Haqqında ölüm fitvası verilən, Xameneyiyə məktub yazan Xalq şairi haqqında bilmədiklərimiz

Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı

20 may 2024
# 12:00


Bu gün Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür.
Kulis.az Sabir müəllimi təbrik edir və onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub.

1963-cü ildə onbirillik məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış Sabir Rüstəmxanlı, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində çalışıb.
1974–1975-ci illərdə ordu sıralarında da xidmət edib.

O, 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

Ad günüm - Sabir Rüstəmxanlının şeirləri

***

Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilib. 1967–1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978–1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib.

İlk kitabı 1970-ci ildə nəşr olunub. O vaxtdan bəri Azərbaycanda, Rusiyada, Türkiydə, İsveçdə 20-dən artıq şer, nəsr kitabları çıxıb.

Yazıçının "Ömür kitabı" Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış, 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən birinə çevrilmişdi.

Sabir Rüstəmxanlı "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemalarının, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət kitabın, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanlarının müəllifidir.

Sabir Rüstəmxanlı 32 il əvvəlki tarixdən nələr danışdı...

***

1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis edib və iki il onun baş redaktoru olub.

1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilib, Müstəqil Azərbaycan Demokratik Bloku fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olub.

1991–1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsində çalışan S.Rüstəmxanlı 1995-ci ildə bu vəzifədən istefa verib.

1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib və hələ də həmin partiyanın sədridir.

2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülüb.

Sabir Rüstəmxanlı: "Bir qrup insan DAK-ın nüfuzuna zərbə vurur”-Müraciət

S.Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noyabrınadək Milli Məclisin deputatı olub. 9 fevral 2020-ci ildə isə Milli Məclisə yenidən deputat seçilib.

"Ömür kitabı" (1988) əsərinə görə 11 yanvar 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının M. F. Axundov adına ədəbi mükafatına layiq görülüb.

***

2005-ci ildə isə “Xalq şairi” fəxri adını alıb. Lakin onun “Xalq şairi” mükafatını alması o dövrdə müxtəlif cür yozulub.

Sabir Rüstəmxanlı qəzetlərdən birinə müsahibəsi zamanı məsələyə bu cür aydınlıq gətirib: “Xalq şairi” məsələsi mənim əbədi taleyimdir. Mən ömrüm boyu siyasi fəaliyyətlə yanaşı, ədəbi fəaliyyətlə də məşğul olmuşam. Bu, ədəbi taleyimin bir növ rəsmi etirafı idi".

***

Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı “Azəri-Türk” Qadınlar Birliyinin sədridir.
Onların iki oğlu, iki qızı var.

Tənzilə Rüstəmxanlı müsahibələrindən birində S.Rüstəmxanlı ilə münasibətlərindən söz açarkən ailə qurandan sonra şairə görə öz fəaliyyətini məhdudlaşdırdığını qeyd edib: “Sabir bəydən əvvəl mən ictimai fəaliyyətlə məşğul idim. Sabir bəylə ailə qurandan sonra fəaliyyətimi məhdudlaşdırdım. Çünki Sabir bəyi düşünürdüm. Onun ictimai-siyasi mövqeyinə, fəaliyyətinə zərər verə biləcək addımlara diqqət etmək lazım idi”.

Şairlərə vəfa borcumuz – Tənzilə Rüstəmxanlı Sabir zirvəsindən yazır – Yeni  Çağ Media

Övladlarının sözlərinə görə, Rüstəmxanlı soyadı onların həyatına həmişə işıq tutub. Kiçik qızı Aydan “Gəl, qonaq ol!” verilişində atası ilə bağlı xatirəsini bölüşüb: “Atam sərt də olsa, bizə düzgünü başa salıb. Bir dəfə imtahanda heç bilmədiyim bir mövzudan sual düşmüşdü. Düzgün də olmasa, gizlincə atama yazıb kömək istədim. Atam cavab əvəzinə mənə mesajdakı vergül səhvlərimi göndərdi. O gündən sonra bir də imtahanda ona yaza bilmədim”.

****

Cəsarətli çıxışları, mövqeyi ilə həmkarlarından seçilən Sabir Rüstəmxanlı fəaliyyəti ərzində qalmaqallardan da yan keçməyib.

