Mövlana və Şəms sevgili olub? - Yanlış bildiyimiz 10 fakt

Mövlana və Şəms sevgili olub? - Yanlış bildiyimiz 10 fakt
20 may 2024
# 15:00

Kulis.az Rəvan Cavidin "Mövlana və mövləviliklə bağlı yanlış bildiyimiz 10 fakt" yazısını təqdim edir.

Təsəvvüf deyəndə ağla gələn birinci ad, heç şübhəsiz, Mövlana Cəlaləddin Rumidir. Dünyada ən çox satılan poeziya nümunəsi də onun yazdığı “Məsnəvi”lərdir. Ölümündən təxminən iki yüz il sonra Çələbi nəslinin yaratdığı mövləvi ocaqları və mövləvixanalarla iyirminci əsrin əvvələrinə qədər ideyaları yaşamış və dünyaya yayılmışdır. Nəhayət, Atatürkün Türkiyədəki reformist islahatlarından dolayı İstanbuldakı son mövləvixanalar da qapadılır və beləcə, altı yüz illik bir təriqət ənənəsinin sonu gəlir.

1893-cü ildə Çikaqoda ilk dəfə keçirilən Dünya Dinlər Parlamentində yeni dövrün meditasiyası kimi mövləviliyin məşhur rəqsi səma araşdırılmağa və öyrənilməyə başlayır. Beləcə, iyirminci əsrin əvvəllərindən avropalılar təsəvvüfü, xüsusilə mövləviliyi daha yaxından tanıyırlar. 60-70-ci illərdə Qərb ölkələrinin professorları Konyanı, Nevşehri və Osmanlı dövründəki təriqət ocaqlarını, pirləri ziyarət etməyə və kitablar yazmağa başlayırlar. Mövlana haqqında bir çox yanlış bilinən məlumatlar məhz mövləviliyin populyarlaşması ilə ortaya çıxdı. Bizim coğrafiya, bizim din, bizim dil, bizim yol olmasına baxmayaraq Mövlana haqqında yanlış informasiyalara sahib olanların başında biz də gəlirik. Bəs ən məşhur yanlışlar hansılardır?

Təbrizli Şəmsin Mövlananın mürşidi olması faktı.

Təsəvvüfün məşhur simalarından olan Bistami “Ustadı olmayanın imamı şeytandır!” deyir. Şeyx məqamına yetişmək üçün, əlbəttə, mütəsəvvüfün bir yol göstərənə, mürşidə, pirə ehtiyacı var. Həm Mövlana, həm də Şəms bir-birini tapana qədər bu mərtəbəni çoxdan keçmişdilər. Hər ikisinin mənəvi yolçuluğu (Seyri Sülük) bitmişdi və batinlərindəki son bir görünməyəni aşkara çıxarmaq üçün qovuşdular.

Beləki, Təbrizli Şəms Əbu Bəkr Selebaz və Nəcməddin Kübranın xəlifəsi olan Baba Kamalın dərvişidir. Əbdülbakir Gölpınarlının “Şəmsin dilindən Mövlana” kitabında Şəmsin “Qeydlər”indən bir hissə verilir:

“Mənim Əbu Bəkr adlı bir şeyxim vardı. Ondan çox şey öyrəndim. Amma məndə olan bir şeyi tapa bilməmişdi. O cövhəri yalnız Mövlana görmüşdü”.

Mövlananın ilk şeyxi isə atası idi. Bahəddin Vələddən təsəvvüfü öyrənən Ruminin bu uzun yolda sonrakı müəllimi və dəqiq desək, Mövlananı şeyx rütbəsinə çatdıran Seyid Burhanəddin Mühəqqiq Tırmızıdır. Tırmızı Rumini Hələbə, Şama aparıb müxtəlif mədrəsələrdən dərs almasını da təmin edir. Professor Firuzanfərin qeydlərinə görə Şeyx Tırmızının əmri ilə Mövlanə üç il çilə çəkib (xəlvətə çəkilib).

Mövlana Şəmsi qırx yaşında tapır və qırx günlük xəlvətə çəkilir. Şəmsin tez-tez qeyb olması, düşmənlərinin çoxluğu, dövlət dairələrindən sifarişli sui-qəsdlər və təqiblər bu iki övliyanı qovuşmağa qoymur. Hər ikisi də içlərindəki cövhərin kəşfini bir-birinə borcludur. Mövləvilik üçün Çələbi ailəsinin Şəmsi mürşid kimi görməsi və onun yazdıqlarından faydalanmaları zaman keçdikcə Şəmsi Mövlananın mürşidi kimi tanıdır.

“Kim olursan ol, gəl!” misrası

“Məsnəvi”də keçən bir çox beyt var ki, oxucular onların Mövlananın olduğuna güman etsələr də, yanlışdır. Çünki “Məsnəvi” Mövlanın yazdığı yox, danışdığı şeylərin kitabıdır. Bu barədə bir azdan.

“Kim olursan ol, gəl!” nidası da Mövlanaya aid deyil. Bu misra “Divani Kəbir”də, “Məsnəvi”də, “Fihi Ma Fih”də, “Məktubat”da, nə də “Məcalisi-Səba”da var. 10-cu əsrə aid bir rübaidən olan misra 967-1049-cu illər arasında Nişapurda yaşamış Əbu Səid Fəzlullah Əbil Xəyr adlı bir sufiyə aiddir. Tahsin Yazıcı Əbu Səidi İslam Ensiklopediyasında “Təkkə ədəbini quran, səma məclislərinin eşqiylə bədahətən rübailər söyləyən xorasanlı mütəsəvvüf” kimi də qeyd edib.

Bu yanlışın səbəbkarı isə Mustafa Necati Elgindir. O, Mövlana muzeyində direktor olarkən (1950-1972) bu şeiri əlyazmalar arasında tapır və araşdırmadan yayımladır. Daha sonralar İstanbuldakı Qalata mövləvixanasının muzeyə çevrilməsində də xidmətləri olan Elgin bu misraları tamamilə başqa – daha çox turist və dindar cəlb etmək üçün istifadə edir.

“Məsnəvi”ni Mövlanə qələmə alıb... iddiası

Yuxarıda qeyd etdiyim ki, “Məsnəvi” Mövlananın qələmə aldığı bir əsər deyil. Müridlərinə verdiyi tövsiyələrin, danışdığı hekayələrin, sufi rəvayətlərinin və qəzəllərinin başqa mövləvilər tərəfindən qələmə alındığı bir nəsihət toplusudur.

“Məsnəvi”nin böyük bir hissəsini Mövlanın ən sevdiyi müridlərindən biri, dərvişi və xəlifəsi olan Hüsaməddin Çələbi qələmə alıb. Əslində, bu əsərin ilk adı da “Hüsaminamə”dir. Daha sonralar bu əsər dərvişlər tərəfindən “Kəşfül-Quran” və “Məsnəvi-i Mənəvi” də adlandırılıb. Uzun müddət mövləvi dərvişlər bu əsəri Quranın təsnifi kimi oxuyublar.

“Məsnəvi”dəki danışılanlar və digər şeirlər Şəmsin ikinci qeybindən sonra Ruminin hüsran və vəcd günlərinin məhsuludur.

Mövləvilik davam edir... iddiası

1925-ci ilin 30 noyabr tarixindən etibarən qüvvəyə minən 677 nömrəli qanunla Türkiyədəki orta əsrlərdən qalma bütün təriqət və təkkələr qapadıldı. Osmanlı tarixindən bizə tanış olan bütün təriqətlərin ocaqları, pirləri, dərvişxanaları, mədrəsələri, ibadətgahları möhürləndi. Bəziləri muzeyə çevrildi, bəziləri isə başqa bir fəaliyyət sahəsinə təslim edildi. Son mövləvixana olan Qalata mövləvixanası da möhürləndi və uzun illər açılmadı. Mövləvilər Suriyaya, Əfqanıstana və digər Orta Şərq ölkələrinə yayılıb yeni mövləvixanalar açmaq istəsələr də, 1944-cü ildə Suriyada bilinənBakir Çələbinin qurduğu sonuncu Mövlana ocağı da qapadılır. Bu gün bu təriqətin heç bir əsaslı, təkkəyə dayanan dərvişxanası olmadığı üçün mövləvi olmaq da sadəcə həvəs kimi yaşayır. Qeyd edim ki, 1925-ci ildə qapadılan bəzi təkkə və dərvişxanalar indi muzey kimi fəaliyyət göstərir.

Səmazənlərin hamısı mövləvidir... iddiası

Səma rəqsi mövləviliyin ən populyar simvollarından biri, bəlkə də, birincisidir. Mövlana və dərgahı haqqında nə danışılsa, nə çəkilsə, mütləq fon şəkli kimi səma edən dərvişi qoyurlar. Ya da təsəvvüf söhbətlərinin yaşıl pərdəsində həmişə səmazənlər olur. Çox vaxt da Konya dərgahındakı və Qalata mövləvixanasındakı dərvişlərin rəsmini, videosunu görürük. Mövləvilik haqqında tamamilə yanlış bilinən bir fakt da odur ki, səma rəqsi və səmazənlər kültü mövləvi təriqətinə aiddir. Yanlışdır!

Səma rəqsi, əslində, 9-10-cu əsrlərdə meydana ekzotik şiə təriqətlərinin ayinlərinə bənzəyir. Abdülbakir Gölpınarlının da qeydlərinə görə, bu rəqs, daha doğrusu, ibadət şəklinin tarixi mövləvilikdən çox-çox əvvələ dayanır. Səma edən dərvişlərin hamısı mövləvi deyildir. Heç mövləvilərin də hamısı səmazən ola bilmir. Mənim Qalata mövləvixanasında gördüyüm səmazənlərin əksəriyyəti qoca idi. Bunun səbəbini soruşanda demişdilər ki, səma rəqsini öyrənmək dərvişlərin illərini alır. Buna görə də, gənc səmazən görmək müşkül məsələdir.

Mövlananın özü isə ilk dəfə Məramda bir dəyirman daşının dönərkən çıxardığı səsdən vəcdə gələrək səma edib. O haldan sonra yazdığı bir şeirdə deyir:

“Könül buğdaya bənzər, biz isə dəyirman daşı,

Dəyirman hardan bilsin niyə fırlandığını...”

Mövləvilər səma rəqsinin sirrini Musa peyğəmbərin Tur dağında Allaha “Özünü mənə göstər!” dedikdən sonra vəcdə gələn dağ ilə əsaslandırırlar. Dərvişlər inanırlar ki, Musaya özünü dağın tərpənməsi ilə sübut edən Allah onlara səma etməyi buyurub.

Səma həm dinləmək, həm də vəcdə gəlmək mənasındadır. Klassik İslam təriqətləri bu rəqsi haram hesab edir.

Ney haqqında

“Məsnəvi”nin neylə başlaması və bir çox ibadətin ney sədası altında icra edilməsi faktı mövləvilərin neyi müqəddəs hesab etməsi iddiasını ortaya atıb. Halbuki Mövlana təkcə neyi yox, təbiətdəki onu vəcdə gətirən bütün səsləri müqəddəs hesab edirdi. Ney mövləvilərin hörmət etdiyi, hətta müqəddəsləşdirdiyi bir instrument olmasına baxmayaraq, digər musiqi alətlərinə və səslərə qarşı da eyni sayqını göstərirlər. Mövləviliyin əsas prinsiplərindən biri də səsi duymaq və ondan vəcdə gəlməkdir. Lakin bu mütləq ney olmalıdır iddiası yanlışdır.

Mövləvilər eyni hörməti rübab və dəf üçün də sərgiləyirlər. Hətta Mövlananın özünün məhz rübabla rəqs etdiyi bilinəndir.

Mövlana Hacı Bəktaşinin xəlifəsidir... iddiası

Mövlana Cəlaləddin Rumi nə qədər Bəktaşini sevsə də, onun öyüdlərini müridlərinə də çatdırsa da, bir çox əsərində onun dediklərini təfsir etsə də, Ruminin Vəli Bəktaşinin xəlifəsi olduğu iddiası yanlışdır. Bu dedi-qoduya səbəb isə Sultan II Muradın 1826-cı ildə Hacı Bəktaşini özlərinə pir elan edən yeniçəri ocaqlarını və bütün bəktaşi təkkələrini qapatdırdıqdan sonra bir çox bəktaşinin mövləvi ocaqlarına ayaq açmasıdır. Bəktaşilik 15-ci əsrdən sonra, ikinci pir adlandırılan Balum Sultandan etibarən şiə təriqətlərinin xüsusiyyətlərini daşıdı. Daha ekzotik və heterodoks bir təriqətə çevrildi. Mövləvilik isə həm estetik dəyərləri ilə, həm də batini yol ayrıcı ilə bəktaşilikdən xeyli fərqlənirdi.

Bir də o var ki, Əhməd Əflakinin qeydlərindən oxuyuruq ki, Mövlananı qısqananlardan biri elə Hacı Bəktaşi olub. Xəlifəsi Şeyx İshaqı (Bu İshaq hürufilərin xəlifəsi İshaq deyil) Konyaya göndərir və Mövlanaya yazdığı məktubda deyir:

“Nə işlə məşğulsan? Nə yolun yolçususan? Neyləmək istəyirsən? Fani olan şeylər nə tez qəlbini kirlətdi?! Bu şanınla bir yolun yolçusu olduğunumu düşünürsən? Xeyli əməli tərs sənin həsrətinlə dodağını dişləyib qara əlbisə geyindi...”

Şeyx İshaq məktubu Mövlanaya verməyə gedəndə Rumi səma edirmiş. Və vəcdə gəldikcə həmin o məşhur beytləri deyirmiş:

Əgər dostun yoxdursa, niyə axtarmırsan?

Əgər yarına vardınsa, niyə sevinmirsən?

Niyə laqeydsən bu eşqə?

Nə əcayib bir işdir,

Sən necə bu heyrətin sevdasına qapılmamısan?

“Vilayətnamə”də Şəmsin və Mövlananın Bəktaşinin dərvişi olduqları yazır. Amma bu sizi aldatmasın. Çünki “Vilayətnamə” Bəktaşinin ölümündən düz iki yüz il sonra qələmə alınıb. Ruminin əsərləri isə onun yaşadığı dövrdə yazılıb. Şəmsin başının kəsilərək quyuya atılması əhvalatını Bəktaşinin yuxuda gördüyü iddiası da tərəddüd doğurur. Bütün hallarda, bir-birinə nə qədər bənzəsələr də, nə qədər ilhamlansalar da, bəktaşilərlə mövləvilər prinsip etibari ilə eyni yolun yolçusu deyillər.

Mövlananın milli kimliyi

Osmanlı eyforiyasın qapılan bəzi tarixçilər Mövlananın türk olduğunu iddia etsələr də, o, farsdır. İndiki Əfqanıstan ərazilərində doğulub. Ulu babaları Xorasandan Konyaya köç etmiş fars əsillərindəndir. Onun Ahi Evranla münaqişəsinin səbəbi də o torpaqlarda türkmən irfanının yox, məhz fars irfanının yayılmasını istəməsidir.

Mövlana panteistdir... iddiası

Təbiəti tanrılaşdıran XVI əsrdə yaşamış Niyapollu Giardono Brunodur. “Hökmedən canavarın dükanı” adlı kitabında “hər şeyin Tanrının bir parçası olduğunu, buna görə də İsanın bir ilah yox, sadəcə yaxşı bir sehrbaz olduğunu” yazır. Və yandırılaraq öldürülür. Bu düşüncə daha sonra “Hər şey Tanrının içindədir. Tanrı hər şeyin özülündədir” şəklində Spinozada yekununu tapır.

Bu düşüncə tərzi, yəni panteizm İbn Arabinin “Vəhdətül-vücud” düşüncəsinə bənzəsə də, eyni deyildir. Vəhdətül-vücud elmi Allah və onun yaratdıqlarının bir ilahi bağla bir-birinə başlı olmasını vurğulayır. Hər şey Allah deyildir, hər şey Allahdan gəlir. Panteistlər isə hər şeyin tanrı olduğunu iddia edirlər.

Mövlananın təbiət və Allah mövzusunda yazdıqları vəhdətül-vücud elminə dayanır. Qərb araşdırmaçıları isə bu yozumları panteizmə bağlayırlar.

Mövlana və Şəms arasında cinsi yaxınlıq olub... iddiası

Məşhur türkiyəli yazıçı Əlif Şəfəqin “Eşq” romanından sonra bu qeybətin arialı bir az da böyüdü. Dünyada çox satılanlar arasında olan “Eşq” romanında Mövlana və Şəmsin yaxınlıqları çılpaq və Əlif xanımın dünyagörüşünə uyğun şəkildə təsvir edilib. Bunun səbəbi isə Əlif Şəfəqin daim qərb meyillərini qovalaması və onlardan nəsə “qoparmaq” istəyidir. Erməni soyqırımı məsələsi gündəmə gələndə Əlif Şəfəq soyqırımı dəstəkləyən roman yazdı. Gender məsələləri ortaya atılanda feminizmdən yazdı. Transgender məsələləri çıxanda gey və lezbilərdən roman yazdı. Məhz “Eşq” romanı da Qərbdə təsəvvüfün və paralel olaraq transgender mövzusunun populyarlaşdığı dövrdə yazıldı. Mükafat ala bilməsə də, Əlif Şəfəq niyyətinə çatdı. Avropada bestseller oldu.

Mövlana və Şəms qırx gün çilədə olublar. Bu vaxt ərzində onların yanına bircə nəfər də olsun dərviş girməyib. O çilə haqqında da, sadəcə, Ruminin öz qeydlərindən oxuyuruq. Yəni, cinsi yaxınlıqları barəsində heç bir qeydə rast gəlinmir. Həm də bu hal onların əxlaqi prinsiplərinə də ziddir. Şəms və Mövlana bir-birini ilahi eşq yolunda tapmışdılar. Bu kimi qeybətlərin əsassız olduğunu onların həyat tərzi də sübur edir.

# 2648 dəfə oxunub

Oxşar xəbərlər

Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj

Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj

15:00 12 iyul 2024
Məşhur “Qarabağ” mahnısının qəribə taleyi - Erməniyə görə qovulan bəstəkar

Məşhur “Qarabağ” mahnısının qəribə taleyi - Erməniyə görə qovulan bəstəkar

21:00 9 iyul 2024
"Bozqurd" işarəsi necə yaranıb? - Araşdırma

"Bozqurd" işarəsi necə yaranıb? - Araşdırma

16:50 9 iyul 2024
Əbədi əsgər  - Tərlanə Yaqubqızı

Əbədi əsgər - Tərlanə Yaqubqızı

16:00 25 iyun 2024
Türklərin başımızda çatlayan tarixi borcu - Tualetdə boğulan 60 nəfər kim idi?

Türklərin başımızda çatlayan tarixi borcu - Tualetdə boğulan 60 nəfər kim idi?

16:30 24 iyun 2024
Ölkə rəhbərinin ad gününə görə ləngidilən dəfn mərasimi – Əcəl, yoxsa qətl?

Ölkə rəhbərinin ad gününə görə ləngidilən dəfn mərasimi – Əcəl, yoxsa qətl?

12:00 16 iyun 2024
#
#
# # #