“Şerlok Holms Azərbaycana nənəsini axtarmağa gəlir...”

“Şerlok Holms Azərbaycana nənəsini axtarmağa gəlir...”
7 may 2015
# 07:30

Müsahibimiz yaxınlarda kinoteatrlarda nümayişə çıxan “Bir milyon manat” komediyasının rejissoru Elmir Süleymanovdur.

- Siz operator işləmisiz, klip, serial, reklam çəkmisiz. Tammetrajlı film çəkmək hansı tələbatdan doğdu: eqonuzu təsdiq etməkdən, kommersiya filmi çəkib gəlir əldə etməkdən, yoxsa deməyə sözünüz vardı?

- 1997-ci ildə ANS-də operator kimi işləmişəm, sonra Samanyolu TV-də çalışmışam. Həmişə reklama, klipə, kinoya böyük sevgim olub. Sağ olsun, televiziyada işləyən bəzi dostlarım imkan yaratmadılar mən vaxtında bu sahələrdə çalışım. Amma hansı sahədə çalışmışamsa, birinci olmuşam. Bu, faktdır. ANS-də ilin operatoru olmuşam. Reklam sahəsində həmçinin.

- ANS-də hansı verilişin operatoru olmusuz?

- Mir Şahinin “Dərs” verilişinin operatoru olmuşam. ANS-in arxivlərinin müəyyən qismini mən çəkmişəm. Mitinq dövründə ən fədakar operatorlardan biri idim. Bunu həm televiziya işçiləri, həm polislər təsdiqləyə bilər. STV-yə operator Rafiq Quliyev dəvət elədi. Onu həmişə müəllimim saymışam. Sonra ordan ayrılıb sərbəst işlədim. Rövşən İsaxın prodakşnında da işləmişəm. “Həyat varsa” serialında operator olmuşam. “Səndən sonra” serialına rejissor kimi təklif edildim. Bu serialın reytinqi də yaxşı idi. Bu filmimi də normal qiymətləndirdilər.

- Məsələn, kim qiymətləndirdi?

- Peşəkarlardan ad çəkməyim, bəzi şeylər var ki, onu demək olmur. Qala gecəsində münasibət normal idi.

- Yəni, zalı vaxtından əvvəl tərk edən olmadı?

- Bir-iki müğənni tərk elədi. Onların da toyu vardı. Bir-iki nəfər də üzrxahlıq edib tez getdi.

- Bu filmdə ötürmək istədiyiniz konkret fikir nə idi?

- Filmin sonunda ötürmək istədiyim mesaj var. Əslində, biz tamamilə fərqli film işləyəcəkdik.

- Yəni?

- Yəni, Şerlok Holmsla Doktor Vatson Azərbaycana gəlib nənələrini axtarır. Məktub var, amma məktubda adres yoxdur. Onlar Azərbaycanı gəzirlər. Və onların nənələrini axtarması yolu ilə bütün Azərbaycanın mənzərəsini göstərməli idik. Məsələn, Şəkiyə gedirlər. Amma maliyyə və mövsüm mane oldu. Tamaşaçıya boz təsvirlər yox, yaşıllıq, rənglər maraqlıdır. İdeyamız bu idi.

- Doğrusu, filmi sevmədim. Amma əvvəlində epizod vardı, Sovetskidə evin damına çıxan adam intihar eləmək istəyir maddi səbəblərdən, deyir, mənə xoşbəxt adam göstərin və ətrafda hamı bədbəxt görünür, xoşbəxt adam tapılmır. Yəni nənəni axtarmaq yolu ilə müxtəlif insan talelərini mozaik verilməsi cəlbedici olardı...

- Filmin yüz faiz sizin xoşunuza gəlməyi mümkün deyil. Mənim özümün də xoşuma gəlməyən yerlər var. Ümumiyyətlə, filmdə sosial mövzulara toxunmaq fikrimiz yox idi.

- Amma məqamlar vardı.

- Olsa da komediya şəklində idi.

- Problemi hər cür şəkildə göstərmək olar, komediyada da.

- O insanı göstərməklə nəyəsə vurğu eləmək istəməmişik. Sadəcə gülüş xatirinə göstərmişik.

- Gülüş xatirinə insan faciəsini göstəmək?

- Siz intiharın səbəbinə baxın. İntiharlar adiləşib. Söhbət ondan gedir. Həftə səkkiz mən doqquz körpüyə çıxıb intihar etmək istəyirlər. Filmimdə görün adam, nəyə görə intihar etmək istəyir: interneti yoxdur... Mənasız şeyə görə yəni.

- İnternet ucuzdur. Görün, insanın maddi vəziyyəti necə pisdir ki, internetə ödəməyə pulu yoxdur.

- Adi bir şey deyim. Dollar bahalaşdı, insanlar ziyana düşdü. İndi buna görə hamı intihar eləməlidi ki?

- Romanlarda, filmlərdə müəllif insan faktorunu araşdırır. Komediyada belə bu, var. Məsələn, siz araşdırmısız ki, adam adi bir şeyə görə niyə intihar eləsin. Bunun köklərini, dərində gizlənən səbəbləri olmamış deyil.

