Cəfər Cabbarlının nəvəsi: "Nuru Paşaya söz vermişdi ki..." - Müsahibə

Qəmər Bağırova

Qəmər Bağırova

20 mart 2022
# 21:00

Bu gün Cəfər Cabbarlının doğum günüdür. Kulis.az bu münasibətlə dramaturqun nəvəsi Qəmər Bağırova ilə müsahibəni təqdim edir.

- Sizinlə müsahibə üçün vədələşəndə, babanız haqqında ən birinci yadınıza nə düşdü?

- Bilirsiniz, onun həyatı çox maraqlı və ziddiyyətlidir. Gənc olsa da, çox zəngin həyat təcrübəsi vardı. Bu da onun yaratdığı əsərlərdə özünü göstərib. Onun həyatı məni həmişə maraqlandırıb. Düşünmüşəm ki, bu qədər enerjini necə əldə edib? Hərdən, rəhmətlik anam da deyirdi ki, görəsən, o, bu qədər işi necə çatdırırdı? Təsəvvür edin, onun elə əsərləri var ki, biz çatdırıb onları üzə çıxara, təbliğ edə bilmirik. Eşitdiyimə görə, əlyazmalar fondunda nə qədər məqalələri var. Tərcümə olunacaq, tədqiq ediləcək zamanı gözləyir. Yəni, yaşına görə çox iş görüb. Qəribədir, o vaxt indiki kimi qəzet bolluğu, internet yox idi. O qədər məlumatı hardan və necə alırdı? Çox qəribədir. Türk tarixindən yazdığı “Ədirnənin fəthi”, “Trablis müharibəsi” əsərləri haqqında tarixi məlumatı elə Cabbarlı özü yazıb. Onları hardan tapması, əlaqələndirib yazması da çox maraqlıdır.

- Ananızın Gülarə xanımın dörd yaşı olanda Cabbarlı rəhmətə gedib. Ananızın yadında yəqin ki, qalmazdı...

- Cabbarlının cəmi iki övladı olub. Dayım Aydın və anam. Anam 1930-cu ildə anadan olmuşdu. Cabbarlı isə 34-cü ildə rəhmətə gedib. Onda dayımın on yaşı olub. Dayım heç olmasa, nələrsə yadında saxlamışdı. Gülarə xanım da danışırdı ki, atası onun çox az yadında qalıb. Çünki siz deyən kimi, elə bir yaş dövrüdür ki, atası haqqında təsəvvürü yoxdur. Dayım həmişə anamla təəssüf hissi ilə danışırdı. Deyirdi, heyf, atamızın üzünü doyunca görə bilmədik. Amma nənəmin, Sona xanımın çoxlu xatirələri vardı. O, çox güclü, işgüzar qadın idi.

- Sizcə Cəfər Cabbarlı sağ qalsaydı, repressiya olunardı?

- Əlbəttə. O, iki dəfə həbs olunub. Hələ, 1923-cü ildə - repressiya başlamamış artıq onu həbs eləmişdilər. Öz əqidəsindən axıracan dönmədi. Yaradıcılığının tədqiqatçıları yaxşı bilirlər, Cəfər Cabbarlı 1918-ci ildə Demokratik Respublika quruculuğunun ən fəal üzvlərindən idi. Halbuki, onda onun 19-20 yaşı vardı. O dövrdə yaranan ilk parlamentdə öz dostları ilə birgə həm redaktor, həm də stenoqrafçı kimi çalışıb. Orda gedən iclaslar, müzakirələr hamısı onların gözü qarşısında keçirdi. Bu fəaliyyətinin təsiri onun “Bayraq”, “Ölkəm” şeirlərində, bir sıra əsərlərində özünü göstərir. Sovet hakimiyyəti qurulandan sonra onun yaradıcılığında müəyyən fasilə yarandı. Sanki depressiyaya düşdü. 23-cü ildə isə onu həbs etmişdilər. Çünki o və dostları gizli fəaliyyət göstərirdilər. Müsavatın “İstiqlal” qəzetini çap edirdilər. Qəzetin mətbəəsi tapılandan sonra Cabbarlı dostları ilə birgə həbs edilir. Sonralar da onu təqib edirdilər, teatrda sıxışdırırdılar. Bu, onun teatrdan getməsinə səbəb oldu. Sağ qalsaydı, mütləq repressiya olunacaqdı.

- Teatrda təzyiqləri necə edirdilər?