2016-cı ildə Türkiyənin Azərbaycandakı sabiq səfiri Turqut Ərlə Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı arasında "söz davası" baş verib. Qalmaqala səbəb Turqut Ərin deputat Sabir Rüstəmxanlının xanımı, "Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanla haqqında feysbuk statusu olub.

Bu, Ana dilimizə qarşı qəsddir

Turqut Ər Tənzilə Rüstəmxanlını azərbaycanlıların milliyətini "azəri” olaraq göstərməkdə, Türkiyədə və Azərbaycanda bir-birinin əksi olan çıxışlar etməkdə qınayıb. Xalq şairi Sabir Rüstəmxanlı isə bundan çox qəzəblənib. O, müzakirələrə qoşulan kişiləri bir xanım haqqında qeybət etməkdə suçlayıb, eyni zamanda Turqut Ərə hiddətlənərək, onu Tənzilə Rüstəmxanlı haqqında yazdığı statusa görə qınayıb:

"Heçmi kişilik, namus, ədalət, milli qeyrət qalmayıb sizlərdə.
Kişi də millətinə hər halda müəyyən xidmətləri olmuş bir şəxsin qadını haqqında kişiyə yaraşmayan yalanları uc-uca calayıb bu qədər çirkaba batar? Bu küçə dedi-qodularını, arvad qeybətlərini özünüzə necə yaraşdırırsınız. Məni təəccübləndirən bu ağız-ağıza vermiş sürünün içində tanıdığım və yanlış olaraq adam saydığım birilərinin olması, bu təhqirlərə cavab verməmələri və ya axına qoşulmalarıdır. Min nəfər də sizin kimilər yığışsa, mənim millətimin mədəniyyəti, mətbuatı, ədəbiyyatı, mənəvi dünyası üçün elədiklərimin onda birini edə bilməzsiniz. Sizi yandıran budur. Mənim iradım Turqut Ərə və onun yarı ermənicə yazılmış mətninədir. Turqut bəy, sən mənim xanımıma verdiyin birinci sualı öncə 80 milyonluq Türkiyəyə sor!”.

Millət vəkilinin növbəti qalmaqalı 2009-cu ildə “Space” Televiziya və Radio Şirkətinin prezidenti Vaqif Mustafayevlə olub. Onlar Milli Teleradio Şurası (MTRŞ) və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Azərbaycan teleməkanındakı problemlərlə bağlı birgə keçirdiyi tədbirdə mübahisə ediblər.

Sabir Rüstəmxanlı bu telekanaldakı bir sıra verilişlərdə Azərbaycan dilinin təhrif olunduğunu bildirib. Xüsusən “Space”də yumoristik verilişlərdə dilimizin böyük təhriflərə məruz qaldığını söyləyib: “Məsələn, bu verilişlərin birində deyilir ki, bir “kusok” çörək ver. O cümlədən guya bu verilişlərdə Bakı ləhcəsiylə, cır formada danışırlar. Belə olmaz. Vaqif müəllim, siz televiziya sahəsini bilmirsiniz. Ümumiyyətlə, mən “Space”i telekanal saymıram!”.

Xalq şairi 2010-cu ildə Cənubi Azərbaycan Oyanış Hərəkatının rəhbəri Mahmudəli Çöhrəqanini sərt şəkildə ittiham edib və onu düz-çörəyə xəyanətdə günahlandırıb.

Sabir Rüstəmxanlı Çöhrəqanlıya od püskürdü: “Sən kimsən ki, mənə dil  uzadırsan? –QALMAQAL

Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışlarından birində uşaqların qəsdən rus məktəblərinə yönəldildiyini deyib:

Sabir Rüstəmxanlı: “Elə bil parlament hökumətə hesabat verir” – "ELÇİ"

“Ailə uşağını bağçaya qoymaq üçün qapı-qapı gəzir. Niyə belə olmalıdır? Uşaqların məktəblərə qəbul olunması qəsdən çətinləşdirilir. Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir”.

Onun digər səs-küyə səbəb olan çıxışı isə məmurların vətəndaşlara yanlış münasibəti ilə bağlı olub.
Sabir Rüstəmxanlı vurğulayıb ki, Prezidentə xidmət etməli olan məmurlardan vətəndaş düzgün rəftar görmür: “Məmur qapısında elə rəftar, elə üz görür ki, vətəndaşın əli hər şeydən üzülür. Bir ailə uşağını bağçaya qoymaq üçün icra hakimiyyətindən tutmuş ən alt qurumlara qədər qapılarda qalır”.