- Sosial məsələlərə münasibət bildirməyim. Bir neçə həftədir sosial şəbəkələrdə öldürülən qızla bağlı xoşagələn və gəlməyən yazılar gedir. İnsan vəhşiliyindən söhbət gedir. Səbəbini axtarmırlar, axı, bunlar seviblər. Ölən öldü. Elə eləyək ki, olmasın. Olmamasının səbəblərini araşdırmaq lazımdır. Filmə qayıtmaq istəyirəm. Onu göstərmək istəmişəm ki, Rusiyada uzun illər yaşayan adamlar var, gələndə bir dəfə ata-anası ilə maraqlanmır. Ailə ənənələri dağılır. Filmdə də Holmsla Vatson pula görə qayıdıb gəlir. Bir də filmdə hər şeyi açmaq olmur. Xoronometraja görə.

- Məncə, xronometrajı çox idi.

- Əlbəttə, çox idi. Son versiyamız 1 saat 50 dəqiqədir. Biz onu da azalda bilərdik, sadəcə qısa da olanda məğzi çatdırmaq olmur.

- Kinoteatrlarda baxış necədir?

- Kinoteatr kəsilməmiş qarpızdır. Ola bilsin, bundan bərbad filmlər var ki, yaxşı gəlir götürüb, amma yaxşı filmlər qazana bilməyib. Piarından çox şey asılıdır. Bu gün ayın beşidir. Yalnız dünən kinoteatrlarda bilboardlarımız qoyulub, bu, avtomatik dörd gün itirməyimiz deməkdir, pul itkisidir. Bu qoyulmalı idi, məsələn, 20-dən. İndi ilk işdir səhvlər ola bilər, amma şükür baxış normal gedir. Bizdə olan məlumata görə daha çox ailələr gəlir, rahat baxırlar. Hələ ki, gənc nəsil yoxdur. Əsas odur ki, kino inkişaf edir, sağ olsunlar ki, bizdən əvvəl də film çəkib, dəstək oldular.

- Filmin sponsorları vardı?

- Biz sponsorlarla işləmək istədik. Amma elə şərtlər qoydular ki... Bizdən əvvəl çəkilən filmlərin müəllifləri şirkətlər nə çalıb onu oynayıblar.

- Nə şərtlər qoyurlar?

- Mən maksimum filmin əvvəlində hansısa şirkətin sponsorluq etdiyini yaza bilərəm, aktyorun bir dəfə şirkətin telefonu ilə danışdığını göstərə bilərəm iri planda, bir dəfə də bilboarda gizli reklamda göstərmək olar. Amma sponsor deyir ki, telefonla danışanda desin ki, xahiş edirəm, mənim filan markalı telefonumla danış. Digərləri buna getdilər. Mən getmədim. Biz filmi qaldırmalıyıq. Şirkətləri yox. Ona görə filmi sponsorsuz çəkdik.

- Aktyorlarla necə işləyirsiz?

- İstər filmdə, istər serialda rejissorun aktyorla işləməyə vaxtı olmur. Çünki zaman lazımdır. Bundan ötrü mənə maliyyə ayrılmalıdır ki, onlarla rahat işləyim, aktyoru tanıyım. Elə aktyor var ki, məşqdə idealdır, amma filmin ortasında məni zərbə altına qoyub, apara bilmir yükü. Onunla birgə aparıram. Hər şeyi mən göstərirəm. Teatrdan çıxa bilmirlər. Teatrda oynayanda onlar lap arxa sırada oturan tamaşaçını da düşünürlər ki, səsləri onlara yetsin. Serialda, filmdə də bu vərdişdən çıxa bilmirlər, ən sonda oturan tamaşaçını düşünərək oynayırlar.

- Bu filmi çəkəndə necə hazırlaşdınız?

- Şerlok Holmsun bütün versiyalarını izləməyə çalışdım. İngilislərin, rusların... Prosesin içində, hər gün yorğun da olsam, yarım saat izləyirdim. Çalışırdım ki, kopirovka olmasın.

- Bu personajları kinoya gətirmək bir az risklidir. Həm populyardırlar, həm də 1900-cü ildən bəri əsər ekranlaşdırılır. Niyə məhz bu personajların üzərində dayandınız?

- Moskvada yaşayan Əli ilə Vəli haqda çəksəydik maraqlı olmazdı. Şerlok Holmsla Vatsonun simasında Əli də, Vəli də var. Bizimkilər xaricə gedib hər şeylərini itirirlər. Moskvada oturub erməni ilə dost olan, biznes quran adamdan nə gözləyəsən. Ya da imkanlı adam gəlir Rusiyadan, ailəsi ilə ilk xoş-beşdən sonra soruşur ki, filan torpaq vardı, necə oldu? Ana-ata ilə maraqlanmır. Bu “Bir milyon manat” üzərindən mesajımı verdim.

# 1370 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #