayaşlı və yaşlı qadınlar estetik əməliyyat etdirirdilərsə, indi bu yaş 15-16 yaşa kimi düşüb. Bir azdan bu yaş həddinin də azalması qeyri-adi qarşılanmayacaq. 12-13 yaşlı qızcığazların da estetik əməliyyat etdirməsi çox uzaqda deyil.

Və bu qızların, qadınların hamısı uzağı 20 il sonra çox eybəcər hala düşəcək, iyrənc məxluqlara çevriləcək. Belə də olacaq. Çünki estetik əməliyyatlarla yaşayan adamların yaşlılıq halını hamımız görürük.

Yaşlı adamların üzündə nur qalmayacaq. Onlar da əcaib yaratıqlara bənzəyəcəklər.

Bütün bu estetik əməliyyatlar çox zərərlidir. Zaman keçdikcə həm sağlamlığa, həm də görünüşə ciddi ziyan vurur. Xərçəng xəstəliyinin yaranmasına belə gətirib çıxarır bu əməliyyatlar.

Dərd orasındadır ki, dolğuları, silikonları bədəninə dolduran qadınları isə bu, heç narahat etmir. Heç bilmirlər həmin o dolğuların, silikonların tərkibi nədir, necə təsir edəcək bədənlərinə.

Özü də, əksəriyyəti, sadəcə və sadəcə instaqramdakı şəkillərində, tiktokdakı videolarında gözəl düşmək üçün bu əməliyyatları edir.

Hamı telefonunun effekt proqramlarındakı kimi görünmək arzusundadır.

Mənə maraqlıdır ki, xanımlar özləri bu əməliyyatlardan sonra nəyə oxşadıqlarını görmürlər? Yəni bu dərəcədə kordular? Üzr istəyirəm, yenə əsəbimi cilovlaya bilmədim. Amma kor-kor, gör-gör... Azərbaycanda qızlar estetik əməliyyatlar edirlər ki, Bayram Nurluya oxşasınlar. Görmürsünüz?

Üst dodaq sallanıb alt dodağın üstünə, burunların hamısı bir-birinə oxşayır və heç biri gözəl deyil. Çünki həmin dik, balaca burun bizim insanımızın üz quruluşuna yaraşmır, o burun şimal ölkələrinin adamlarının üz quruluşuna yaraşır.

Çənəyə dolğu, dodağa dolğu, sinəyə dolğu, yanağa dolğu, yumşaq yerinə dolğu...

Dolğu, silikon... Mən bu sözləri ancaq ustaların dilindən eşidirdim. İndi isə cavan-cavan qızların dilindən düşmür bu söz.

Hələ o gün öyrənmişəm ki, sən demə bir müddət sonra bu silikonlar adamın içində partlayır, yenidən estetik əməliyyatla partlamış silikonu çıxarıb yerinə təzəsini qoyurlar.

Nə qədər iyrəncdi! Çox iyrəncdi!

Özünə hörmət edən adam bədəninə belə şey eləyər heç? Adam niyə belə şey eləsin axı?

Özünə hörmət necə olur bəs? Özünə hörmət edən adam bədəninə də hörmət edər də.

Soruşursan ki, bunu niyə eləyirsən, kişilərin xoşuna gəlmək üçün? Deyir, dəlisən? Guya kişilərin diqqətini çəkmək bunu heç maraqlandırmır. Bu da bir başqa gülməli məqamdır.

İnsanlar təyinatlarını da inkar edirlər. Təyinatlarını yalandan inkar edirlər, ya da bunu dilə gətirməkdən utanırlar.

Qadın kişinin xoşuna gəlmək istəyər də. Kişi də qadının... Bu, yaradılışın qaydasıdır. Nəyin artistliyini edirsiniz?

Deyirsən ki, yaxşı, kişilərin diqqətini çəkmək üçün eləmirsən, bildim, bəs nə üçün bədəninin yumşaq yerlərinə silikon doldurursan? Adam niyə dodağının daha böyük olmasını istəsin? Başqa yerləri daha demirəm.

Məlum olur ki, instagram, tiktok bu adamların başını o qədər yeyib, bu adamların tək məqsədi elə oralarda gözəl görünməkdi, xoşbəxt görünməkdi.

Bəladı da, bəla necə olur ki? Faciə necə olur ki?

Sonra deyirlər ki, Ulucay qadınlara aid belə deyir, elə deyir.

Adama deyərlər ki, gözəl görünmək üçün sinəsinə, arxasına, dodağına nəsə dolduran bir varlığı necə ciddiyə alım?

# 21859 dəfə oxunub

Müəllifin son yazıları

# # #