***

“Rəcəb İvedik” komediya filmi də S.Rüstəmxanlının tənqid hədəflərindən biri olub. O, qeyd edib ki, filmin yaradıcı heyəti anadoluluları təhqir edib:

Rəcəb İvedik”ə 2 il həbs

“Mən indiyədək "Rəcəb İvedik" filmlərində vəhşilikdən, tərbiyəsizlikdən, kobudluqdan, türk insanına yaraşmayan hərəkət tərzindən başqa heç nə görmədim. İpək kimi bir nənənin böyütdüyü Rəcəb, nədənsə, bənzəri olmayan heyvan kimi düşüb toplumun arasına və nə qədər ağlasığmaz tərbiyəsizliklər varsa edir və ona "dur!" deyən də yoxdur. Əgər milləti bu yolla güldürmək sənət sayılırsa ,onda bu sənətin Rəcəbin tez-tez ayağını qaldırıb buraxdığı havadan heç bir fərqi yoxdur.
Filmin yaradıcılarına görə Rəcəb İstanbullu, İzmirli, Ankaralı, Diyarbəkirli deyil, Qarslıdır. Bu, məncə, bütün Karslılara və Doğu Anadolulara həqarətdir. Karsın şanlı qəhrəmanlıq tarixi, hər qarışı şəhid qanı ilə yoğrulmuş torpağı, mərd, namuslu insanları, yumorla dolu folkloru, türk ruhunun qanadlanması olan möhtəşəm saz sənəti və onlarca başqa dəyərləri gözəl filmlərə mövzu ola bilər. Ancaq sinema ustalarını bunlar yox, məhz Rəcəb ilgiləndirmişdir; daha doğrusu, onlara görə, belə zırrama yalnız Qarsdan çıxa bilər. Yazıqlar olsun! Ayıbdır!”.

***

2021-ci ildə deputatın onlayn keçirilən “Azad İran” adlı beynəlxalq konfransa qatılması ciddi reaksiyalar doğurub. Onun çıxışı İranın hakim dairələrində, həm də xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb.

Sabir Rüstəmxanlı - MEYDANda - YouTube

Millət vəkili sözügedən tədbirdə çıxış etməsinin İran hakimiyyətində etirazla qarşılandığını bildirib:
“İranda son prezident seçkilərinə həsr olunmuş bu konfransı İran Xalq Mücahidləri təşkilatı keçirirdi və 50 mindən çox iştirakçı var idi. İran Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib, mənim İran hakimiyyətinin düşməni olan Xalq Mücahidlərinin yığıncağında iştirakıma və çıxışıma etirazını bildirir; bunu İranın daxili işlərinə qarışmaq hesab edir.

Çıxışımın əsas hissəsi Güney Azərbaycan və İran xalqlarının taleyi ilə bağlı olub, normal, demokratik bir sistemin qurulması üçün orada bütün xalqların birgə mübarizəsinin vacibliyini və ayrıca Azərbaycan türklərinin bu baxımdan əsas söz sahibi olduğunu qeyd etmişəm. Telefonla görüntülü danışığın farscaya necə çevrildiyini, hansı sözümün verilib, hansının ixtisar edildiyini bilmirəm, lakin azərbaycanca mətn qısaldılsa da, yenə dediklərimi təsdiq edir”.

***

Sabir Rüstəmxanlı İrandan özünə qarşı daim təhdid hiss etdiyini qeyd edib: “Hər halda bu təhdidləri hiss edirəm. Bir neçə il öncə Nardaranda İrana bağlı müəyyən dairələr mənim ölümümə fitva vermişdi. Məni açıq-aşkar düşmən elan etmişdilər”.

Qaniçən deyilsiniz, ancaq qaniçənlərin..." - Sabir Rüstəmxanlının  Xameneyiyə açıq məktubu

O, illər sonra proqramlardan birində bu haqda danışarkən qeyd edib:

“İranın “Səhər” kanalı zəng etmişdi. Bu kanala müsahibə vermək istəmədiyimi deyib telefonu söndürdüm. Bundan bir neçə gün sonra bəyan olundu ki, bizim “Səhər” proqramına müsahibə vermək istəməyən, İrana belə münasibət bəsləyən bir adamın fitvası verilib. Elə bir dini rəhbər yoxdur ki, araşdırmamış, məhkəməsiz kiminsə ölümünə fitva versin. Belə bir qanun yoxdur. Onlar buna 10 yerdə cavab yazdılar. Mən o cavabları yığdım. 10 məqaləyə bir cavab yazdım. Bildirdim ki, bizim niyyətimiz düşmənçilik deyil.”.

***

Millət vəkili Sabir Rüstəmxanlı İranın ali dini lideri Seyid Əli Xameneyiyə 2008-ci ildə geniş məktub yazıb:

“Ömrün elə yaşı gəlir ki, insan özündən vəzifəcə yuxarıdakıların, ona hökm edənin heç birini görmür, başının üstündə tac-taxtlar, prezident mövqeləri olsa da, nə hökmdar qəzəbinin, nə cəllad qılıncının heç bir mənası qalmır, dünyanın bir-birindən o qədər də çox fərqlənməyən varıyla yoxunun, ağalıqla qulluğun fövqündə olan Böyük Yaradanla üz-üzə olduğunu görür, ona qovuşmağa hazırlaşır.
Bizim belə bir yaşımızdır! Bu dünyadan çox, Allah qarşısında verəcəyimiz hesabatı düşünməliyik”.

Müəllif daha sonra yüksək vəzifə tutduğu dönəmdə İrana səfəri və Xameneyi ilə keçirdiyi görüşü xatırladıb.
Daha sonra İranda aparılan farslaşdırma siyasətinin türklər üçün qəbuledilməzliyini, klassik fars ədəbi nümunələrinin beyinlərə zəhər doldurduğunu, buna qarşı mübarizə apardığını vurğulayıb:

“Mən millətimin söz əsgəriyəm və bu mənada yazdıqlarımı dahi söz generallarının yüz illər boyu bizim beynimizə zorla yeridilmiş “Gülüstan”larından öz xalqım üçün daha dəyərli sayıram. Çünki mənim millətimin bu gün o “şəkər dilə” ehtiyacı yoxdur. O əsərlər yüz illərlə beynimizə zəhər doldurub; o fəlsəfə və dünyagörüşü bu gün mənə muzey əşyası təsiri bağışlayır. Qiyməti milyardlarla ölçülsə belə, mənim millətimin yarasına əlac eləmir. Ancaq mən xalqımın dərdinə dərman axtarıram”.

Xalq şairi məktubun sonunda İran liderinə tarixi ibrətləri xatırladaraq, ondan türklərə qarşı aparılan yoxetmə siyasətinə son qoyulmasını tələb edib.
“Ölkədə türklərə qarşı aparılan bu irticaçı siyasətə son qoyulmalıdır! Haqq nazilər, amma üzülməz! Səttarxanı, Xiyabanini, Seyid Cəfər Pişəvərini, Şəhriyarı yetişdirən millət ölməyib! Bu millətdən və Allahdan qorxun!”.

***

Sabir Rüstəmxanlı 20 may 2021-ci ildə ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Bakupost.az - Sabir Rüstəmxanlı kimdir?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü , Azərbaycan–Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İsveç, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının və İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvü, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının bu gün 78 yaşı tamam olur.

# 4117 dəfə oxunub

Oxşar xəbərlər

Məmurlar arasında gizli müharibə - Sirlərlə dolu “qara dəftər”i kim oğurlayıb?

Məmurlar arasında gizli müharibə - Sirlərlə dolu “qara dəftər”i kim oğurlayıb?

09:00 24 iyul 2024
Bu gün Milli Mətbuat günüdür

Bu gün Milli Mətbuat günüdür

09:59 22 iyul 2024
"Apeks" adlı steqozavrın skeleti rekord qiyməyə satıldı

"Apeks" adlı steqozavrın skeleti rekord qiyməyə satıldı

12:45 18 iyul 2024
Daha yaxşı sevişir, daha yaxşı zorlanırdılar ki... - Ömər Xəyyam

Daha yaxşı sevişir, daha yaxşı zorlanırdılar ki... - Ömər Xəyyam

09:00 18 iyul 2024
Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj

Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj

15:00 12 iyul 2024
Məşhur “Qarabağ” mahnısının qəribə taleyi - Erməniyə görə qovulan bəstəkar

Məşhur “Qarabağ” mahnısının qəribə taleyi - Erməniyə görə qovulan bəstəkar

21:00 9 iyul 2024
# # #