- Teatra hər il bir əsər verirdi. Bundan başqa, rejissor kimi çalışırdı. Onunla bağlı şikayətlərin çoxunu yazıçılar yazırdı. Əsas irad bundan ibarət idi ki, Cəfər yazır, bizi teatra qoymur. Nə qədər o ordadı, biz teatra əsər verməyəcəyik.

- O yazıçılar kimlər idi?

- Vallah, bu barədə anam da o vaxtı kitabında yazmışdı ki, Cabbarlı deyib, əgər mən onlaram mane oluramsa, teatrdan gedərəm. 1927-ci ildə Azərbaycanda yenicə yaranan kino sənəti sahəsinə gedir. O vaxtı bilirsiniz ki, kino sənətinə dair texnika və kadr heyəti xaricdən gətirilirdi. Cəfər Cabbarlı isə istiqlalçı idi. Çalışırdı ki, Azərbaycan kinosuna milli kadrları cəlb etsin. Milli kadrlarımızın kinoda ikinci, üçüncü dərəcəli işlərə cəlb olunması, aktyorların xaricdən dəvət olunması ona çox pis təsir edirdi. “Hara gedir Azərkino” adlı məqaləsində bu məsələlərə toxunmuşdu. “Sevil” filminə baş rola erməni aktrisa artıq təsdiq olunsa da, Cabbarlının böyük təkidi ilə həmin rol sonradan İzzət xanıma verildi. Onun ailəsindən razılıq isə çox çətinliklə alınmışdı. Babam özü onu faytona mindirib çəkiliş meydançasına gətirir. Sonra yenə faytonla evinə aparırdı.

O, öz istədiklərini yaza bilmirdi, sıxılırdı. “Aydın”, “Almaz”, “1905-ci ildə” əsərlərində tar aləti vardır. “Azad bir quşdum” mahnısını da özü yazmışdı. Bütün bunlar onun milli ruhunu təmsil edirdi. O, mesaj verirdi ki, siz nə edirsiniz, edin, mən doğru olanı edəcəm.

- Cəfər Cabbarlının yaradıcılığının tədqiqatından razısınız?

- Son illər onun yaradıcılığının tədqiqatı ilə bağlı maraqlı faktlar meydana çıxdı. Uzun illər hansı əqidəyə qulluq etməsi bilinmirdi. Hamı deyirdi, sovet yazıçısıdır. İndi aparılan araşdırmalardan məlum olur ki, ölən günə qədər o rejimə qarşı öz etirazını bildirib. Sadəcə olaraq, əsərlərində məcburiyyətdən üstüörtülü danışırdı.

- Cabbarlı haqqında həm də belə fikir səslənir ki, sovet dövründə ideoloji məsələlərə çox gedib.

- O, heç nə eləməyib. İdeoloji məsələlərə gedib nə etmişdi? “1905-ci ildə” əsərini 31-ci ildə yazıb. O dövrdə qırğınlar yox idi. Amma əsərin adından da görünür ki, Cabbarlı erməni-müsəlman davasının əsasının 1905-ci ildən başlanmasına işarə edir. Bu kimi hadisələrin bir də təkrarlanacağından narahat idi. Əsəri sanki xalqa bir mesaj kimi yazmışdı, istəyirdi, insanlar ayıq-sayıq olsunlar. 18-ci ildə ermənilər Bakıya hücum edəndə o, Nuru paşa ilə tanış olmuşdu və söz vermişdi ki, Bakı qırğını haqqında əsər yazacaq. Doğrudan da, sözünün üstündə durmuş, “Bakı müharibəsi” əsərini yazmışdı. Təəssüf ki, həbs edilən zaman onun bir çox əsərləri müsadirə edilmiş, yandırılmışdı. Məsələn, onun “Araz çayı” əsəri məhv edilmişdi. Həmin əsərləri biz indiyə qədər tapa bilmirik. Yaxud, “Ölkəm” şeirini sovet vaxtında tam olaraq əzbərləməyə, oxumağa icazə vermirdilər. 1916-cı ildə babam “Nəsrəddin şah” adlı əsər yazır. Əsər dövrün hadisələrindən bəhs edib. Qulam Məmmədli xatirələrində yazır ki, Cabbarlı ilə bir dəfə təsadüfən görüşərkən bu əsəri tərifləyir. Cabbarlı təəccüb içində qalır. Deyir, sən hardan bilirsən, mənim elə əsər yazdığımı? Axı o, əsəri itirmişəm. Qulam müəllim deyir ki, əsər Qırğızıstanda səhnələşdirilib və çox böyük müvəffəqiyyət qazanıb. Sonradan Qulam Məmmədli həmin əsəri Qırğızıstandan gətizdirir. Cabbarlı əsəri qəbul edəndə valideyn itkin düşmüş uşağını tapan kimi sevinirmiş.

- Onun yaradıcılığının təbliğ və təqdim olunmasında, nənənizin, ananızın və sizin rolunuz böyükdür. Bəs, sizcə, bu üç qadının hansı daha çox araşdırıb Cabbarlını?

- Sona xanımın rolu ondan ibarət idi ki, Cabbarlının ədəbi irsini qoruyub saxlamışdı. Əlyazmalarının böyük qismi Əlyazmalar institutunda, digər hissəsi Teatr Muzeyində saxlanılır. Yeri gəlmişkən, Teatr Muzeyinin yaranmasında Cabbarlının çox böyük zəhməti olub. Tuqanovun xatirələrində bu barədə yazılıb. Sonra da iş el gətirdi ki, Sona xanım teatr muzeyində direktor işlədi. Anam Gülarə xanım da orda elmi işçi kimi fəaliyyət göstərib. Onlar hər ikisi çalışıblar ki, Cabbarlıya məxsus olan əsərləri, şəxsi əşyaları qoruyub saxlasınlar. Yəni, bacardıqları qədər buna nail olublar. Düzdür, babam rəhmətə gedəndə nənəm çox gənc, 27 yaşında olub. Uşaqlar da balaca imiş. Amma öhdəsindən gəlməyə çalışıb.

- Nənəniz Cəfər Cabbarlı haqqında nələr danışırdı?

- Həmişə deyirdi ki, babam çox istiqanlı olub. Nənəm də, anam da istiqanlı, mehriban olublar. Cabbarlı həmişə ailəsinə qarşı diqqətli imiş. Evləri də qonaq-qaralı imiş. O, ənənə babamdan sonra da davam edib. Nənəmgilə həmişə ən tanınmış adamlar gəlirdi. Hamısı da nənəmə Sona bacı deyirdi. Kimsə bir-birindən küsəndə, onları mütləq barışdırardı. Deyirdi, siz Cəfərin evinə gəlmisinizsə, gərək, burdan barışıb çıxasınız. Babam da elə adam olub. Dağlı məhəlləsində yaşayıb, qonşuları ilə ünsiyyətdə qurub. O, həm də sadə insanların içində əsərləri üçün material toplayıb. Buna görə, onun əsərlərindəki qadın və kişi obrazları çox zəngindir. Nənəm danışırdı ki, bir gün onların məhəlləsinə südsatan kişi gəlir. Babam nənəmi çağırıb deyir ki, Sonası, sən get, o kişini danışdır, dilini yaxşı bilirsən, amma elə et ki, ürəyinə dəyməyəsən. Onun əynindəki yamaqlı çuxa mənə lazımdır. Nənəm əvvəl qorxur, deyir, kişi düşünər ki, onu ələ salmışam. Amma sonra birtəhər razılaşır. Kişi doğurdan da nənəmə deyir ki, məni ələ salmısan? Neynirsən mənim bu köhnə çuxamı?

- Rekvizit kimi istifadə etmək istəyirmiş?

- Bəli. Teatrda tamaşa üçün həmin çuxa lazım imiş. Babam deyir ki, teatrda tikilən çuxa mənə gərək deyil, o, belə təbii olmayacaq. Mənə belə yamaqlı, köhnə material lazımdır. Axır, nənəm kişiyə pul verib, çuxanı ondan alır. Babam onu teatra aparır, ”Almaz” tamaşasında istifadə edir. Babam musiqini, muğamı çox gözəl bilib. Əsərlərini yazmazdan əvvəl onların musiqilərini yazırdı. Nənəm deyirdi, Cabbarlı nə zaman mahnı zümzümə edirdi, bilirdik ki, təzə əsər yazacaq. Pianosunda bu əsərləri dınqıldadırmış da. Amma not bilmədiyi üçün əsərlərini Əfrasiyab Bədəlbəyli nota salıb. “Azad bir quşdum” mahnısı da belə yaranıb. Bir dəfə Afaq Məlikovanın atası, aktyor Süleyman Tağızadə Cabbarlıya deyib, mənə bir rol ver. Cabbarlı deyib, mən sənə rol verərəm, amma gərək tar çalmaq bacarığın olsun. Süleymanın imkanı olmur tar almağa. Babam onu işdən sonra özü ilə musiqi alətləri satılan mağazaya aparır və ona tar alır. Deyir, get, tar çalmağı öyrən, sonra gəl. Elə də olur. Süleyman teatra gələndən sonra Cabbarlı Əfrasiyabı teatra çağırır və “Azad bir quşdum” mahnısını zümzümə edir, Əfrasiyab isə bu musiqini nota köçürür. Mahnını Süleymana öyrədirlər. “1905-ci ildə” tamaşasında Süleyman Tağızadə həqiqətən də tarda “Azad bir quşdum” mahnısını ifa edir.

- İndi həmin tar hardadır?

- Onu Süleyman Tağızadə Nizami adına Ədəbiyyat muzeyinə bağışlayır. Və sizə danışdığım bu əhvalatı da əlyazma şəklində muzeyə təqdim edir. Cabbarlı ilə bağlı maraqlı əhvalatlardan biri də “Sevil” rolunu ifa edən İzzət xanımı tapmasıdır. O vaxtı babam yaxın dostu və kinoda çox yaxın köməkçisi Məmməd Əlili ilə şəhəri gəzib o rol üçün milli cizgiləri olan qız axtarıblar. Bir qız onların göstəricilərinə uyğun gəlib. Babam Əlilini göndərib ki, get, qızla danış, gör, nə deyir? Əlili qıza salam verən kimi qızın kənarda dayanan nişanlısı onu döyməyə başlayır. Əlili danışırdı ki, bir də gözümü açıb gördüm, faytondayam, Cabbarlı da başımın üstündə dayanıb məni yelləyir. Amma İzzət xanımı görəndən sonra onun atasının yanına gediblər. Atası əvvəl razı olmayıb, sonra Cəfərə olan hörməti onun narazılığını üstələyib və Sevil rolunu oynamağa razılıq verib. Cabbarlının yaradıcılığındakı çadra məsələsinin məğzini, əslində, çox adam başa düşmür. O, nadanlığı, cahilliyi, savadsızlığı tənqid edirdi. O dövrdə qadınlara əşya kimi baxırmışlar. Cabbarlı bu mənada həm də qadınları müdafiə edirdi, onların cəmiyyətdəki rolunun vacibliyini vurğulayırdı. Misal üçün, nənəm çadra örtmürdü, amma kəlağayıda gəzirdi. Yəni, Cabbarlı demirdi ki, gedin, soyunun. Elə “Sevil” tamaşasında Dilbər və Sevil obrazlarının müqayisəsi də buna sübutdur. “Almaz” əsərində də Almazın kəlağayısı olur. Belə misallar çoxdur. Cabbarlının əsərlərində ironiya güclü idi. O, “Sevil”də Edilya haqqında Balaşın dilindən bircə cümlə deyir: “Edilya Fransada manikürçülük kursu bitirib”. Vəssalam. Yəni, Edilya böyük qadın deyil, onu yüksəklərə qaldırmaq olmaz.

- Cabbarlının əsərlərindəki adlar da çox gözəldir.

- Elədir. O, bu baxımdan həm də yenilikçidir. Görün, onun yaradıcılığından nə qədər gözəl adlar yarandı: Sevil, Yaşar, Elxan, Oqtay, Gülüş, Almaz, Aydın, Qorxmaz, Solmaz və s.

- Cabbarlı evdə, ailədə necə kişi olub?

- Əsl kişi olub! Nənəmlə onlar bir-birlərini sevib ailə qurublar, həm də yaxın qohum olublar. O, həbsdə olanda nənəm ona “peredaça” aparıb. Onda nənəmə “Olmasın” adlı şeir yazır. Soralar Emin Sabitoğlu bu şeirə mahnı bəstələdi. Babam nənəmə o qədər inanıb ki, ailədə qadın-kişi qısqanclığı olmayıb. Nənəm deyirdi ki, onun fikrində ancaq adamları, camaatı maarifləndirmək vardı. Ürək xəstəliyini elə Cabbarlı bu kimi səbəblərdən tapmışdı.

- Maraqlıdır, övladları ilə bağlı hansı arzuları olub?

- Övladları ilə bağlı çoxlu məktubları var. O vaxtı onları Moskvaya, Kazana sənət olimpiadalarına yollayırdılar. Cabbarlı teatrla, tərcümələrlə bağlı xarici ölkələrdə olurdu. O qədər işin arasında anama məktublar yazırmış. Halbuki, onda anamın iki-üç yaşı olub.

- Nə yazıb?

- Yazıb ki, Gülarə, böyümüsən, barmaqlarını məktubun üzərində görmüş kimi oldum. Məktubları çoxlu-çoxlu öpüb. Bilirsiniz, o, yazı işlərinin çoxluğundan balalarına həsrət qalıb. Nənəm deyirdi ki, işi-gücü həmişə teatrla bağlı idi. Oğluna tövsiyələr edirmiş. Tapşırırmış ki, məhəllədə heç kimlə dalaşmasın. Gələndə də məhəllədə nə qədər uşaq var, hamısına hədiyyə alıb gətirib. Məktublarında bakılı qədeşlər kimi ifadələr işlədib. Misal üçün, yazırmış ki, filankəsi qutabından, o birini düşbərəsindən öpərsən. O adamlar yaxşı qutab, düşbərə bişirən qohumlarıdır. Onlara həm də belə sataşarmış.

- Deyəsən, Yazıçılar Birliyinə çox gec üzv olub.

- Elədir. 1934-cü ildə rəhmətə gedib. Elə həmin il də üzv olub. Özü istəməyib. Sonradan Səməd Vurğun ona deyib, Cəfər, sən gərək üzv olasan ki, biz səni Rusiyaya sovet yazıçılarının birinci qurultayına göndərək. O da deyib, mən yazıçı deyiləm, özüm üçün yazıram, həvəskaram. Onlar həm də Cəfər kimi adamın Moskvaya getməsini özləri istəyiblər. Çünki rus dilini çox yaxşı səviyyədə bilib. Yazıçılar İttifaqına üzv olmaq haqqında sənəd bizdə indi də durur. Hiss olunur ki, bir, iki əsərinin adını həvəssiz halda yazıb. Səməd Vurğun da “prinyat” sözü ilə onu qəbul edib. Yəni, Cabbarlı ora üzv olmağı, bu kimi şeyləri qəbul etmirmiş. Moskvaya gedəndə, o qədər yaxşı çıxış edib ki, onu rəyasət heyətinə üzv qəbul ediblər. Orda o, demişdi ki, yazıçı yazanda Tolstoy kimi yazmalıdır. Sifarişlə yazmaq olmaz. Yazıçı əşyadan yazmır, onun mətninin əsasını insan təşkil edir. Sonra onun çıxışını başqa cür çap etmişdilər. Rəsmi qurumlara da çağırılmışdı. Yenə deyirəm, Cabbarlı 37-ci ilə çatmamışdı. Çatsaydı, onu da repressiya edəcəkdilər. Onsuz da onun ürəyi xəstə idi, canı da yox idi ki, xəstəliklərlə mübarizə apara bilsin.

- Sizcə o, ölümünü hiss edib?

- Onsuz da bilirdi ki, gedəcək, qarşıdakı illərdə həbs edəcəklər. 37-ci ilin havası onların hamısına gəlib çatmışdı. Çünki onları təqib edirdilər. Cabbarlı Tibb Universitetinin ikinci kursunda oxuyanda onu həbs ediblər. Ona görə də universitetdən çıxarılıb. Onun həbsdən göndərdiyi “zapisk”alar qalıb. Nənəm onları heç bizə də göstərmirdi. İndi üzə çıxır. Keçən əsrin sonlarında da biz Cabbarlı haqqında danışanda deyirdik ki, o, tibb sahəsi ilə maraqlanmadığı üçün öz ərizəsi ilə ordan uzaqlaşıb. Əslində, elə olmayıb. Sonradan şərqşünaslıq üzrə təhsil alıb. Ona görə də şərq tarixini çox yaxşı bilib. Bir sözlə, yaxşı mənada dinc adam olmayıb. Od-alov olub.

- Xəstə yatıb?

- O, yatağa düşməyi sevməyib. Nənəm danışırdı ki, ürəyi ağrıyırdı, amma biz onu heç vaxt yatağa uzandıra bilmirdik. Həkim ona işləməyə icazə verməsə də, öz bildiyini edirmiş. Bizdə ürək xəstəliyi irsidir. Qohumların çoxu bu xəstəlikdən rəhmətə gedib.

- Yaxın dostları kimlər olub?

- İsmayıl Hidayətzadə, Məmməd Əlili, Aleksandr Tuqanov, Məmmədəli Vəlixanlı. Tuqanov onun əsərlərinin çoxuna quruluş verib. Mikayıl Müşfiqlə də yaxın olublar. Ondan bir dəfə dövrün ən yaxşı şairini soruşanda deyib ki, Müşfiq böyük şair olacaq.

- Cəfər Cabbarlı haqqında sağlığında bilinməyən sonradan üzə çıxan nələr var?

- Əsasən onu öyrəndik ki, bu insan sovet rejimi ilə barışmayıb. Amma onu həmişə sovet yazıçısı kimi təqdim ediblər. Cabbarlı istiqlalçı, vətənpərvər idi. Həmişə Azərbaycanın azadlığını istəyib. “Od gəlini” pyesi də başdan-ayağa onun azadlıq ideyalarından ibarətdir. O vaxt baş verən hadisələr Cabbarlını çox yandırıb. “Od gəlini” əsərini o, dörd ilə yana-yana yazıb. Bilmədiyimiz çox şeylər vardı. Nənəm yazıq da qorxusundan çox danışmırdı.

- Sonralar ona görə ailəsinə toxunmayıblar?

- Yox. Rəhmətə gedəndən sonra Cabbarlını artıq sovet yazıçısı kimi təqdim etmişdilər. Əsərləri teatrda anşlaqla gedirdi, kassalardan pul gəlirdi, hamı pul qazanırdı. Hamı ona rəhmət oxuyurdu. Deyirdilər, o olmasaydı, biz bu əsərləri hardan tapacaqdıq. İndinin özündə də onun əsərlərinə maraq var. Tuqanov Cabbarlı haqqında xatirələrindəyazır ki, qəbrinin üstünə gedəndə elə bildim, Şekspirinin zərrələri orda uyuyur.

- Nazim Hikmətin də onun qəbrinin üstündə ağladığı yerdə şəkli var.

- Nazim Hikmət 56-cı ildə babamın qəbrinin üstündə olub, bizə də gəlib. Onun bizdə səs yazıları, xatirə məktubu var. Sonradan o səs yazıları itdi. İndi tapa bilmirik. Heç babamın da səs yazısı yoxdur. O vaxt Moskvadakı çıxışının səs yazısı olub. Amma sonradan 80 illiyində film çəkiləndə Moskvaya adam yolladılar ki, səsini tapsınlar. Amma kadrlar tapıldı, səsi yox. Orda Qorki ilə Cabbarlı bir yerdə olublar.

- İndi qoyulan tamaşalarından razısınız?

- “Almaz” pis deyil. Müəyyən şeylər saxlanılıb. Amma bir dəfə Rus Dram Teatrı “Aydın”ı qoymuşdu, biz heç razı qalmamışdıq. Əsərin mahiyyətini çox dəyişmişdilər. “Aydın” güclü əsərdir. Ola bilər, rejissoru ora yeni, müasir baxış əlavə etsin. Amma heç olmasa, əlavə etsin ki, filan yazıçının əsərinin motivləri əsasında işlənilib. Yoxsa, birbaşa Cabbarlının əsəri kimi qeyd edirlər. Tamaşaya baxan da elə bilir, əsəri elə yazıb.

- Ananız Gülarə xanım xatirələrində yazır ki, ölümündən sonra Cabbarlının beynini çıxarıb, Leninqrada aparıblar...

- Bu haqda mən də eşitmişdim. Anam demişdi ki, belə bir şey olub. Amma biz istəyərik ki, onun beynini geri - Azərbaycana qaytarsınlar. Sonralar Leninqrada bu haqda xəbər yollayanda, onlar boyunlarına almadılar. Mənə belə gəlir, bu faktın baş verməsi mümkünüdür. Çünki fenomenal insan kimi Cabbarlının beyni onlara maraqlı gələ bilərdi. Ürək xəstəliyindən rəhmətə getməsi onun ölüm kağızında yazılıb. Məmməd Əmin Rəsulzadə Cabbarlının ölümünün üçüncü ilində yazırdı ki, nə qədər sağ idi, Bakıda incidərlər deyə, biz onun haqqında heç nə yazmırdıq. Bu baxımdan onu qoruyurdular.

- Cabbarlının ölümü necə baş verib?

- Ürəyi ağrıyan ərəfələrdə kinostudiyada işləyirmiş. Ağrıları gücləndiyi üçün həkimlər ona işə getməyi qadağan edir. İki gün yatıb, təzədən gedir. Bir müddət sonra nənəm görür, iki nəfər qoluna girib evə gətirir. Onlar deyirlər, Cəfərin vəziyyəti qəfil pisləşdi və yerə yıxıldı. Həmin günün gecəsi yatıb, səhər oyanmayıb. Nənəm gedib görür ki, üzündə göz yaşı var. Görünür, ölüm ayağında çox əziyyət çəkib.

# 21152 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #