Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?
26 aprel 2024
# 12:47

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

...qadını geyiminə görə mağazadan qovurlar.

Hadisə Bakıda baş verir.

Hə. Elə beləcə.

Bir qadının geyimi o biri qadınların xoşuna gəlmir, onun üstünə qışqırırlar, təhqir edirlər və mağazadan qovurlar. Üstəlik, bu biabırçılığın videosunu da çəkirlər.

Elə bil, alt paleolit dövründəyik. Hələ dəmiri kəşf etməmişik. Ov ovlayıb, quş quşlayırıq, mağara divarlarında cızma-qara eləyirik.

Lap üzü bəri gəlsək, deyərsən, orta əsr Ərəbistanıdı, nə bilim, Əfqanıstandı.

Mağazadan qovmaq, videoya çəkmək azdı, yaxşı olar ki, geyimi xoşumuza gəlməyən qadınları “28 may” metrosunun qabağındakı meydanda, Cəfər Cabbarlının heykəlinin düz altında ibrəti-aləm üçün daşlayaq, şallaqlayaq.

Açığı, özümü müasir düşüncəli adam saymıram. Konservativəm. Köhnə qafalıyam. Orta-statistik Azərbaycan kişisi...
Mentalitet, namus, qeyrət-filan... Məsələn, istəmərəm, mənim yaxınlarım açıq-saçıq geyinsin.

Amma bu qədər. Sadəcə, bu qədər. Mənim istəklərim, tələblərim yaxınlarıma, doğmalarıma, əzizlərimə dair ola bilər. Daha başqalarının geyiminin mənə heç bir dəxli yoxdur. Olmamalıdır.

Mağazada gördüyüm adamın, metroda mənlə üzbəüz oturan qızın geyiminin, küçədə rastlaşdığım qadının yerişinin mənə heç bir aidiyyatı yoxdur.

İzah edə bilirəm?

Adamlar nə istəyirlər, necə istəyirlər, geyinə bilərlər.

Əlbəttə, bəlli yerlər, məkanlar var ki, o yerlərdə çərçivələr, protokol qaydaları başa düşüləndir. Məsələn, məsciddə, məktəbdə, hansısa dövlət qurumunda...

Ancaq kiminsə küçəyə, parka, mağazaya, kafeyə necə geyinib getməyinin heç kimə dəxli yoxdur.

Kimisə geyiminə görə videoya çəkmək, mağazadan qovmaq nədir?

Sonra da bu adamlar demokratik ölkə arzuladıqlarını deyirlər.

Kimisə geyiminə görə videoya çəkib mağazadan qovmağına yaraşır elə demokratiya.

Bilirəm, yüz faiz aranızda bu cümləmə əsəbiləşənlər də olacaq.

“Demokratiyanın bu söhbətə nə dəxli var eeee?!” – deyənlər olacaq.

Belə söhbətlərin bir-birinə dəxli olduğunu bilməyən adamlara görə bu vəziyyətdəyik elə...

Hərdən fikirləşirəm ki, yazmasam, əcdadlarımız kimi “hu hu hu, ha ha ha” eləsəm, kifayətdir. Onsuz da o adamlar oxumurlar, oxuya bilmirlər, qaldı ki, nəsə oxuyalar, oxuduqlarından dərs çıxaralar...

# 4742 dəfə oxunub

Müəllifin son yazıları

# # #