Şuşaya yağış yağır - Elçin Mirzəbəylidən yeni şeir

Şuşaya yağış yağır - Elçin Mirzəbəylidən yeni şeir
14 may 2022
# 12:41

Kulis.az şair Elçin Mirzəbəylinin Şuşada keçirilən “Xarıbülbül” beynəlxalq folklor festivalında yazdığı şeiri təqdim edir.

Yuxum ərşə çəkilib,
Hər kirpik fırça kimi gözlərimə yol çəkir,
Yaddaşımın küncünə qonan xatirələrdən
Ürəyimə süzülür...
sözlərimə yol çəkir,
Baxışıma yol çəkir...
30 illik həsrətin
Buluduna yol çəkir,
yağışına yol çəkir...
Çəkir zülmət gecədən,
çəkir səhərə doğru,
Gözlərimi açıram “üçüncü avtobus”da,
Yollar çəkib aparır qala-şəhərə doğru...

...Hər baxışda bir ümid, hər ümiddə bir işıq,
Bir az alatoranlıq, bir az nisgil...
Qarışıq...
Duyğularım hələ də körpü çəkir həsrətə:
İlahi, indi görən nəyə bənzəyir Şuşa?
Kimə bənzəyir Şuşa?
Bəlkə son ayrılığa?
Bəlkə ilk məhəbbətə?
...Tərk edilmiş yolların geriyə dönüşünə?
Susuzluqdan çat verib qanayan dodaqların
yağışla öpüşünə?
Əsarətin sonuna...
Azadlığın dadına...
Ən əziz adamını qarşılayan qadına...

...Dağlar çənlə qolboyun,
Yollar sislə sarmaşıq...
Dəqiqələr süzülür saat əqrəblərindən,
Vaxt sınır,
zaman çökür.
Sanki uçan xalçadı nağıllar aləmində -
Şuşaya yağış yağır,
Şuşaya duman çökür...

***

Buludlar damla-damla
Layla deyir qalaya.
Ağaclar yallı gedir,
Dağlar durur halaya...
Şuşaya yağış yağır...

Yağış damlalarıyla
Rəqs eləyir çiçəklər.
Çiçəklərin telinə
Sığal çəkir küləklər,
Şuşaya yağış yağır...

İndi Cıdır düzündə
Süslənir xarıbülbül.
Yarıçiçək, yarıquş,
Yarıeşq, yarıbülbül...

İndi Cıdır düzündən
Ucalır cəngi səsi.
Daha şikəst deyildir
Qarabağ şikəstəsi...

Daha şikəst deyildir
Yollar, cığırlar, izlər.
Yurd həsrətli baxışlar,
Vətən sevdalı gözlər.

Şuşaya yağış yağır –
Azadlıq havasında...
Buludlar xumarlanır
Şuşanın səmasında...

...Şəhidlərin ruhu da
Sıldırım qayalardan
Şuşaya işıq saçır...
Şuşa sevgi, gözəllik,
Əzm, qürur, rəşadət...
Şuşa yaraşıq saçır.

Necə xoşbəxt görünür
Minarələr, türbələr...
Nə qaçqın var, nə köçkün,
Nə didərgin,
Dərbədər...

Damlalar rəqs eylərir -
Dincəlir əziz Şuşa.
Vətən, yurd sevgisindən
Dirçəlir əziz Şuşa...
Şuşaya yağış yağır...

Elçin Mirzəbəyli

12 may 2022-ci il
Bakı-Şuşa-Bakı

# 6029 dəfə oxunub

Oxşar xəbərlər

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

17:00 9 sentyabr 2026
Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

13:10 9 sentyabr 2026
Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

10:40 8 sentyabr 2026
"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

12:00 7 sentyabr 2026
Şekspir fantastikasını kətanda canlandıran rəssam -  "Yay gecəsinin yuxusu"

Şekspir fantastikasını kətanda canlandıran rəssam - "Yay gecəsinin yuxusu"

11:30 6 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər