Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone

Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
10 noyabr 2023
# 21:00

Bu gün görkəmli italyan bəstəkar Ennio Marrikonenin doğum günüdür.

Kulis.az Aytən Cavanşirin onun haqda yazısını təqdim edir.

Siz “tükləri biz-biz olmaq” ifadəsini eşitmişiniz?

Əsl dahilər “dahi” sözünü sevməzlər. Biz isə hər şeyi öz adı ilə çağırmağı sevirik. Bütün dövrlərin ən dahi bəstəkarlarından biri olan Ennio Morrikone 1928-ci ilin 10 noyabrında Romada dünyaya gəlib. Gələcək dahi doqquz yaşında ikən Müqəddəs Çeçiliya Konservatoriyasına daxil olur. Filmlərə musiqi yazmağa isə Morrikone otuz üç yaşından başlayır. Bu gün biz artıq Ennio Morrikoneni tək İtaliyaya aid edə bilmirik. Onun bəstələri həyatın bir parçası, bəlkə də, elə özüdür...

Bəs, onun musiqisini fərqləndirən, onu yüksəklərə qaldıran, əfsanəyə çevirən nədir?

Maestro məşhurluğu keçmiş sinif yoldaşı rejissor Sercio Leonenin filmlərinə yazdığı musiqilərdən sonra qazanır. Əsl məşhurluğun dadını isə o, “Yaxşı, pis, zalım” filminə bəstələdiyi musiqiylə görür.

Gallery

Təsəvvür edin, Morrikone filmlərə musiqi yazmağa 1961-ci ildə başlayır. Beş ildən sonra, daha dəqiq, 1966-cı ildə çəkilmiş “Yaxşı, pis, zalım”dan sonra isə onu artıq bütün dünya tanıyır! Rejissor Sercio Leone, aktyorlar Klin İstvud, Li van Klif və İlay Uollak filmin başgicəlləndirici uğuruna görə, ilk növbədə, bəstəkara borcludurlar. Bu aktyor heyəti və musiqi ilə “Yaxşı, pis, zalım”, əslində, ta başlanğıcdan uğura məhkum idi. 1981-ci ildə Ennio Morrikone daha bir musiqi partlayışına imza atır. Əfsanəvi “Chi mai” kompozisiyası “Professional” filminin şəxsiyyət vəsiqəsinə çevrilir! Morrikonenin musiqisi olmadan, Jorj Lotnerin rejissoru olduğu və Jan Pol Belmondonun vertolyotun yanında qəhrəmancasına yerə sərildiyi səhnə heç də inandırıcı, təsiredici və möhtəşəm olmazdı. Bu, birmənalı olaraq, belədir... Hər dəfə bu filmə baxarkən, tamaşaçı məhz “Chi mai”ni dinləyir və filmin süjetinə daxil olur. Bu kompozisiya nəinki filmi yaşadır, o, filmin davam etdiyi 108 dəqiqə ərzində sanki tamaşaçını əyləşdiyi stula zəncirlə bağlayır. Oturacaq, dinləyəcək, baxacaq, hələ üstəlik, insansansa, kövrələcəksən də...

Və... “Bir dəfə Amerikada”... Siz “tükləri biz-biz olmaq” ifadəsini eşitmişiniz? Bəs tükləriniz biz-biz olub? Əgər olmayıbsa, “Bir dəfə Amerikada” filminin saundtrekini dinləyin, bütün ruhunuz alt-üst olacaq.

Ennio Morrikone bu günə qədər 400-dən çox filmə və seriala musiqi bəstələyib. Maestrodan danışırıqsa, əfsanəvi “Sprut” filmini də qeyd etməmək mümkün deyil. 1980-ci illərin ortalarından tamaşaçıların qəhrəmanına çevrilən məğlubedilməz və cəsur Komissar Korrado Kattani obrazını, çox güman ki, hər kəs xatırlayır. “Mille Ecchi”, “Canzone per la Sera”, “Silenzi dopo silenzi”, “Strana bambina”, “Intimamente”, “Morte di un giusto”, “Per Anna”, “Inizio del caso” , “Con tenerezza” və digər kompozisiyalar “Sprut”un mövzusunu daha da dolğunlaşdırırdı və “mafiya” kimi ağır mövzunu tamaşaçı Morrikonenin əfsanəvi bəstələri sayəsində daha asan həzm edir və anlayırdı.

Gallery

Bəstəkar “Yeni Paradizo kinoteatrı”, “Vatel”, “Malena”, “Siciliya klanı”, “Bir dəfə vəhşi Qərbdə”, “Dekameron”, “Toxunulmazlar”, “Adi rəsmiyyət” və daha yüzlərlə filmə musiqi bəstələyib. 1950-cı ildə Ennio Morrikone gələcək həyat yoldaşı Mariya Traviya ilə tanış olur və altı ildən sonra onlar evlənirlər. Bu nikahdan bəstəkarın dörd övladı var. Maria Travia həyat yoldaşının bəstələrinə söz yazır.

Ennio Morrikonenin musiqisi doğma insanı xatırladır. Bu musiqini dinlədikcə insan sanki əziz bir insanı ilə söhbətləşir, ona sarılır və bəzən onunla bütün gecəni keçirir.

Məqalə müəllifin 2015-ci ildə çap olunan “Pərdələri çəkin” kitabından götürülüb.

# 1999 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #