Şuşaya ayaq basan şairlər

Şuşaya ayaq basan şairlər
30 avqust 2021
# 13:44

Bu gün Şuşada “Vaqif poeziya günləri” keçirilir. Necə gözəl, necə işıqlı günlərdi.

Şuşaya qayıtmaq. Şuşaya sözlə, şeirlə, ədəbiyyatla, musiqiylə, sənətlə qayıtmaq.

Bundan daha çox nə bəxtiyar edə bilərdi ki bizi?

Mən Şuşa görməmişəm. Birinci buna yaşım, ikinci isə erməni işğalı imkan verməyib, təəssüf ki...

Amma mən Şuşanı çox sevmişəm. Özü də lap uşaqlıqdan. İnsan heç vaxt görmədiyi birini sevə bilərmi?

Gözləri yox, könlü ilə aşiq olanlar bilər əsl sevdanı. Hansı Allah aşiqinin sevdası rəbbini görmədiyi üçün azaldı ki?

Mənim Şuşa sevdamın yaranmağının əsas səbəbi isə atam, onun Vətən sevgisi, Şuşa həsrəti, Şuşaya yazdığı şeirlər oldu.

Akif Səmədin Şuşa həsrəti məni elə lap kiçik yaşlarımdan incidirdi. Elə bilirdim ki, gözlərindəki kədərin də, saç-saqqalının tez ağarıb gənc yaşında elə qoca görünməyinin də tək səbəbi Şuşanın yoxluğu idi.

Bu halal yolnan-yoldaşnan,
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan,
Şuşaya gedə bilmirəm.

...Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm...

Atamın ixtisarla verdiyim məşhur “Şuşaya gedə bilmirəm” şeirindəki kədər mənə atamdan miras qalmış kimi idi. Hə, bu kədəri həmişə qanımda, ruhumda daşımış kimi hiss edirəm özümü.

Bilmirəm, elm kədərin də genetik kodlarla ötürülə bilməsi haqqında nəsə sübut edə bilib, ya yox, amma Şuşa həsrəti mənə genetik olaraq ötürülmüşdü. Əlbəttə, tək mənə yox, bir çox yaşıdlarıma, gənc nəslin nümayəndələrinə bu həsrət, bu sevgi valideynlərimizdən, böyüklərimizdən keçdi.

Məhz yaşlı nəsildən gənc nəslə ötürülən bu kədərin nəticəsi idi ki, İkinci Qarabağ Savaşına gənclər elə canfəşanlıqla getdi. Ölümün üstünə mahnı oxuyaraq gedən minlərlə, onminlərlə, yüzminlərlə Xudayarlarımızın olduğunu gördük. Məhz bu atadan oğula ötürülmüş həsrətin nəticəsi idi ki, igid oğullarımız Şuşanın sıldırım qayalarına əliyalın dırmana bildi.

Atalardan oğullara miras qalan həsrətdən danışmışkən, yadıma atamın Şuşaya aid yazdığı digər şeir düşür:

Əmindi, dayındı, bizik,
Qulaqları sağır, bala.
Hər səhər evdən çıxanda,
Şuşa deyib bağır, bala!

Biz uduzduq hansı zorda?
Ölsək, qoyma yataq gorda.
Eşitdin televizorda? –
Şuşaya da yağır, bala.

Tapşırma bizə qoşunu,
Aldırma bizə huşunu.
Qoş Təbrizdən tay-tuşunu,
Bir hay elə, çağır, bala!

Şuşa adı gələndə həmişə Akif Səmədin “Şuşa deyib bağır, bala!” deyə müraciət etdiyi uşağa çevrilirdim. O uşaqlar Şuşa deyib bağıra-bağıra böyüdü, yumruq sıxmağı, silah tutmağı öyrəndi. O uşaqlar böyüyüb Şuşanın sıldırım qayalarına əliyalın dırmandı, Şuşa qalasında yenidən Azərbaycan bayrağını yüksəltdi.

Prezident Şəhidlər Xiyabanından canlı yayımla Şuşanın işğaldan azad edildiyi xəbərini verəndə beynim dondu. Ürəyim elə bil beynimin içində döyünürdü. Kəllə sümüyümün içində beynimin döyündüyünü hiss edirdim, eşidirdim. Gözlərim yaşardı, ahəstə-ahəstə ağladım. Həm sevincimdən ağladım, həm də atamın bu günləri görə bilməməyinə üzülüb ağladım.

Atamın Şuşanın azad olunma xəbərini eşitməyini, o xəbəri mənim yanımda eşitməyini və reaksiyasını görməyi çox istəyərdim. Bəlkə onda gözlərindəki o dərin kədərin itdiyini görərdim. Eybi yox. Şübhəsiz ki, atamın ruhu bu xəbərlə müjdələnmişdi.

Şuşada yenidən “Vaqif poeziya günləri”nin təşkil olunacağını eşidəndə sevincimin üstünə sevinc gəlmişdi. Şuşaya getmək üçün elə həvəslənmişdim.

İstəyirdim Şuşaya gedib torpağına, daşına, suyuna, ağacına Akif Səmədin “Şuşaya gedə bilmirəm” şeirini deyib atamdan mənə miras qalmış bir kədərdən ruhumu xilas edim. Qoy Şuşadakı o ağaclar, o dağlar, o daşlar bilsin ki, neçə-neçə insanımız qəlbində oraların həsrəti ilə öldü. Qoy Şuşa bilsin ki, Akif Səməd onu çox sevirdi.

Hə, amma təəssüf ki, mənim Şuşaya getmək arzum bu dəfə gerçəkləşmədi... Nə yalan deyim, Şuşaya gedə bilmədiyim üçün ağladım da. Adam sevdiyi üçün ağlayar da. Hələ uşaq kimi sevirsə...

Amma eybi yox. Önəmli olan odur ki, bu gün Şuşada o torpağın doğma adamlarının ayaq izlərinin sayı artır. İstəyirəm zəng edib ora gedən dostlardan xahiş edim ki, mənim əvəzimə də gəzin, yorulandan sonra da gəzin, ayaqlarınızı bərk basın torpağa, qoyun torpağın yaddaşı oyansın.

Xoş gördük səni, Şuşa!

# 5550 dəfə oxunub

Müəllifin son yazıları

# # #